Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-64/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonunun İqriq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Quba şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya 700 (yeddi yüz) manat müqabilində alma gətirəcəyini yalan vəd verib aldadaraq, 24 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Quba şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat pulu alib ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarindan sui-istifadə edib sonuncuya 560 manat (beş yüz altmiş) manat müqabilində 5 ton dəmir metal gətirəcəyini yalandan vəd verib aldadaraq, 20 yanvar 2023cü il tarixdə saat 14 radələrində Quba rayonu, Qaraçay kəndi ərazisində Zərərçəkmiş şəxs2 560 (beş yüz altmiş) manat pulu alib ələ keçirərək dələduzluq etmişdir.. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif şəxslərin aldığı meyvələri avtomobillərə yükləyib fəhləlik edir. Zərərçəkmiş şəxs1 aldığı meyvələri bir neçə dəfə avtomobilinə yükləmişdir. Həmin vaxtdan Kamranı tanımışdır. 24 dekabr 2022-ci il tarixdə o, yaşadığı Quba rayonu İqriq kəndində olarkən Zərərçəkmiş şəxs1lə rastlaşmışdır. O, Kamrandan nə üçün kəndə gəldiyini soruşduqda Kamran ona alma almaq üçün kəndə gəldiyini demişdir. O, Kamrandan nə üçün Emildən alma almadığını soruşarkən Kamran ona Eminin hüzürü düşdüyü üçün evində olmadığını, ona görə də ondan alma ala bilmədiyini demişdir. Q, həmin vaxtı Kamrana yalandan demişdir ki. Emillə danışıb onun üçün alma təşkil edəcək. Sonra o, guya Emillə danışmaq üçün kənara çəkilmişdir. Orada özünü danışırmış kimi göstərərək Kamranın yanına qayıdıb məsələni həll etdiyini bildirib, Emilin anasının Quba şəhərindəki Meqastor mağazasında olduğunu bildirək təcili ona bazarlıq etmək üçün 700 manat pul verməli olduqlarını bildirmişdir. Bundan sonra o, Kamranla birlikdə onun avtomobili ilə Quba şəhərindəki Meqastor marketin qarşısına gəlmişlər. Orada həmin marketin qarşısında Kamran ona 700 manat pul vermişdir. O, Kamrana yalandan 700 manat pulu Emilin anasına verib qayıdacağını demişdir. Kamran onunla razılaşmışdır. O, Meqastor mağazasına girərək başqa qapıdan çıxıb oradan uzaqlaşmışdır. Bundan başqa 20 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan yerdə gəzərkən metal qəbulu məntəqəsinin olduğunu görmüşdür. O, qərara gəlmişdir ki, həmin metal qəbulu məntəqəsinə girib oranın sahibini aldadıb yalandan dəmir metal satmaq istədiyini deyib onun pulunu ələ keçirsin. Ona görə də həmin məntəqəyə girmişdir. Oranı işlədən şəxsə yaxınlaşıb Quba rayonu İqriq kənd sakini Təbriz olduğunu demişdir. Eləcə də yalandan ona müharibə veteranı olduğunu bildirmişdir. Çünki istəmişdir ki, həmin şəxs ona daha da inansın. Söhbət əsasında həmin şəxs ona adının Rəşid olduğunu demişdir. O, Rəşidə yalandan yaşadığı Quba rayonu, İqriq kəndindəki evin həyətində 5 ton metal dəmir olduğunu və həmin dəmirləri İcra nümayəndəliyindən sənəd alıb satmaq istədiyini, hər ton dəmiri 300 manata satmaq istədiyini bildirmişdir. Rəşid onunla razılaşmışdır. Sonra onlar Rəşidin iş yoldvaşı Ceyhun və o, Rəşidin idarə etdiyi Hundai markalı avtomaşınla Quba şəhəri istiqamətinə yola düşmüşlər. Onlar həmin gün saat 14 radələrində Quba rayonu, Qaraçay kəndinə çatmışlar. Həmin vaxtı o, yol kənarında avtomaşını saxlatmış və Rəşidə avtomaşının arxasını qardaşının evinin qapısının qarşısına sürməyini bildirmişdir. Əslində isə həmin ev xalası Ayətin evi olmuşdur. O, yalandan Rəşidə qardaşının evinin olduğunu demişdir ki, o, daha da ona inansın. Rəşid avtomaşının arxasını həmin qapıya sürüb saxlamışdır. O, Rəşidə yalandan demişdir ki, ona 560 manat ver, qardaşına pulu verib dəmirləri avtomaşına yükləyək. Rəşid ona inanmış və 560 manat pulu ona vermişdir. O, Rəşiddən 560 manat pulu götürüb xalası Ayətin evinin həyətinə keçmişdir. Həyətə girdikdən sonra, hasardan aşıb evin arxasındakı küçəyə çıxmışdır. Oradan gedərək uzaqlaşmışdır. Təxminən 4-5 dəqiqə sonra Ceyhun onun mobil telefonuna zəng vurmuş və onun üçün “ayaqyolu” lazım olduğunu bildirmişdir. O, yalandan Ceyhuna “yuxarıdayam düşürəm” deyə cavab vermişdir. Sonrakı günlərdə o, Təbrizdən aldığı 560 manat pulu xatırlamadığı müxtəlif yerlərdə xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, meyvə satışı ilə məşğul olur. Ayda bir neçə dəfə idarə etdiyi Qazel markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba rayonuna gəlib kəndlərdən topdan satış qiymətə alma alıb Gəncə şəhərinə aparıb satır. 24 dekabr 2022ci il tarixdə alma almaq məqsədi ilə Quba rayonu İqriq kəndinə gələrək həmin kənddə yaşayan əvvəllər alma aldığı Emin adlı şəxsin evinə getmişdir. Emin evdə olmadığı üçün kənddə gəzərək digər şəxslərdən alma almaq istəyərkən kəndin mərkəzində əvvəldən tanıdığı Təbriz adlı şəxsi görmüşdür. Sonuncu dəfə Emindən meyvə alarkən Təbriz fəhlə kimi aldığı meyvəni onun avtomobilinə yükləmişdir. Onlar həmin vaxtdan bir-birilərini tanımışlar. Həmin vat Təbriz ona yaxınlaşaraq nə üçün gəldiyini soruşmuşdur. Təbrizə alma alma üçün gəldiyini dedikdə, Təbriz Emindən nə üçün alma almadığını soruşmuşdur. O, Təbrizə Eminin hüzürü düşdüyü üçün evində olmadığını, ona görə də ondan alma ala bilmədiyini demişdir. Həmin vaxt Təbriz ona demişdir ki. Eminlə danışıb onun üçün meyvə təşkil edəcək. Sonra o, telefonla kiməsə zəng etmək üçün ondan uzaqlaşmışdır. Telefonla danışdıqdan sonra, Təbriz onun yanına gəlib məsələni həll etdiyini demişdir. Belə ki, həmin vaxt Təbriz Eminin adından danışaraq bazarlıq üçün Eminin anasına 700 manat pul verməli olduğunu ona demişdir. Təbrizin təklifi ilə razılaşdıqdan sonra, Təbriz ona demişdir ki. Eminin anası Quba şəhərində mağazadadır. Gedək pulu orada ona verək. O, Təbrizə inanıb saat 14 radələrində onunla birlikdə Quba şəhərinə Meqastor mağzasına gəlmişdir. Mağazanın qarşısında Təbriz ondan 700 manat pul götürərək mağazaya girmişdir. O, mağazanın qarşısında bir neçə dəqiqə gözləsədə Təbriz geri qayıtmamışdır. Həmin vaxtı o, başa düşmüşdür ki, Təbriz onu aldadıb 700 manatını dələduzluq yolu ilə ələ keçirimişdir. Sonra o, Eminlə görüşərək söhbət etdikdə aldadıldığını bilib Quba rayon polis şöbəsinə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini bildirib təqsirləndirilən şəxsə ağır cəza verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan yerdə metal qəbulu məntəqəsi olmaqla yanaşı, metal daşımaq üçün Hunday markalı, ** UF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını da vardır. 20 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində o, Binəqədi rayonu, DSK yolu adlanan metal qəbulu məntəqəsində olduğu zaman Quba rayonunun İqriq kənd sakini Təbriz adlı şəxs ona yaxınlaşaraq müharibə veteranı olduğunu bildirmişdir. Söhbət zamanı Təbriz, ona yaşadığı Quba rayonu, İqriq kəndindəki evinin həyətində 5 ton metal olduğunu və həmin dəmirləri İcra nümayəndəliyindən sənəd alıb satmaq istədiyini bildirmişdir. Təbriz hər ton dəmiri 300 manata satmaq istədiyini bildirmişdir. O, Təbrizlə razılaşmışdır. Sonra iş yoldaşı Şahid2 və Təbrizlə birlikdə idarə etdiyi Hundai markalı avtomaşınla Quba şəhəri istiqamətinə yola düşmüşlər. Onlar həmin gün saat 14 radələrində Quba rayonunun Qaraçay kəndinə çatdıqda, Təbriz onlara yol kənarında olan evlərin birini göstərərək həmin evin qardaşına məxsus olduğunu bildirib avtomaşının arxasını qardaşının evinin qapısının qarşısına sürməyini ondan xahiş etmişdir. O, da avtomaşının arxasını Təbrizin göstərdiyi evin qapısının qarşısına sürüb saxlamışdır. Həmin vaxt Təbriz ondan qardaşına vermək üçün 560 manat məbləğində pulu alıb avtomaşını saxladığı evin həyətinə keçmişdir. 5-10 dəqiqə keçdikdən sonra, Təbriz qayıtmadığı üçün iş yoldaşı Ceyhun onun mobil telefonuna zəng vurmuşdur. Təbriz Ceyhuna “yuxarıdayam düşürəm” deyə cavab vermişdir. Həyətin qarşısında dayanıb gözləyərkən, təxminən 65-70 yaşlarında bir qadın qapıya çıxıb nə üçün onun evinin qarşısında dayandıqlarını və kimi axtardıqlarını onlardan soruşduqda. Təbrizi gözlədiklərini bildirərək, Təbrizlə aralarında olan metal alqı-satqı məsələsini həmin qadına danışmışlar. Həmin qadın onlara Təbrizin onun bacısı oğlu olduğunu, onların Təbriz tərəfindən aldadılan ilk adam olmadıqlarını bildirmişdir. Qadınla söhbət etdikdən sonra başa düşmüşlər ki, Təbriz onları aldadıb. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib Təbriz adlı şəxsin onu aldadaraq 560 manat məbləğində pulunu ələ keçirdiyi barədə məlumat vermişdir İfadəsinin sonunda X4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsinə uğyun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyətdə yetişdidiyi alma meyvəsinin satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 tanıyır. Kamran bir neçə dəfə ondan alma almışdır. O, Kamrana meyvə satarkən onların kəndində yaşayan Təbriz həmin meyvələri onun avtomobilinə yükləmişdir. 24 dekabr 2022-ci il tarixdə evdə olarkən Kamran onun mobil telefonuna zəng vurub onun anasına çatdırmaq üçün 700 manat pulu Təbrizə verdiyini bildirmişdir. Sonradan Kamranla görüşüb söhbət edən zaman məlum olmuşdur ki, Təbriz ona vermək üçün Kamrandan 700 manat pulu alıb qaçıb gizlənmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nin Alekseyevka İnzibati Ərazi X2 tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İqriq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnaməsinin surətindən gorünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü bir azyaşlı üşağı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan təqsirləndirilən şəsxin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan gorünür ki, Təqsirləndirilən şəxs barəsində 02 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Quba rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi subut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-64/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-64/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver