Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-61/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakı ilə, xx xxxxx 1997-ci il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayon məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 9 ay 24 gün hissəsi 10 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, Quba şəhəri Rəsulzadə küçəsi ev 109-da qeydiyyatda olan, faktiki olaraq Quba rayonu Rustov kəndində yaşayan, 14 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 22 avqust 2021-ci il tarixdə axşam saatlarında Quba şəhəri Fətəlixan küçəsində tanışı Şahid1 ilə görüşüb ondan 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,277 qram çəkidə narkotik vasitə heroin alıb qanunsuz əldə edərək üzərində daşıyaraq saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 05 radələrində Quba rayonu Qəçrəş kəndi ərazisindəki “Asma-Körpü” adlanan istirahət mərkəzinin yaxınlığında Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sol qabaq cibindən 01 ədəd “Sobranie” adlı siqaret qutusunun arxa hissəsində, həmin qutunun cığarası arasında gizlətdiyi 01 ədəd kağız bükümdə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o bir ildən coxdur ki, narkotik vasitə qəbul edir. Şahid1 yaxın dostudur. 20 avqust 2021-ci il tarixdə Allahmuradla görüşüb söhbət edən zaman, Almurad oan öz istifadəsi üçün Bakı şəhərinə gedib internet vasitəsilə tanımadığı şəxsdən psixotrop maddə metamfetamin alacağını bildirmişdir. Həmin vaxt o, Almuraddan xahiş etmişdir ki, onun üçün də heroin alıb gətirsin. Almurad onunla razılaşdıqdan sonra, ona narkotik vasitə heroin almaq üşün həmin vaxt ondan 10 manat pul almışdır. 22 avqust 2021-ci il tarixdə Allahmuradla telefon vasitəsi ilə əlaqə saxlayıb öyrənmişdir ki. Almurad ona heroin alıb. Bundan sonra o, idarə etdiyi “Azsamand” markalı AZ ** ZU *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Almuradın yaşadığı küçəyə gedib onunla görüşərək sonuncudan 10 manat pul verib aldığı bir büküm narkotik vasitə heroini götürmüşdür. Həmin vaxtı Allahmurad ona Bakıdan özü üçün metamfetamində alıb gətirdiyini bildirmiş, hətta ona birlikdə narkotik qəbul etmək məqsədilə maşını adamlar olmayan bir yerə sürməsini xahiş etmişdir. Almuradda birlikdə narkotik vasitə istifadə etmək üçün onlar həmin günü saat 24 radələrində onun idarə etdiyi avtomobillə Quba rayonun Qəşrəş kəndində yerləşən “Asma-Körpü” istirahət mərkəzinin yaxılığında olan meşəlik əraziyə gedib orada psixotrop maddə metamfetamin istifadə etmişlər. Narkotik vasitəni istifadə etdikdən sonra, Quba şəhərinə qayıdarkən idarə etdiyi avtomaşın xarab olmuşdur. 23 avqust 2021-ci il tarixdə səhər saat 05 radələrində onların maşınla dayandığı yerə polis əməkdaşları gəlib onlara yaxınlaşaraq özlərini təqdim etdikdə, özlərini şübhəli apardıqları üçün polis əməkdaşları onlardan şübhələnib üzərlərində şəxsi axtarış aparacaqlarını söyləmişlər. Bundan sonra, onlara hüquqqlarını müdafiə etmək üçün vəkil təqdim edilib videoçəkilişdən istifadə edilməklə üzərlərinə baxış keçirilmişdir. Əvvəlcə Allahmuradın üzərində şəxsi axtarış aparmışdır. Bundan sonra polis əməkdaşları onun üzərindədə şəxsi axtarış aparmışlar. Baxış zamanı o, üstündə narkotik vasitə saxladığını etiraf edərək əynində olan qara rəngli şalvarının sol qabaq cibindən 01 ədəd siqaret qutusununun içərisində saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümdə nə olduğu və haradan əldə etdiyi soruşulduqda bildirmişdir ki, həmin büküm içində narkotik vasitə heroindir və həmin heroini iki gün əvvəl Bakı şəhərindən 10 manata almışdır. Həmin vaxt o, polis əməkdaşlarına narkotik vasitəni Allahmuraddan almasını deməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, xeyli vaxtdır ki, narkotik vasitələr istifadə edir. Təqsirləndirilən şəxs onun yaxın dostudur. 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Yasamal rayonunu Alatava adlanan ərazisində yoldan bir ədəd siqaret qutusu tapmışdır. Siqaret qutusunu açıb baxdıqda, içərisindən 04 ədəd kağız bükülülərdə metafetamin və 01 ədəd bükülüdə heroin aşkar etmişdir. Yaşadığı Quba rayonuna qayıtdıqdan sonra, həmin narkotikləri uzun müddət evdə saxlamışdır. 21 avqust 2021-ci il tarixdə Peymanla görüşüb söhbət edən zaman Peymana Bakı şəhərinə getmək isdədiyini bildirmişdir. Həmin vaxt Peyman ondan xahiş etmişdir ki, onun üçün Bakı şəhərindən narkotik vasitə heroin alıb gətirsin. Peymanla razılaşdıqdan sonra o, sonuncudan 10 manat pul almışdır. 22 avqust 2021-ci il tarixdə Peyman idarə etdiyi “Azsamand” markalı avtomaşınla onun yaşadığı küçəyə gəlmişdir. Peymanla görüşüb Bakı şəhərindən tapdığı bir büküm heroini Peymana verib, üzərində olan psixotrop maddə olan metamfetamini birgə istifadə etməyi ona təklif etmişdir. Həmin gün təxminən saat 24 radələrində Quba rayon Qəşrəş kəndi ərazisinə gəlib orada “Asma- Körpü” adlanan istirahət mərkəzi yaxınlığında adam olmayan yerdə dayanmışlar. Həmin vaxt onlar birlikdə Bakı şəhərindən tapdığı 4 büküm metamfetamindən 2 bükümünü istifadə etmişlər, qalan 2 büküm metamfetamini isə üzərində saxlamışdır. Oradan Quba şəhərinə qayıdarkən, yolda Peymanın maşını xarab olmuşdur. 23 avqust 2021-ci il tarixdə səhər saat 05 radələrinə onların olduqları yerə Quba rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Polisl əməkdaşları onların narkotik vasitə istifadə etməkdə və üzərlərində saxlaya biləcəyindən şübhələnərək onların üzərlərində şəxsi axtarış aparacaqlarını söyləmişlər. Bundan sonra, müdafiəçi təqdim edildikdən sonra, onların üzərlərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı onun üzərində iki büküm psixotrop maddə metamfetamin, Peymanın isə üzərindən ondan aldığı 1 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Həmin vaxt o, məsuliyyətini yüngül etmək üçün yalan danışaraq təxminən 20 mart 2021-ci il tarixdə “facebook” sosial şəbəkəsində yerləşdirilən metamfetamin, heroin və başqa narkotik vasitələrin rahatlıqla əldə olunması barədə yazılan elandakı səhifəyə daxil olduğunu, həmin vaxt alacağı narkotik vasitənin pulunun ödənilməsi barədə hesab nömrəsi gəldiyini, həmin hesab nömrəsinə “milliön” aparatı vasitəsilə özü üçün 02 büküm metamfetamin və Peyman üçün 01 büküm heroin almaq məqsədi ilə hər bükümə 10 manat olmaqla cəmi 30 manat ödədiyini, sonra telefonuna foto şəkil gəldiyini və həmin şəkildə ona satılmış narkotiklərin Yasamal rayon ərazisində zibillik olan yeşiklərin yanından siqaret qutusunda olduğunun göstərildiyini, 20 avqust 2021-ci il tarixdə isə Bakı şəhərində olarkən həmin yerdən siqaret qutusunda narkotik bükümlərini tapıb oradan Quba rayonuna gətirdiyini bildirmişdir. Əslində o, metamfetamini və heroini Bakı şəhərindən yerdən tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş və 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş Quba RPŞ-nin əməkdaşları X6 və Şahid6 oxşar məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarış aparılmasına dair onun bildirdirdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli 6/3644 №-li rəyində gürünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,277 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,277 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,05 qram, qalıq isə 0,227 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli 249 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunmuşdur. Onun İİİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarının sol qabaq cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bir büküm narkotik vasitə heroniə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və Quba rayon məhkəməsinin hökmünün surətindən gürünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 9 ay 24 gün hissəsi 10 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 894 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsdində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə Quba rayon məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsun həbs müddəti 14 yanvar 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu və həbsdə olduğu 04 (dörd) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,227 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) ay, 21 (iyirmi bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 09 (doqquz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,227 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-61/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-61/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver