Məhkəmə qərarları › İş №1(027)-72/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-72/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-72/2024 07.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il Quba rayonu Buduq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayonu, Buduq kəndində qeydiyyatda olmaqla Quba rayonu Qaraçay kəndində yaşayan, Quba rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilimiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Quba rayonu Qaraçay kəndində yol kənarında “supermarket” adlı mağazanın yaxınlığında heç bir səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs ət doğrayıb satdığı masanın üzərində olan mətbəx bıçağını götürrüb sonuncunu qəsdən vuraraq Zərərçəkmiş şəxs belində solda bir-birinə yaxın iki yerdə boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənən xəsarətlər yetirərək sağlamlığın qısa müddət pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vuraraq silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, Elvin yol kənarında qəssabçılıqla məşqul olur. Hadisədən bir müddət əvvəl kəndlərində təşkil edilmiş toy məclisində Elvinlə aralarında dava dalaş olmuşdur. 26 noyabr 2023-cü il tarixdə, saat təxminən 13 radələrində yaşadığı Quba rayonu, Qaraçay kəndi ərazisində yolun kənarı ilə evə gedən zaman yol kənarında ət kəsib satan Elvinlə rastlaşmışdır. Elvinlə söhbət edən zaman, bir müddət əvvəl toy şənliyində aralarında baş vermiş mübahisə ilə əlaqədar aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Elvin, onun ünvana nalayiq ifadələr işlətdiyi üçün Elvinin üstünə gedib hərəkətlərinə son qoyması üçün onun yaxasından tutmuşdur. Həmin vaxt Elvində onun yaxasından tutmuş və onlar əlbəyaxa olan zaman, Elvinin ət doğrayıb satdığı masanın üzərində olan və sonuncuya məxsus bıçağı anidən əlinə götürüb həmin bıçaqla Elvinin bel nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Bundan sonra, onlar aralaşmış və Elvin, ondan bıçqla onu vurub-vurmadığını soruşduqdan sonra, onlar yaxınlıqda olan Elvinin qardaşı evinin həyətinə keçmişlər. Həyətdə Elvin əynindəki köynəyi yuxarı çəkmiş və Elvinin belinin sol nahiyəsindən qan gəldiyini görmüşdür. Bundan sonra Elvin yaxınlıqda olan ata evinə getmiş o, isə öz yaşadığı evə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını bildirib onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 bildirmişdir ki, Quba rayonunun Qaraçay kəndində yaşadığı evin qarşısından keçən Bakı-Quba magistral yolunun kənarında xırda buynuzlu heyvan kəsib satmaqla qəssablıq edir. Təqsirləndirilən şəxs onun həmkəndlisindir. Hadisə baş verməmişdən bir neçə gün əvvəl kəndlərində təşkil edilmiş toy məclisində Elvinlə aralarında münaqişə olmuşdur. 26 noyabr 2023-cü il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evin qarşısında ət satan zaman Təqsirləndirilən şəxs yol kənarı ilə gəlib ona yaxınlaşmışdır. Elvinlə bir neçə gün əvvəl toy məclisində aralarında olan mübahisəni müzakirə edərkən, Elvin ondan “sən ortaq tanışlarımızın yanında mənim ünvanıma söyüş söymüsən?” deyə soruşmuşdur. O da Elvinə “kimin yanında söymüşəm? Həmin adamın adını denən gedək aydınlaşdıraq” demişdir. Bu zaman Elvin anidən ət kəsib satdığı masanın üzərindən bıçaqı götürüb onun bel nahiyyəsinə zərbələr endirməyə başlamışdır. O, ilk öncə Elvinin onu bıçaqla vurmasını anlamamışdır. Sonra əlini belinə vurduqda əli qana batdığı üçün Elvinlə birlikdə yaxınlıqda yerləşən qardaşına məxsus evin həyətinə keçmişlər. Həyətdə paltarını qaldırıb belinə baxdıqda belindən qan gəldiyini görüb, Elvinə “sakitcə buradan uzaqlaş, heçkim sənin məni bıçaqla vurmağını bilməsin” deyib yola çıxaraq yaşadığı evə getmişdir.. Evdə olarkən bel nahiyyəsində ağrılar olduğu üçün Quba RDM-na getmiş və həkimlər ona tibbi yardım göstərmişlər. İfadəsinin sonunda zərərçəkmiş şəxs X2 Təqsirləndirilən şəxs bağışladığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba RMX-da təcili tibbi yardım şöbəsinin feldşeri vəzifəsində çalışır. 26 noyabr 2023-cü il tarixdə Quba RMX-da təcili tibbi yardım şöbəsində növbədə olmuşdur. Həmin gün günorta saatlarında bir nəfər vətəndaş sol bel nahiyəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Həmin şəxs, sonradan tanıdığı Quba rayonu Qaraçay kəndində yaşayan Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs qanaxmaları çox olduğundan və bıçaq zərbələrinin daxilə nüfuz etməsi şübhəsi yarandığından dərhal əməliyyata alınmışdır. Lakin, əməliyyat zamanı bıçaq yaraları təftiş olunmuş və həmin yaraların boşluğa nüfuz etməyib daxili orqanları zədələməməsi müəyyən edilmişdir. Sonra isə həmin xəstə RMX-da bir neçə gün stasionar müalicə almış və kafi vəziyyətdə evə buraxılmışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmətibb ekspertizasının 05 dekabr 2023-cü il tarixli 971 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - belində dolda bir-birinə yaxın iki yerdə boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti 26 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, baxış zamanı götürülmüş bir ədəd bıçaq maddi sübut kimi tanınmaqla, saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb-ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmaqla 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilimişdir İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, qeydiyyatsız olaraq Quba rayonu Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyin Qaraçay kəndində ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Quba rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmündən əvvəl, yəni 26 noyabr 2023-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlı təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan subutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınaraq onun barəsində qətimkan tədbiri seçilməmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (bir) gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 08 (səggiz) ay 28 (iyirmi səggiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar