Məhkəmə qərarları › İş №1(027)-58/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-58/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-58/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Quba rayonunda doğulmuş, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 28 fevral 2025-ci il tarixdə saat 17:10 radələrində Quba şəhəri, “Bazar” adlanan ərazidə yerləşən kafedə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsnın sifət, baş və bədən nahiyyəsindən yumruq və təpiklə qəsdən vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağ göz orbiti ətrafında qançır-hematoma, sol budun yuxarı 1/3-nin ön iç səthində qançırdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.1969-cu il tarixdə Quba rayonunda doğulmuşdur, Quba rayonunun Üçgün kənd səkkizillik məktəbində oxumuş və 1984-cü ildə səkkizinci sinifi bitirmişdir. Sonradan Türkmənistana getmiş, orada işləmiş vətəndaşlığı qəbul etmişdir. 2017-ci ildə Azərbaycanda müvvəqəti yaşamaq üçün ucazə almış və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün müvafiq orqanlara müraciətlər etmişdir. Hazırda müraciətinə baxılmaqdadır. Hadisə ilə bağlı bildirdi ki, tanışı Şamillə saat 17 radələrində bazar ərazisində görüşmüş, Zaur adlı şəxsin kafesinə getmişdir. Həmin kafedə yemək yeyib spirtli içki qəbul etmişlər. Zaur ondan hesabı istədiyi üçün əsəbləşmişdir. Ayağa qalxıb bir dəfə Zaurun sifət nahiyyəsindən vurmuş və təpiklə ayağından vurmuşdur. Bundan sonra oradan getmişdir. Sonradan Zərərçəkmiş şəxs ilə barışmaq istəsə də, sonuncu barışmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını nəzərə alaraq, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2025-ci il tarixdə X6 yanında bir nəfər şəxslə kafeyə gəlib masa arxasında əyləşmiş, yemək və spirtli içki sifariş etmişdir. O Çərkəsdən sifarişin pulu olan 19 manatı istəmiş və özü iftar süfrəsinə çatmaq üçün onlardan yekunlaşmasını xahiş etmişdir. Çərkəs “indi dururuq” deyib masadan qalxaraq orada olan övladının gözü qarşısında yumruqla bir dəfə sağ göz nahiyyəsindən və təpiklə ayaq nahiyyəsindən vurmuşdur. Daha sonra kafedən çıxıb getmişdir. Sonda zərərçəkmiş şəxs şikayətçi olduğunu, barışmaq fikri olmadığını bildirmiş və təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində X6 birlikdə Zaurun işlətdiyi bazar ərazisində olan kafeyə getmiş, orda yemək sifariş edib spirtli içki qəbul etmişlər. Zaur Çərkəsə yaxınlaşıb 19 manat hesabı istəmişdir. Bu zaman Çərkəs ayağa qalxaraq Zaurun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. O Çərkəsi ayırıb kənara çəkmişdir. Bundan sonra Çərkəs çıxıb getmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 01 mart 2025-ci il tarixli 110 saylı nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ göz orbiti ətrafında qançır-hematoma, sol budun yuxarı 1/3-nin ön iç səthində qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 28 fevral 2025-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir; Quba RPŞ-nin UQSİQ-nun məlumat portalı üzrə operatoru vəzifəsini müvəqqəti icra edən polis serjantı Ayaz Məmmədquliyevin raportundan görünür ki, X3 DİN-nin VMAS-da yoxlanılması zamanı şəxsiyyəti təsdiq edən sənəd və məhkumluq haqqında məlumat müəyyən edilməmişdir; AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs xx.xx.1969-cu il tarixdə Quba rayonunda doğulmuş X4r. Azərbaycan Respublikası İcbar Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Quba rayon Mərkəzi xəstəxanası X12 05 dekabr 2024-cü il tarixli 18-1-56/2- 312/2025 nömrəli məktubundan görünür ki, X1 rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur; Quba RİHB-nın Küçeyi İƏD üzrə nümayəndəliyinin 04 mart 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonu, Üçgün kəndində yaşayır, nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır; Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının ərazisində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaşamaq üçün icazə verilmişdir. Beləliklə, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 28 fevral 2025ci il tarixdə saat 17:10 radələrində Quba şəhəri, “Bazar” adlanan ərazidə yerləşən kafedə mübahisə baş verməsi hər iki tərəfin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, X2 əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X2 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə təqsirləndirilən şəxs X2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs X2 cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X5 Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da məhkəmə hesab edir ki, X2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar