Məhkəmə qərarları › İş №1(027)-60/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-60/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-60/2022 26.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,480 qram çəkidə psixotrop maddə metamfetamini və 10 ədəd həbdə narkotik vasitə metadonu qanunsuz əldə edərək işlədiyi Quba şəhəri, Yusif Qasımov küçəsində yerləşən “X13” mehmanxanasının 6-cı mərtəbəsindəki xidməti otaqda gizlədib saxlamış, 23.12.2021-ci il tarixdə saat 03 radələrində Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun xidməti otağında baxış keçirilərkən orada divan üzərinə qoyduğu idman gödəkçəsinin yaxalığından 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,480 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd kağız listdə təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 ədəd həbdə olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmazdan əvvəl Quba şəhəri, Yusif Qasımov küçəsində yerləşən “X13” mehmanxanasında administrator vəzifəsində işləmişdir. Hadisədən bir ay əvvəl internet vasitəsilə Heybət adlı şəxslə tanış olmuş, tutulmazdan iki gün əvvəl Heybətlə “whatsapp” mobil tətbiq vasitəsilə əlaqə saxlamış və sonuncudan 10 ədəd həbdə metadon istəmişdir. 23.12.2021-ci il tarixdə Heybətin hesab nömrəsinə “million” ödəniş terminalı vasitəsilə 50 manat göndərmiş, həmin şəxs də ona sifariş etdiyi 01 ədəd listdə 10 ədəd həb metadonu, üstündə isə əlavə pay olaraq 01 ədəd falqa kağızı bükümündə metamfetamin kütləsini Bakı şəhərindən Qubaya tanımadığı taksi sürücüsü ilə göndərmişdir. Hər iki narkotik vasitəni Heybət adlı şəxs idman gödəkçəsinin yaxalığında gizlətmiş, gödəkçəni isə sellofan torbaya qoyub o şəkildə taksi sürücüsü ilə göndərmişdir. Sözügedən taksi sürücüsünü tanımır və maşının nömrələrini yadında qalmamışdır. Heybətlə aralarında narkotik vasitələrin satılması ilə bağlı heç vaxt sövdələşmə olmamışdır. Özü 2 ildir ki narkotik vasitə istifadəçi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Heybətin ona satdığı metadon və metafetamindən heç kimə satmamış və ya verməmişdir. Həmçinin aldıqdan az müddət sonra tutulduğu üçün metadon və metafetamindən istifadə edə bilməmişdir. 23.12.2021-ci il tarixdə gecə saat 03 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları onun iş yerinə gələrək özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin istifadə edilməsi, üzərində gəzdirilməsi və saxlamasında şübhəli olduğunu demiş və üzərində və qaldığı otaqda baxış keçirəcəklərini bildirmişlər. O, buna etiraz etmədikdən sonra, hüquqlarını müdafiə etmək üçün ona bir nəfər vəkil təqdim edilmişdir. Daha sonra onun iştirakı ilə həm üzərində şəxsi axtarış aparılmış, həm də işlədiyi obyektin xidməti otağına baxış keçirilmişdir. Onun üzərindən qanunsuz heç bir əşya aşkar edilməsə də, baxış zamanı işlədiyi xidməti otaqdakı divanın üzərinə qoyduğu idman gödəkçəsinin yaxalığından 01 ədəd gümüşü rəngli falqa bükümdə psixotrop maddə metamfetamin və 01 listdə 10 ədəd həbdə narkotik vasitə metadon aşkar edilmişdir. Polis əməkdaşları həmin metamfetaminlə metadonu elektron tərəzidə çəkib ayrıca kağız zərfə qoyub qablaşdırdıqdan sonra o, həmin zərfin üzərinə öz imzasını atmışdır. Daha sonra, onu polis şöbəsinə gətirmişlər. Baxışın və şəxsi axtarışın nəticəsi olaraq tərtib edilmiş protokollarla vəkilinin iştirakı ilə tanış olduqdan sonra onlara öz imzasını atmış və törətdiyini etiraf edərək izahat vermişdir. O, metadonu mütəmadi ağrıları olması səbəbindən qəbul etmişdir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini, törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 23.12.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhərindən Quba rayonuna narkotik vasitənin naməlum şəxs tərəfindən gətirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23.12.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhərindən gələn avtomobilin “X13” mehmaxanasının qarşısında dayanması və bir ədəd bağlamanın bir nəfər şəxsə verilməsi müşahidə edilmişdir. Bağlamanı alan şəxsin Təqsirləndirilən şəxs olması və sonuncunun iş yeri olan “X13” mehmaxanasının 6-cı mərtəbəsində olduğu müəyyən edilmişdir. O, digər RPŞ əməkdaşları ilə birlikdə mehmanxananın yerləşdiyi yerə gedərək Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs olaraq saxlanıldığı izah edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, sonuncu üzərində deyil, iş yerindəki xidməti otağında narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra o, baxış iştirakçıları ilə birgə həmin otağa daxil olmuş, orada divanın üzərinə qoyulmuş və Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 01 ədəd sellofana bükülmüş idman gödəkçəsinə baxmışlar. Gödəkçənin yaxalığında üzərində “Metadon 40” sözü yazılmış 01 ədəd listdə 10 ədəd həb və içərisində metamfetaminə oxşar kütlənin olduğu 01 ədəd falqa kağızı bükümü aşkar olunmuşdur. Sorğu əsnasında Təqsirləndirilən şəxs təxminən bir ay əvvəl “İranlı” tanımadığı şəxslə internet vasitəsilə tanış olmasını, 23.12.2021-ci il tarixdə həmin şəxsin göndərdiyi hesab nömrəsinə “Million” ödəniş terminalı vasitəsilə 50 manat göndərməsini, pulun müqabilində tanımadığı şəxsdən metadon həblərini almasını, 01 ədəd falqa bükümündəki metamfetamin isə ona pay olaraq metadonun üstündə göndərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək Şahid1 göstərdikləri ilə analoji ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3 Əkrəm oğlu məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. İş üzrə Şahid3 Əkrəm oğlunun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, fərdi sahibkarlıqla məşğul olur və Quba şəhərində yerləşən “X13” mehmaxanasının 6-cı mərtəbəsində yerləşən restoranı işlədir. Təqsirləndirilən şəxs tanıyır. O, restoranda işə başlayan zaman köməyə ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs inzibatçı kimi onun restoranında işləməsini xahiş etmişdir. 23.12.2021-ci il tarixdə gecə saatlarında ona Ramin adlı polis əməkdaşı zəng edərək, mehmanxanaya çağırmışdır. Mehmanxanada yeləşən obyektində narkotik vasitənin ola biləcəyi barədə məlumatlandırılaraq, obyektə baxış keçirilməsi barədə icazə alınmışdır. O, etiraz etməmişdir. Sonradan obyektində narkotik vasitənin aşkar edilməsini öyrənmişdir. Onun həmin hadisəyə heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitənin olmasını bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs xidməti otağına baxış və üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş yerində baxış keçirilməzdən əvvəl ona şübhəli şəxsi olaraq saxlanıldığı izah edilir və hüquqlarının müdafiə edilməsi məqsədilə ona dövlət hesabına müdafiəçi qismində Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilir. Sonra ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində deyil, iş yerindəki xidməti otağında narkotik vasitə saxladığını etiraf edir. Bundan sonra onun Təqsirləndirilən şəxslə birgə baxış iştirakçıları həmin otağa daxil olur. Orada Təqsirləndirilən şəxs divanın üzərinə qoyulmuş sellofandan bir ədəd idman gödəkçəsi çıxardır və özü idman gödəkçəsinin yaxalığından “Metadon 40” sözü yazılmış 01 ədəd listdə 10 ədəd həb və içərisində metamfetaminə oxşar kütlənin olduğu 01 ədəd falqa kağızı bükümü baxış iştirakçılarına təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu və onları haradan əldə etdiyi soruşulduqda, sonuncu bükümün içində olan kütlənin metamfetamin, həblərin isə metadon olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, mütəmadi ağrıları olduğu səbəbindən metadonu qəbul edir. Təqsirləndirilən şəxs sözlərinə görə, o, təxminən bir ay əvvəl “İranlı” tanımadığı şəxslə internet vasitəsilə tanış olmuş, 23.12.2021-ci il tarixdə həmin şəxsin göndərdiyi hesab nömrəsinə “Million” ödəniş terminalı vasitəsilə 50 manat göndərmiş, pulun müqabilində tanımadığı şəxsdən metadon həblərini almışdır. 01 ədəd falqa bükümündəki metamfetamin isə ona pay olaraq metadonun üstündə göndərilmişdir. Şəxsi axtarış zamanı isə Təqsirləndirilən şəxs üzərindən qanunsuz heçnə aşkar edilməmişdir. Daha sonra, aşkar edilmiş 01 ədəd metamfetaminə oxşar kütlələrin olduğu büküm elektron tərəzidə çəkildikdə onun ümumi çəkisi 0,7 qram, 10 ədəd metadon həblərinin hamısı isə birlikdə elektron tərəzidə çəkildikdə onun ümumi çəkisi 4,4 qram təşkil edir. Aşkar edilmiş 01 ədəd metamfetaminə oxşar kütlələr və 10 ədəd metadon həblər ikisi də götürülərək ayrıca zərfdə qablaşdırılır və zərflər baxış iştirakçıları tərəfindən imzalanır. (DVD disk). İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” 23.12.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən 23.12.2021-ci il tarixdə saat 03:05 radələrində Quba şəhəri, Y.Qasimov küçəsində yerləşən Şahdağ Otelinin 6-cı mərtəbəsində fəaliyyət göstərən restoranda ofisiant kimi çalışan Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, istifadə etməsi, üzərində gəzdirməsində şübhəli bilinməsi ilə bağlı üzərinə şəxsi-axtarış keçirilmiş, qanunla istifadəsi, gəzdirilməsi, saxlanılması qadağan olunmuş hər hansı bir əşya, predmet aşkarlanmamışdır (iş vər.: 26); “baxış keçirilməsi barədə” 23.12.2021-ci il tarixli protokoldan görünür ki, baxış Quba şəhəri, Y.Qasimov küçəsində yerləşən Şahdağ Otelinin 6-cı mərtəbəsində açıq havada restoranın yanında yerləşən administratorun otağında keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan narkotik vasitənin həmin otaqda olmasını bildirərək həmin otaqda divan üzərində zərli açıq rəngli sellofanın içərisində idman gödəkçəni çıxarmış və yaxalıq hissədə içindən 01 ədəd gümüşü falqada olan ağ rəngli kristallin kütləsini və içərisindən 10 ədəd olan “metadon 40” qırx sözləri yazılmış “İran” istehsalı həbləri təqdim etmişdir. Həblər elektron tərəzidə ölçülərkən 4,4 qram, digər kütlənin bükümlə birgə 0,7 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin vasitələrin ona məxsus olmasını bir daha təsdiq etmişdir (iş vər.: 27,28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 23.12.2021-ci il tarixli 6/5596 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs iş yerində aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram təşkil edən, ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs iş yerində aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, ümumi sayı 10 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Metadon, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,480 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 0,430 qramdır. Metadon həblərinin sayı 10 ədəd təşkil edir, tədqiqata sərf edildi - 1 ədəd, qalıq isə 9 ədəddir (iş vər.: 32-37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 28.12.2021-ci il tarixli 5329 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vər.: 78,79). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” 15.03.2022-ci il tarixli qərardan görünür ki, Şahid3 barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Quba Regional Ərazi şöbəsinə göndərilmiş, 01 ədəd kağız paketdə qablaşdırılaraq möhürlənmiş, ekspertiza tədqiqatından sonra 0,430 qram çəkidə qalıq qalmış psixotrop maddə metamfetamin kütləsini, həmçinin ekspertizadan sonra 9 ədəd həblərdə qalıq qalmış narkotik vasitə metadon həbləri maddi sübut qismində tanınmış və saxlanılması üçün Quba RPŞ-nın maddi sübutlar otağında təhvil verilmiş, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələri, şahidlərin ifadələri, baxış protokolu, əməliyyatın keçirilməsinin əks edildiyi 01 ədəd DVD diski və ona baxış protokolu, maddi sübutlar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir (iş vər.: 102-106). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri onun özünün etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 13-cü bəndinə görə metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin xalis çəkisi 0,480 qram, metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23.12.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 17, 24, 25); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 48, 49); Quba Rayon prokuroru Namiq Muradovun 24.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. (iş vər.: 59); “qətimkan tədbiri seçilməsi haqqında” 24.12.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 60); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər.: 81); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 24.12.2021-ci il tarixli 3656 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və onun atası X8 və anası X4 ibarət ailə tərkibi vardır (iş vər.: 61); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 24.12.2021-ci il tarixli 3657 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 62). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 23.12.2021-ci il tarixdən 24.12.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,430 qram psixotrop maddə metamfetamin, 09 ədəd həblərdə narkotik vasitə metadon məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 23.12.2021-ci il tarixdən 24.12.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,430 qram psixotrop maddə metamfetamin, 09 ədəd həblərdə narkotik vasitə metadon məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar