Məhkəmə qərarları › İş №1(027)-68/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-68/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-68/2021 14.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 oğlunun və onun müdafiəçisi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1992-ci ildə Quba şəhərində anadan olmuş, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Quba şəhərində açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 08.01.2021-ci tarixdə ünvan 3 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün istintaqa məlum olmayan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 15 (on beş) manata alaraq müəyyən qismini istifadə etdikdən sonra təmiz çəkisi 0.182 qram psixotrop maddə olan metamfetamini üzərində gəzdirməklə saxlamış, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı 09.01.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərfindən Təqsirləndirilən şəxs1 usta kimi çalışdığı Quba şəhəri, Vaqif küçəsində yerləşən təkər təmiri və satışı mərkəzində keçirilmiş reyd zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan yerindəcə saat 02:45 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının qabaq sol yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli salfet kağızında olan gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0.182 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 07.01.2021-ci tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0.233 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış, 08.01.2021-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən təkər təmiri və satışı mərkəzində həmin metamfetaminin 0.182 qramdan artıq hissəsini bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə tanışı Təqsirləndirilən şəxs1 15 manata satmış, qalan hissəsindən bir qədər özü istifadə etdikdən sonra bir ədəd siqaret qutusunun sellofanına bükülmüş təmiz çəkisi 0.051 qram psixotrop maddə metamfetamini üzərində gəzdirməklə saxlamış, 09.01.2021ci il tarixdə saat 13:30-da Quba RPŞ-nin əməkdaşları tərəfində keçirilmiş əmaliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, Sahil küçəsində saxlanaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı 0.051 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, təxminən iki ildir ki, Quba şəhəri, Vaqif küçəsində yerləşən Quba şəhər sakini X7 məxsus təkər təmiri və satışı mərkəzində şifahi razılıq əsasında usta işləyir. 08.01.2021-ci il tarixdə saat 10:00 radələrində çalışdığı yerə getmiş və bütün gün ərzində iş yerində olmuşdur. Saat 19 radələrində işdən çıxmalı olduğu halda əvvəlcədən zəng edərək təkər təmiri üçün gələcəyini bildirmiş müştərini gözləmiş və ona xidmət göstərdiyi üçün işlərini saat 23 radələrinədə yekulaşdırmışdır. Bundan sonra iş yerində müəyyən təmizlik işləri aparmış və 08.01.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 15 manata aldığı psixotrop maddə olan “şüşə” adı ilə tanıdığı metamfetaminin bir qismindən özü şüşə materialından hazırladığı xüsusi qaba doldurub alışqanla qızdırıb nəfəsə almaqla istifadə etmişdir. Evə getmək üçün çalışdığı yerdə içəridə oturub vəziyyətinin düzəlməsini gözləmişdir. Artıq gecə saatları olarmış ki, yəni 09.01.2021-ci il tarixdə saat təxminən 01:30 radələrində tanımadığı polis əməkdaşları işlədiyi sexə daxil olaraq həmin vaxtı karantin qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərdiyini bildirib bu barədə ondan soruşduqda həyəcanlı həmçinin psixotrop maddənin təsiri altında olduğundan onlara cavab verə bilməmişdir. Bu zaman özünü şübhəli apardığı üçün polislər ondan spirtli içki və ya narkotik vasitə qəbul etdiyini soruşmuşlar. O, isə polis əməkdaşlarına bir neçə saat əvvəl psixotrop maddə olan metamfetamindən istifadə etdiyini və bir qədərinin də üzərində olduğunu bildirmişdir. Bundan sonra həmin polislərin zəngi əsasında çalışdığı yerə gəlmiş digər polislər özlərini təqdim edib üzərində narkotik və psixotrop maddələri saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını demişlər. Ona hüquqları izah edildikdən sonra çalışdığı yerə dəvət olunaraq hüquqlarının müdafiəsi üçün gəlmiş Müdafiəçi1 ona təqdim olunmuş, sonra polis əməkdaşları üzərində olan qanunsuz saxladığı əşyaları çıxarıb təqdim etməsini bildirmişlər. Bu zaman o əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şüşə materialdan hazırladığı psixotrop maddəni istifadə etmək üçün olan xüsusi qabı, qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli salfetin içərisində olan gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini göy rəngli alışqanı, üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung A10” markalı mobil telefonu, 5 manat 60 qəpik pulu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükülüdə olan kütlənin nə olması və hardan əldə etməsi barədə soruşduqda həmin kütlənin “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, narkotik vasitəni isə sexin yanından tapdığını desədə, polis əməkdaşları onunla apardıqları sorğusualdan sonra üzərindən aşkar edilib götürülmüş metamfetaminin 08.01.2021-ci il tarixdə saat 23 radələrində iş yerinə gəlmiş tanışı Quba şəhər sakini Təqsirləndirilən şəxs2 15 manata aldığını etiraf etmişdir. Belə ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs2 08 yanvar 2021-ci il tarixdə saat 23 radələrində onun işlədiyi sexə gəlib üzərində psixotrop maddə olan metamfetamin olduğunu və onu kimə sata biləcəyini ondan soruşmuşdur. O, həmin maddədən son 3 ay ərzində vaxtaşırı istifadə etdiyindən, həmin maddəni öz istifadəsi üçün ala biləcəyini bildirmişdir. Həmin vaxt onun üzərində göstərilən məbləğdə pul olmadığı üçün o, Təqsirləndirilən şəxs2 ilə razılaşaraq sonradan ona 15 manat verəcəyini bildirib ondan bir büküm metamfetamin almışdır. Təqsirləndirilən şəxs2 ondan başqa daha kimlərə narkotik vasitə və ya psixotrop maddələr satması və Təqsirləndirilən şəxs2 həmin maddələri haradan əldə etməsi ilə bağlı məlumatı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfə təxminən 2 il əvvəl Bakı şəhərində qonaqlıqda olduğu zaman narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Altı ay bundan əvvələdək həmin narkotik vasitədən yalnız Bakı şəhərinə getdiyi zaman arabir istifadə etmişdir. Son zamanlar “Şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Quba şəhəri, Vaqif küçəsində yerləşən təkər təmiri və satışı mərkəzində çalışan tanışı Təqsirləndirilən şəxs1 ilə onun iş yerində bir neçə dəfə psixotrop maddə olan metamfetamindən istifadə etmişlər. Onlar həmin maddəni falqanın üzərində qızdıraraq tüstüsünü nəfəsə şəkməklə istifadə etmişlər. 07.01.2021-ci il tarixdə, saat 23:30 radələrində Quba şəhərində yerləşən 1 nömrəli məktəbin qarşısından gedərkən yerdə siqaret qutusu görmüşdür. Həmin qutunu yerdən götürərək içərisinə baxdıqda orada siqaret sellofanına bükülmüş ağ rəngli kristallardan ibarət maddə olduğunu görmüşdür. O, həmin maddənin metamfetamin olduğunu başa düşdüyündən sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan bir gün sonra pula ehtiyacı olduğundan həmin maddənin bir qismini tanışı Təqsirləndirilən şəxs1 satmaq qərarına gəlmiş və bu məqsədlə 08.01.2021-ci il tarixdə saat 23 radələrində İntiqamın çalışdığı sexə getmişdir. İntiqamdan həmin maddəni kimə sata biləcəyini soruşduqda İntiqam onu öz istifadəsi üçün 15 manata almaq istədiyini bildirmişdir. O, İntiqamla razılaşdıqdan sonra, üzərində olan psixotrop maddə metamfetaminin bir qismini İntiqama vermişdir. Həmin vaxt İntiqamın üstündə 15 manat pul olmadığı üçün onlar razılığa gəlmişlər ki, İntiqam 15 manat pulu bir-iki gün ərzində ona verər. 09 yanvar 2020ci tarixdə saat 13:30 radələrində Quba şəhəri, Sahil küçəsində Qudyalçayın kənarı ilə gedərkən ona yaxınlaşmış polis əməkdaşları özlərini təqdim etdikdən sonra, üzərində psixotrop maddə gəzdirdiyini və həmin maddənin satışı ilə məşğul olduğunu bildirərək saxlandığını və üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra, həmin yerə hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Abusalat Şahmirzəyev ona təqdim olunmuş və onlara heç bir etiraz etmədiyini bildirdikdən sonra, polis əməkdaşları videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona könüllü olaraq üzərində saxladığı əşyaları çıxarıb təqdim etməsini təklif etmişlər. Bu zaman o, əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd bir manatlıq pul əskinazından öncədən hazırlanmış psixotrop maddədən istifadə etmək üçün nəzərdə tutulmuş əşyanı (trupka), əynindəki boz rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş qızılı rəngli siqaret kağızı içərisində ağ rəngli toz şəkilli kütləni, gödəkçənin ciblərindən isə plastik bank kartı, şəxsiyyət vəsiqəsi, içərisində ***-***-**-** mobil nömrəsi olan “Xiaomi Note 8” markalı mobil telefonu və bir qutu siqareti çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi əşyalara baxış keçirərək siqaretin qızılı kağızına bükülmüş maddənin nə olduğunu soruşduqda, həmin bükülüdə psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni 07.01.2021-ci il tarixdə Quba şəhərində yerləşən 1 nömrəli məktəbin qarşısından yerdən tapdığı, həmin maddənin bir qismini falqada qızdırıb üzərindən çıxan bir manatlıq pul əskinazından hazırladığı trupka ilə nəfəsə çəkməklə istifadə etdiyini, bir qismini 08.01.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 15 manata satdığını etiraf etmişdir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi sellofanla birlikdə 0.4 qram gəlmişdir. Həmin maddə və xüsusi hazırladığı trupka polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində o da imza etmişdir. Bundan sonra polis əməkdaşları onu Quba rayon polis şöbəsinə aparmışlar. Orada məlum olmuşdur ki, 08.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 çalışdığı təkər təmiri sexinə polis əməkdaşları tərəfindən reyd keçirilmiş, reyd zamanı o, özünü şübhəli apardığı üçün İntiqamın üzərinə axtarış keçirilmiş və üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuş. Sorğu sual zamanı İntiqam üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini 15 manat pulu sonra vermək şərti ilə məndən aldığını etiraf etmişdir. İfadəsinin sonunda Xıdırov X5 başqa heç bir kəsə narkotik vasitə satmadığını bildirərək əməlindən peşiman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışan, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 09.01.2021-ci il tarixdə saat 02:45 radələrində RPŞ-nin əməkdaşalrı tərəfindən karantin rejimi qaydalarına uyğun olaraq keçirilən reyd zamanı Quba şəhəri, Vaqif küçəsində yerləşən təkər təmiri sexinin fəaliyyət göstərməsi və orada Quba şəhər sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 özünü şübhəli apardığı üçün həmin yerə dəvət edilmiş əməliyyat istintaq qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərind psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni işlədiyi təkər təmiri sexinin qarşısından tapdığını bildirsədə, sonradan metamfetamini tanışı Quba şəhər sakini Təqsirləndirilən şəxs2 nisyə olmaqla 15 manata aldığını etiraf etmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edilmiş və o, 09.01.2021-ci il tarixdə saat 13:40 radələrində Quba şəhəri Damba adlanan ərazidə Qudyalçayın kənarında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra, həmin yerə gəlmiş təhqiqatçı Fərid Rəcəbov özünü və iştirakçıları ona təqdim edərək bildirmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərində aşkar edilmiş psixotrop maddəni ondan almasını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra müdafiəçi Abusalat Şahmirzəyevin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən “Rothmans” markalı siqareti, sol yan cibindən Redmi markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd bir manatlıq kağız pul əskinazından hazırlanmış trubkanı, şəxsiyyət vəsiqəsini, kapital banka məxsus plastik kartı, o cümlədən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən sellofana bükülmüş qızılı rəngli siqaret kağızını çıxarıb təqdim etmişdir. Əməliyyat qrupunun iştirakçıları tərəfindən Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyalara, sonra isə sellofana bükülmüş qızılı rəngli siqaret kağızının işərisinə baxış keçirildikdə kağız bükümün içərisindən ağ rəngli tozşəkilli kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin nə olması barədə Təqsirləndirilən şəxs2 soruşulduqda o, bildirmişdir ki, bükümdə olan toz şəkilli ağ maddə psixotrop maddə olan metamfetamindir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Quba şəhər sakini Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satıb-satmaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs2 8 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 işlədiyi təkər təmiri sexində nisyə olaraq 15 manata metamfetamin satdığını etiraf etmişdir. Sonra, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin tərəzidə çəkilmiş və həmin maddə 1 ədəd bir manatlıq kağız pul əskinazından hazırlanmış boruşəkilli psoxotrop maddənin qəbulu üçün nəzərdə tutulmuş vasitə ilə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsində göstərdikləri xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2021-ci il tarixli, 6/97 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, “vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, 1ədəd kustar üsulla hazırlanmış əşya” yazısı olan zərfdəki, bir ədəd kustar üsulla hazırlanmış əşyanın içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibi olub-olmamasını müəyyən etmək mümkün olmadı. 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,182 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2021-ci il tarixli, 6/107 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, “vət. Təqsirləndirilən şəxs2 oğlunun üzərindən 1 ədəd bükümdə kütlə...” və s. yazılar olan zərfdəki 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,051 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. -Üzərində AR DİN “Zərflər üçün № 67” möhür əksi, “Vət Təqsirləndirilən şəxs2 üzərindən...” və s. Yazılar olan zərfdəki 01 ədəd 1 manatlıq əskinazdan burucuq vəziyyətinə salınmış predmetin daxili səthində metamfetaminin izləri müəyyən edildi; əskinazda aşkar olunan metamfetamin az miqdarda olduğundan müqayisəli (eyniləşdirmə) tədqiqatın aparılması mümkün olmadı. -Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş metamfetaminlə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2021-ci il tarixli, 415 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixitrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq. Həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2021-ci il tarixli, 412 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixitrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq. Həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadələri ilə yanaşı, şahidlərin ifadələri, baxış protokolu, məhkəmə ekspertizası rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli, 134 saylı arayış və 101 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İV 457029 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 13.07.2020-ci il təvəllüdlü azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 10 yanvar 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2021-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əli oğlu məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli, 85 saylı arayış və 86 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 Əli oğlunun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yeni ailə həyatı qurmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 Əli oğluna təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsi tutma haqqında” 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 11 yanvar 2021ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun 09.01.2021-ci il tarixdən 11.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməklə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Quba rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,102 qram psixotrop maddə metamfetamin və psixotrop maddə olan metamfetamini istifadə etmək üçün kustar üsulla hazırlanmış əşya (trubka), Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,021 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasını fiksə edən iki ədəd CD disklər, bir ədəd 1 manatlıq pul əskinazından hazırlanmış boru şəkilli predmet və Azersell MMC-dən daxil olmuş 03.03.2021-ci il tarixli 4430 nömrəli məktuba əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba RPŞ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 223 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Həmçinin Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 14 saat üçün 84 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 187, 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: 1). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 yanvar 2021-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 24:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 2). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 yanvar 2021-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərinə qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi 223 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar olan və Quba RPŞ-nin maddi subutların saxlanması anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş ekspert tədqiqatından sonrakı qalığı, 0.102 qram psixotrop maddə olan metamfetamin və bir ədəd kustar üsulla hazırlanmış əşya (trubka), Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspert tədqiqatından sonrakı qalığı, 0.021 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasını fiksə edən iki ədəd CD disklər, bir ədəd 1 manatlıq pul əskinazından hazırlanmış boruşəkilli predmet və Azersell MMC-dən daxil olmuş 03.03.2021-ci il tarixli 4430 nömrəli məktuba əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba RPŞ-nı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində, həbsdə olan şəxslərə isə rəsmi təqdim edildiyi gündən Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar