Məhkəmə qərarları › İş №1(027)-70/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-70/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-70/2024 09.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi1 iştirakı ilə, 22 avqust 1985-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, hazırda Quba şəhəri S.Vurgun küçəsi ev 54-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə saat 17:15 radələrində idarə etdiyi “KİA Spotage” markalı **-ZN-*** qeydiyyat nişanlı minik avtomobillə saatda 20 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli olduğu halda cinayətkarçasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək Quba şəhəri H.Əliyev prospektinin S.Vurgun küçəsinin kəsişdiyi dörd yol ayrıcından, S.Vurgun küçəsinə sola dönmə edərkən həmin küçə ilə H.Əliyev prospektinə doğru əks istiqamətə yolu düzünə piyada keçmək istəyən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına az ağır xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Kia Spotage” markalı, **-ZN-*** qeydiyyat nişanlı minik avtomobilini “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. 05 oktyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində idarə etdiyi “Kia Spotage” markalı, **-ZN-*** qeydiyyat nişanlı minik avtomobili ilə saatda 20 km/sürətlə hərəkətdə olarkən Quba şəhəri, H.Əliyev prospektinin S.Vurgun küçəsinin kəsişdiyi dörd yol ayrıcında S.Vurgun küçəsinə sola dönmə edərkən həmin küçədən əks istiqamətə düzünə yolu piyada keçmək istəyən sonradan adının Leyla olduğunu bildiyi bir nəfər qadını ehtiyatsızlıqdan vurmuşdur. Dərhal düşüb qadına kömək edib təcili yardım çağırmış, təcili yardım maşını gəlib həmin qadını Quba RDM-nə aparmış və orada sonuncuya zəruri tibbi yardım göstərilmişdir. Əlavə edərək hadisə anında sükan arxasında sərxoş olmadığını və maşında başqa sərnişin olmadığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hadisədən sonra zərər çəkmiş şəxslə daim maraqlandığını, zərər çəmiş şəxsin onun köməyindən imtina etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslər barışıq əldə etmək istəsə də, zərərçəkmiş şəxsin barışığa razılıq vermədiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün ona 25.000 manat təklif etdiyini, lakin zərərçəkmiş şəxsin qəbul etmədiyini bildirmiş və mülki iddianın təmin edilməməsini və ona ağır cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 17:15 radələrində Quba şəhəri S.Vurgun küçəsindən H.Əliyev küçəsinə doğru hərəkət edərkən “Kia Spotage” markalı, **-ZN-*** qeydiyyat nişanlı minik avtomobili onu vurmuşdur. Onu vuran həmin avtomobil sürücüsünün adının İlqar olduğunu sonradan bilmişdir. Hadisədən sonra oraya gəlmiş təcili yardım maşını onu Quba RDMnə gətirmişdir. Burada ona zəruri tibbi yardım göstərilmişdir. Dizindən aldığı xəsarətlər spesefik olmaqla daha keyfiyyətli tibbi yardım almaq üçün “Bona Dea” hospitalına müraciət etmiş və əməliyyat olunmuşdur. Uzun müddət yataq şəraitində müalicələr almış və yalnız iyul ayında sərbəst qaydada ayağını hərəkət etdirə bilmişdir. İlqar hadisədən dərhal sonra və müalicə müddətdində onunla maraqlanmamışdır. Mülki iddia üzrə cəmi 59984.66 manat tələb edir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək, mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsi iqaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş və yol-nəqliyyat hadisəsi yerinə baxış aparılmasında hal şahidləri Şahid2 və Şahid1 baxış protokolunda göstərilən xüsusatları təsdiq etmişlər. Əlavə edərək Təqsirləndirilən şəxs tərəfindən hadisə yerinə çağırıldıqlarını və Zərərçəkmiş şəxs köməklik təklif etdiklərini bildirmişlər. İş materiallarında yol-nəqliyyat hadisəsi yerinə keçirilmiş baxış zamanı tərtib edilmiş protokoldan, ona əlavə edilmiş sxem və foto cədvəldən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş video görüntülərdən, eləcə də sonuncudan götürülmüş qan nümunəsinin məhkəməbioloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 3659/K №-li rəyi ilə müəyyən edilmişdir ki, həmin hadisə yeri Quba şəhəri H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəsişdiyi yerdə, S.Vurğün küçəsində yerləşir. Hadisə yerində yol ikitərəfli, asfaltbeton örtüklü və quru olub eni 7,0 metr təşkil edir. Yolda sürücünün görmə qabiliyyətini məhdudlaşdıran heç bir maneə yoxdur. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “KİA SPORTAGE” markalı AZ **-ZN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində Quba şəhəri H.Əliyev prospekti ilə gələrək S.Vurğun küçəsinə sola dönmə istiqamətində hərəkətdə olmuş və bu zaman həmin küçənin sol hərəkət hissəsi ilə düzünə adi yerişlə piyada hərəkət edən və H.Əliyev prospekti istiqamətindən yolun əks tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq onun xəsarətlər almasına səbəb olmuşdur. Sürücü Təqsirləndirilən şəxs bildirməsinə görə “o, idarə etdiyi maşınla S.Vurğun küçəsinə dönmə edərkən avtomobilinin sürətini aşağı etmiş və piyadanı vuran anda idarə etdiyi maşının sürəti saatda 10 kmdən artıq olmamışdır. Həmin piyadanı vurmazdan qabaq sonuncunun yolu keçmək istədiyini gördükdə isə onların arasında təxminən 1,5 metr məsafə olmuşdur”. Maşının S.Vurğun küçəsində piyadanı vurduğu nöqtədən yolun sol kənarına kimi 1,3 metr, sağ kənarına kimi isə 5,7 metr məsafə vardır. Hadisə yerində avtomobilə aid tormoz və ya təkər izlərinin olmasını, eləcə də hər hansı hissə, predmet və yaxud yağ ləkələri aşkar edilməmişdir. Hadisə anında həmin maşında sərnişin və yaxud yük olmamışdır. Hadisə anında sürücü Təqsirləndirilən şəxs içkili olmamışdır. Onun avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsi və maşına aid zəruri texniki sənədləri də vardır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 04 noyabr 2023-cü il tarixli 780 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər - sol baldır sümüklərinin yuxarı 1/3dən qapalı oynaqdaxili çoxqəlpəli yerdəyişən sınığı olub, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 05 oktyabr 2023-cü il tarixdə yetirilməyə uyğun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 05 fevral 2024-cü il tarixli 8/236 №-li rəyindən göründüyü kimi, “Kia Spotage” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edilib keçirlmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 19 oktyabr 2024-cü il tarixli 3659/K №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qan nümunəsində etil spirti aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı təyin edilərək keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 iyun 2024-cü il tarixli T350/2024 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol qamış sümüyünün proksimal metafizinin oynaqdaxili çoxqəlpəli, incik sümüyü başının qapalı, qəlpəli yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi materialına əlavə olunmuş Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı AE 601617 nömrəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərvurmaya səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri S.Vurgun küçəsi ev 54-də daimi pasport qeydiyyatında olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 85 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ilə müraciət edərək, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi müalicə və reabilitasiya xərclərinə görə 11.998,66 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi reabilitasiya xərclərinə görə 1365 manat, baxıcı xidmətinə görə 800 manat, əmək qabiliyyətini itirdiyinə görə 39.100 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 1500 manat, 221 manat məbləğində dövlət rüsumu, mənəvi zərərə görə 5.000 manat olmaqla ümumilikdə 59.984,66 manat məbləğində pulun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə mülki iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və “BONA DEA” Klinikasının mədaxil qəbzindən və digər qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs müalicə və reabilitasiya üçün ümumilikdə 11.998,66 manat vəsait xərclənmişdir. İş materiallarında olan hüquqi yardımın göstərillməsi haqqında 11 iyul 2024-cü il tarixli, 744 saylı müqavilədən görünür ki, Zərərçəkmiş şəxs müdafiəçinin məhkəmədə hüquqlarını müdafiə etməsi üçün 1500 manat ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs mülki iddia tələbi üçün 221 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki iddiaçı və Zərərçəkmiş şəxs baxıcı xidmətinə görə 800 manat ödədiyini iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki qeyd olunan hissədə iddia təmin oluna bilməz. Həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs müalicə olunduğu müddət ərzində əmək qabiliyyətini itirdiyinə görə işləmədiyi dövr üçün 39.100 manat məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs müalicə olunduğu müddət ərzində əmək qabiliyyətini itirdiyinə görə işləmədiyi dövr 9 ay müəyyən edilir və əvvəlki illər üzrə gəlirlər nəzərə alınmaqla orta aylıq 2500 manat gəlir halında cəmi 22.500 manat məbləğ mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmalıdır. Belə ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi əvvəlki illərə dair qəbzlərlə onun illik əmək haqqının 17000 – 23.000 ABŞ dolları civarında olduğu müəyyən edilmişdir. Bundan başqa, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs mənəvi zərərə görə 5.000 manat məbləğində pulun alınmasını tələb etsə də, Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə mənəvi zərərə görə 1.000 manat tutulmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Beləkiklə, məhkəmə hesab edir ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi müalicə və reabilitasiya xərclərinə görə 11.998,66 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi reabilitasiya xərclərinə görə 1365 manat, əmək qabiliyyətini itirdiyinə görə 22.500 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 1500 manat, 221 manat dövlət rüsumu, mənəvi zərərə görə 1.000 manat olmaqla ümumilikdə 38584,66 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi müalicə və reabilitasiya xərclərinə görə 11.998,66 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi reabilitasiya xərclərinə görə 1365 manat, əmək qabiliyyətini itirdiyinə görə 22.500 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 1500 manat, 221 manat məbləğində dövlət rüsumu, mənəvi zərərə görə 1.000 manat olmaqla ümumilikdə 38584,66 manat məbləğində pul Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar