Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-64/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Cəfərov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin ilkin hərbi qeydiyyata alma komissiyası sədrinin 12 yanvar 2019-cu il tarixli qərarı ilə hərbi uçota alınıb rayon çağırış komissiyası sədrinin qərarı əsasında 2022-ci ilin yanvar ayının çağırışı üçün hərbi həkim komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilib şəhadətləndirildikdən sonra çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilib hərbi xidmətə yollanması məqsədilə 04 yanvar 2022-ci il tarixdə saat 09.00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə gəlməsi barədə çağırış vərəqəsi almasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən hərbi çağırışdan boyun qaçırmanın cinayət olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən yazılı surətdə xəbərdarlıq olunmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan çağırış vərəqəsində göstərilən müddətdə çağırış üzrə məntəqəyə gəlməyərək qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Bundan başqa o, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırması ilə əlaqədar cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi ilə ibtidai istintaq aparılan dövrdə Bakı 5 nömrəli şəhər xəstəxanası publik hüquqi şəxsində 02 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək “qida zəhərlənməsi, oynaqlarda iltihab” diaqnozu, 09 yanvar 2022-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək “stafilokok mənşəli qida zəhərlənməsi” diaqnozu və 20 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək “bakterial qida zəhərlənməsi” diaqnozu ilə guya müalicə almasına dair 3 ədəd saxta ambulator kitabçadan çıxarış sənədini, yəni hüquqi faktın mövcudluğunu təsdiq edən rəsmi sənədləri əldə edib onların saxta olmasını bildiyi halda rayon prokurorluğuna təqdim edərək bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin dekabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə çağırılmaqla hərbi həkim komissiyasından keçmiş və hərbi həkim komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə tam yararlı hesab edilmişdir. Bundan sonra ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən 2022-ci il üçün yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə yola düşəcəyi barədə məlumat verilməklə ona müddətli həqiqi hərbi xidmətə yollanması üçün 04 yanvar 2022-ci il tarixdə saat 09.00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olması barədə məlumat verilmiş və hərbi xidmətə yollanmaq üçün çağırışa gəlməyəcəyi halda Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşı tərəfindən təqdim olunmuş qəbzə məsuliyyət barədə xəbərdarlıq edilməsinə dair imza çəkmişdir. 26 dekabr 2021-ci il telefonuna Naxçıvan şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə düşməsi barədə mesaj gəlmişdir. Hələ hərbi xidmətə çağırışdan əvvəl özünü Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş və Bakı şəhərində yaşayan Şahid6 onun anasına söz vermişdir ki, onu Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə saldıracaqdır. Naxçıvan şəhərinndə yerləşən hərbi hissədə qulluq keçəçəyi barədə telefonuna mesaj gəldikdən sonra anası Arzu Elbrusa zəng edərək verdiyi sözə əməl etmədiyini bildirdikdə Elbrus onlara narahat olmamalarını, texniki səhv olmasını, bu məsələni yoluna qoyacağına söz vermişdir. Sonradan Elbrus yanvar çağırışı üçün onu bir çağırış gecikdirəcəyini, aprel ayı çağırışı üçün isə söz verdiyi Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə saldıracağını bildirmiş, bunun üçün Elbrus onun adını hansısa xəstəxanada qeydiyyata saldıracağını,xəstəlik kağızları əldə edəcəyini, həmin xəstəlik kağızları ilə onu 1 ay növbəti çağırışdan gecikdirəcəyini bildirmişdir. Elbrusun sözünə inanaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən çağırış vərəqəsində qeyd olunan tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə getməmişdir. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən ona və ailə üzvlərinə davamlı zənglər gəlmiş, onun hərbi xidmətə getməli olması ilə bağlı ona xəbərdarlıqlar edilmiş, getməyəcəyi halda cinayət məsuliyyəti daşıyacağı bildirilmişdir. Lakin Elbrus məsələni yoluna qoyacağını, heç bir problem olmayacağını, narahat olmamalarını bildirdiyindən hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə getməmişdir. 2022-ci ilin yanvar ayı üçün Bakı şəhərində xalasıgildə olmuşdur. Elbrus ona Quba rayonunda olmamasını, onu məcburi hərbi xidmətə göndərə biləcəklərini, bir müddət qaldığı yeri bildirmədən Bakı şəhərində qalmasını tapşırmışdır. Ona görə də bir ay Bakı şəhərində xalasıgildə qalmışdır. Onun heç bir problemi, xəstəliyi olmamış, heç vaxt qida zəhərlənməsi olmamışdır. Elbrus guya onun 02-07 yanvar 2022-ci il tarixlədə, 09-17 yanvar 2022-ci il tarixlərdə, 20-28 yanvar 2022-ci il tarixlərdə Bakı şəhərində yerləşən 5 nömrəli şəhər xəstəxanasında qida zəhərlənməsindən müalicə alması barədə saxta sənədlər düzəltmiş, həmin saxta sənədləri ona verərək aparıb rayon prokurorluğuna verməsini, həmin sənədlər əsasında növbəti çağırışa qədər onu gözləyəcəklərinə söz vermişdir. 04 fevral 2022-ci il tarixdə Elbrusun verdiyi sənədlərlə rayon prokurorluğuna gəlmiş və həmin sənədləri təqdim edərək xəstə olduğunu bildirmişdir. O, heç vaxt 5 nömrəli şəhər xəstəxanasıda yatmamış, orada müalicə almamış, 5 nömrəli şəhər xəstəxanası ilə əlaqəsi olmamışdır. Sənədlərdə qeyd edilən diaqnozların heç biri onda olmamışdır. Rayon prokurorluğuna təqdim etdiyi sənədləri ona Şahid6 vermişdir. Həmin sənədləri kimin hazırlamasını bilməmişdir. Elbrus sənədlərin onun yanvar ayı ərzində xəstə olmasını, xəstəliyi ilə əlaqədar hərbi xidmətə üzrlü səbəblərə görə yollana bilmədiyini təsdiq etdiyini və prokurorluqda aparılan istintaq üzrə məsuliyyətdən azad olunacağını bildirmişdir. O, sənədlərə baxmış, sənədlərdə onun guya 02-07 yanvar 2022-ci il tarixlədə, 09-17 yanvar 2022-ci il tarixlərdə və 20-28 yanvar 2022-ci il tarixlərdə Bakı şəhərində yerləşən 5 nömrəli şəhər xəstəxanasında qida zəhərlənməsindən müalicə aldığı göstərilmişdir. O, sənədlərin saxta olmasını bilsə də, Elbrus onu öz sözləri ilə aldatmış, o da Elbrusun sözünə görə həmin sənədləri gətirərək prokurorluğa təqdim etmişdir. O, müddətli həqiqi hərbi xidmətə yollanmağın onun vəzifə borcu olmasını bilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən ona bu barədə xəbərdarlıq edilmiş, rəsmi çağırış vərəqəsi verilərək 04 yanvar 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olmağı bildirilmiş, lakin Elbrusun vədinə inanaraq 2022-ci ilin yanvar çağırış ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə gəlməmiş və hərbi xidmətə getməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda törətdiyi əməllərdən peşman olduğunu və hərbi xidmətə getmək istədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindrilmiş Şahid1 bildirdi ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 12 yanvar 2019-cu il tarixdə ilkin hərbi qeydiyyata alma komissiyasının sədri tərəfindən qeydiyyata alınmış və hərbi uçota dayanmışdır. 2021-ci ilin sonlarına yaxın Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yararlı hesab olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi tərəfindən çağırışçı kimi qeydiyyata alınmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “100” saylı hərbi hissəsinə təyin edilmişdir. Hər bir çağırışçıya onun müddətli həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə çağırış üzrə məntəqəyə gəlməsi barədə çağırış vərəqəsi verilmişdir. Həmin çağırış vərəqəsində şəxsin həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə qeyd edilmiş vaxtda çağırış üzrə məntəqəyə gəlməsi, çağırışdan boyun qaçıracağı halda Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Şəxsin gələcəkdə Azərbaycan Respublikası CM-nin 321- ci maddəsi ilə xəbərdar olunmasını təsdiq etmək üçün hər bir çağırış vərəqəsində ona xəbərdarlıq edilməsinə dair qəbz olmuşdur. Çağırış vərəqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi tərəfindən imzalanmış, onun tərəfindən çağırışçıların şəxsən özünə təqdim edilmiş, Azərbaycan Respublikası CM-nin 321-ci maddəsi ilə xəbərdar olunmasına dair çağırışçıya qəbzdə imza çəkdirilmişdir. Çağırış vərəqəsi çağırışçıda qalmış, qəbz isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində çağırışçının şəxsi işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə, saat 09.00-da həqiqi hərbi xidmətə yola düşməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin inzibati binasında olması barədə çağırış vərəqəsi verilmişdir. Çağırış vərəqəsi onun tərəfindən şəxsən Təqsirləndirilən şəxs özünə təqdim edilmiş, Təqsirləndirilən şəxs atası Şahid3 və anası Şahid4 bu barədə şifahi olaraq bildirilmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq, atası Şahid3 və anası Şahid4 isə şifahi olaraq hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmanın Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti olması barədə xəbərdarlıq edilmişdir. Görülən tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə, saat 09.00-da, yəni çağırış vərəqəsində qeyd olunan tarixdə çağırış üzrə məntəqəyə gəlməyərək hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmışdır. Onlar Təqsirləndirilən şəxsla, atası Şahid3 və anası Şahid4 ilə dəfələrlə mobil telefonla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs hərbi xidmətə yola düşməli olmasını, bu səbəbdən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə gəlməli olmasını bildirmişlər. Lakin, Təqsirləndirilən şəxs, atası Şahid3 və anası Şahid4 hər dəfə xəstə olmasını, bu səbəbdən də gələ bilməməsini bəhanə edərək çağırışa gəlməmişdir. Onlardan Bahaddinin xəstə olmasını təsdiq edən sənədləri təqdim etmələrini tələb etdikdə, onlar sənəd təqdim etməmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs çağırışdan boyun qaçırmasına dair toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Məhkəmədə şahid qismində dindrilmiş Şahid4 bildirdi ki o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. X4 onun doğma oğludur. Şahid6 bacısı Ülkərə görə tanımışdır. Oğlu Bahaddinin 18 yaşı tamam olmamışşdan əvvəl o, bacısı X6 Qoşunlara düşməsinə köməklik edəcək adam tapmaqda köməklik etməsini xahiş etmişdir. Ülkər ona bir nəfər Elbrus adında tanışının olmasını, Prezidentin Təhlükəsizlik Xidmətində işləməsini, vəzifəli şəxs olmasını, bu işdə kömək edə biləcəyini demişdir. Ülkər sonradan Elbrusun nömrəsini ona verərək onunla danışmasını bildirmişdir. O da Elbrusa zəng edərək oğlunun 2022-ci ilin yanvar çağırış zamanı Daxili Qoşunların hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə düşməsinə köməklik etməsini xahiş etmiş, Elbrus Bahəddini Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə saldıra biləcəyini, Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu üçün güclü əlaqələrə malik olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yaxşı tanışlarının olmasını, ona görə də, bu məsələni həll edə biləcəyini bildirmişdir. Elbrus bu xidmətlərin qarşılığında ondan 4000 manat pul istəmiş, 4000 manatın 1000 manatını aparıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə verəcəyini, 3000 manatı isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində yerləşən aparatına verəcəyini bildirmişdir. O da övladının yaxşılığı və gələcəyi üçün razılaşmışdır. Təqribən 2021-ci ilin oktyabr ayında Xırdalan şəhəri, Heydər Əliyev parkında o və Arzu Elbrusla görüşmüş, Elbrus görüş zamanı yenə də Bahaddini Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə saldıra biləcəyini, Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu üçün güclü əlaqələrə malik olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yaxşı tanışlarının olmasını, ona görə də, bu məsələni həll edə biləcəyini, 4000 manatın 1000 manatını aparıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə verəcəyini, 3000 manatı isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində yerləşən aparatına verəcəyini bir daha bildirmişdir. Həmin vaxt o, Elbrusa inanıb bacıı Ülkərin yanında 4000 manatı şəxsən Elbrusun özünə vermişdir. Bundan sonra, Elbrus gözləmələrini, narahat olmamalarını, 2022-ci ilin yanvar çağırış zamanı Bahəddinin Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə düşəcəyini demişdir. O da Elbrusa inanmış və evə gələrək Bahəddinə və əri Nərimana məsələni həll etdiyini, 2022-ci ilin yanvar çağırış zamanı Bahəddin Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə düşəcəyini bildirmiş və Elbrusun dediklərini eynilə onlara demişdir. 2021 -ci ilin dekabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi Bahəddini çağıraraq hərbi həkim komissiyasından keçirmiş, tam yararlı olması müəyyən edilmişdir. 20 dekabr 2021 -ci il tarixdə Bahəddinin 18 yaşı tamam olmuş, 26 dekabr 2021-ci il tarixdə isə Bahəddinin əsgər getməsinə görə yığıncaq keçirilmiş, bu zaman Bahəddinin telefonuna mesaj gəlmiş və Bahəddinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “100” saylı hərbi hissəsinə düşməsi müəyyən edilmişdir. Onlar Bahəddinin Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə düşəcəyini gözləmişlər. Ona görə də, xeyli pis olmuş və Elbrusa zəng edərək vədinin yalan olmasını, Bahəddinin Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “100” saylı hərbi hissəsinə düşməsini bildirmişlər. Elbrus narahat olmamalarını, aprel çağırışı zamanı Bahəddinin Bakı şəhəri, «Montin» adlanan ərazidə yerləşən Daxili Qoşunların hərbi hissəsinə saldıracağını bildirmişdir. O, Elbrusdan Bahəddinin yanvar çağırışı zamanı necə saxladacağını, komissarlığın icazə verməyəcəyini demiş, Elbrus isə xəstəlik kağızları düzəldəcəyini, guya Bahəddinin yanvar ayı ərzində hansısa xəstəlikdən Bakı şəhərində müalicə alacağını göstərəcəyini, həmin sənədə əsasən da Bahəddinin yanvar çağırışından azad olunacağını demişdir. O, yenə də Elbrusun sözünə inanmışdır. Elbrus Bahəddini Bakı şəhərində qohumların birinin evinə göndərməsini, rayonda yox, həmin yerdə qalmasını, Bahəddinin məcburi hərbi xidmətə aparıla biləcəyini demişdir. Bahəddin 04 yanvar 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olmalı olmuşdur. Bu barədə ona rəsmi çağırış vərəqəsi verilmiş və gəlmədiyi halda cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Elbrusun sözünə inanaraq Bahaddin Bakıya gedərək bacısı Ülkərin evində qalmışdır. Bu müddət ərzində Elbrus Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən soruşacaqları halda Bahəddinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanada qida zəhərlənməsindən müalicə almasını demələrini bildirmiş, ona görə də, komissarlıqdan və prokurorluqdan soruşulan zaman o Bahəddinin 5 nömrəli xəstəxanada qida zəhərlənməsindən müalicə almasını bildirmişdir. O, yalan danışdığını bilmiş, lakin Elbrusun sözünə inanaraq övladı üçün Elbrusun dediklərini bir-bir etmişdir. Sonradan prokurorluqda cinayət işinin başlanmasını bildikdə Elbrusun vədlərinin yalan olmasını başa düşmüşdür. Elbrusa bu zamanirad bildirdikdə Elbrus Quba şəhərinə gəlmiş və oğlu Bahaddin guya qida zəhərlənməsindən 5 nömrəli xəstəxanada müalicə alması barədə 3 ədəd xəstəlik sənədi vermiş və Bahəddinə həmin sənədləri apararaq prokurorluğa verməsini, xəstə olmasına görə çağırışdan azad ediləcəyini bildirmiş, bu səbəbdən də Bahaddin həmin sənədləri gətirərək rayon prokurorluğuna təqdim etmiş və Elbrusun sözünə görə yalandan qida zəhərlənməsindən 5 nömrəli xəstəxanada müalicə almasını bildirmişdir. Bahaddin heç vaxt qida zəhərlənməsindən 5 nömrəli xəstəxanada müalicə almamış və yaxındanuzaqdan müalicə ilə əlaqəsi yoxdur. Elbrus əvvəlcədən Bahəddini çağırışdan yayındırmaq üçün xəstəlik kağızları hazırlatdıracağını demişdir. Bahəddinə rəsmi çağırış vərəqəsi verilərək 04 yanvar 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olması bildirilmişdir. Elbrusun sözünə görə Bahaddin Bakı şəhərində xalasının evində gizlənərək hərbi xidmətdən yayınmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirmə kartından görünür ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçmiş və müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan adlı siyahıdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmişdir. İş materiallarında olan çağırış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getmək üçün 04 yanvar 2022-ci il tarixdə, saat 09.00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olması bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getmək üçün 04 yanvar 2022-ci il tarixdə, saat 09.00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olması barədə çağırış vərəqəsini 19 noyabr 2021-ci il tarixdə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə tanış edilmiş və bu barədə müvafiq qrafada imza etmişdir. İş materiallarına olan “X9” publik hüquqi şəxsin 15 mart 2022-ci il tarixli, 255 saylı məktubundan görünür ki, 2003-cü il təvəllüdlü X4 01 yanvar 2022-ci il tarixdən hal-hazıra qədər qəbul şöbəsinə müraciət etməmişdir və onun adına heç bir xəstəlik tarixi açılmamışdır. Ambulator müayinədə olmamışdır. X2 təqdim etdiyi sənədlər “X9” publik hüquqi şəxsi tərəfindən verilməmişdir, həmin sənəddə olan imza və möhür “X9” publik hüquqi şəxsinə məxsus deyil. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 mart arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutduğu əməldən səmimi peşman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və hərbi xidmətə getmək istəməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin eilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinin ümumi məzmununa görə, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmaqdansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2022-ci il başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tam toplanmaqla ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 06 (altı) ay sınaq müddəti tədbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 06 (altı) ay sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-64/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-64/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver