Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-61/2021 28.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, evli, işləməyən, Quba şəhəri Ə.Nərimanov küçəsi dalan 1 ev 6-da qeydiyyatda olan və Quba şəhəri H.Z.Tağıyev küçəsi ev 59-da yaşayan, barəsində 19.12.2020-ci il tarixdə “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd polietilen bağlamada narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək bir qədərini istifadə etdikdən sonra qalan hissəsini daha sonra istifadə etməsi üçün üzərində saxlamış, 17 dekabr 2020-ci il tarixdə pandemiya ilə bağlı respublika ərazisindəki karantin rejimi qaydalarına əsasən Quba şəhəri Fətəlixan küçəsində olan gəzinti postunda Quba RPŞ-nin əməkdaşları tərəfindən vətəndaşların hərəkətinə müvafiq icazənin olmasının yoxlanılması məqsədi ilə saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan yerindəcə saat 18:30 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 8,486 qram, həmin sellofanın içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,381 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən hadisədən 10 gün əvvəl etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba-Xaçmaz avtomobil yolu ilə Xaçmaz şəhəri istiqamətdə hərəkətdə olarkən eyni zolaqda qarşı tərəfində hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21011 markalı avtomobilin pəncərəsindən sellofan torbanın düşdüyünü görmüş, həmin sellofan torbanın atıldığı yerə çatan zaman avtomobilini saxlamış və sellofan torbanı yerdən götürüb içərisinə baxmışdır. Sellofanın içərisində 1 ədəd kibrit qutusu, 1 ədəd şəffaf rəngli sellofan və 1 ədəd gümüşü rəngli dəmir falqa olmuşdur. Kibrit qutusunu və şəffaf rəngli sellofan torbanın hər ikisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmiş, lakin dəmir falqa boş olmuşdur. Fikirləşmişdir ki, həmin marixuanadan özü arabir istifadə edər, bu məqsədlə 1 ədəd kibrit qutusunu, 1 ədəd şəffaf rəngli selofan torbanı və 1 ədəd dəmir falqanı özü ilə götürmüş və Quba şəhərində yaşadığı evin yaxınlığında kolluqda gizlətmişdir. Yoldan tapdığı narkotik vasitə olan marixuanadan bir dəfə istifadə etmişdir. 17.12.2020-ci il tarixdə saat 18:05 radələrində yaşadığı evdən çıxmış, evin yaxınlığında kolluqda gizlətdiyi sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd kibrit qutusunda olan marixuananı və 1 ədəd dəmir falqanı özü ilə götürmüş, əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyub avtomobilinə əyləşmişdir. Məqsədi tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı ailə üzvlərinin məlumatı olmaması üçün yaşadığı evdən kənarda Qəçrəş meşəsi istiqamətində sakit bir yerdə istifadə etmək olmuşdur. Avtomobili işə saldıqdan sonra Quba şəhəri Fətəlixan küçəsi ilə Qəçrəş kəndi istiqamətində hərkətdə olarkən saat 18:30 radələrində Quba şəhəri ərazisində müəyyən edilmiş karantin tədbirləri ilə əlaqədar olaraq Fətəlixan küçəsində polis əməkdaşları ona saxla işarəsi vermişlər. O da avtomobilini yolun sağında saxlamış, ona yaxınlaşan polis əməkdaşı özünü təqdim edərək karantin tədbirləri ilə əlaqədar olaraq şəhər ərazisində hərəkət etməyinə dair icazəsi olub-olmadığını soruşaraq şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişdir. Polis əməkdaşları da onu məlumat sistemi vasitəsilə yoxlamışlar. Bu zaman üzərində narkotik vasitə olduğundan həyəcanlaraq özünü şübhəli aparmağa başlamış və bu hərəkəti polis əməkdaşları anlamışlar. Bununla bağlı polis əməkdaşları Quba rayon polis şöbəsinə zəng edərək məlumat vermişlər. Daha sonra polis şöbəsindən əməkdaşlar gəlmiş və üzərində qanunla qadağan olunmuş əşya və predmet olub-olmadığını maraqlanmışlar. O da əynində olan cins şalvarın cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşı ona üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini deyərək əvvəlcə, hüquqlarını izah etdikdən sonra üzərində olan əşyaları təqdim etməyini o, da əynində olan cins şalvarın arxa sol cibindən özünə məxsus Samsung A21s markalı mobil telefonu, sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan, 1 ədəd sellofan torba, 2 ədəd 5 manatlıq, sağ yan cibliyindən bir ədəd gümüşü rəngli siqaret kağızı, arxa sol cibindən isə 2 ədəd 10 manatlıq, yəni 20 manat pulu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan torba açılmış və içərisində olan 1 ədəd kibrit qutusunda və sellofanda olan qurudulmuş marixuana, bir ədəd dəmir falqa aşkar olunmuşdur. Polis əməkdaşı ondan sellofan torbada və kibrit qutusunda olan kütlənin nə olması və haradan əldə etdiyini soruşduqda, üzərində aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 10 gün əvvəl Xaçmaz yolunda tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana kağız zərfə qoyularaq qablaşdırılmış, bu barədə video çəkiliş aparılmışdır. Daha sonra onu sənədləşmə aparılması üçün Quba RPŞ-nə dəvət etmişdirlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və cavan olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nail oğlu göstərmişdir ki o, 17.12.2020-ci il tarixdə Quba şəhəri ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2 ilə Quba şəhəri Fətəlixan küçəsində gəzinti postunda olarkən şəhər ərazisində hərəkətdə olan vətəndaşların hərəkətlərinə icazə olub-olmamasını yoxlamışlar. Saat 18 radələrində xidmətdə olduqları Fətəlixan küçəsində hərəkətdə olan Vaz 2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırıb sürücüsünün icazəsini yoxlayarkən , sürücü Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra, sürücünün icazəsi olub-olmaması portal sistemi vasitəsilə yoxlamışlar. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onlar Quba RPŞ-nə zəng edərək məlumat vermişlər. Bir qədər sonra Quba RPŞ-nin əməkdaşları onların yanına gəlib sürüçü Təqsirləndirilən şəxs ilə bir qədər söhbət etdikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu məqsədlə vəkil İbrahim müəllim dəvət edilmiş, təhqiqatçı X5 Talıbova hüquq və vəzifələrini izah etdikdən sonra vəkil İbrahim müəllimi ona təqdim etmiş, onların da iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər, Süleyman vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Süleymana üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirildik də, əynində olan cins şalvarın arxa sol cibindən Samsung A21s markalı mobil telefonu, sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan, 1 ədəd sellofan torba, 2 ədəd 5 manatlıq, yəni 10 manat və şəxsiyyət vəsiqəsi, sağ yan cibliyindən bir ədəd gümüşü rəngli siqaret kağızı, arxa sol cibindən isə 2 ədəd 10 manatlıq, yəni 20 manat pulu çıxarıb təqdim etmişdir. Süleymanın təqdim etdiyi sellofan torba açılmış və içərisində olan 1 ədəd kibrit qutusunda və sellofanda olan qurudulmuş marixuana, bir ədəd dəmir falqa aşkar olunmuşdur. F.Mirzəbəyov Süleymandan üzərindən aşkar olunmuş sellofan torbada və kibrit qutusunda olan kütlənin nə olması və haradan əldə etdiyini soruşduqda, kütlənin narkotik vasitə marixuana olduğunu və qurudulmuş marixuananı təxminən 10 gün əvvəl Xaçmaz yolunda tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Süleymanın üzərindən aşkar olunmuş 1 bir ədəd sellofan kibrit qutusu ilə birlikdə Constant markalı elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 21,3 qram olduğu görünmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, Süleyman və vəkil İbrahim Ağamov tərəfindən zərf imzalanmış, Təqsirləndirilən şəxs prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 18 dekabr 2020-ci il tarixli, 7/876 nömrəli rəyi ilə, tədqiqata təqdim olumuş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ..." sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 8,486 qram, həmin sellofanın içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,381 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Marixuananın ümumi çəkisi – 12,867 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram (hər 1-2 nömrəli obyektdən 0,05 qram götürüldü), qalıq – 12,767 qramdır. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspertizasının 27.01.2021-ci il tarixli 230 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba şəhər İƏD-si Üzrə Nümayəndəsinin 01.03.2021-ci il tarixli arayışından görünür ki, Quba şəhəri H.Z.Tağıyev küçəsi ev 59-da yaşayan Təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü həyat yoldaşı X4, 2011-ci il təvəllüdlü qızı Zəhra Talıbova və 2012-ci il təvəllüdlü oğlu Aydın Talıbovdan ibarət ailə tərkibi vardır. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il təvəllüdlü qızı Zəhra Talıbova və 2012-ci il təvəllüdlü oğlu Aydın Talıbov adlı uşaqları vardır. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının 24.02.2021-ci il tarixli, 459 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən hadisələrin təsadüfi axınında ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 17.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-19.12.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 17.12.2020-ci il tarixdən 19.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 89,00 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 12,767 qram qurudulmuş marixuana qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.12.2020-cı il tarixdən 19.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 89,00 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 12,767 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-61/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-61/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver