Məhkəmə qərarları › İş №1(027)-67/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-67/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-67/2021 05.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, İİİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəllərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,193 qramdan artıq çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində gəzdirməklə saxlamış, 10.02.2021-ci il tarixdə saat 01:20 radələrində Quba şəhəri, Mehrab Niftəliyev küçəsində yerləşən avtotəmir sexində Quba RPŞ-nin əməkdaşları tərəfindən şübhəli bilindiyinə görə saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, “Sobranie” markalı siqaret qutusunun içində üç ədəd xırda bükülülər halında, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,193 qram heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 09.02.2021-ci il tarixdə saat təxminən 24 radələrində özünə məxsus avtomobil üçün ehtiyyat hissələri almaq məqsədilə Quba şəhəri, Mehrab Niftəliyev küçəsində yerləşən tanışı Rüstəmin avtotəmir sexinə getmişdir. Həmin vaxt sexdə Həsən və Ənvər adlı şəxslər olmuşdur. Həmin gün saat 1 radələrində Rüstəm sexin qapısını açıb bayıra çıxmaq istədikdə iki nəfər mülki geyimdə olan şəxs sexə daxil olmuş və özlərini polis əməkdaşları kimi təqdim edərək, gecə saatlarında sexdə nə iş gördüklərini soruşmuşlar. Onun və Ənvərin bir qədər təsir altında olduqlarını görüb onlardan narkotik vasitə qəbul etmələri barədə soruşduqda, onlar narkotik vasitə qəbul etdiklərini və üzərilərində də narkotik vasitə saxladıqlarını etiraf etmişlər. Polis əməkdaşlarının zənginə əsasən ora gələn başqa polis əməkdaşları növbə ilə sexdə olan şəxslərin üzərinə axtarış keçirmişlər. İlk olaraq Ənvərin, sonra Rüstəmin, sonra onun, sonda isə Həsənin üzərinə vəkillərin iştirakları ilə axtarış keçirilmişdir. Onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxan “Sobranie” markalı siqaret qutusunun içindən 3 bükümdə heroin çıxmışdır. O, həmin bükümün içərisindəkinin heroin olduğunu, bükülünü 1 ay əvvəl Sumqayıt şəhərindən Maqsud adlı tanımadığı şəxsdən aldığını və özü istifadə etmək məqsədilə cibində saxladığını etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunan narkotik vasitəni ötən ilin avqust ayında Sumqayıt şəhərində yerləşən ehtiyat hissələri mağazasından əvvəllər tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitədən bir iki dəfə az miqdarda istifadə etmiş, qalanını bu vaxta qədər maşınında saxlamışdır. Təqsirləndirilən şəxs qeyd etdi ki, narkotik vasitə aludəçisi olmamış, onun hər hansı asıllığı yoxdur. Heroindən bir iki dəfə istifadə etsə də, heroini heç vaxt inyeksiya şəklində qəbul etməmiş, sadəcə qızdırıb iyini özünə çəkmişdir. Aparılan ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilsə də, yəni araşdırma zamanı azadlıqda olsa da, o, narkotik vasitə əldə etməyə çalışmamış və istifadə etməmişdir. Üzərinə istintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı nə ona nə də sexdə olan qeyri şəxslərə qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 09.02.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Quba şəhəri ərazisində karantin rejimi qaydalarının pozulması hallarının müəyyən olunmasından ötrü bölük komandirinin müavini polis baş leytenantı Şahid3 ilə birlikdə Quba şəhərində olan obyektlərin yoxlanılması məqsədilə keçirmiş tədbir zamanı Quba şəhəri, Mehrab Niftəliyev küçəsində yerləşən avtotəmir sexlərdən birində işıq yandığını görüb sexin qapısına yaxınlaşmış və sexdə 4 nəfər şəxsin öz aralarında danışdıqlarını eşidib qapını döymüşdür. Qapını açan şəxsə özünü təqdim edərək gecə saatlarında sexdə nə iş gördüklərini soruşmuşdur. Həmin vaxt sexdə olan avtomobilin qabaq oturacağında oturmuş iki nəfər şəxs avtomobildən düşüb sexi tərk etmək istədikdə həmin şəxslərin şübhəli olduğunu hiss edib onları saxlamışdır. Bu vaxt avtomobilin sağ tərəfində olan, sonradan adının Həsən olduğunu bildiyi şəxs əyilərək avtomobilin sağ arxa təkəri tərəfdən avtomobilin altına nəsə atmışdır. Həmin yerə baxdıqda atılan əşyanın bir ədəd kibrit qutusu olduğunu görmüş, qutunun içərisində isə narkotik vasitə olduğunu təxmin etmiş və bu barədə Quba RPŞ-nin NH-nə məlumat vermişlər. Peyman və Ənvər adlı şəxslərin hallı olduqlarını hiss edib, sonuncuları sorğu etmişlər. Bu vaxt Peyman ilə Ənvər narkotik vasitə qəbul etdiklərini etiraf etmişlər. Quba RPŞ-dən polis əməkdaşları, TQ-nın təhqiqatçısı Şahin Məmmədov hadisə yerinə gəldikdən sonra sexdə saxlanılan Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və X4 şəxsiyyətlərini müəyyən etmiş, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərinə görə saxlanıldıqlarını bildirmiş və müdafiəçinin iştirakı ilə saxlanılan şəxslərin üzərlərinə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs və sexdə olan digər şəxslərin üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları, o cümlədən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı “Sobranie” markalı siqaret qutusunu avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Siqaret qutusunun içində üç ədəd kağıza bükülmüş bükülünün olması müəyyən olunmuşdur. Təhqiqatçının sorğusu əsasında Təqsirləndirilən şəxs həmin bükülünün içindəkinin “kakos” adlanan narkotik maddə olduğunu bildirmişdir. Həmin bükülülər kağızları ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sumqayıt şəhərindən 20 manata alıb bir qədər istifadə etdiyini və heç kimə satmadığını bildirmişdir. Qeyd olunan kütlə təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, hadisə olan gün gecə saat 01 radələrində xidmət yoldaşı ilə birlikdə yoxlama tədbiləri keçirən zaman avtotəmir sexlərinin birində işiq görüb sexə daxil olmuşlar. Sexdə həmin vaxt Təqsirləndirilən şəxs daxil olmaqla 4 nəfər şəxs olmuşdur. Həmin şəxslər özlərini şübhəli apardıqları üçün onlar RPŞ-nin NH-nə məlumat vermişlər. Polis əməkdaşları gəldikdən sonra saxlanılan şəxslərin üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı könüllü şəkildə üzərində olan əşyaları çıxardıb RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Baxış Quba RPŞ-nin əməkdaşları və müdafiəçinin iştirakı ilə keçirilmiş, videoçəkiliş aparılmış və hər bir prosesual hərəkət protokollaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, sexdə saxlanılan şəxslərin üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı təhqiqatçının təklifi ilə könüllü şəkildə üzərində olan əşyaları çıxardıb RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Baxış Quba RPŞnin əməkdaşları və müdafiəçinin iştirakı ilə keçirilmiş, videoçəkiliş aparılmış və hər bir prosesual hərəkət protokollaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Quba şəhəri, M.Niftəliyev küçəsində yerləşən avtotəmir sexini icarə əsasında işlədərək özü də, həmin sexdə çilingər kimi fəaliyyət göstərir. 09.02.2021-ci il tarixdə saat təxminən 22 radələrində sexdə olan zaman Ənvər adlı tanışı “VAZ-2104” markalı avtomobilini təmir üçün gətirmişdir. Həmin vaxt o, sexdə tək olmuş, sonradan Həsən, daha sonra isə Peyman gəlmişlər. Saat təxminən 1-ə qədər avtomobilin təmiri ilə məşğul olmuşlar. Təxminən saat 1 radələrində o, sexin qapısını açıb bayıra çıxmaq istəyən zaman iki nəfər mülki geyimdə olan şəxslər sexə girib polis olduğunu deyib bu saata qədər sexdə nə iş gördüklərini soruşmuşlar. Həmin vaxt polis əməkdaşları Peymanla Ənvərin sərxoş kimi olduqlarını görüb onlardan narkotik vasitə qəbul etmələri barədə soruşmuşlar. Peyman və Ənvər də, narkotik vasitə qəbul etdiklərini və üzərilərində də, narkotik vasitə saxladıqlarını dediklərindən polis əməkdaşları PRŞ-nə məlumat vermişlər. Bundan sonra sexə gələn digər polis əməkdaşları növbə ilə sexdə olan adlarını çəkdiyi şəxslərin üzərinə axtarış keçirmişlər. Baxış zamanı Peymanın üzərindən 3 ədəd bükülüdə maddə aşkar edilmişdir. Peyman həmin maddənin narkotik vasitə “kakos” olduğunu demişdir. Onun üzərindən isə qanunsuz heç bir maddə və ya əşya aşkar edilməmişdir. Axtarışda vəkil iştirak etmiş və videoçəkiliş aparılmışdır. Daha sonra onlar izahat vermək üçün Quba rayon Polis şöbəsinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 09.02.2021-ci il tarixdə saat təxminən 22 radələrində Quba şəhəri, Mehrab Niftəliyev küçəsində yerləşən tanışı Rüstəmin avtotəmir sexinə özünə məxsus olan “VAZ-2104” markalı avtomobilini təmir üçün aparmışdır. Həmin vaxt Rüstəm sexdə tək olmuşdur. Sonuncu avtomobilin nasaz hissəsi ilə məşğul olanda sexə başqa bir tanışı Həsən, daha sonra isə əvvəllər tanımadığı Peyman adlı şəxs gəlmişdir. Həmin gün gecə saat təxminən 1-ə qədər avtomobilin təmiri ilə məşğul olmuşlar. Təxminən saat 1 radələrində Rüstəm sexin qapısını açıb bayıra çıxmaq istəyəndə iki nəfər mülki geyimdə olan şəxslər sexə daxil olub özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və gecə saatlarında sexdə nə iş gördüklərini, onlardan narkotik vasitə qəbul edibetməmələrini barədə soruşmuşlar. Peyman narkotik vasitə qəbul etməklə yanaşı həm də üzərində saxladığını etiraf etmişdir. Polis əməkdaşları zəng vuraraq sexə başqa polis əməkdaşlarını dəvət etmişlər. Çağırışa əsasən sexə gələn polis əməkdaşları növbə ilə sexdə olan adlarını çəkilən şəxslərin üzərinə axtarış keçirmişlər. Baxış zamanı Peymanın üzərindən 3 ədəd bükülüdə maddə aşkar edilmişdir. Peyman həmin maddənin narkotik vasitə “kakos” olduğunu demişdir. İstintaq hərəkətləri başa çatdıqdan sonra onlar izahat vermək üçün Quba rayon Polis şöbəsinə getmişlər. Onların üzərində keçirilmiş istintaq hərəkətləri tam obyektiv olmuş və polis əməkdaşları tərəfindən nə ona nə də, ki adlarını çəkdiyi digər şəxslərə qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, digər şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, üzərində olan əşyaları, o cümlədən əynində olan qara rəngli göndəkçənin sağ yan cibindən çıxardığı “Sobranie” markalı siqaret qutusunu avtomobilin mühərrikxanasının qapağının üzərinə qoyur. Bu zaman siqaret qutusunun içində 3 ədəd kağıza bükülmüş bükülünün olması müəyyən olunur. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda o həmin bükülünün içindəkinin “kakos” adlanan narkotik maddə olduğunu qeyd edir. Daha sonra qeyd olunan bükülülər kağızları ilə birlikdə boz rəngli elektron tərəzidə çəkilir və çəkisi 1,0 qram olması müəyyən edilir. Təhqiqatçı qeyd olunan narkotik vasitəni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sumqayıt şəhərindən 20 manata aldığını, özü bir qədər istifadə etdiyini və heç kimə satmadığını bildirir. Daha sonra qeyd olunan kütlə təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçiyə imza etdirilir; 10.02.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub omadığı soruşulmaqla üstündə olan əşyaları çıxarıb avtomaşını kapotun üzərinə qoymasını təklif edilmiş, Təqsirləndirilən şəxs şalvarının sağ cibindən bir ədəd telefon, sol cibindən 60 qəpik dəmir pul, əynində olan qara rəngli gödəkçənin sol cibindən açar, sağ cibindən bir qutu “Sobraniye” siqareti, bir ədəd ağ rəngi “Nokia” markalı mobil telefon, sol cibindən bir ədəd kibrit, 8 manat pul, bir ədəd qayçı aşkar olunmuşdur. Həmin siqaret qutusudan 3 bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin bükülülər birlikdə elektron terəzidə çəkildikdə onların ümumi çəkisi 1,0 qram olduğu müəyyən olunmuşdur. Həmin bükülü Təqsirləndirilən şəxs iştirakı ilə kağız zərfə qablaşdırılaraq məhkəmə-kimyəvi ekspertizasına teqdim olunmasından ötrü götürülmüşdür (iş vər.: 47); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası) 10.02.2021-ci il tarixli, 6/611 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №67 dairəvi möhür əksi, sözləri və imzalar qeyd edilmiş iki ədəd kağız paketin içərisində olan üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunan...” sözləri və imzalar qeyd edilmiş bir ədəd paketin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,193 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (iş vər.: 80-82); “maddi sübut hesab edilmə haqqında” 11.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ekspert tədqiqatından sonrakı qalığı, yəni 0,143 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir (iş vər.: 122); 20.03.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və digərlərinin üzərilərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd, ümumi tutumu 2,256,852 KB olan DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olmuş, Təqsirləndirilən şəxs və digərlərinin üzərilərindən aşkar olunaraq götürülmüş müxtəlif adda narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilərkən çəkiləri ilə, məhkəmə bioloji və kimyəvi ekspertizalarının müvafiq rəylərindəki narkotik vasitə və psixotrop maddələrin çəkiləri arasındakı fərqlər, tərəzi fərqi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ekspert tədqiqatından sonrakı qalığı, yəni 0,143 qram heroinin 11.02.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (iş vər.: 174-182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulato X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 03.03.2021-ci il tarixli 661 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndində uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 171,172). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 0,193 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: 10.02.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq MSY-nə təhvil verilmişdir (iş vər.: 45); 11.02.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 99,100); 11.02.2021-ci il tarixli “tutulmuş şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək, həmin tarixdə o, MSY-dən azad edilmişdir (iş vər.: 114-118); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 148); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 05.03.2021-ci il tarixli 944 və 945 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs Quba şəhəri ərazisində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 141,142); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı Regional Ərazi filialının arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlilliyə görə 20.12.2016-cı il tarixdən ömürlük sosial müavinət təyin olunmuş, Təqsirləndirilən şəxs aylıq 110,00 (bir yüz on) manat sosial müavinət alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, 3-cü qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdən 11.02.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,193 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınaraq həmin heroinin qalıq çəkisi 0,143 təşkil edən hissəsi saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,143 narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizalarının xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdən 11.02.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizalarının xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 0,143 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar