Məhkəmə qərarları › İş №1(027)-59/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-59/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-59/2025 14.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, Quba rayonu, Bağbanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə, saat 23:30 radələrində Quba rayonu, Bağbanlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən sifət və bədəninin müxtəlif nahiyəsindən yumruqla vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sifətində solda və boynunda solda sıyrıq, sağ əlin biləyin arxa səthində qançır-hematoma, sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyindən ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ildə Şahnurə ilə rəsmi ailə həyatı qurmuş, ailə münasibətləri normaldır. Hər bir ailədə olduğu kimi onun da ailəsində mütəmadi mübahisələr yaranır. Sonuncu mübahisələri 06 mart 2025-ci il tarixdə təxminən saat 23:30 radələrində baş vermişdir. Bu vaxt o, “Tik-Tok” sosial şəbəkəsində olan zaman həyat yoldaşı Şahnurə ona irad bildirmiş və mübahisələri yaranmışdır. Mübahisə zəminində o, həyat yoldaşı Şahnurəni əli ilə vuraraq uzaqlaşdırmışdır. Mübahisələri təxminən 10-12 dəqiqə davam etmiş və bu vaxt yanlarında başqa kimsə olmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs hadisə ilə bağlı ifadə verməkdən imtina etmiş, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayətinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Azərbaycan Rrespublikasının Cinayət-Prosessual Məcəlləsinin 328.2.1-ci maddəsində göstərilir ki, şahidin özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək hüququ vardır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs verdiyi izahatı məhkəmədə elan olunan zaman məlum olmuşdur ki, 2022-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuş, sonradan pisləşmişdir. Bunun səbəbi isə Ozalın başqa qadınla münasibət qurması, ailəsinə pis rəftar etməsi olmuşdur. Bu səbəbdən aralarında mütəmadi mübahisələri yaranmışdır. 06 mart 2025-ci il tarixdə saat 23:30 radələrində evdə olan zaman Ozal telefonda “Tik-Tok” sosial şəbəkəsində həmin qızın videolarına baxdıqda görmüş və iradını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ozal onun üzərinə hücum edərək sifət və qol nahiyəsinə əli ilə vuraraq döymüşdür. Mübahisələri təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada kənar şəxslər olmamışdır. Ailə üzvüləri onların davadalaşını görməmişlər. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 07 mart 2025-ci il tarixli 126 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sifətində solda və boynunda solda sıyrıq, sağ əlin biləyin arxa səthində qançır-hematoma, sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyi küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 06 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; Quba RİHB-nın Zərdabi İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Bağbanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X2 Şəxs Quba Rayon X1 Hüquqi Şəxsin 11 mart 2025-ci iltarixli, 18-1-56/2- 352/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur; BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar