Məhkəmə qərarları › İş №1(027)-68/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-68/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-68/2023 18.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə saat 02 radələrində Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu əlindəki şüşə külqabı ilə vuraraq, həmçinin yaxasından tutub dartışdıraraq ona sol çiynində öndə yumşaq toxumanın əziyi və qançırı, sinəsində sağda, sağ bazunun yuxarı 1/3-nin iç səthində və sol əlin arxa səthində hərəsində bir yerdə sıyrıqdan ibarət dərəcəsinə görə sağlamlığına qısa müddətdə pozğunluq törədən xəsarətlər yetirərək onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs “Şane” restoranının qarşısına gələrək Aysel adlı rəfiqəsi ilə birlikdə onu götürmüş, yolda marketdən spirtli içki və ərzaq alaraq saat 02 radələrində kirayə yaşadığı evə aparmışdır. Orada o, rəfiqəsi ilə zarafat etmiş, Saleh isə buna narazıçılığını bildirərək, ona evdən çıxıb getməsini tələb etmişdir. Buna görə Salehlə aralarında mübahisə yaranmış, sonuncu qəzəbli şəkildə onun ünvanına söyüş söymüşdür. Saleh söyüş söydüyü üçün o, masanın üzərində olan şüşə külqabını ona tərəf atmışdır. Saleh isə qolundan tutub onu evdən çıxarmışdır. Münaqişə Salehin kirayə yaşadığı evdə baş vermiş və 10 dəqiqə davam etmişdir. O, külqabını Salehə tərəf atsa da, külbanı divara dəymişdir. Həmin vaxt o, içkili olmuşdur. Orada yalnız Aysel olmuş, əlində bıçaq olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs təqribən 5 ildir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə gecə 01 radələrində işdə olan zaman qeyri-rəsmi olaraq yaşadığı Aysel ona zəng edərək, rəfiqəsi Mədinə ilə birlikdə olmasını və içkili olduğundan avtomobili idarə edə bilmədiklərini deyərək onları “Şane” restoranının qarşısından götürüb evə aparmasını xahiş etmişdir. Saleh onları götürüb kirayə yaşadığı evə aparmışdır. Gecə saat 02 radələrində Mədinə ilə Aysel pivə içərək yersiz zarafatlara yol verdiyi üçün Mədinəyə irad bildirmiş, bundan sonra Mədinə söyüş söydüyü üçün sonuncudan evi tərk etməsini tələb etmişdir. Mədinə evdən çıxmayacağını deyərək söyüş söymş və qonaq otağında masanın üzərində olan şüşə külqabını ona atmışdır. Külqabı sol ön çiyin nahiyyəsinə dəymiş və o, xəsarət almışdır. Mədinənin qolundan tutub evdən bayıra çıxarmaq istəyən zaman, sonuncu əlindən çıxaraq mətbəxdən bıçaq götürüb hədələməyə başlamışdır. O, biçağı Mədinənin əlindən almış, bu zaman Mədinə onun yaxasına əl ataraq cırmaqlamışdır. O Mədinənin qolundan tutub evdən çıxartmışdır. Mədinə onu bıçaqla hədələsə də, bıçaqla xəsarət yetirməmişdir. Həmin vaxt yanlarında Ayseldən başqa kimsə olmamışdır. Münaqişə 10 dəqiqə davam onun kirayə yaşadığı evdə baş vermişdir. Həmin vaxt Mədinə və Aysel içkili olmuşlar. O, Mədinəni vurmamış, qolundan tutub evdən çıxartmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Mədinə ilə sərxoş olmuşlar və avtomobili sərxoş vəziyyətdə idarə eməmək üçün Salehdən onları evə aparmasını xahiş etmişlər. Həmin gecə çox sərxoş olduğu üçün mübahisənin neçə baş verməsini xatırlamır. O və Mədinə içkili olmuş, Saleh isə ayıq olmuşdur. Həmin vaxt Mədinə içkili olub zarafat etdiyi üçün Saleh irad bildirmiş və evdən çıxmasını tələb etmişdir. Mədinənin qəzəblənib masanın üstündə olan külqabını Salehə tərəf atmasını eşitsə də, külqabının Salehə dəyib-dəyməməsini görməmişdir. Salehin bədəni üzərində göy izlər görmüş, lakin həmin xəsarəti külqabıdan olduğunu bilmir. Mübahisə Salehin onun üçün tutduğu evdə baş vermişdir. Mədinə ilə sərxoş olmuşlar və avtomobili sərxoş vəziyyətdə idarə eməmək üçün Salehdən onları evə aparmasını xahiş etmişlər. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 27 fevral 2023cü il tarixli, 163 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol çiynində öndə yumşaq toxumanın əziyi və qançırı, sinəsində sağda, sağ bazunun yuxarı 1/3-nin iç səthində və sol əlin arxa səthində hərəsində bir yerdə sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 22 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; Qusar RİHB-nın 10 mart 2023-cü il tarixli 827 nömrəli yaşayış yeri barədə arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur; “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, ekspert rəyi, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək saələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar