Məhkəmə qərarları › İş №1(027)-65/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-65/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-65/2024 30.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X11 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 22 iyun 1969-cu il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Tərtər şəhəri, E.Hüseynov küçəsi, ev 57-də qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, 17 yanvar 2024cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 məlum olmayan mənbədən və tarixdə 01 ədəd lülə qutusunun qapağında ШЕ- 5966 nömrə nişanı əks olunan 7.62 mm kalibrli, AKM modelli avtomat silahını, onun komplekt hissələri və döyüş sursatına aid olan 01 ədəd daraq və 05 ədəd 7.62x39 mm kalibrli patronları qanunsuz olaraq əldə edib üzərində gəzdirərək 01 ədəd parça bağlamada saxlamış, 15 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində Quba RPŞ-nin Qonaqkənd PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, 1-ci Nügədi kəndinin 5-ci məhəlləsi ərazisində saxlanılaraq onun üzərində şəxsi axtarış aparılarkən həmin bağlamada gizlətdiyi 01 ədəd lülə qutusunun qapağında ШЕ-5966 nömrə nişanı əks olunan 7.62 mm kalibrli, AKM modelli avtomat silahı, onun komplekt hissələri və döyüş sursatına aid olan 01 ədəd daraq və 05 ədəd 7.62x39 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, X11 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən X11 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Tərtər rayonunda qeydiyyatda olsa da, fəhlə işləmək üçün Quba şəhərinə gəlmiş və kirayə verilən evdə yaşamışdır. Özünə başqa yaşayış yeri axarışında piyada Bakı-Quba yolunda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin yanına, ordan isə sağ istiqamətdə daşlı yolla köhnə tikililər olan yerə getmişdir. Köhnə zavod kimi yerə çatdıqdan sonra oranın həyətini gəzdiyi zaman istifadəsiz bulağın arxasında parçadan ibarət silah çantasına oxşar əşya görüb götürmüş, həmin çantanın içərisinə baxmış və içərisində Kalaşnikov avtomatı, bir ədəd daraq və daraqın içərisində 5 ədəd güllə aşkar etmişdir. Həmin silah-sursatı çantaya qoyub ərazidən uzaqlaşmaq istəmişdir ki, elə bu vaxt mülki formada olan üç nəfər onu saxlamış və polis əməkdaşları olduqlarını bildirmişlər. Sorğu zamanı o, əlində olan əşyanın odlu silah olduğunu bildirmişdir. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəylərini bildirmişlər. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunan əşyaların təqdim edilməsi təklif edilmişdir. O, əlində olan boz rəngli parça çantanı təqdim edərək, içərisində odlu silah olduğunu bildirmişdir. Çantaya baxış zamanı Kalaşnikov markalı avtomat silah, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunmuşdur. Daha sonra həmin silah, daraq və patronlar bir ədəd sellofan kisəyə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra ciblərində olan 2 ədəd siqareti, darağı, 156 manat pulu, şəxsiyyətini təsdiq edən sənədini, dırnaqtutanı, bir ədəd iran pulunu, əl dəsmalını və üzərində etibarsız sözləri yazılmış 04 ədəd 50 manatlıq pula oxşayan kağızı təqdim etmişdir. Şəxsi axtarışdan sonra ciblərindən çıxmış pullar və digər əşyalar ona geri qaytarılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Həmin silahı, darağı və patronları saxlandığı yerin ətrafından tapmışdır. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri aşağıda qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin X15 rəisi, polis kapitanı X16 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Tərtər rayon sakini X6 qanunsuz olaraq odlu silahı saxlama, daşıma və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsaında əməliyyat qrupu yaradılmış və X11 15 yanvar 2024-cü il tarixdə saat təxminən 15:40 radələrində Quba-Bakı avtomobil yolundan sağ tərəfə gedən daşlı yol üzərində, Quba rayonu, 1-ci Nügədi kəndinin 5-ci məhəlləsi ərazisində, köhnə bulaq tikilisinin yaxınlığında yol tərəfə hərəkət edərkən çiynində parçaya bükülmüş halda silah daşıyarkən saxlanılmışdır. Sorğu zamanı Ədalət Məmmədov çiynindəki bükülünün içərisində avtomat silah, daraq və güllələr olduğunu, yaxınlıqdakı köhnə bulaq tikilisini göstərib arxa tərəfindən tapdığını, adam tapıb satmaq üçün götürdüyünü bildirmişdir. Dəvət edilmiş təhqiqatçı vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Ədalət Məmmədovun üzərində şəxsi axtarış aparmış, təhqiqatçı çantanı açaraq içindən 01 ədəd Kalaşnikov markalı avtomat silahı, 01 ədəd avtomat darağı və daraqda olan 05 ədəd patronu çıxarıb sayaraq yerə qoymuşdur. Bundan sonra təhqiqatçı Ədalət Məmmədovun üzərində şəxsi axtarışı davam etdirərkən əynindəki qara rəngli qış gödəkçəsinin və şalvarının ciblərindən cib əşyaları, pul, şəxsiyyət vəsiqəsi çıxmış və təhqiqatçı cibdən çıxmış əşyaları baxışdan sonra Ədalət Məmmədova geri qaytarmışdır. Sonra təhqiqatçı avtomat, daraq və patronları bir ədəd sellofan kisəyə qoyaraq qablaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X13 və X17 eyni məzmunlu ifadə verərək digər şahid X12 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan: “şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X10, Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi, polis kapitanı Anar Xankişiyev, Qonaqkənd PB-nin polis nəfəri, polis serjantı Samir Cəbrayılov, polis nəfəri polis kiçik serjantı Aqil Davudov, vəkil Müdafiəçi və RPŞ-nin KTQnun baş inspektoru, polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində odlu silahın saxlanması, daşınması və gəzdirməsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində xx.xx.1969-cu il təvəllüdlü X4-Bakı avtomobil yolunun Birinci Nügədi kəndinin 5-ci məhəlləsinə gedən yolda saxlanılaraq tutulmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı Ədalət Məmmədovun üzərində qanunla qadağan olunmuş alət və ya vasitə aşkar olunmamışdır. Ədalət Məmmədov əlində saxladığı boz rəngli parçadan ibarət əşyanı təqdim edərək içərisində odlu silah, avtomat olduğunu bilidirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Parçadan ibarət olan silah çantasının içərisinə baxış keçirən zaman oradan 01 ədəd “Kalaşnikov” markalı odlu silah, içərisində 05 ədəd gülləsi olan 21 ədəd avtomat darağı aşkar olunmuşdur. Sorğu zamanı Ədalət Məmmədov silahı yolun kənarından tapdığını, satmaq üçün götürdüyünü bildirmişdir. Aşkar edilərək götürülmüş silah ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. şəxsi axtarışı özündə əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Quba RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X10 havanın işıqlı vaxtı yolun kənarında olan köhnə bulaq tikilisinin qarşısında X2 ona odlu silahın saxlanması, daşınması və gəzdirməsində şübhəli olmasını bildirir və həmin ərazidə olmasını səbəbini soruşur. Ədalət Məmmədov bildirir ki, qalmağa yeri olmadığından özünə yer axtarmış və saxlanılan yerdə olan dağıntılar onu cəlb etmiş, saxlanıldığı yerdə bulaq tikilisinin arxasında şübhəli torba görüb açmış və içərisində silah görüb tobanı götürmüşdür. Həmin torpanı təhqiqatçıya təqdim edir. Təhqiqatçı bükümü açır və içindən 01 ədəd Kalaşnikov markalı avtomat silahı, 01 ədəd avtomat darağı çıxarır və daraqda olan 05 ədəd patronu sayıb yerə qoyur. Bundan sonra təhqiqatçı Ədalət Məmmədovun üzərində şəxsi axtarışı davam etdirərkən əynindəki qara rəngli qış gödəkçəsinin sağ içəri döş cibindən bir ədəd siqaret qutusu, bir ədəd saç darağı, sol içəri döş cibindən bir ədəd dırnaqtutan, sağ yan cibindən bir ədəd siqaret qutusu və əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd blaknot aşkar edir. Blaknotu açır və içindən Ədalət Məmmədova məxsus şəxsiyyət vəsiqəsini çıxardır. Şalvarının sağ cibindən isə bir ədəd alışqan, inqalyator aşkar olunur. Ədalət Məmmədovun şalvarının sağ cibindən sağ əlinə götürdüyü pula baxış keçirdikdə isə həmin pulun bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq pul əskinazı və üzərində etibarsız sözləri yazılmış 04 ədəd 50 manatlıq pul əskinazına oxşar kağızlar aşkar edilir. Ədalət Məmmədov həmin pul və kağızların özünə məxsus olmasını bildirib etibarsız pullarla bağlı fikir bildirmir. Həmin pullar özünə qaytarılır. Bundan başqa Ədalət Məmmədovun şalvarının arxa cibindən əl dəsmalı və iran pulu aşkar edilir və özünə qaytarılır. X9 avtomat, daraq və patronları bir ədəd kisəyə qoyub qablaşdırır. Ədalət Məmmədov bildirdi ki, silahı sonradan kiməsə satmaq və yaxud kiməsə hansıya nemət qarşılığında vermək fikrində olmuşdur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (məhkəmə ballistik ekspertizası üzrə) 16 yanvar 2024-cü il tarixli 24/122 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X5 götürülərək tədqiqata təqdim edilmiş, lülə qutusunun qapağında ШЕ-5966 nömrəsi olan silah, 7.62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 05 ədəd 7.62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur, qalıq - 02 ədəddir; “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi, polis kapitanı Anar Xankişiyevin xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-ü il tarixli qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilmiş, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, X6 üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmış, cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarla X5 aşkar olunaraq götürülmüş lülə qutusunun qapağında ШЕ-5966 nömrəsi olan 01 ədəd, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatın, 01 ədəd avtomat darağının və 5 ədəd patronun ekspert tədqiqatından sonra qalıq qalmış 02 ədədinin maddi sübut hesab edilməsi və həmin silah-sursatın olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən qablaşdırılaraq möhürlənmiş 01 ədəd bükümün saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmış, X6 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi ilə cinayətlərin residivinin yaranması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, X6 məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd 7.62 mm kalibrli, AKM modelli avtomat silahını, onun komplekt hissələri və döyüş sursatına aid olan 01 ədəd daraq və 05 ədəd 7.62x39 mm kalibrli patronları qanunsuz olaraq əldə edib saxlamaqda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyi və iş üzrə maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X11 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan dan görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)-3/2024 saylı qərarından görünür ki, X11 barəsində 3 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X7 CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmünə əsasən AR SSR 143.3, 143.2, 38 maddələri ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1988-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, Tərtər Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən AR SSR 143.3, 83.3, 38 maddələri ilə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci il tarixdə amnistiya qərarına əsasən azad edilmiş, Ali Məhkəmənin xx.xx.1997-ci il tarixli hökmünə əsasən AR 227.1, 226.2, 220.2 maddələri ilə əmlakı müsadirə olunmaqla 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən AR 234.1, 93.1.4 maddələri ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən AR 234.1 maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-459/2015 saylı xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, X11 AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır; Tərtər RİHB-nın Tərtər şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, X3 şəhəri, E.Hüseynov küçəsi, ev 57-də qeydiyyatdadır. X11 müsbət xarakterizə olunur; Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X6 törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə təqsirləndirilən şəxs X6 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi ilə cinayətlərin residivinin yaranması cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Beləliklə, məhkəmə X7 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallaraından göründüyü kimi, təqsirləndirilən şəxs X6 əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan X5 aşkar edilərək götürülmüş lülə qutusunun üzərində ШЕ-5966 nömrəsi olan 01 ədəd, 7,62 mm kalibrli, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd avtomat darağı və ekspert tədqiqatından sonra qalıq qalmış 02 ədəd 7,62x39 kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X11 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan X5 aşkar edilərək götürülmüş lülə qutusunun üzərində ШЕ-5966 nömrəsi olan 01 ədəd, 7,62 mm kalibrli, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd avtomat darağı və ekspert tədqiqatından sonra qalıq qalmış 02 ədəd 7,62x39 kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar