Məhkəmə qərarları › İş №1(027)-70/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-70/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-70/2021 26.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış, 14 yanvar 2021-ci il tarixdə saat 16 radələrində bir ədəd kibrit qutusunda 1,483 qram narkotik vasitə olan qurudulmuş marixuananı Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən «ASAN xidmət» mərkəzinin arxa tərəfindəki yeni tikilinin yanında tanışı Şahid4 75 manata satmış, satış məqsədilə bir ədəd kibrit qutusunda olan 2,143 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində gəzdirməklə saxlamış, 14 yanvar 2021-ci il tarixdə saat 23:50 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Ərdəbil küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkcənin sol iç qoltuq cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,143 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əsl adı Firidun olsa da, hamı onu Fərid kimi çağırır. Narkotik vasitələrdən təxminən 20 ildən artıqdır ki, istifadə edir, lakin narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmamışdır. 14.01.2021-ci il tarixdə yaşadığı evin ətrafında iş görən zaman evin su navalçasının içərisindən bir ədəd bağlama tapmış və həmin bağlamanı açıb baxdıqda içərisində bir ədəd kibrit qutusu olmuşdur. Kibrit qutusunu açmış və içərisində qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Aşkar etdiyi kibrit qutusunu əynində olan gödəkcənin içərisində saxlamış və fikirləşmiş ki, sonradan özü istifadə edər. 14.01.2021-ci il tarixdə evdə olan tanışı Şahid4 ona zəng edərək şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini və bu məqsədlə ona kömək etməyini istəmişdir. O, da Yusifə onun üçün narkotik vasitə olan qurudulmuş marixuana tapa biləcəyini və bir qədər gözləməli olduğunu demişdir. Yusif ona zəng etdikdən sonra tapdığı 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın bir hissəsini başqa bir kibrit qutusuna yığmışdır. Həmçinin tapdığı marixuanadan bir qədər istifadə etmiş və qalan hissəsini isə kibrit qutusunda əynində olan gödəkcənin cibində saxlamışdır. Təxminən saat 16 radələrində Yusif ilə zəngləşmiş və Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Asan Xidmət mərkəzinin arxa tərəfindəki hündür mərtəbəli binanın yaxınlığında görüşmüşlər. O, Yusifə 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermişdir. Yusif də əvəzində ona pul vermişdir. Onu da qeyd etmişdir ki, Yusifə borc pul vermiş və həmin gündən əvvəl bir neçə dəfə onunla danışan zaman pulunu qaytarmasını istəmişdir. Yusif ona pulu verib getdikdən sonra, saymış və 75 manat pul olduğunu görmüş, lakin Yusif ona 50 manat pul borclu olmuşdur. O, Yusifdən uzaqlaşıb sonra yaşadığı evə gəlmiş və təxminən saat 23 radələrində küçəyə çıxmışdır. 14.01.2021-ci il tarixdə saat 23:50 radələrində Quba şəhəri, Ərdəbil küçəsində olan zaman Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitələrdən istifadə etməkdə, həmçinin üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini deyərək əvvəlcə, hüquqlarını izah etdikdən sonra üzərində olan əşyaları təqdim etməsini bildirmişlər. Vəkil İbrahim müəllimi ona təqdim etmişlər, hüquqlarını müdafiə etməsinə etiraz etməmiş, video çəkilişlə üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmişlər. O, da əynində olan boz rəngli gödəkcənin sol iç qoltuq cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmçinin üzərində olan şəxsiyyət vəsiqəsini, 1 ədəd “Samsung” markalı telefonunu, 1 qutu siqaret və 1 ədəd alışqanı və 35 manat pulu da çıxarıb avtomobilin mühərrikxanasının üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan kütləyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qutunun içərisində olan kütlənin nə olduğu barəsində soruşmuş, o da həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və yaşadığı evin su navalçasının içərisindən tapdığını demişdir. Həmin qutu zərfə qoyularaq qablaşdırılmış, bu barədə video çəkiliş aparılmış və sənədləşmə aparılması üçün Quba RPŞ-nə dəvət etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, narkotik vasitələrin daimi istifadəçisi olmasa da ara-sıra istifadə edir. 14.11.2020-ci il tarixdə səhər saatlarında Xaçmaz rayonunda yaşayan dostu Şahid5 Quba şəhərinə onun yanına qonaq gəlmişdir. Raufla görüşüb bir qədər söhbət etmiş və aralarında razılığa gəlmişlər ki, axşam saatlarında görüşüb yemək yesinlər. O, uzun müddətdir ki, narkotik vasitədən istifadə etmədiyi üçün həmin gün qurudulmuş marixuana alıb çəkmək istəmişdir. Bu məqsədlə tanışı, həmçinin evində usta işlədiyi Təqsirləndirilən şəxs zəng edərək onda narkotik vasitə olan qurudulmuş marixuana olub-olmadığını soruşmuşdur. Firidun hazırda özündə 1 kibrit qutusunda qurudulmuş marixuana olduğunu və 80 manata ona sata biləcəyini demişdir. O, da Firiduna 75 manat pul verə biləcəyini demiş, Firidun onunla razılaşmış və qərara gəlmiş ki, axşam saatlarında görüşüb narkotik vasitə olan marixuananı ona versin. Təxminən saat 16 radələrində Firidun ona zəng edərək görüşmək təklif etmiş, o da Firiduna Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Asan Xidmət Mərkəzinin arxa tərəfindəki yaşayış olmayan hündür mərtəbəli binanın yaxınlığında görüşməyi təklif etmişdir. Etibarnamə əsasında idarə etdiyi “Qazel 31029” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Firidun ilə razılaşdıqları yerə gəlmək məqsədilə yaşadığı evdən çıxmışdır. Firidun ilə görüşə gələn zaman Raufu yolda görmüş və onunla birlikdə Asan Xidmət Mərkəzi tərəfə gedib gəlməkdə yoldaşlıq etməsini təklif etmişdir. Rauf da etiraz etməmiş və avtomobilə əyləşmişdir. Raufa narkotik vasitə almaq üçün getməsi barədə məlumat verməmiş, yalnızca bir nəfər tanışı ilə görüşüb qayıdacağını demişdir. Firidunla görüşəcəyi yerə gəlmiş və avtomobildən enib Firidunun yanına gəlmişdir. Firiduna 75 manat pulu verib əvəzində ondan 1 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Firidunla sağollaşıb avtomobilə əyləşib evə gələn zaman Rauf köhnə avtovağzal adlanan ərazidə işləri olduğunu deyib avtomobildən enmişdir. O, da yaşadığı evə gəlib 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın bir qədər hissəsindən siqaretə doldurub istifadə etmiş və qalan hissəsini isə həmin qutunun içərisində saxlayıb əynində olan boz rəngli şalvarın sol yan cibinə qoymuşdur. Təxminən saat 22 radələrində yaşadığı evdən çıxmışdır. Etibarnamə əsasına idarə etdiyi “Qazel 31029” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri ərazisində gəzməyə başlamışdır. Quba şəhəri H.Abdulrəhmanov küçəsindən keçən zaman Raufu görmüş və avtomobili saxlayıb aşağı enərək Raufla söhbət etməyə başlamışdır. Quba şəhəri, H.Abdulrəhmanov küçəsində Raufla söhbət edən zaman təxminən saat 22:30 radələrində Quba RPŞ-nin əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etmişlər və onun narkotik vasitələrdən istifadə etməkdə, həmçinin üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini deyərək əvvəlcə hüquqlarını izah etdikdən sonra, vəkil kimi Abusalat müəllimi ona təqdim etmişlər, hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Video çəkilişlə üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmişlər. O, da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Argo” markalı siqaret, 1 ədəd alışqan, 8 manat pul, arxa sağ cibindən 1 ədəd qara rəngli “Samsung J 2” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, sol yan cibindən isə 1 ədəd kibrit qutusunda olan marixuananı çıxarıb avtomobilin mühərrikxanasının üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan kütləyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qutunun içərisində olan kütlənin nə olduğu barəsində soruşmuş, o da həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və 14.01.2021-ci il tarixdə Quba şəhər sakini “Fərid” adı ilə tanınan Təqsirləndirilən şəxs 75 manata aldığını demişdir. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusu tərəzidə ölçülmüş və çəkisi 4,2 qram olduğu görünmüşdür, həmin qutu zərfə qoyularaq qablaşdırılmış, bu barədə video çəkiliş aparılmışdır. Saxlanılan zaman yanında olan dostu Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə barəsində məlumatı olub-olmadığını soruşmuşlar. Rauf da üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasından xəbəri olmadığını demişdir Daha sonra onu sənədləşmə aparılması üçün Quba RPŞ-nə dəvət etmişlər. Şahid4 əlavə olaraq göstərmişdir ki, 14.01.2021-ci il tarixdə üzərində aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı tanışı Quba şəhər sakini Təqsirləndirilən şəxs 14.01.2021-ci il tarixdə təxminən saat 16 radələrində 75 manata almışdır. Almaqda məqsədi narkotik vasitə olan marixuanadan istifadə etmək olmuşdur. Əvvəllər Firidundan narkotik vasitə almamışdır. O, Firidunun Quba şəhəri, Ərdəbil küçəsində yerləşən yaşadığı evdə usta kimi işləmiş və tanışlığı əvvəlcədən də olmuşdur. O, anası Lətifə İlyasovanın adına qeydiyyatda olan və özünün istifadəsində ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsi ilə danışmışdır. Firidun ilə ifadəsində qeyd etdiyi nömrə vasitəsilə telefonla danışan zaman razılığa gəlmişdir. Belə ki, telefon danışığı olanda Firidun ona 1 qutu narkotik vasitə olan qurudulmuş marixuananı 80 manata satdığını demiş, o da 75 manat pulu olduğunu bildirmişdir. Firidun da 75 manat pula 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı ona satmağa razılaşmışdır. O, Firidundan narkotik vasitə alması barəsində Raufa heç bir məlumat verməmiş, buna görə də onun üzərində narkotik vasitə olmasından Raufun məlumatı olmamışdır. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Quba rayon sakini Şahid4 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid4 14 yanvar 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Quba şəhər ərazisində Şahid5lə birlikdə gedərkən saxlanılmışdır. X15 əməliyyat qrupunun üzvlərini onlara təqdim edərək Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldıqlarını bildirmişdir. Şahid4 hüquqları və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili X1 İlyasova təqdim edilmiş və video çəkilişlə X13 üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. İlyas Yusifov üzərində olan əşyaları yəni 1 ədəd “Samsung J2” markalı mobil telefonu, 8 manat pulu, 1 ədəd alışqanı, 01 qutu “Arqo” markalı siqareti, şəxsiyyətini təsdiq edən sənədi, sürücülük vəsiqəsini, o cümlədən əynində olan cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb avtomaşının mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Şahid4 təqdim etdiyi əşyalara və 1 ədəd kibrit qutusuna Famil Mirzəbəyov tərəfindən baxış keçirilmiş və kibrit qutusunun içərisində olan kütlənin nə olduğu barəsində soruşmuş, Şahid4 həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin marixuananı tanışı Fərid adlı şəxsdən 75 manata aldığını bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkildikdə kütlənin çəkisi qutu ilə birlikdə 4,2 qram gəlmişdir. Daha sonra qeyd olunan kibrit qutusu təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçisinə imza etdirmişdir. Daha sonra müdafiəçi Şahid4 üzərindən aşkar edilmiş əşyaların onun olub-olmamasını, ümumiyyətlə polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalıb-qalmamasını soruşduqda Şahid4 üzərindən aşkar edilmiş bütün əşyaların özünün olduğunu, polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalmadığını və həmin narkotik vasitəyə oxşar kütləni 75 manata aldığını bir daha qeyd etmişdir. Bundan sonra Şahid4la bir yerdə olan Şahid5 Şahid4 üzərindən aşkar edilmiş kütlələrdən xəbərinin olub-olmaması soruşduqda həmin şəxs aşkar edilmiş kütlədən xəbərinin olmadığını, Şahid4 üzərində şəxsi axtarış aparılıb kütlə aşkar edildikdən sonra məlumatının olduğunu bildirmişdir. Sonra, tədbirlərin davamı olaraq Şahid4 narkotik vasitə aldığını bildirdiyi Fərid adlı şəxsin müəyyən edilməsi məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Fərid adlı şəxsin Quba şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdə saat təxminən 23:50 radələrində yaşadığı Quba şəhəri Ərdəbil küçəsində saxlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın satışında şübhəli bilindiyinə görə saxlandığını, Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitənin sonuncunun deməsinə görə ondan alması bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili X2 Məmmədova təqdim edilmiş və video çəkilişlə Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxardığı əşyaları yəni 1 ədəd Samsung J6 markalı mobil telefonu, 1 ədəd Kent 4 markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 35 manat məbləğində pulu o cümlədən əynində olan boz rəngli gödəkçəsinin sol qoltuq cibindən 1 ədəd kibrit qutusunu çıxarıb yanında olan avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra həmin kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı digər kibrit qutusuna bölməklə 1 ədəd kibrit qutusunda tanışı Şahid4 verdiyini, həmçinin İlyas Yusifovun da ona 75 manat məbləğində pula verdiyini bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşıl rəngli kəskin spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Daha sonra, qeyd olunan kibrit qutusu təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra Təqsirləndirilən şəxs və müdafiəçisinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və X18 Abdulmanafov Samir Alovşah oğlunun ifadəsində göstərdikləri xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Quba şəhərində yaşayan Şahid4 bir müddətdir ki, tanımışdır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Quba rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 14 yanvar 2021-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Quba şəhərinə gəlmişdir. Həmin zaman tanışı Şahid4la da görüşmək istəmişdir. Buna görə də Yusiflə görüşüb bir qədər söhbət etmiş və aralarında razılığa gəlmişlər ki, axşam saatlarında görüşsünlər. Bundan sonra Quba şəhərində öz şəxsi işlərini görmək üçün getmişdir. Təxminən saat 16 radələrində Asan xidmət mərkəzinin yanında olduğu zaman Şahid4 “QAZ31029” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəldiyini görmüşdür. Yusif onunla birlikdə Asan Xidmət Mərkəzi tərəfə gedib gəlməkdə yoldaşlıq etməsini ona təklif etmiş, o da etiraz etməmiş və avtomobilə əyləşmişdir. Yusif ona bir nəfər tanışı ilə görüşüb qayıdacağını demişdir. Yusif avtomaşını Asan xidmətin arxa tərəfinə sürmüş və orada dayanaraq kiminləsə görüşüb gələcəyini bildirmişdir. O, da avtomaşının içərisində oturub onu gözləmişdir. Bir müddət sonra isə Yusif avtomaşına gəlmişdir. Avtomobillə Quba şəhəri ərazisində hərəkətdə olan zaman köhnə avtovağzal adlanan ərazidə işləri olduğu üçün avtomobildən aşağıya enmişdir. Həmin gün axşam saat təxminən 22 radələrində Quba şəhəri, H.Abdulrəhmanov küçəsində Yusifi görmüş və onunla söhbət etməyə başlamışdır. Quba şəhəri, H.Abdulrəhmanov küçəsində Yusiflə söhbət etdiyi zaman təxminən saat 22:30 radələrində Quba RPŞ-nin əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları Yusifə üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Yusifə təyin edilmiş vəkilin iştirakı ilə Yusifin üzərində şəxsi axtarış aparılmışdır. X13 üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. İlyas Yusifov üzərində olan əşyaları yəni 1 ədəd “Samsung J 2” markalı mobil telefonu, 8 manat pul, 1 ədəd alışqanı, 01 qutu “Arqo” markalı siqareti, şəxsiyyətini təsdiq edən sənədi, sürücülük vəsiqəsini və əynində olan cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb avtomaşının mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Şahid4 təqdim etdiyi əşyalara və 1 ədəd kibrit qutusuna baxış keçirilən zaman kibrit qutusunun içərisində olan kütlənin nə olduğu barəsində Şahid4 soruşulmuş, Şahid4 həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin marixuananı tanışı Fərid adlı şəxsdən 75 manata aldığını bildirmişdir. Bundan sonra həmin kibrit qutusu elektron tərəzidə çəkildikdə kütlənin çəkisi 4,2 qram gəlmişdir. Daha sonra qeyd olunan kibrit qutusu təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini Yusifə və müdafiəçisinə imza etdirmişdir. Daha sonra polis əməkdaşları ondan Şahid4 üzərindən aşkar edilmiş kütlələrdən xəbərinin olub-olmaması barədə soruşduqda, Şahid4 üzərində şəxsi axtarış aparılıb kütlə aşkar edildikdən sonra məlumatının olduğunu bildirmişdir. İş üzrə təyin təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2021ci il tarixli, 7/72 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “......... Şahid4 üzərindən götürülmüş marixuanaya oxşar kütlə..” yazılar və imzalar olan zərfdə təmiz çəkisi 1,483 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 7/73 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “......... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,163 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutusunda və Şahid4 götürülmüş bir ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə təyin edilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X5 Komissiyasının 04.02.2021-ci il tarixli 345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və Çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası dair Səhiyyə Nazirliyinin Məhkəmə psixatrik ekspertiza mərkəzinin 12 mart 2021-ci il tarixli 548 saylı ekspert rəyindən görünür ki, Məhkəmə psixatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Quba şəhəri Ərdəbil küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkcənin sol iç qoltuq cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,143 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 17.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının 1.7-ci bəndinə əsasən ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli 1065 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Ərdəbil küçəsi ev 124 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X22 28.01.2021-ci il tarixli, 216 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14.03.2020-ci il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM qeydiyyatındadır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 14.01.2021-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin 16.01.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 132 (yüz otuz iki) manat, 92 (doxsan iki) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalıq çəkiləri 1,443 qram və 2,143 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 132,92 (yüz otuz iki manat doxsan iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın,, həmçinin iş üzrə maddi subut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 1,443 qram və 2,143 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar