Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-61/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Xüsusi ittihamçı X1 nümayəndəsi X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən – X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X5, ona qarşı Quba rayon məhkəməsində “Nikahın pozulması tələbinə dair” iddia qaldıraraq, Quba regional “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 27 sentyabr 2021-ci il tarixli, 1087 nömrəli nikah qeydinin pozulması, nikah şəhadətnaməsinin etibarsız hesab edilməsi və 150 manat məbləğində maddi zərərin əvəzi olaraq həmin məbləğin məndən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, iddiaçı X3 iddiasında göstərdikləri, ona qarşı tamamilə yalan və əsassız iddiadır, şər və böhtan atır. Belə ki, həqiqətən də ərizədə göstərilən kimi 2021-ci ildə aramızda nikah bağlansa da, toyumuz 04 noyabr 2022-ci il tarixdə olub və həmin gün də gəlin köçmüşdür. Buna səbəb də iddiaçı tərəf olub, iddiaçının qardaşının RF-da cinayət törətməsi ilə əlaqədar tutulması olub, ancaq toy və nişan mərasimi vaxtı, qonşuluqda yaşayan əmisi rəhmətə getmişdir. Onlar iddiaçı tərəfdən xahiş etmişdir ki, heç olmasa çalğısız, səs-küysüz gəlin aparılsın, iddiaçı tərəf isə qəsdən bunun əksini etdi. İddiaçı ərizəsində göstərir ki, guya toy gecəsi onu özümn yaxın buraxmamışdır. Tamamilə yalandır, bunu iddiaçı özü də və bütün yaxın qohumları da bilirlər, çünki iddiaçı çalışsa da onda bu alınmayıb, özü də etiraf etdi ki, o, xəstədir. Toy gecəsinin səhərisi atası ilə birlikdə həkimə də getmişlər. 3 günlük müalicə də yazılmış 3 günlük aralarında heç nə alınmamışdır. O iddiaçıya demişdir ki, ondan xəbər alırlar nə desin, bu sözdən əsəbiləşərək atasının evinə getməsini bildirmişdir. Səhərisi gün bütün bunları qaynanasına demiş və aralarında mübahisənin səbəbini demişdir. Həmin gündən onlar yalan sözlər çıxarmağa, guya o gəlin gələndə qız olmamışdır deyə söz-söhbətlər çıxarmışlar. Hətta iddiaçının əmisi Bəhruz da ona söz atmışdır. Onu evdən qaçmağa məcbur edən (təşkil edən də) iddiaçı özü olub. Taksi maşınının telefon nömrəsini də iddiaçı verib. Evdən çıxanda həyətdə itlər vardı və iddiaçı özü itlərdən qapıya kimi ötürmüşdür və qapını da aralı qoydu ki, heç kim eşitməsin. Ondan xahiş etmişdir ki, evdəkilər bilməsin, biabır olar. İddiaçının onu əxlaqsız adlandırması, digər kişilərlə cinsi əlaqədə olmasını göstərməsi tamamilə yalan və böhtandır və məqsədi şərəf və ləyaqətini alçaltmaqdır. İddiaçı, onu şərləyir, böhtan atır. Bütün kənddə, rayonda barəsində şər-böhtan olan söhbətlər yayır. Çılpaq foto şəkillərinin sosial şəbəkələrdə yayanı da özü və əmisi Bəhruzdur. Əmisi Bəhruz bizdən videonun silinməsi üçün 2000 manat pul da istəyib. Bunu telefon danışıqları vasitəsilə də müəyyən etmək o qədər də çətin deyil. Ancaq o heç bir kişi ilə intim münasibətdə olmamışdır. Bunu həkimin verdiyi arayışdan da görmək olar, iş üzrə ekspertizanın keçirilməsinə də etirazı yoxdur. Qarşı tərəf də ekspertizadan keçirilməklə bu işə aydınlıq gətirilsin. Hesab edir ki, bu hərəkətinə görə X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Məhkəmə iclasında xüsusi ittihamçı X4 və nümayəndəsi X6 ərizənin məzmununa uyğun izhatlar vermişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 izahatında Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsi ilə şikayəti əsassız hesab etdiyini bildirmişdir. Belə ki, şikayətçinin onunla nikaha girənədək şəbəkələrdə və ayrı-ayrı şəxslərə açıq-saçıq video və şəkillər göndərdiyini və irəli sürülmüş şikayətin əsassızlığını təsdiq edən sübutları olduğunu bildirmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində şikayətçinin məşğuliyyət növü və vəzifəsi göstərilməmiş, bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-61/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-61/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver