Məhkəmə qərarları › İş №1(027)-60/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-60/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-60/2024 20.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə, 31 avqust 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, İ Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil, təqaüdçü, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 23, mənzil 3-də qeydiyyatda olan və Quba rayonu, Barlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,5 qramdan artıq miqdarda olan ümumi təmiz çəkisi 5,716 qram narkotik vasitə tiryəki əldə edib daşımaqla yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən evinin qarşısında saxlanılaraq özünün iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman həmin evin giriş hissəsində yerləşən otaqdakı masanın üzərində olan 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,744 qram və 4.792 qram olmaqla ümumi təmiz çəkisi 5,716 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi ev 23, mənzil 3-də qeydiyyatda olub ailəsi birlikdə orada yaşasa da, Quba rayonu, Barlı kəndində torpaq sahəsi və evi olduğundan, vaxtaşırı dincəlmək məqsədilə kəndə gəlib yaşayır. İ Qarabağ müharibəsi veteranı olmaqla 1-ci qrup əlildir. 23 oktyabr 2023-cü il tarixdə arvadını Bakı şəhərinə evinə aparmış və 24 oktyabr 2023-cü il tarixdə Quba rayonu, Barlı kəndinə qayıtmışdır. Yolda Sumqayıt şəhəri, “Nasosnu” adlanan X11 qəsəbəsi ərazisində dayanmış və yol kənarında piyada gəzdiyi zaman yerdə olan siqaret qutusu diqqətini çəkmişdir. Qutunu götürüb içərisinə baxmış və içərisində iki ədəd sellofan bükümdə narkotik vasitə olan tiryək görmüşdür. Yerdən tapdığı siqaret qutusunu içərisindəki narkotik vasitə ilə birlikdə sonradan şəxsi istifadəsi üçün cibinə qoyub özü ilə Quba rayonu, Barlı kəndində yerləşən evinə gətirmişdir. Həmin narkotik vasitə olan tiryəkin üzərindən 1-2 dəfə götürüb istifadə etmişdir. 28 oktyabr 2023-cü il tarixdə evində olarkər qapı döyülmüş və o, siqaret qutusunu və tiryəki elə açıqda masanın üzərində saxlayıb qapını açmışdır. Həmin vaxt polis əməkdaşları onun razələğə ilə evinə baxış keçirəcəklərini bildirmişlər. Əvvəl polis əməkdaşları dəhlizdə olan masanın üzərinə baxış keçirmiş və masanın üzərində içərisində iki büküm narkotik vasitə olan siqaret qutusunu görüb nə olduğunu soruşmuşlar. O, həmin siqaret qutusunun içərisində iki büküm narkotik vasitə tiryək olduğunu bildirmiş və narkotik vasitəni qutudan çıxardıb təqdim etmişdir. Sorğu zamanı o, həmin bükümlərin narkotik vasitə olmasını, Bakı şəhərindən Qubaya qayıdanda Sumqayıt şəhəri, X11 qəsəbəsi ərazisində dayanan zaman yerdən tapdığını və bədən ağrılarını dayandırmaq üçün dərman kimi istifadə etdiyini demişdir. Bundan sonra evin hər yerinə baxış keçirilmiş, lakin evdə başqa qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş iki bükümdə narkotik vasitə tiryək ayrı-ayırlıqda elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitə olan tiryəki xx.xx.2023-cü il tarixdə tapmış və evinin dəhlizində olan masanın üzərində siqaret qutusu qarışıq saxlamışdır. Bütün istintaq hərəkətləri videokamera ilə qeydə alınmış, həmin vaxt vəkil onun yanında olmuşdur. Evindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamış, şəxsi istifadəsi üçün saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. 40 yaşında özü könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak etmiş və bir ayağını itirmişdir. Hazırda güclü ağrıları olduğundan tiryəki dərman kimi qəbul etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşimançılıq çəkməsini, bir ayağı protez olmaqla, digər ayağının da uğursuz əməliyyat olmasını, 72 yaşında olduğunu nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Quba rayonu, Barlı kəndində yerləşən evinin qarşısında saxlanılaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə aparılan sorğu zamanı Təqsirləndirilən şəxs evində dərman kimi istifadə etdiyi narkotik vasitə olduğunu bildirərək evinə baxış keçirilməsinə razılıq vermiş, polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə həyət qapısından evinə daxil olmuşlar və evinin giriş otağında olan masaya yaxınlaşmışlar. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq məqsədilə üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs ciblərindən “Sobranie” adında siqaret qutusu, əlillik vəsiqəsi, qara rəngli “Nokia” markalı mobil telefon, bir ədəd alışqan və avtomobil açarları çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar etməmişdir. Təqsirləndirilən şəxs masanın üzərində olan və üstündə kibrit qutusu olan göy rəngli “Sobranie” adlı siqaret qutusunu götürüb açaraq içində olan sellofan parçalarına bükülü iki ədəd kütləni çıxarıb təqdim etmişdir. Bükümlərə baxış zamanı içində qara rəngli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə tiryək olduğunu, Bakı şəhərindən Qubaya qayıdanda Sumqayıt şəhəri, X11 qəsəbəsi ərazisindən yerdən tapdığını və ağrılarını azaltmaq üçün dərman kimi istifadə etdiyini demişdir. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə ölçülmüş və zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə evinin otaqlarına baxış keçirilmiş, başqa narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək Şahid2 ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə keçirilən baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Rəşadət Cəfərov, polis əməkdaşları, Quba rayon vəkil bürosunun vəkili İbrahim Aqamov və Təqsirləndirilən şəxs axşam saatlarında yaşadığı Quba rayonu, Barlı kəndi ərazisində saxlayıblar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir. Təhqiqatçı əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələr üzərində və yaşadığı evində hər hansı qanunsuz əşya, narkotik vasitə olub-olmadığını soruşur, cavabında Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını etiraf edir və evinə baxış keçirilməsinə razılıq verir. Polis əməkdaşları vəkil ilə və Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı evin həyət qapısından evinə daxil olmuşlar və evinin giriş otağında olan masaya yaxınlaşmışlar. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq məqsədilə üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif edir. Təqsirləndirilən şəxs ciblərindən “Sobranie” markalı siqaret qutusu, əlillik vəsiqəsi, qara rəngli “Nokia” markalı mobil telefon, bir ədəd alışqan və avtomobil açarları çıxarıb masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirir, üzərindən başqa heç nə aşkar etmir. Təqsirləndirilən şəxs masanın üzərində olan və üstündə kibrit qutusu olan göy rəngli “Sobranie” adlı siqaret qutusunu götürüb açaraq içində olan sellofan parçalarına bükülü iki ədəd kütləni çıxarıb təqdim edir. Təhqiqatçının suallarına cavab olaraq həmin bükümlərdə olan narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni yolda Sumqayıt şəhəri, “Nasosnu” adlanan ərazidən yerdən tapdığını və ağrılarını azaltmaq üçün dərman kimi istifadə etdiyini bildirir. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə ölçülür və hər birinin ayrı-ayırlıqda çəkiləri 0.97 və 5.19 qram təşkil edir. Bundan sonra həmin bükümlər bir zərfə qoyulub qablaşdırılıb möhürlənir. Təqsirləndirilən şəxs bükümlərin qablaşdırılmamasını və ağrıları olduğu üçün ona verilməsini xahiş edir. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilindiyinə görə Quba rayonu, Barlı kəndində yaşadığı evin qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, narkotik vasitə aşkar edilməmişdir; “baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndində yaşadığın evin qarşısında, küçədə saxlanılaraq tutulmuş, üzərində şəxsi axtarış aparıldıqdan sonra ona məxsus evə onun icazəsi əsasında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli evin girişində olan masanın üzərində “Sobranıe" markalı siqater qutusunun içərisində iki ədəd sellofan bükümdə olan iki ədəd narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş kütlələr “CONSTANT 14192-33” markalı elektron tərəzidə çəkilmiş, kütlələrin ayrı-ayrılıqda çəkisinin 0.97 və 5.19 qram olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus evdən aşkar olunmuş narkotik vasitə tiryəkdir və özünə məxsusdur. Qeyd olunan narkotik vasitəni Sumqayıt şəhərində H.Z.Tağıyev qəsəbəsində yerdən tapıb özünün istifadə etməsi məqsədi ilə götürüb saxlamışdır. Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər kütlələr tərəzidə çəkildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, DİN-nin 67 saylı möhürü ilə möhürlənmiş və video kamera ilə qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 29 oktyabr 2023-cü il tarixli, 3-16-16/1-6/5791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,972 qram və 0,744 qram, ümumi təmiz çəkisi 5,716 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Tiryəkin ümumi təmiz çəkisi - 5,716 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 5,616 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 20 dekabr 2023-cü il tarixli, 8326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,616 qramı cinayət işi üzrə maddi sübut kimi taınmışdır; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, cinayət işi üzrə 31 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəkin ekspert tədqiqatından sonra qalıq qalmış 5,616 qramının maddi sübut hesab edilməsi və həmin narkotik vasitənin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tiryəki əldə edib evində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 182-ci bəndinə görə narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə tiryəkin ümumi təmiz çəkisi 5,716 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞnin MSY-dən azad olunması qərara alınmışdır; “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Bakı şəhəri İcra Hakimiyyəti Aparatı MKTD 2 saylı xüsusi təyinatlı MKTB 3 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 503 saylı ayarış və həmin tarixli 504 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 23, mənzil 3-də qeydiyyatdadır və onun 1963-cü il təvəllüdlü həyat yoldaşı X5, oğlu 1989-cu il təvəllüdlü X9, qızı 1991-ci il təvəllüdlü X7, gəlini 1990-cu il təvəllüdlü X8, nəvələri 2017-ci il təvəllüdlü X13 və 2019-cu il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur; Təqsirləndirilən şəxs məxsus 079351 nömrəli vəsiqədən və arayışdan görünür ki, o, İ Qarabağ müharibəsi veteranıdır və İ qrup əlildir. İşin sənədlərinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs sağ ayağı amputasiya olunub, sol ayağının topuqdan yuxarı hissəsində əməliyyat tikişlərinin yeri vardır, həmçinin sol ayağın pəncəsində əməliyyat sonrası dəlik izi vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, 72 yaşında İ Qarabağ müharibəsi veteranı və İ qrup əli olmasını, səhhətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,616 qram təşkil edən narkotik vasitə tiryək məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Quba rayonunun və Bakı-Quba yolunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,616 qram təşkil edən narkotik vasitə tiryək məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Bakı şəhəri üzrə probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar