Məhkəmə qərarları › İş №1(027)-6/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-6/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-6/2022 12.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd gümüşü rəngli siqaret kağızına yerləşdirilmiş, 01 ədəd iç hissəsi gümüşü, üst hissəsi ağ rəngli olan bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,217 qram narkotik vasitə heroini və 01 ədəd iç hissəsi göy rəngli, üst hissəsi ağ rəngli olan bükümdəki təmiz çəkisi 0,006 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 24 iyun 2021-ci il tarixdə saat 23:54 radələrində o, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba rayonu Zərdabi qəsəbəsində Şahid2 idarə etdiyi “VAZ 21011” markalı 0-135-MN- 05 rus nömrə nişanlı taksi maşınından düşdükdən sonra, saxlanılaraq onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ ön cibində daşıdığı 01 ədəd gümüşü rəngli siqaret kağızına yerləşdirilmiş, 01 ədəd iç hissəsi gümüşü, üst hissəsi ağ rəngli olan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,217 qram qəhvəyi rəngli tozşəkilli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə heroin kütləsi və 01 ədəd iç hissəsi göy rəngli, üst hissəsi ağ rəngli olan bükümdə təmiz çəkisi 0,006 qram ağ rəngli kristal şəkilli maddədən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin kütləsi aşkar edərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki o, ara-sıra narkotikvasitə qəbul edir. Narkotik vasitə istifadə etdiyi üçün dörd dəfə məhkum olunmuşdur. 24 iyun 2021-ci il tarixdə Xaçmaz rayonu Çaxçaxlı kəndindən Quba rayonu Zərdabi qəsəbəsinə getmək üçün yol üstü “VAZ 21011” markalı O-135-MN-05 nömrə nişanlı taksi maşınına əyləşmişdir. Maşınında sürücüdən başqa bir nəfər sərnişin də olmuşdur. Taksi maşınında olarkən o, yol kənarında yerləşən çörək sexinin yanında həmin taksi maşınını saxladıb evə çörək almaq üçün sexin ərzisinə daxil olmuşdur. Çörək alıb çıxarkən sexin yaxınlığında yol kənarında yerdə siqaret kağızına bükülmüş bir büküm diqqətini cəlb etdiyindən və əvvəllər narkotik vasitə istifadəçisi olduğundan həmin bükümdə narkotik vasitə ola biləcəyini düşünüb onu götürmüşdür. Bükümü açıb baxdıqda, orada olan 02 ədəd bükümdə birinin içərisində heroin, digərinin içində isə metamfetamin kütlələrinin olduğunu aşkar etmişdir. Bundan sonra o, tapdığı narkotik vasitəni gələcəkdə istifadə etmək üçün bükümü əynində olan cins şalvarın sağ ön cibinə qoyub taksi maşınına əyləşmişdir. Quba rayonu Zərdabi qəsəbəsinə çatıb taksidən düşdükdən sonra, özlərini Quba RPŞ-nin əməkdaşları olaraq təqdim edən polis əməkdaşları ona yaxınlaşmışdır. Polis əməkdaşları narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, onun şübhəli şəxs kimi tutulduğunu ona elan etdikdən sonra hüquqlarını müdafiə etmək üçün oraya dəvət olunmuş bir nəfər vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxtı onun əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızına yerləşdirilmiş, 01 ədəd bükümdəki narkotik vasitə heroin kütləsi və 01 ədəd psixotrop maddə metamfetamin kütləsi polis əməkdaşları tərəfindən aşkar edərək götürmüşdür. Aşkar edilib götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki o. Quba rayon PŞ-nin Qonaqkənd PB-də əməliyyat-müvəkkili vəzifəsində xidmət edir. 24 iyun 2021-ci il tarixdə Quba rayonunun Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Əməliyyat qrupunda ondan əlavə Quba RPŞ-nin CAB-nin əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid3, Quba RPŞ-nin ƏRQ-nin kiçik inspektoru,polis serjantı Şahid6 və digər əməkdaşlar iştirak etmişlər. 24 iyun 2021-ci il tarixdə saat 23:20 radələrində Təqsirləndirilən şəxs Quba rayonu Zərdabi qəsəbəsində “VAZ 21011” markalı O-135-MN-05 rus nömrə nişanlı taksi maşınından düşdükdən sonra, onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhəli olduğunu bildirib şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarını müdafiə etmək üçün oraya dəvət olunmuş vəkilin iştirakı ilə video çəkilişdək istifadə edilməklə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sağ ön cibində saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızında olan 02 ədəd büküm, bükümlərin birində narkotik vasitə heroinə bənzər kütlə digərində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edərək götürmüşdür. Aşkar edilmiş narkotik maddəyə bənzər herin kütləsi və metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdən sonra, ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Sorğu-sual zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüç narkotik vasitə heroni və metamfetamini Xaçmaz rayonunun ərazisində çörək sexinin qarşısından yerdən tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid4 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2021-ci il tarixli 6/2590 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd zərfdə qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazılanmış narkotik vasitə - heroindir. Digər bükümdə təmiz çəkisi 0,0006 qram ağ rəngli kristal şəkilli maddə isə kustar üsulla hazırlanmış psixotrop maddə -- metamfetamindir. Heroinin təmiz çəkisi 0,217 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 0,167 qramdır.Metamfetamin təmiz çəkisi 0,006 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,003 qram, qalıq isə 0,003 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli 2953 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına yerləşdirilmiş, 01 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə və 01 ədəd iç hissəsi göy rəngli, üst hissəsi ağ rəngli bükümdə ağ rəngli kristal şəkilli maddə aşkar edərək götürülmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən 24 iyun 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba rayon xalq məhkəməsinin 08 iyul 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən həmin cəzasını çəkməkdən 09 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, Quba rayon məhkəməsinin 06 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 yanvar 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Xaçmaz rayon məhkəməsinin 07 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Quba rayon məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 avqust 2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən həmin cəzasını çəkməkdən azad olunmuşdur. İşdə olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 824 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonun Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 26.06 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24.06.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 07.07 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş və ev dustaqlığın müddəti 24.09.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 24.09.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24.09.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 24 iyun 2021-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev qustaqlığında olduğu 03 ay müddət təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,167 qram olan narkotik vasitə olan heroin və 0,003 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət, ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərinə qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,167 qram olan narkotik vasitə heroin və 0,003 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar