Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-58/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonu, Ərşəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, X1 küçəsi, ev 279-da qeydiyyatında olmaqla faktiki həmin ünvanda yaşayan, 21.02.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid1 ilə öz aralarında danışıb razılaşaraq Quba rayonu. Mirzəməmmədkən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus əvvəllər restoran kimi istifadə olunan bir mərtəbəli obyektdə olan kondisioner mühərriklərini oğurlamağı planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün 07.10.2021-ci il tarixdə, saat 23 radələrində Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında restoranın yan divarına bitişik saxlanc yeri kimi istifadə olunan konstruksiyanın qapısını açıb qanunsuz daxil olmaqla oradan bir ədədinin qiyməti 400 manat olmaqla iki ədəd AUX markalı kondisioner mühərriklərini. ümumilikdə Zərərçəkmiş şəxs məxsus 800 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 07.10.2021-ci il tarixdə tanışı Quba rayonunun Mirzəməmmədkənd kəndində yaşayan Şahid1 kirayə yaşadığı evə qonaq getmişdir. Sahil ilə söhbət edən zaman Sahil Mirzəməmmədkənd kəndində yerləşən və fəaliyyət göstərməyən restorandan kondisioner mühərriklərini oğurlamağı təklif etdikdə o, Sahilin fikri ilə razılaşaraq onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra, onlar birlikdə həmin gün saat 23 radələrində onun idarə etdiyi avtomaşınla Mirzəməmmədkənd kəndində yol kənarında olan restoranının yaxınlığına gəlmişlər. Maşını bir qədər kənarda saxlayıb restoranın hasarının yanına gəlib əvvəlcə Sahil sonra isə o, hasarı aşıb restoranın həyətinə keçmişlər. Həyətdə o, Sahil ilə birlikdə restoranın əsas binasının yanıda olan yardımçı tikilinin qapısının qıfılını sındıraraq həmin yardımçı tikiliyə girib oradan iki ədəd kondisioner mühərrikini kabeldən kəsib mühhərikkləri çölə çıxarmışlar. Sonra onlar həmin mühərrikləri götürb hasardan aşaraq yola çıxb mühərriklərii maşına qoyub onun yaşadığı ünvana getmişlər. Evdə Sahil ilə birlikdə mühərriklərdən birinin içərisində olan misi çıxarıb Quba şəhərində bazar ətrafında fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparıb həmin misi orada satmışlar. Digər mühərriki isə Qudyalçayın çayının sahilinə aparıb həmin mühərriki orada olan ağaclıq sahədə gizlətmişlər. Bir neçə gündən sonra, baş vermiş oğurluq hadisə ilə əlaqədar onu və Sahili Quba rayon polis şöbəsinə çağırdıqda onlar törətdikləri oğurluq cinayəti etiraf edib Qudyalçay çayının sahilində gizlətdikləri bir ədəd kondisioner mühərrikini polis əməkdaşlarına təqdim etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyini və onunla barışıq əldə etdiyini, törətdiyi əməldən peşman oluduğunu, ilk dəfə cinayət törətdiyini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu Mirzəməmməd kəndində yol kənarında yerləşən “Çinar” restoranı ona məxsusdur. Restoran iki ildir ki, fəaliyyət göstərmir. Restoranın həyətində 1metr eni, 2,5 metr uzunu və 2 metr hündürlüyü olan ağ dəmir lövhələrdən quraşdırılan yardımçı tikili vardır. Həmin tikilinin içərisində obyektin elektriklə təmin edilməsi üçün istifadə olunan transformator və iki ədəd kondisioner mühərriki olmuşdur. Rusiya Federasiyasında getdiyi üçün restoranın mühafizəsini Cəlal Məmməd adlı tanışına tapşırmışdır. 10.10.2021ci il tarixdə Rusiya Federasiyasında olan zaman Cəlal zəng edəcək restoranından iki ədəd kondisioner mühərrikinin oğurlandığını bildirdikdə Cəlaldan xahiş etmişdir ki, baş vermiş hadisə barəsində Quba rayon polis şöbəsinə məlumat versin. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmışdir ki, Quba rayonunun Mirzəməmməd kəndində yol kənarında yerləşən “Çinar” restoranı tanışı Zərərçəkmiş şəxs məxsusdur. Həmin restoran iki ildir ki, fəaliyyət göstərmir. Zərərçəkmiş şəxs Rusiya Federasiyasın gedərkən retoranın mühafizəsini ona tapşırmışdır. Buna görədə o, vaxtaşırı restorana gedib nəzarət edirmişdir. Restoranın əsas binasının yanında təxminən 1 metr eni, 2,5 metr uzunluğu və 2 metr hündürlüyü olan yardımçı tikili olmuşdur. Həmin tikilinin içərisində obyektin elektriklə təmin edilməsi üçün istifadə olunan transformator və iki ədəd kondisioner mühərrriki olmuşdur. Yardımçı tikilinin qapı hissəsi isə dəmir asma qıfılla bağlı olmuşdur. Sonuncu dəfə 07.10.2021-ci il tarixdə səhər saatlarında restorana gedib ətrafa baxıb nəzarət edib hər şeyin yerində olduğunu görmüşdür. 10.10.2021-ci il tarixdə səhər saatlarında restoranın həyətdə olan yardımçı tikilinin qapısının sınmış vəziyyətdə olduğu görüb içəri daxil olub görmüşdür ki, orada olan iki ədəd kondisioner mühərriki yerində yoxdur. Həmin vaxt Mixail Moskva şəhərində olduğu üçün telefonla ona zəng edərək baş vermiş oğurluq hadisəsi barədə Mixailə məlumat vermişdir. Bundan sonra o, Mixailin xahişi əsasında baş vermiş oğurluq hadisəsi barədə Quba rayon polis şöbəsinə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 07.10.2021-ci il tarixdə axşam saatlarında kirayə yaşadıqları Quba rayonunun, Mirzəməmmədkən kəndindəki evində olarkən tanışı Təqsirləndirilən şəxs onların evinə qonaq gəlmişdir. Hüseyn ilə söhbət edən zaman Hüseynə Quba rayonunun Mirzəməmmədkənd kəndində yerləşən və fəaliyyət göstərməyən restorandan kondisioner mühərriklərini oğurlamağı təklif etmişdir. Aralarndakı razılığa əsasən onlar həmin gün saat 23 radələrində Hüseyinin idarə etdiyi avtomaşınla Mirzəməmmədkənd kəndində olan restoranının yanına gəlmişlər. O, ətrafa baxıb heç bir kəsin olmadığına əmin olduqdan sonra, hasara çıxıb restoranın həyətə keçmiş, Hüseyn isə küçədə dayanıb gözləmişdir. Bir qədər sonra ,Hüseyn də hasardan keçib onun yanına gəlmişdir. Bundan sonra, onlar birlikdə, restoranın yan divarının yanında dəmir lövhələrdən düzəldilən və kondisionerlərin mühərriklərinin saxlanıldığı yerin qapısını sındıraraq iki ədəd kondisionerin mühərriklərinin kabellərini kəsib kondisionerləri divardan çıxarıb yerə qoymuşlar. Çıxardıqları iki ədəd kondisioner mühərrikini Hüseyn ilə birlikdə küçəyə çıxarıb Hüseynin avtomobilinə qoyub mühərriklərini onun yaşadığı evə aparmışlar. Evdə mühərriklərdən birini söküb içərisində olan misi çıxararaq bazarın arxasında olan metal qəbulu məntəqəsinə aparıb çıxardıqları misi 8 manata satmışlar. Digər mühərriki isə Qudyalçay çayının sahilinə apararaq mühərriki orada olan ağaclıq sahədə gizlətmişlər. Bir neçə gün sonra, Quba rayon polis şöbəsinin əməkdaşları onları oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə dəvət etmişlər. Sorğu sual zamanı onlar etdikləri oğurluğu etiraf edərək Qudyalçay cayının sahilində gizlətdikləri kondisioner mühərrikini polis əməkdaşlarına təhvil vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.11.2021ci il tarixli, 9/7481 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2019-cu il istehsalı, “AUX markalı, “ASV-H24A/FFR1” model, split mühərrikinin istifadə olunması nəzərə alınmaqla 2021-ci ildə orta bazar qiyməti təxminən 400 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün verdiyi ifadələrlə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məkum olunmamışdır. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Qırmızı Qəsəbə İƏD Nümayəndəliyi tərəfindən verilmiş 11.03.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon, X1 küçəsi 279 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında tiibi şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs və anası X3 olmaqla 02.07.2021-ci il tarixdə qız uşağı doğulmuşdur. (uşağa doğum haqqında şəhadətnamə alınmamışdır). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını, atası Eldar Hüseynovun birinci Qarabağ müharibəsində iştirak etməklə ömürlük 3-cü qrup əlil olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 fevral 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Şahid1 Azərbaycan Respublikası CM-nin 1772.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba rayon məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə tutulması nəzərə alınmalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd 2019-cu il istehsallı, “AUX” markalı, “ASVV-H24A4/FFR1” model, split kondisioner mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Şahid1 Azərbaycan Respublikası CM-nin 1772.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba rayon məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə tutulması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan bir ədəd 2019-cu il istehsallı, “AUX” markalı, “ASVV- H24A4/FFR1” model, split kondisioner mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-58/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-58/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver