Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-60/2023 18.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonu, Alıc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Alıc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci ildə tarixdə, saat 10 radələrində AE 613245 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2106 ” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Quba rayonu, Aşağı Xuc kəndi ərazisi ilə 70 km/saat sürətlə Qusar rayonu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qarşı tərəfdən Quba rayonu istiqamətində öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobilin ön sol hissəsindən vurması nəticəsində ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsində əzilmiş yara, burununun üstündə sıyrıq, sol saiddə və bazuda qançır, sağ saiddə sıyrıq, sağ diz qapağının yerini dəyişən kimi sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 2106” markalı avtomobilini BC kateqoriyalı AE 613245 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində rayonun Aşağı Xuc kəndi ərazisi ilə Qusar rayon istiqamətində hərəkət edən zaman qarşıdan gələn “VAZ 2107” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin onun yoluna çıxaraq hərəkət etdiyini görüb hadisənin baş verməməsi üçün yolun sol tərəfinə çıxıb hərəkət etmişdir. Toqquşmaya təxminən 50 metr qalmış həmin avtomobilin sürücüsü öz yoluna qayıtmış və nəticədə avtomobillər onun hərəkət yolunda toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində özü və digər avtomobilin sürücüsü xəsarət almışlar. Hadisə vaxtı o, spirtli içki qəbul etməmiş, avtomobilində başqa heç kim olmamışdır. O, saatda 70 km surətlə hərəkət etmişdir. dirmiş. Toqquşmağa 70-80 metr qalmış “VAZ 2107” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil çıxıb onun idarə etdiyi avtomobilin yolu ilə hərəkət etmiş, o isə əyləci basmayaraq avtomobilini yolun sol tərəfinə çəkərək hadisədən yayınmaq istəmiş, lakin heç bir nəticə olmamışdır. İdarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, atasına məxsus “VAZ 2107” markalı ağ rəngli **-BP-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində rayonun Aşağı Xuc kəndi ərazisi yerləşən avtomobil yolu ilə şəhər istiqamətində saatda 50-55 km surətlə hərəkətdə olmuşdur. Həmin vaxt qarşı tərəfdən gələn “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil qarşıda dönmə qaydalarını pozaraq onun yolu ilə hərəkət etməyə başlamışdır. Toqquşmaya təxminən 15-20 metr qalmış “VAZ 2106” markalı, **-BJ- *** dövlət nömrə nişanlı avtomobilin onun avtomobilinin yolu ilə hərəkət etdiyini görüb öz avtomobilini yolun sağ kənarına çəkmiş və bu zaman “VAZ 2106” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sol və sol yan hissəsi ilə toqquşmuş, nəticədə o, sağ ayağının diz qapağının sınması kimi xəsarətləri almışdır. O, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Avtomobilində nə sərnişin nədə ki, yük olmamışdır. Hadisədən əvvəl “VAZ 2106” markalı avtomobilin təxminən saatda 110-120 surətlə hərəkətdə olduğunu, onun isə hadisədən yayınmaq üçün avtomobilini yolun sağ kənarına çəkdiyini də bildirmişdir. Hadisə təqsirləndirilən şəxsin ehtiyyatsızlığından baş vermişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç şikayəti yoxdur, sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxsla barışmasını, baş vermiş hadisə ilə bağlı heç bir şikayətinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Quba rayonu, Aşağı-Xuc kəndi ərazisində Şahid2la xidmətdə olan zaman “VAZ 2107” markalı avtomobil ilə “VAZ 2106” markalı avtomobillərin toqquşması ilə nəticələnən yolnəqliyyat hadisəsini aşkar etmişlər. Hadisə zamanı hər iki sürücü xəsarət almışdır. Bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Hadisənin müayinəsi zamanı sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs alkotester vasitəsilə müayinə edilmiş, hadisə zamanı hər ikisinin də ayıq olması müəyyən edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin Quba Rayon Şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 02 noyabr 2022-ci il tarixli 936 nömrəli nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “başın sol təpə nahiyyəsində əzilmiş yara, burnunun üstündə sıyrıq, sol saiddə və bazuda qançır, sağ saiddə sıyrıq, sağ diz qapağının yerini dəyişməyən qapalı sınığı” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 oktyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasına dair 26 dekabr 2022ci il tarixli, 8/3302 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 2106 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. “VAZ 2107” markalı ağ rəngli **-BP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqtəyi nəzərdən tədqiq etməyə lüzum yoxdur; yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto-cədvəldən görünür ki, hadisə yeri Quba rayonu Aşağı Xuc kəndi ərazisidir. Yolun hərəkət hissəsi düzdür. Yol örtüyünün növü asfalt olmaqla, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün ümumi eni 6 metr, hərəkət zolaqlarının sayı 1 olmaqla hərəkət hissəsinin eni də 6 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa bütöv nişanlama xətti var. Hərəkət hissəyə sağdan və soldan boş torpaq sahələri birləşir. Hərəkətin nizamlama üsuluna görə hadisə yeri nizamlanmayan yoldur ki, bu yol da yaşayış məntəqəsinin ərazisidir və maksimum hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılmışdır. Toqquşma yeri “VAZ 2107” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında yerləşir, bu yerlə hərəkət hissəsinin sağ kənarı arasındakı məsafə 1 metrdir. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir ki, “VAZ 2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən əvvəl Quba şəhəri, “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili isə Qusar rayonu istiqamətinə doğru hərəkətdə olmuşdur. Hadisə yerində hər iki avtomobil Quba rayonu istiqamətinə nəzərən yolun sağ tərəfində qarşı-qarşıya dayanmışıdırlar. Hadisə yerində təkər izləri aşkar edilməmiş və hadisədən əvvəl avtomobillər texniki cəhətdən saz olmuşlar; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası DİN Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli, ********* nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs AE 613245 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və sonuncu sürücülük hüququndan məhrum olunmamışdır; müstəntiqin xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; şərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 01195 nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir; Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1149 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alıc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs müsbət xaraktrizə olunur; xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “VAZ 2107” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilə 6643 manat məbləğində ziyan dəymişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu, eləcə də iş materiallarında olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nın 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tələb edir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod:210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-60/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-60/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver