Məhkəmə qərarları › İş №1(027)-65/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-65/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-65/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 26 dekabr 2022-ci il tarixdə, saat 06:05 radələrində gələcəkdə tanınaraq ifşa olunmaması üçün özü ilə apardığı əlcək və maskadan istifadə etməklə əvvəllər satıcıkassir kimi işlədiyi "xxxx" MMC-nin Quba şəhəri. Dəvədabanı yaşayış massivində yerləşən Quba 16-cı filialının şüşə materialdan ibarət qapısını yerdən götürdüyü daşla vurub sındırmaq yolu ilə içəri - saxlanc yerinə qanunsuz daxil olaraq, mühafizə polisində kənar şəxslərin daxil olması barədə şübhə yaranmamasından ötrü köhnə işçi olaraq marketin siqnalizasiyasının təhlükəsizlik kodunu bildiyi üçün bu kodu yığaraq siqnalizasiya səsini kəsdikdən sonra məhsulların satıldığı həmin otaqdan kilidlənməyən plastik qapını açmaqla anbar otağına keçmiş və burada yerləşən seyfin qapısını işdən çıxarkən özündə saxladığı açar vasitəsilə açaraq, seyfdəki kağız pul əskinaslarının hamısını götürüb gizli olaraq talamaqla ümumilikdə zərərçəkmiş şəxsə məxsus 2600 (iki min altı yüz) manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba rayonu, Birinci Nügədi kəndində valideynləri və iki qardaşı ilə birlikdə yaşayır. O, 21 sentyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək olan müddətdə "xxxx" MMC-nin Quba şəhəri. Dəvədabanı yaşayış massivində yerləşən Quba 16-cı filialında satıcı-kassir işləmişdir. İşlədiyi filialın müdiri Quba rayonu, İkinci Nügədi kənd sakini Zərərçəkmiş şəxs olmuşdur. 27 noyabr 2022-ci il tarixdə işdən çıxmağı ilə əlaqədar təhvil-təslim edilərkən marketin açarlarını filial müdirinə qaytarsada, açarların evdə qalmış nüsxələri Məhəbbətə verməmişdir. 07 dekabr 2022-ci il tarixdə o, işləmək üçün Bakı şəhərinə getmişdir. 12 dekabr 2022-ci il tarixdə Uber onlayn taksi sifarişi xidmətində işə qəbul olaraq motosiklet sürüb kuriyerlik fəaliyyətinə başlamışdır. Bir müddət dost-tanış evində qalaraq 17 dekabr 2022-ci il tarixdən Bakı şəhəri Nəsimi metrostansiyasının yaxınlığında yerləşən binalardan birində kirayə ev tutub tək yaşamağa başlamışdır. 19 dekabr 2022-ci il tarixdə idarə etdiyi motosiklet ilə qəza törətdiyi üçün işdən çıxarılmışdır. İşləmədiyi üçün maddi durumu zəif olduğundan və əvvəl işlədiyi Oba marketin açarlarının bir nüsxəsi onda qaldığı üçün qərara gəlmişdir ki, həmin mağazadan oğurluq etsin. Bu məqsədlə 25 dekabr 2022-ci il tarixdə axşam Bakı şəhərində yerləşən Şamaxinka adlanan əraziyə gəlmişdir. Əvvəlcə orada xatırlamadığı apteklərin birindən bir cüt tibbi əlcək almışdır ki, oğurluq edərkən istifadə etsin. Sonra, taksi avtomobili ilə Quba şəhərinə yol düşmüşdür. Oğurluqda istifadə etmək üçün kirayə qaldığı evdən çıxarkən Uber onlayn taksi sifarişi xidmətində işlədiyi zamanı aldığı maskanı da özü ilə götürmüşdür. 26 dekabr 2022-ci il tarixdə, saat 05:30 radələrində Quba şəhərinə çatmışdır. Taksi sürücüsünə əlavə yol pulu verərək Quba şəhəri. Dəvədabanı yaşayış massivinə sürdürmüş və avtomobili Oba marketdən bir qədər aralıda saxlatmışdır ki, oğurluq edəcəyi marektin kamerasına düşməsin. Sonra o, Dəvədabanı yaşayış massivində yerləşən küçəyə keçərək Oba marketin arxasına gəlmişdir. Əlcəyi və maskanı taxtından sonra ətrafda heç kimin olmadığını yoxlayıb marketin qarşısına keçmişdir. Marketin giriş qapısının açarı dəyişdiyi üçün onda qalan nüsxəsi həmin qapını açmamışdır. Ona görə də yerdən daş götürüb marketin şüşədən ibarət giriş qapısını vuraraq sındırmışdır. İçəri daxil olaraq marketin siqnalizasiyasının təhlükəsizlik kodunu yığmışdır ki, siqnalizasiya səsi kəsilsin və mühafizə polisi elə başa düşsün ki, kod yığılaraq səs kəsildiyi üçün marketə işçilərdən hanısa biri daxil olub. O, məhsulların satıldığı otaqdan kilidlənməyən plastik qapını açaraq anbar otağına keçmişdir. Anbar otağında olan seyfin qapısını işdən çıxarkən onda qalmış və həmin vaxt oğurluğa gələrkən özü ilə gətirdiyi açar vasitəsilə açmışdır. Seyfdə olan bütün kağız pul əskinaslarını götürərək çölə çıxaraq marketin arxasına keçib əlcəyi və maskanı çıxarmışdır. Gəldiyi arxa məhəllə ilə geri qayıdaraq taksidən düşdüyü yerə gəlmişdir. Əlcək və maskanı yaxınlıqda yolun kənarında yerləşən zibilliyə tullayaraq yoldan keçən tanımadığı taksi avtomobilini saxladıb Quba şəhərində yerləşən Quba-Bakı taksilərinin dayandığı yerə gələrək orada olan maşınların birinə minib Bakı şəhərinə getmişdir. Bakı şəhərində kirayədə yaşadığı evdə oğurladığı pulları sayarkən 2573 manat pul olduğunu görmüşdür. Pulları üzərində sport yazısı olan özünə məxsus əl çantasının içərisinə qoyaraq saxlamışdır. Həmin puldan bir qədər götürüb xatırlamadığı mağazalarda xərcləyərək siqaret və ərzaq məhsulları almışdır. Həmin gün, günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında olan Azərsu ASC-nin qarşsında Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanmışdır. Hansı səbəbdən saxlandığını başa düşərək polis əməkdaşlarına oğurluq etdiyini səmimi şəkildə etiraf etmiş və oğurladığı pulları da kirayədə yaşadığı evdən götürüb polis əməkdaşlarına vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, İkinci Nügədi kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci il tarixdən hal-hazırki vaxta kimi "xxxx" MMC-nin Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən Quba 16-cı filialının müdiri işləyir. Quba rayonu, Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək olan müddətdə onun işlədiyi filialda satıcı-kassir işləmişdir. Şahların əmək müqaviləsinə rəsmi olaraq 20 dekabr 2022-ci il tarixdə xitam verilmişdir. Market hər gün saat 22 radələrində bağlanır və növbəti gün saat 07 radələrində açılır. Marketin binası iki otaqdan ibarətdir ki, birinci otaqda satılan məhsullar yerləşir, həmin otaq vasitəsilə girişçıxışı olan ikinci otaq isə anbar kimi istifadə edilir, bu otaqda filial müdiri olaraq o, əyləşir, müdirin masası, masaüstü kompüteri və eyni zamanda gün ərzində satılmış məhsullardan yığılan pulların günün sonunda kassadan götürülərək saxlandığı, təxminən 1x1 metr ölçüdə olan dəmir seyf yerləşir. Seyfdəki həmin pullar növbəti gün "xxxx" MMC-nin inkassatoru tərəfindən ondan təhvil götürülür. Marketin giriş qapısı iki tay, açıq qəhvəyi rəngli olmaqla nisbətən şəffaf şüşə materialdan ibarətdir. Anbar otağının qapısı bir tay, ağ rəngli plastik materialdan ibarətdir. Anbar otağının qapısı marketin binasının daxilində yerləşdiyi üçün heç vaxt kilidlənmir, sadəcə olaraq bağlanır. O, marketin giriş qapısının və seyfin açarlarının bir nüsxələrini satıcı-kassir olaraq Şahlara hər axşam vermişdir ki, o, olmayanda marketi Şahlar özü açıb-bağlasın. Növbəti gün işə gələndə axşam verdiyi açarları Şahlardan götürmüşdür. O, həmçinin marketin siqnalizasiyasının dörd rəqəmdən ibarət 1218 nömrəli təhlükəsizlik kodunu da Şahlara vermişdir ki, hər gün marketi açarkən kodu yığaraq siqnalizasiya səsini söndürsün və marketi bağlayarkən siqnalizasiyanı qoşub getsin. Bir gün Şahlar işə gələrkən axşam onun verdiyi açarları undub evdə qoyduğu üçün Şahlara əlavə açarlar vermişdir. Növbəti günlərdə Şahlar evdə qoyduğu açarları gətirməmiş, onun da yadına düşmədiyi üçün Şahlardan evdə qalmış açarları gətirib qaytarması barədə soruşmamış və ona görə də həmin açarlar Şahlarda qalmışdır. Həmin vaxtdan sonra Şahlar onun əlavə, yəni ikinci dəfə verdiyi açarlardan istifadə etməyə başlamışdır. Şahlar işdən çıxmağa təxminən 5 gün qalmış marketin giriş qapısının kilid yeri sıradan çıxdığı üçün yenisi ilə əvəz edilərək açar dəyişdirilmişdir. 27 noyabr 2022-ci il tarixdə işdən çıxması ilə bağlı təhvil-təslim edərəkən Şahlar sonuncu dəfə verdiyi açarları ona qaytarmışdır. Təhvil-təslim zamanı da evdə qalmış açarları qaytarması onun yadına düşmədiyi üçün həmin açarlar Şahlarda qalmışdır. 25 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində gün ərzində kassaya yığılan 2600 manat pulu saxlamaq üçün dəmir seyfə qoyub seyfin qapısını bağlamışdır ki, növbəti gün inkassator gələndə təhvil verər. Sonra da marketin qapısını bağlayaraq evə getmişdir. 26 dekabr 2022-ci il tarixdə, saat 07 radələrində işə gələrkən maketin şüşədən ibarət giriş qapısının sındırılmış vəziyyətdə olduğunu, marketdə daxil olub seyfin qapısının aralı vəziyyətdə olduğunu və seyfin içərisinə baxarkən axşam qoyduğu 2600 manat pulun yerində olmadığını görmüşdür. Seyfin qapısı açıq vəziyyətdə olsa da, üzərində hər hansı əzik, kəsik, əyilmə və digər mexaniki zədə izi olmadığından başa düşmüşdür ki, qapısı ya açar vasitəsilə, ya da ki, naqildən istifadə edilərək xüsusi bir üsulla açılıb. Marketdən 2600 manat puldan başqa heç nə oğurlanmamışdır. Marketdə heç bir dağınıqlıq halı müşahidə edilməməsindən, həmçinin marketin marketin siqnalizasiyasının siqnalizasiyasının təhlükəsizlik kodunun yığılaraq siqnalizasiya səsi kəsildiyi üçün mühafizə polisinin hadisə yerinə gəlməməsindən şübhələnmişdir ki, həmin pul marketdə əvvəllər işləyib və sonradan işdən çıxan şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Oğurluqla əlaqədar Quba rayon polis şöbəsində ərizə yazarkən Şahların da adını işdən çıxmış şübhəli şəxs kimi şifahi şəkildə polisə bildirmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Şahlar həmin günü, günorta saatlarında Bakı şəhərində saxlanılaraq Quba RPŞ-yə gətirilərkən ona məlum olmuşdur ki, oğurluğu Şahlar törətmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs Quba RPŞ-yə ərizə ilə müraciət edərək, filial müdiri olduğu "xxxx" MMC-nin Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən Quba 16-cı filial mağazasına qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən 2600 manat pulun oğurlanması barədə etdiyi müraciətlə bağlı dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Quba rayonu, Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilərək Bakı şəhərinə getməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində konkret olduğu yerin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilərək o, işlədiyi bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında olan Azərsu ASC-nin qarşısında saxlanmışlar. Özlərini təqdim edərək hansı səbəbdən saxlandığını izah etdikdə. Təqsirləndirilən şəxs oğurluq etdiyini səmimi şəkildə etiraf etmiş və oğurladığı pulları da Bakı şəhərində kirayədə qaldığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin faktla bağlı onlarla birlikdə Quba RPŞ-yə getməyinin lazım olduğunu bildirdikdə. Təqsirləndirilən şəxs etiraz etməyərək getməyə razılıq vermiş və onlarla birllikdə gedib oğurladığı pulları da Bakı şəhərində kirayədə qaldığı evdən götürməyi təklif etmişdir. Bundan sonra, onlar əvvəlcə Təqsirləndirilən şəxs Bakı şəhərindəki kirayədə yaşadığı evə gedərək oradan pulları götürüb Quba şəhərinə gəlmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək, Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrini, şahidlərin ifadələrini və iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Birici Nügədi kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Birinci Nügədi kəndində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, İş üzrə maddi sübüt olan 2000 manat məbləğində pul zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcinin, müsadirə olunası əmlakın və mülki iddianın olmaması nəzərə alınmaldır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Birinci Nügədi kəndində yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübüt olan 2000 manat məbləğində pulun zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar