Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-61/2024 16.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Quba RPŞ-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, Abşeron rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci, 186.2.2-ci və 326.1-ci maddələrilə təqsirli bilinərək 05 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci, 221.2.1-ci və 221.2.2-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə, saat 16:00 radələrində Quba rayonu, Zərdabi kəndində yerləşən “Zərdabi parkı’nın qarşısında həmin kənd sakini 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 yaxasından tutub sifət nahiyəsinə bir dəfə sillə ilə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, digər şəxslərə hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan 11 noyabr 2023-cü il tarixdə, saat 21:35-də həbsdə saxlanıldığı Quba rayon polis şöbəsinin Müvəqqəti Saxlama yerinin 5 nömrəli kamerasında inzibati qaydada həbs edilmiş Zərərçəkmiş şəxs2 kamerada saxlanılan digər şəxslərin yanında uca səslə nalayiq ifadələrlə təhqir edib bədən nahiyəsinə bir dəfə yumruqla vuraraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirməsi səbəbindən onun qanunazidd hərəkətlərinin qarşısını almaq üçün həmin kameraya daxil olan MSY-nin mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs3 da təhqir edib sinə nahiyəsindən itələyərək ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 15 noyabr 2023-cü il tarixdə, günorta saatlarında həbsdə saxlanıldığı Quba rayon Polis şöbəsinin Müvəqqəti Saxlama yerinin 8 nömrəli kamerasında olanda yeməklə təmin olunan zaman ona təqdim edilən azuqəni dəhlizə dağıtdıqdan sonra MSY-nin saxlanma kamerasının qapısının üzərinə quraşdırılmış dəmir çərçivədən ibarət nəfəsliyi sındırıb Quba RPŞnə 200 manat məbləğində maddi ziyan vuraraq təkrar xuliqanlıq etmişdir. Bundan başqa o, 17 noyabr 2023-cü il tarixdə, saat 09:46-da həbsdə saxlanıldığı Quba rayon polis şöbəsinin Müvəqqəti Saxlama yerinin 5 nömrəli kamerasında inzibati qaydada həbs edilərək saxlanılan Zərərçəkmiş şəxs1 çarpayıda uzandığı vaxt heç bir əsaslı səbəb olmadan yumruqla sifətindən bir dəfə vuraraq sonuncuya dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə təkrar xuliqanlıq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci, 221.2.1-ci və 221.2.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, “Zərdabi parkı’nın qarşısında azyaşlı uşağın söyüş söydüyünü gördükdə, tənbeh etmək məqsədil onun yaxasından tutub sifət nahiyəsinə bir dəfə sillə vurmuşdur. İnzibati qaydada həbsdə olarkən əsəbi olduğu üçün müəyyən hallara etiraz etdiyini əlavə etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində “Zərdabi parkı”nın qarşısında uşaqlarla oynayıb mahnı oxuyan zaman tanımadığı bir nəfər şəxs yaxınlaşıb mahnı oxuduğunu üçün ona irad bildirmişdir. O cavabında mahnını özü üçün oxuduğunu və ona hər hansı söz demədiyini bildirmişdir. Bundan sonra həmin şəxs bir söz demədən yaxasından tutub sol qulağından möhkəm sillə ilə zərbə endirmiş və uzaqlaşıb getmişdir. O ağlaya-ağlaya evə getmiş və atasına bu barədə danışmışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə, Quba rayon Məhkəməsinin qərarı ilə barəsində inzibati qaydada həbs qərarı seçilmiş və Quba RPŞ-nin MSY-də 5 nömrəli saxlama kamerasında həbsdə saxlanılmışdır. Kamerada Tərlan adlı şəxs də saxlanılmış, Tərlan hər gün ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları Tərlanı nizam-intizama dəvət etsələr də, Tərlan polis əməkdaşlarının sözlərinə əhəmiyyət verməmiş və davamlı olaraq mübahisələr yaratmış, həmçinin nalayiq ifadələr işlətmişdir. 11 noyabr 2023-cü il tarixdə kamerada olan zaman Tərlan yenidən təhqiramiz ifadələr işlətməyə başlamış, o Tərlana söyüş söyməməsini bildirdikdə, Tərlan anidən üzərinə hücum edib yumruqla ona zərbə endirmişdir. Digər kamera yoldaşları Ayaz və Zimistan dərhal araya girib Tərlanın onu təkrar vurmasına mane olmuşlar. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2010-cu ildən DİO-da çalışır və müvəqqəti saxlama yerində saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs inzibati həbsdə saxlanıldığı vaxtlarda heç bir əsəs olmadan problemlər yaradıb xidmətdə olan polis əməkdaşlarının həmçinin onun ünvanına da nalayiq təhqiramiz ifadələr işlətmişdir. Sonuncu dəfə barəsində inzibati qaydada həbs tətbiq edilən zaman isə 11 noyabr 2023-cü il tarixdə eyni kamerada saxlanılan Zərərçəkmiş şəxs2 təhqir edərək vurub sağlamlığına xəsarət yetirmişdir. Həmin vaxtı da Tərlanın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün kameraya daxil olanda Tərlan onun da ünvanına nalayiq ifadələr işlətdikdən sonra əli ilə onun sinə nahiyəsindən itələyərək müqavimət göstərmişdir. Tərlan heç bir səbəb olmadan, gözlənilməz anda anidən sinəsindən itələsə də, o xəsarət almamışdır. Qanuna zidd hərəkətlərinin qarşısını almaq məqsədilə Tərlanı digər saxlama kamerasına yerləşdirmişlər. Saxlama kamerasını dəyişmələrinə baxmayaraq 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona təqdim edilən azuqəni dəmir çərçivədən çölə atıb yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlədərək kameranın qapısının üzərində olan dəmir çərçivədən ibarət nəfəsliyi qəsdən sındırıb dəhlizə atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs digər həbsdə saxlanılan şəxslərlə birlikdə kameraya yerləşdirmişlər. 17 noyabr 2023-cü il tarixdə də Təqsirləndirilən şəxs yenidən onunla eyni kamerada saxlanılan Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan qəsdən vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri barədə rəsmi qaydada RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. İş üzrə zərərçəkmiş şəxs Quba RPŞ-nin nümayəndəsi qismində dindirilmiş Quba RPŞ-nin müvəqqəti saxlama yerinin rəisi Nümayəndə Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək dəymiş zərərin ödənilmədiyini əlavə etmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2002ci ildən DİO-da çalışır. Müvəqqəti saxlama yerində saxlanılan şəxslərdən olan Təqsirləndirilən şəxs inzibati həbsdə saxlanıldığı vaxtlarda heç bir əsəs olmadan polis əməkdaşlarının, həmçinin onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Sonuncu dəfə barəsində inzibati qaydada həbs tətbiq edilən zaman isə 11 noyabr 2023-cü il tarixdə eyni kamerada saxlanılan Zərərçəkmiş şəxs2 təhqir edərək vurub sağlamlığına xəsarət yetirib. Həmin vaxtı da Tərlanın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün kameraya daxil olan MSY-nin əməkdaşı Zərərçəkmiş şəxs3 da ünvanına nalayiq ifadələr işlətdikdən sonra əli ilə Zərərçəkmiş şəxs3 itələyərək müqavimət göstərmişdir. Tərlanın qanuna zidd hərəkətlərindən sonra onu digər saxlama kamerasına yerləşdirmişlər. Saxlama kamerasını dəyişmələrinə baxmayaraq 15 noyabr 2023-cü il tarixdə yemək verilən vaxtda Təqsirləndirilən şəxs ona təqdim edilən azuqəni dəmir çərçivədən çölə atıb yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlədərək sonradan kameranın qapısının üzərində olan dəmir çərçivədən ibarət nəfəsliyi sındırıb koridora atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs digər həbsdə saxlanılan şəxslərlə birlikdə kameraya yerləşdirmişlər. 17 noyabr 2023-cü il tarixdə də Təqsirləndirilən şəxs yenidən azğınlaşaraq onunla eyni kamerada saxlanılan Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan qəsdən vurub xəsarət yetirmişdir. Bu zaman o, Tərlana irad bildirib qanunsuz hərəkətlərinə son verməsini tələb eləmişdir. Tərlan isə öz onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7 və Şahid8 Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər . İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 735 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar olunan xəsarətlər - sol qulaqönü və qulaqarxası sahədə qançır, sol qulaqda təbil pərdəsinin kənari perforasiyası (deşilməsi), sağ dizdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 17 noyabr 2023-cü il tarixli 939 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət - sol bazunun orta 1/3-nin ön səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 17 noyabr 2023-cü il tarixli 940 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarət - sağ almacıq nahiyəsində yumşaq toxumanın əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənməklə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli 3425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair pixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, intellektual imkanları normaya uyğundur. O, inadkarlıq, özünü müdafiə etməyə meyillilik, qıcığa qarşı həssasslıq, özünəməxsus prinsipə malik olmaq və s. Kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqa təsiri altında hərəkət etməyə və ya danışmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin o, situasiyanı öz xeyrinə yönəltmək məqsədi ilə yalan danışa bilər. Təqsirləndirilən şəxs danışdıqlarını düzgün qavraya bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. İş materiallarında olan Qusar rayon İstehsal-İstehlak kooperativinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, dəmir çərçivədən ibarət nəfəsliyə 200 manat ziyan dəymişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs4 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə, habelə Quba RPŞ-nin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər təkrar və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törətməklə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etiraf edici ifadəsilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-tibbi və kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci, 221.2.1-ci və 221.2.2-ci maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsvTəqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmdən göründüyü kimi, Qənbəri X2 rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci, 186.2.2-ci və 326.1-maddələri ilə təqsirli bilinərək 05 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törətdiyi 22 avqust, 11, 15 və 17 noyabr 2023-cü il tarixlərdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum еdilmiş şəхs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hеsab olunur. Cəza təyin еdərkən məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyinin 27 oktyabr 2023-cü il tarixli, 969 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs atası- 1965-ci il təvəllüdlü X6, anası- 1968-cı il təvəllüdlü X3, bacısı- 1999-cu il təvəllüdlü X4 və qardaşı X1 ibarət ailə tərkibi vardır, Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşiman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin resedivi və həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzasını ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olduğunu nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Quba rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəlinin 23 noyabr 2023cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1-ci və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə xərci və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələrilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-61/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-61/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver