Məhkəmə qərarları › İş №1(027)-70/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-70/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-70/2022 24.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup ümumi xəstəlik əlili, məhkumluğu olmayan, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə, saat 12 radələrində Quba şəhəri Heydər Əliyev prospektində “24 saat market” adlanan mağazanın qarşısında olarkən mağazada olan bankomatdan pul çıxarmasına köməklik etmək üçün ona müraciət etmiş Quba rayonu, Rustov kənd sakini Zərərçəkmiş şəxs sonuncuya məxsus "xxxx" tərəfindən verilmiş iki ədəd plastik kartı alaraq bankomata daxil edib yoxlamış, kartlarda pul olmadığını bildirib Zərərçəkmiş şəxs qaytararkən özgənin əmlakını ələ keçirmək məqsədilə üzərində şifrəsi yazılmış ******************** nömrəli pensiya kartını özündə saxlamaqla faktiki olaraq qanunsuz əldə edib həmin gün, saat 19:09-da həmin plastik kartı "xxxx" ASC-nin Quba şəhəri Heydər Əliyev prospekti 23 ünvanında yerləşən filialının A0166037 nömrəli terminala daxil etməklə plastik kartın üzərinə yazılmış olan şifrəni yığaraq Zərərçəkmiş şəxs kart hesabındakı 350 manat pulu çıxararaq elektron məlumat daşıyısısından istifadə etməklə oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 7-8 ildir ki, təqaüd verilən zaman Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” adlı marketin qarşısındakı "xxxx"a məxsus terminalın önündə dayanıb öz pensiyasını çıxarmağı bacarmayan şəxslərə köməklik edir. Köməklik etməyi ilə əlaqədar ona həmin şəxslər bəzən 10 və ya 20 qəpik pul da verir. 25.11.2021-ci il tarixdə həmişəki kimi “24 saat” adlı marketin qarşısındakı "xxxx"a məxsus terminalın önündə olmuşdur. Həmin gün pensiya verilən gün olduğundan müxtəlif insanlar ona yaxınlaşaraq öz pensiya kartlarını verib pensiyasını çıxarmağa köməklik göstərməsini xahiş etmişlər. Quba rayonu, Rustov kənd sakini Zərərçəkmiş şəxs da ona yaxınlaşaraq iki ədəd "xxxx"a məxsus əlillik və Prezident təqaüdü kartlarını təqdim edərək ondan Prezident təqaüdü kartında pulun olubolmamasını yoxlamağını, müsbət halda həmin pulu çıxararaq ona verməsini, əks halda digər kartdan avans çəkməsini bildirmişdir. O hər iki kartı Zərərçəkmiş şəxs götürmüş, əvvəl Prezident təqaüdü kartını bankomata daxil etmiş, üzərində olan gizli şifrəni yazmış, lakin kartın hesabı boş olmuşdur. Həmin kartı çıxarmış və digər əlillik təqaüdü kartını terminala daxil etmiş və Zərərçəkmiş şəxs sözlərindən gizli şifrəni daxil etmişdir. Lakin həmin kartın da hesabı boş olmuş, həmçinin avans çəkmək də mümkün olmamışdır. O əlillik təqaüdü kartını da terminaldan geri çıxarmış və kartların hər ikisini Nazirə geri qaytarmışdır. Təxminən bir saat sonra tanımadığı şəxs ona kart vermiş və kartda pulun olub-olmamasını yoxlamasını xahiş etmişdir. O, kartı yoxlamış və həmin şəxsə vəsaitin köçməməsini bildirmişdir. Tanımadığı şəxs “kartı özündə saxla, pulu çəkərsən, sabah gəlib götürərəm” demiş və çıxıb getmişdir. O da kartı özündə saxlamışdır. Həmin gün axşam saatlarında yoldaşına məxsus kartdan təqaüd pulu çəkmək üçün yaşadığı evin yaxınlığında yerləşən terminala doğru getmiş, yoldaşının kartında olan pulu çəkdikdən sonra tanımadığı şəxsin ona verdiyi kartı da yoxlamış və kartda olan 350 manat pulu çəkib özündə saxlamışdır. Növbəti gün kartı ona verən tanımadığı şəxs gəlmiş və o, 350 manat pulu kartla birlikdə həmin şəxsə qaytarmışdır. Bunun müqabilində həmin şəxs ona 2 manat pul vermişdir. O, İİ qrup ümumi xəstəlik əlilidir və heç yerdə işləmir. Adətən Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin yanında dayanıb təqaüd pullarının terminaldan çıxarılmasında vətəndaşlara köməklik edir. Bunun müqabilində vətəndaşlar ona qəpiklə pul verirlər. Sözügedən kartı ona Zərərçəkmiş şəxs deyil, başqa şəxs vermişdir. Tanımadığı şəxs kartı ona bir günlük vermiş, növbəti gün yaxınlaşıb pulu və kartı götürmüşdür. Bu hal onda hər hansı şübhə yaratmamışdır. Çünki, çox zaman təqaüd pulları gec oturduğu üçün bir çox vətəndaşlar öz kartlarını onda saxlayır, o da kartlarda olan pulları məxaric etdikdən sonra növbəti gün kartları və pulları kart sahiblərinə qaytarır. Köməklik göstərdiyi bir çox şəxsi üzdən tanısa da, nə Zərərçəkmiş şəxs nə də kartı ona verən naməlum şəxsi xatırlamır. O, əvvəldən kartın əsl sahibinin Zərərçəkmiş şəxs olmasını da bilməmişdir. 28.01.2022-ci il tarixdə o hər zamankı kimi “24 saat” adlı marketin qarşısında olarkən ona zəng edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona Zərərçəkmiş şəxs təqaüd kartından pulunun çıxarılması barədə şikayət etdiyini bildirmişlər. Naziri polis şöbəsində görəndə tanımışdır. Sorğu əsnasında "xxxx"ın ofis binasının önündəki terminaldan götürülmüş görüntülərdə olan şəxsin özü olduğunu, Zərərçəkmiş şəxs məxsus Prezident təqaüdü kartından pulu çıxardığını etiraf etmişdir. O, Zərərçəkmiş şəxsla Quba şəhərində mərkəzi xəstəxananın qarşısında görüşüb 350 manat pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs məxsus kartı verən şəxsi tanımır, ilk dəfədir ki, həmin şəxs kartı verərək pulu çıxarmasını istəmişdir. Ona kartı verərkən kartda Prezident təqaüdü olduğunu demiş, lakin içərisində hansı məbləğdə pul olmasını deməmişdir. O, mütəmadi olaraq Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” adlı marketin qarşısında quraşdırılmış terminaldan vətəndaşlar üçün pul çıxarsa da, 25.11.2021-ci il tarixdə saat 19:09-da Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 350 manat pulu Quba şəhəri, Heydər Əliyev prospekti 23 ünvanında yerləşən "xxxx"ın ofis binasının önündəki terminaldan çıxarmışdır. Belə ki, o, 25.11.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlmiş, saat 19 radələrində həyat yoldaşı Könül Ağarzayevaya məxsus əlillik təqaüdü kartına pulun köçürülməsi ilə bağlı onun mobil telefonuna mesaj gəlmişdir. O da əlillik təqaüdünü çıxarmaq üçün yaşadığı evin yaxınlığında yerləşən "xxxx"ın ofis binasının önündəki terminala getmişdir. Əlillik təqaüdünü çıxardıqdan sonra, onda olan Zərərçəkmiş şəxs məxsus kartı da terminala daxil edib pulun köçürülübköçürülməməsini yoxlamışdır. Kartı terminala daxil etdikdə 350 manat pulun hesabda olduğunu görmüş və pulu çıxarmışdır. Həmin pulu xərcləməmiş, iki gün sonra kartı ona verən şəxsə həm kartı, həm də pulu geri qaytarmışdır. İki gün ərzində pul üzərində olmuşdur. Həmin şəxsdən kartın həqiqətən ona məxsus olub-olmamasını soruşmamışdır. Zərərçəkmiş şəxs üzərində gizli şifrəsi yazılmış kartı ona balansda pul olub-olmamasını yoxlamaq üçün verdikdən bir saat sonra başqa bir şəxsin həmin kartı ona təqdim etdiyini zaman eyni kart olmasına fikir verməmişdir. Sadəcə hər iki halda kartı terminala daxil edib balansı yoxlamış və pulun köçürülmədiyini görmüşdür. Ona sonuncu dəfə kartı təqdim edən şəxsə kartını geri qaytarmaq istədikdə, artıq həmin şəxsi ətrafında görməmişdir. Ona görə də kartı özündə saxlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Polis şöbəsində müəyyən etmişdir ki, kart Zərərçəkmiş şəxs məxsusdur. Özünü təqsirli bilmir. Çünki onun kiməsə ziyan vurmaq məqsədi olmamış, bir nəfər şəxsin xahişi ilə pulu çəkib özündə saxlamışdır ki, növbəti gün isə kartla birlikdə qaytarsın. Kapital bankın müşahidə kameralarına düşdüyü üçün pulu çəkdiyini etiraf etmiş və şəxsi vəsaitindən zərərçəkmiş şəxsə 350 manat qaytarmışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənildiyi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona cəza verilməməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə dindirilərkən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, göstərdi ki, 1997-ci ildən Birinci Qarabağ müharibəsi əlili olması ilə bağlı ayda 350 manat Prezident təqaüdü və ikinci qrup əlilliklə bağlı 430 manat təqaüd alır. Hər iki təqaüdü "xxxx"a məxsus plastik kart vasitəsilə alır. Prezident təqaüdü aldığı kartın 4 rəqəmli gizli şifrəsi yadında qalmadığından həmin şifrəni kartın üzərinə qələmlə yazmışdır. Prezident təqaüdü aldığı karta 350 manat pul adətən hər ayın 25-i tarixində karta köçürülür. Digər əlillik təqaüdü aldığı karta isə hər ayın 15-i 430 manat məbləğində pul köçürülür. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Cavid adətən Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin yanında dayanıb təqaüd pullarının terminaldan çıxarılmasında vətəndaşlara köməklik etmiş, həmçinin ona da bir neçə dəfə kartından pul çıxarılmasına köməklik göstərmişdir. Bunun müqabilində o, Cavidə 20-30 qəpik pul da vermişdir. 25.11.2021-ci il tarixdə dərman almaq üçün evdən çıxmış, Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin yanından keçən zaman marketin qarşısında quraşdırılmış "xxxx"ın terminalında təqaüd pulunun köçüb-köçməməsini yoxlamaq qərarına gəlmişdir. O avtomobilini “24 saat” marketin qarşısında saxlamış Cavidə yaxınlaşaraq hər iki kartını Cavidə vermiş və Prezident təqaüdü aldığı kartda pul olub-olmamasını yoxlamasını, bundan başqa əlillik təqaüdü kartını da Cavidə verərək əgər pul köçürülməyibsə əlillik təqaüdü kartından avans çəkməsini xahiş etmiş və terminaldan aralanıb kənarda gözləmişdir. Cavid kartları ondan götürüb terminalda yoxlamış və pulun köçürülmədiyini, eyni zamanda avans götürməyin mümkün olmadığını bildirmişdir. O tələsdiyi üçün kartları Caviddən götürüb əynində olan pencəyin üst cibinə qoymuş və dərman almaq üçün xəstəxanaya getmiş, oradan da yaşadığı evə qayıtmışdır. Təxminən saat 17 radələrində ona məxsus mobil nömrəyə "xxxx"dan 350 manat təqaüdün karta köçürülməsi sms bildirişi gəlmişdir. O da növbəti gün kartdan pulu çıxaracağını planlaşdırdığından kartın özündə olub-olmamasını yoxlamağı düşünməmişdir. 26.11.2021ci il tarixdə səhər saatlarında kartları qoyduğunu düşündüyü pencəyin cibinə baxdıqda orada yalnız əlillik təqaüdü aldığı kartın olduğunu görmüş, digər Prezident təqaüdü aldığı kart isə cibində olmamışdır. O evin hər yerini və avtomobilini axtarmış, lakin kartı tapmamışdır. 26.11.2022-ci il tarixdə saat 10 radələrində mobil telefonuna baxdıqda "xxxx"dan sms bildirişi gəldiyini görmüşdür. Mesajı açıb oxuduqda Prezident təqaüdü kartından 350 manat məbləğində pulun çıxarıldığını anlamışdır. O, Quba şəhərində yerləşən "xxxx"ın ofis binasına gələrək bu barədə məlumat vermişdir. Orada onun təqaüd kartı bloklanmış və ona pulun çıxarılması ilə bağlı çıxarış verilmişdir. Oradan çıxıb Quba rayon polis şöbəsinə gələrək kartını itirməyi və həmin kartdan pul çıxarılması barədə ərizə yazmış və çıxarışı da təqdim etmişdir. Ərizəsi əsasında aparılmış araşdırma zamanı Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin yanında quraşdırılmış "xxxx"ın terminaldan pulu çəkən şəxsin görüntüləri əldə edilmiş, kartdan pulu çıxaran şəxsin Cavid olduğunu müəyyən edilmişdir. 28.01.2022-ci il tarixdə polis şöbəsində Cavid görüntülərə baxdıqdan sonra pulu götürdüyünü etiraf etmiş və iki gün sonra kartla birlikdə sahibinə qaytardığını bildirmişdir. Cavid kartı və çıxardığı pulu sahibinə qaytardığını bildirsə də, Cavidin dediyinə görə sonuncu kartla birlikdə pulu başqa tanımadığı şəxsə vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq, 25.11.2021-ci il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin yanında hər iki kartını Cavidə vermişdir ki, sonuncu kartlarda pulun olub-olmamasını yoxlasın. Cavid kartları terminala salıb yoxlamış və ona geri qaytarmışdır. O, da kartları üzərində olan pencəyinin döş cibinə qoymuşdur. Həmin vaxt tələsdiyindən kartların ikisinin də qaytarılmasına əmin olmasa da, kartları cibinə qoyan zaman onlardan birinin yerə düşə biləcəyini istisna etmir. Həmin gün o, xəstəxanaya, daha sonra evinə getmiş və evdə olan zaman telefonuna gələn SMS bildirişlərdən məlum olmuşdur ki, 350 manat təqaüd pulu kartına oturmuşdur. Terminal evindən uzaq olduğu üçün səhərsi gün pulu çıxarmaq qərarına gəlmiş və tələsmədiyindən kartın yerində olub-olmamasını yoxlamamışdır. Növbəti gün, yəni 26.11.2021-ci il tarixdə səhər saatlarında pulu kartdan çıxarmaq qərarına gəlmiş və kartın olmadığını müəyyən etmişdir. Telefonunda olan sms bildirişdən ona məlum olmuşdur ki, 350 manat təqaüd pulu 25.11.2021-ci il tarixdə axşam saatlarında çıxarılmışdır. Kartı tapa bilmədiyindən əvvəl banka, daha sonra polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində Cavid pulu çıxardığını və kartla birlikdə tanımadığı şəxsə qaytardığını etiraf etmişdir. Təxminən 1 ay sonra Cavid onunla görüşüb 350 manat pulu qaytarmışdır. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, heç bir şikayət və tələbi olmadığını qeyd edərək təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, həyat yoldaşı Zərərçəkmiş şəxs 25.11.2021-ci il tarixdə şəkər dərmanı almaq üçün Quba RMX-dən getmiş, həmin vaxt kartları da özü ilə götürüb pulların köçürülübköçürülmədiyini yoxlamaq qərarına gəlmişdir. Hər iki kartı da əynində olan köynəyin cibinə qoymuş və evdən çıxmışdır. Həmin gün saat 15 radələrində Nazir evə qayıtmışdır. Saat 17 radələrində Nazir ona telefonuna "xxxx"dan 350 manat təqaüdün karta köçürülməsi mesajının gəldiyini demişdir. Növbəti gün, yəni 26.11.2021-ci il tarixdə səhər saatlarında Nazir kartları götürmək üçün köynəyin cibinə baxdıqda orada yanlız əlillik təqaüdü aldığı kartın olduğunu görmüş, digər Prezident təqaüdü aldığı kart isə olmamışdır. Kartı axtarmışlar, lakin tapa bilməmişlər. Həmin gün saat 10 radələrində Nazirin mobil telefonuna kartından 350 manat pulun çəkilməsilə bağlı "xxxx"dan mesaj gəlmişdir. Bundan sonra Nazir Quba şəhərində yerləşən "xxxx"ın ofis binasına gedib bu barədə məlumat vermişdir. Orada onun təqaüd kartı bloklanmış və ona pulun çıxarılması ilə bağlı çıxarış verilmişdir. Bankdan çıxıb Quba rayon polis şöbəsinə gedərək kartını itirməsi və həmin kartdan pul çıxarılması barədə ərizə yazmışdır. 26.01.2022-ci il tarixdə Nazirə Quba RPŞ-dən məlumat verərək terminaldan pulu çəkən şəxsin görüntülərinin əldə olunduğunu və həmin görüntülərə baxış keçirilməsi ilə bağlı gəlməli olduğunu bildirmişlər. Nazir polis şöbəsindən evə qayıtdıqda, kartından pulu çəkən şəxsin vətəndaşlara təqaüdlərinin çıxarılmasında köməklik edən Quba şəhər sakini Cavid adlı şəxs olduğunu bildirmişdir. Nazir 25.11.2021-ci il tarixdə Quba şəhərində 24 saat adlı marketin önündə quraşdırılmış Kapital Banka məxsus terminalın qarşısında Cavidə hər iki kartını vermiş, Cavid kartlardan birini Nazirə qaytarmış, digər üzərində gizli şifrəsi yazılmış kartı isə özündə saxlamışdır. Cavid 29.01.2022-ci il tarixdə Nazirlə Quba şəhərində görüşüb 350 manat pulu ona qaytarmış və Nazirdən şikayətini geri çəkməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarda olan: “baxış keçirilməsi haqqında” 26.01.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən göndərilmiş diskə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 25.11.2021-ci il tarixdə saat 18:03:12-dən 18:04:02-dək A0166037 nömrəli terminalın qarşısında dayanmış başına idman papağı, əyninə boyun hissəsi dik olan zamoklu qış gödəkçəsi geyinmiş 30-35 yaşlarında kişi terminalın qarşısında dayanaraq terminalda əməliyyat edib uzaqlaşaraq gedir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdiyinə görə həmin görüntüdəki şəxs Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “24 saat” adlı mağazanın qarşısında "xxxx"ın terminalının qabağında dayanıb vətəndaşlar üçün 10 və ya 20 qəpik qarşılığında pensiyalarını çıxaran Cavid adlı şəxsdir, onun üçün də bir neçə dəfə bankdan pul çıxarıb və 25.11.2021-ci il tarixdə də, kartı itməzdən əvvəl Cavid onun da kartını bankda yoxlamışdır (iş vər.: 17); “baxış keçirilməsi haqqında” 28.01.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən göndərilmiş diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş hansındakı ki, Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə saat 18:03:12-dən 18:04:02-dək A0166037 nömrəli terminalın qarşısında dayanmış başına idman papağı, əyninə boyun hissəsi dik olan zamoklu qış gödəkçəsi geyinmiş 30-35 yaşlarında kişinin özü olduğunu bildirmişdir (iş vər.: 20); "xxxx" ASC-dən göndərilmiş diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə saat 18:03:12-dən 18:04:02-dək A0166037 nömrəli terminalın qarşısında dayanmış başına idman papağı, əyninə boyun hissəsi dik olan zamoklu qış gödəkçəsi geyinmiş 30-35 yaşlarında kişi Təqsirləndirilən şəxsdur (DVD disk). “sübutların qiymətləndirilməsi haqqında” 25.03.2022-ci il tarixli qərardan görünür ki, Kapital Bank ASC-dən daxil olmuş 21.01.2022-ci il tarixli 157000/2-262 nömrəli məktuba əlavə edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktini hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilməsi, Kapital Bank ASC-dən daxil olmuş 21.01.2022-ci il tarixli, 157000/2-262 nömrəli məktuba əlavə edilmiş bir ədəd DVD diskdə bankomatın kamerasında qeyd edilmiş 18:03:12-dən 18:04:02-dək göstərilən tarixin texniki səbəblərdən yanlış göstərildiyi, Kapital Bank ASCnin Quba Filialı tərəfindən Zərərçəkmiş şəxs verilmiş ******************** nömrəli hesabla bağlı təqaüd aldığı kartın tarixçəsində qeyd edilmiş 19:09:26 tarixli saatın doğru olması nəzərə alınması, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək ifadəsində 25.11.2021-ci il tarixdə “24 saat” adlı marketin qarşısındakı "xxxx"a məxsus terminalın önündə olarkən Quba rayonu Rustov kənd sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq verdiyi iki ədəd "xxxx"a məxsus əlillik və Prezident təqaüdü kartlarında pul olubolmamasını yoxladıqdan sonra kartları Zərərçəkmiş şəxs qatardığını, həmin hadisədən bir saat sonra tanımadığı şəxsin ona yaxınlaşaraq Zərərçəkmiş şəxs məxsus üzərində gizli şifrəsi yazılmış Prezident təqaüdü kartını təqdim etməsini, lakin həmin şəxsin kartı ondan almadan oradan uzaqlaşmasını, həmin gün saat 19 radələrində həmin kartdan 350 manat məbləğində pulu çıxardığını və iki gün sonra da, yəni 27.11.2021-ci il tarixdə tanımadığı həmin şəxsin ona “24 saat” marketin qarşısında yaxınlaşıb kartı və 350 manat pulu ondan almasını göstərməsi özünü müdafiə kimi qiymətləndirilib əsassız hesab edilməklə rədd edilməsi, Təqsirləndirilən şəxs istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi xüsusatının əssassız hesab edilməklə 20.03.2022-ci il tarixli qərarla rədd edilməsi nəzərə alınması qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun təqsiri məhkəmədə tədqiq edilmiş mötəbər, qərərzsiz və təkzibolunmaz sübutların məcmusu ilə tam təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus kartdan bankomat vasitəsilə 350 manat pul vəsaitinin nağdlaşdırdığını etiraf etsə də, həmin pulu ələ keçirmək məqsədi olmadığını, bunu tanımadığı bir şəxsin xaişi ilə etdiyini və kartla birlikdə pul məbləğinin həmin şəxsə verdiyini bildirmişdir. Təqsirləndidilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan materiallarla öz təsdiqini tapmır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri bilir ki, bu əməlin obyektiv cəhəti qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Həmin cinayət əməli zərərçəkmiş şəxsə məxsus pul vəsaitinin nağdlaşdırıldığı və ya təqsirkar tərəfindən başqa hesaba, məsələn öz kartına, köçürdüyü an başa çatmış hesab edilir. Təqsirləndirilən şəxsin bundan sonrakı hərəkətlərini (kartı qaytarmaq, dəymiş zərəri ödəmək və s.) onu cinayət məsuliyyətindən azad etmək üçün deyil, gələcəkdə tətbiq ediləcək cəzanı yüngülləşdirən hallar kimi hesab etmək üçün əsas ola bilər. Bununla da, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etmir və ona tənqidi yanaşaraq, məsuliyyətdən boyun qaçırmaq üçün vermiş olduğu kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vər.: 75); “qətimkan tədbirinin seçilməsi haqqında” 20.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getmənək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 88, 89); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 66); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 16.02.2022-ci il tarixli 484 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs atası 1960-cı il təvəllüdlü X5, anası 1965-ci il təvəllüdlü X3, arvadı 1989-cu il təvəllüdlü X4, qızı 2016-cı il təvəllüdlü X6, oğlu 2020-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır (iş vər.: 35). Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 16.02.2022-ci il tarixli 485 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır (iş vər.: 36); 245786 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup ümumi xəstəlik əlilidir (iş vər.: 43); elekton məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.09.2016-cı il təvəllüdlü İpək və 21.05.2020-ci il təvəllüdlü İbrahim adlı uşaqları vardır. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar