Məhkəmə qərarları › İş №1(027)-72/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-72/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-72/2023 05.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 15 radələrində Quba rayonu, 1ci Nügədi kəndində yerləşən birgə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs saçlarından tutub dartışdırmaqla yumruq və kəllə ilə sifətinə, təpiklə də bədəninə vurmaqla ona baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançır-hematoma, döş qəfəsinin arxa səthində sıyrıqlardan ibarət dərəcəsinə görə sağlamlığına qısa müddətdə pozğunluq törədən xəsarətlər yetirərək onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra, arvadı Rəsimiyyənin 10 gün əvvəl səbəbsiz yerə evdən çıxaraq qızının evinə getməsini xatırlamış, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı içkili olduğu üçün arvadı Rəsimiyyənin üzərinə gedərək yumruqla əvvəlcə onun başına vuraraq yerə yıxmışdır. Yerdə olarkən arvadını söyərək əli ilə onun saçlarından tutub dartışdırmış, daha sonra isə ayaqüstə qaldırıb kəllə ilə bir dəfə alnından zərbə vurmuşdur. Sonradan isə yumruqla sifət və burun, təpiklə də bədəninə vuraraq döymüş. Həmin vaxt evə gələn oğlu Tomris onu kənara çəkərək sakitləşdirmişdir. Mübahisə zamanı arvadı Rəsimiyyə onu vurmamış, xəsarət yetirməmişdir. Münaqişə birgə yaşadıqları evdə baş vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində birgə yaşadıqları evdə olarkən əri Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdən sonra, sərxoş halda ondan 10 gün öncə qızının yaşadığı evinə getməsinin səbəbini soruşmuş və bu zəmində aralarında mübahisə yaranmışdır. Həmin vaxt əri əvvəlcə onu söyməyə başlamış, sonra isə üzərinə gələrək yumruqla başına vurub onu yerə yıxmışdır. Yerdə olarkən Əfqan əli ilə onun saçlarından tutub dartışdırmış, sonra isə qaldıraraq kəllə ilə alın nahiyyəsindən zərbə endirərək yenidən yerə yıxmışdır. Yerdə olarkən Əfqan yumruqla onun burun nahiyyəsinə, təpiklə isə bədəninin digər nahiyyələrindən vuraraq xəsarət yetirmişdir. Daha sonra sol əlinin ortancıl barmağını da burmuşdur. İfadəsinin sonunda X2 əməli törətmiş şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 22 fevral 2023-cü il tarixli, 146 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançır-hematoma, döş qəfəsinin arxa səthində sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; İş materiallarında olan Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İ Nügədi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 Şəxs Quba Rayon X3 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar