Məhkəmə qərarları › İş №1(027)-58/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-58/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-58/2021 27.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, xx.xx.1981-ci ildə Quba rayonu Zərdabi kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Quba rayon məhkəməsinin 26.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 66.2, 66.4, 70 maddələri ilə təqsirli bilinərək 02 il dövlət və yerli özünü idarə etmə orqanında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 il sınaq müddəti tətbiq edilməklə, ona təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, Quba rayon Zərdabi bələdiyyəsinin sədri vəzifəsində işləyən, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “Covid-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra qanunla müəyyən edilmiş özünütəcrid müddətinin bitməsini gözləmədən 21 noyabr 2020-ci il tarixdə yaşadığı evi tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından, həmin gün Quba şəhərinə gəlməklə və Quba rayonu Zərdabi qəsəbəsində keçirilən dəfn mərasimində iştirak etməklə epidemiya əleyhinə rejimi, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 15.11.2020-ci il tarixdə özündə hər hansı bir simptom hiss etməsə də, hər ehtimala qarşı Covid-19 virusuna yoluxma riskinin olduğunu nəzərə alaraq Quba RMX-də analiz vermiş, analiz götürülən zaman nəticənin göndərilməsi üçün həmin vaxt istifadəsində olmuş ***-***-**-** mobil nömrəsini xəstəxanada qeyd olunmuşdur. 16.11.2020-ci il tarixdə isə testin nəticəsinin müsbət olması barədə xəstəxanadan ona zəng edərək məlumat verilmiş və müayinə olunmağı üçün xəstəxanaya dəvət edilmişdir. O da bununla əlaqədar olaraq 16.11.2020-ci il tarixdə Quba RMX-na gəlmiş və müayinələrdən keçmişdir. Müayinələrdən keçdikdən sonra ona müalicəsini ev şəraitində etməli olduğu bildirilmişdir. 20.11.2020-ci il tarixdə Zərdabi kənd sakini olan Vətən mübarihəsində iştirak etmiş və şəhid olmuş X7 dəfn olunması üçün Quba şəhərinə gətirildiyi zaman onun morqa yerləşdirilməsi və bir gün sonra dəfn tədbirinin keçirilməsinin təşkil edilməsi vəzifəsi Bələdiyyə sədri kimi onun üzərinə düşdüyündən, o, qeyd etdiyi tarixdə cənazənin qarşılanmasını təşkil etmək üçün Quba şəhərinə gəlmiş və Quba şəhərində yerləşən Quba RMX-da morqa yerləşdirilməsində iştirak etmiş, axşam saatlarında yaşadığı evə qayıtmışdır. 21.11.2020-ci il tarixdə saat 09 radələrində evdən çıxaraq Quba rayonu Zərdabi qəsəbəsində şəhidin yaşadığı həyətin qarşısına getmiş, orada Səttar Piriyevnin şəkilinin böyük həcmdə çap etdirilməsi xahiş olunduğundan bununla bağlı Quba şəhərinə gəlmişdir. Quba şəhərində köhnə avtovağzalın yaxınlığında yerləşən “Büsat Foto”da şəhidin fotoşəklini çıxartdırmış və işini tamamladıqdan sonra Zərdabi qəsəbəsinə qəbiristanlığa qayıtmışdır. Dəfn mərasimi başa çatdıqdan sonra öz evinə qayıtmışdır. Həmin tarixdə təxminən saat 17 radələrində onun mobil telefonuna zəng etmiş polis əməkdaşına da həmin gün evini tərk etdiyini soruşduqda, o, qeyd etdiklərini bildirib bunu təsdiq etmişdir. Daha sonra karantin müddəti bitənədək evdə qalmış, 01.12.2020-ci il tarixdə mobil telefonuna göndərilmiş ismarıcda onun artıq evini tərk etməyinə icazə verildiyi bildirilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını bildirərək məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki o, Quba şəhəri H.Əliyev prospektində yerləşən “Büsat Foto” adlı fotostudiyada işləyir. 21.11.2020-ci il tarixdə səhər saatlarında tanımadığı şəxs zəng edərək Quba rayonu Zərdabi qəsəbəsində yaşamış və Vətən müharibəsində şəhid olmuş Səttər Piriyevin fotoşəklini tablo formasında çıxarmağını ondan xahiş etmişdir. Bundan sonra şifarişi hazır etmək üçün o, yaşadığı evdən çıxıb iş yerinə getmişdir. Şəhidin fotoşəkli “WhatsApp” vasitəsi ilə ona göndərildikdən sonra o, həmin şəkli daha böyük formatda hazırlamış və tabloya yerləşdirmişdir. Şəkil hazır olduqdan sonra Zərdabi bələdiyyəsində işləyən Rəşad adlı şəxs fotostdudyaya gəlib şəhidin şəkli olan tablonun ondan götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Quba rayon X6 Hüquqi şəxsindən daxil olmuş 28.11.2020-ci il tarixli 4185 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə “COVİD-19” virus infeksiyasına görə analiz vermiş və 16.11.2020-ci il analizin cavabı “COVİD-19” pozitiv (+) çıxmışdır. Təqsirləndirilən şəxs 16.11.2020-ci il tarixdən “COVİD-19 simptomsuz, Pozitiv” diaqnozu ilə evdə təcrid olunub. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 26.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən 02 il dövlət və yerli özünü idarə etmə orqanında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 il sınaq müddəti tətbiq edilməklə, ona təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. İş materiallarında olan Quba rayon X8 Hüquqi şəxsdən daxil olmuş 17.02.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba rayon X1 poliklinika Şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş 04.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Zərdabi qəsəbəsində yaşayır və aşağıdakı ailə tərkibi vardır. 1983-cü il təvəllüdlü arvadı-X2, 2005-ci il təvəllüdlü oğlu-X3, 2008-ci il təvəllüdlü oğlu-X4, 2015-ci il təvəllüdlü qızı-X5. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi Özrə Nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır və müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 20.11.2005-ci il təvəllüdlü oğlu-X3, 26.08.2008-ci il təvəllüdlü oğlu-X4 və 02.02.2015-ci il təvəllüdlü qızı-X5 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadəsi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarala tam subuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını çəkib qutarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 71.5 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlməklə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzalarını çəkərək islah olunmaqdansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli cəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməkdən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 05 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Məcəllənin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş azərfon MMC-dən daxil olmuş 1 ədəd DVD disk həmin Məcəllənin 132.0.5-ci maddənin tələbləri baxımından cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 02 il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CMnin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət ilinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (bir on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar