Məhkəmə qərarları › İş №1(027)-62/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-62/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-62/2023 30.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində Quba rayonu, Xucbala kəndi ərazisində yol kənarında alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs ilə mübahisə etdikdən sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə ətrafda kənar şəxslərin olmasına əhəmiyyət vermədən öz qərəzli hərəkətlərini davam etdirib daha da azğınlaşaraq şəxslər üzərində zor tətbiq edilməsi 10 hədəsi ilə Zərərçəkmiş şəxs üstünə gedərək hücum çəkib üzərində “Xırdalan” sözləri yazılmış pivə şüşəsini yol kənarında dayanan avtomobilin arxa yük yerinin üzərindən götürüb qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq sonuncuya alnında ortada kəsilmiş yara olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ailəlilidir 7 yaşında bir qız övladı var. Hal-hazırda əri cəzaçəkmə müəssisəsində cəza çəkir. İşləmir, dolanışığına tanışları kömək edir. Zərərçəkmiş şəxs il yarımdır ki tanıyır. 18 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Qusar rayonunda yaşayan Ruxsarə adlı tanışı ona zəng edərək Qusar rayonunda ad günü məclisinə dəvət etmişdir. Ruxsarə idarə etdiyi avtomobillə gəlib onu Quba şəhəri, H.Əliyev prospektindəki “Çinar” restoranının qarşısından götürmüş və “Əli Ticarət” Mərkəzinin arxa tərəfindən Cansu, Kəmalə, Aynur və Aysel adlı qızları götürüb Qusara getmişlər. Qusar şəhərinin mərkəzində Ruxsarə avtomobilini saxlamış onlara 500 manat pul verib məclisdə iştirak edə bilməyəcəyini bildirərək taksiyə minib getmələrini xahiş etmişdir. Onlar da Ruxsarənin avtomobilindən düşüb taksiyə minib “Şahdağ” istiqamətində hərəkət edərək orada olan həyət evlərindən birinə getmişlər. Onlar məclisdə içki içmişlər. Cansu spirtli içki qəbul etdikdən sonra, məclisdə olan tanımadığı kişilərlə, qızlarla deyib-gülərək ona söz atmağa başlamışdır. Aralarında mübahisə yarandığı üçün, onlar taksi çağırıb getdikləri evdən çıxaraq Quba şəhərinə qayıtmışlar. Yolda Ruxsarə ilə telefon əlaqəsi yaradıb danışarkən, Ruxsarə onlara Quba rayonu ilə Qusar rayonunun sərhəddində yerləşən Xuçbala kəndinə gələrək yol kənarənda görüşməyi təklif etmişdir. Yol gedərkən Cansu yenə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Xuçbala kəndinə çatıb taksidən düşüb Ruxsarənin avtomobilinə tərəf gedən zaman Cansu yenidən onun ünvanına nalayiq söyüş söyməyə başlamışdır. O Cansunun söyüşlərindən əsəbləşib taksinin kapotunun üzərində olan pivə şüşəsini götürüüb 2-3 metr məsafədən Cansunun üzərinə atmışdır. Pivə şüşəsi Cansunun başına dəymiş və Cansu yerə yıxılmışdır. Həmin vaxt yanlarında olan qızlar və taksi sürücüsü onları bir-birindən aralamışlar. Sonra, Ruxsarə və yanlarında olan qızlar Cansuya gömək edib onu Ruxsarənin avtomobilnə mindirib çıxıb getmişlər. O, isə yol maşınları ilə Qubadakı evinə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, sözügedən məclisdə hamısı içkili olmuşdur. İfadəsini sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşiman olduğunu, himayəsində olan azyaşlı uşağını təkbaşına böyütdüyünü, ondan başqa uşağına baxacaq şəxsin olmadığını, zərərçəkmiş şəxsdən üzr istəyərək onu bağışlamağı bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə, saat təxminən 18 radələrində Qusar şəhərində təşkil olunan ad günü məclisində iştirak etmək üçün tanışları Aysel, Kəmalə, Aynur və Aysel adlı xanımlarla birlikdə Qusar şəhərində yaşayan tanışları Ruxsarə adında xanımın avtomobili ilə Quba şəhərindən Qusar şəhərinə gəlmişlər. Qusar şəhərinin mərkəzində Ruxsarə idarə etdiyi avtomobilini saxlayaraq onlara 500 manat pul verib məclisdə iştirak edə bilməyəcəyini bildirərək taksiyə minib getmələrini xahiş etmişdir. Onlar da Ruxsarənin avtomobilindən düşüb taksiyə minib Qusar şəhərində yerləşən tanımadığı həyət evlərinin birinə getmişlər. Onlar məclisdə oturub içki içmişlər. Təqsirləndirilən şəxs spirtli işki qəbul etdikdən sonra, məclisdə olan adamlarla o, cümlədəndə onunla mübahisə etməyə başlamışdır. Nəticədə aralarında mübahisə yaranmışdır. Orada Aysel onun ünvanına nalayiq söyüşlər söydüyü üçün mübahisələri daha da böyümüş və onlar məclisdən çıxıb taksi çağıraraq Quba şəhərinə qayıtmışlar. Yolda Ruxsarə onlara zəng edib Quba rayonunun Xuçbala kəndində yol kənarında görüşməyi təklif etmişdir. Maşınla yol gedərkən aralarında yenidən mübahisə yaranmış, onlar maşında bir-birlərinin ünvanına söyüş söymüşdər. ünvan 2aşından düşmüşlər. Yol kənarında olan zaman Təqsirləndirilən şəxs onu söyərək Kəmalənin özü ilə məclisdən götürdüyü içi dolu pivə şüşəsini VAZ 2106 markalı avtomobilin arxa yük yerinin üzərindən götürüb onun üzərinə atmış, pivə şüşəsi zərblə onun alnına dəymiş və o, zərbənin təsirindən huşunu itirərək arxası üstə yerə yıxılmışdır. Sonra yanında olan qızlar onu yerdən qaldırıb Ruxsarənin avtomobilinə mindirərək xəstəxanaya aparmışlar. Aysel isə qaçıb getmişdir. Hadisə 19 sentyabr 2022-ci il tarix, saat 00:30 radələrində Quba rayonunun Xuçbala kəndində yol kənarında baş vermişdir. Həmin vaxtı onların yanlarında taksi sürücüsü, Ruxsarə, Kəmalə, Aynur və Aysel adlı xanımlar olmuşdur. Mübahisələri təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, Ayseli vurmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamadığını bildirərək ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 18 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı Quba şəhərində olarkən Qusar şəhərində yaşayan Ruxsarə adlı tanışı onun mobil telefonuna zəng edib onu Qusar şəhərində təşkil olunan ad günü məclisinə dəvət etmişdir. Bundan sonra o, tanışları Aynur, Cansu, Aysel adlı xanımlarla birlikdə Ruxsarənin idarə etdiyi avtomaşına minib Quba şəhərindən Qusar şəhərinə gəlmişlər. Qusar rayonunun mərkəzində çatdıqdan sonra, Ruxsarə onları avtomobilindən düşürərək hərəsinə 100 manat məbləğində pul verib taksi maşını ilə onları məclisin keçirildiyi evə göndərmişdir. Məclisdə hamısı içki içdikdən sonra Təqsirləndirilən şəxs ondan başqa qızların hamısı ilə mübahisə etməyə başlamış. Həmin vaxt Aysel ilə Cansunun aralarında yaranmış mübahisə dahada qızışmış və onlar məclis iştirakçılarının yanında bir-birlərini təhqir etməyə başlamışlar. Aysel ilə Aysunun aralarında yaranmış mübahisə səngimədiyi üçün onlar məclisi tərk edib taksiyə minərək Quba şəhərinə qayıtmışlar. Yolda Ruxsarə onlara zəng edərək Quba rayonunun Xuçbala kəndində yol kənarında görüşməyi təklif etmişdir. O, məclisdən çıxanda özü ilə pivə şüşəsi götürmüşdür. Maşında yol gedən zaman da, Aysel ilə Cansu mübahisə edərək birbirilərinin ünvanına nalayiq ifadələr işlətdikləri o, yanlarında olan digər qızlara birlikdə onları sakitləşdirməyə çalışmışlar. Onlar Quba rayonunun Xuçbala kəndinə çatdıqdan sonra, Ruxsarə ilə görüşmək üçün taksidən düşmüşlər. Həmin vaxt Aysel maşından birinci düşüb Cansunun üstünə hücum edərək maşından yerə düşməsini tələb etmişdir. Cansu maşından yerə düşmüşdur. Cansu maşından yerə düşdükdən sonra Aysel onun ünvanına nalayiq ifadələr işlətməyə davam edib maşının arxa yük yerinin üzərində olan pivə şüşəsini götürüb onun üz nahiyyəsinə atmışdır. Şüşə Cansunun alın nahiyyəsinə dəymişdir. Zərbənin təsirindən Cansu yerə yıxılmışdır. Cansunun alın nahiyyəsindən qan gəlməyə başlamışdır və bundan sonra o, huşunu itirmişdir. Həmin vaxt o, və yanında olan qızlar Ayseli sakitləşdirib kənara çəkmişlər. Bundan sonra o, yanındakı qızlarla birlikdə Cansunu ayıldıb Ruxsarənin maşınına mindirərək xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etmişdir. İş üzə Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər şahidlərin ifadələri ilə analaoji ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla tam təsdiq edilir. Belə ki, iş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 874 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - alnında ortada kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti 19 sentyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.» Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif ediliyindən, həmin maddə ilə məsuliyyət daşımalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə aşağıda qeyd olunanları da nəzərə alır: İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 614 saylı arayışdan və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri S.Vurğun küçəsində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİİ № 658420 saylı, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir uşağı vardır. İş materiallarında olan AZ-İİ № 043351 saylı, xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 arasında xx.xx.2015-ci il tarixdə 1064 №-li nikah qeydi aparılmaqla ərə “Rzayev”, arvada “Rzayeva” soyadı verilmişdir. İş materiallarında olan 17 saylı CÇM-nin qeydiyyat bölməsinin rəisi K.S.Əhmədovun, 04.042023-cü il tarixli, ***-***-**-** saylı arayışından görünür ki, X1 xx.xx.1987-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Masallı rayonu, Kəlbihüseynli kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdən 17 saylı CÇM-də cəza çəkir. Cəzasının əvvəli xx.xx.2019-cu il, cəzasının sonu xx.xx.2026-cı ilə təsədüf edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi üçün cəhd etdiyini və himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını, onun təqsirli bilindiyi maddənin sanksiyasında digər alternativ cəza növünün nəzərdə tutulmamasını, habelə əsas cəzanı real çəkəcəyi təqdirdə bunun Təqsirləndirilən şəxs azyaşlı övladı X2 tərbiyyəsinə, həmçinin maddi və mənəvi durumuna mənfi təsirinin qaçılmaz olmasını nəzərə alaraq, onun himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü övladı Həyat Rzayevanın 14 yaşına çatanədək təyin olunacaq əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını qanuni və ədalətli hesab edir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 fevral 2023-cü il tarixlı qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təxirə salınacağından onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi subut və müsadirə ediləsi əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü övladı X5 14 yaşına çatanadək ona təyin olunmuş əsas cəza olan azadlıqdan mərhum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi subutun, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar