Məhkəmə qərarları › İş №1(027)-59/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-59/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-59/2024 13.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba rayonu, Xanagah kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Xanagah kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrindən yumruq və təpiklə qəsdən vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş döş qəfəsinin sol tərəfində Vİİ qabırğa sahəsində yumşaq toxumaların əziyi və qançırı, sol tərəfdən arxa qoltuq xətti üzrə Vİİ-Vİİ qabırğaların qapalı yerini dəyişən sınığından ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində kənd ərazisində gəzən zaman həmkəndliləri Zərərçəkmiş şəxs və X1 görüb yaxınlaşmış və onlarla birlikdə yemək yeyib içki içmişdir. Bir qədər sonra Ramil ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı o Ramilin bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmuşdur. Şahid onları ayırmış və o, evinə getmişdir. Mübahisə yaşadığları kəndin ərazisində yerləşən bağ sahəsində olmuş və həmin vaxt orada həmkəndliləri Faiqdən başqa kimsə olmamışdır. Aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 dekabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində həmkəndlisi X2 yeyib içən zaman həmkəndliləri Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və onlarla birlikdə yemək yeyib içki içmişdir. Onun Pərvinlə zarafat etməsi səbəbindən aralarında mübahisə yaranmış və Pərvin onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq yerə yıxmışdır. Həmkəndliləri Şahid onları ayırmış və onu götürüb evə gətirmişdir. Mübahisə yaşadığları kəndin ərazisində yerləşən bağ sahəsində olmuş və həmin vaxt orada həmkəndliləri Faiqdən başqa kimsə olmamışdır. Aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı o Pərvini vurmamışdır. Hazırda Təqsirləndirilən şəxs barışdığını, bununla bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alaraq, sonuncu barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 ibtidai istintaqda olan izahatını təsdiq edərək bildirdi ki, 31 dekabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə marketdən 1 ədəd çörək, kolbasa və 0.7 litr spirtli içki (araq) alıb kənd ərazisində bağ sahəsində oturub yemək yeyib bayram qeyd edən zaman həmkəndliləri Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və onların dəvəti ilə oturub yemək yemiş və spirtli içki qəbul etmişdir. Ramil ilə Pərvin zarafat etmiş və aralarında mübahisə baş vermişdir. Pərvin spirtli içkinin təsiri altında Ramili yumruq və təpiklə vuraraq yerə yıxmışdır. Onları ayırmış və Ramili yaşadığı evə aparmışdır. Ramillə Pərvin arasında mübahisə təxminən 3- 5 dəqiqə davam etmiş, həmin vaxt orda kənar şəxslər olmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 31 dekabr 2023-cü il tarixli 1048 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər döş qəfəsinin sol tərəfində Vİİ qabırğa sahəsində yumşaq toxumaların əziyi və qançırı, sol tərəfdən arxa qoltuq xətti üzrə Vİİ-Vİİ qabırğaların qapalı yerini dəyişən sınığı küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 31 dekabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən az ağır zərər vurmaya aiddir; Quba rayon Mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur; Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhərində qeydiyyatda olsa da, 3 ilə yaxındır ki Quba rayonu Xanagah kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir; Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar