Məhkəmə qərarları › İş №1(027)-74/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-74/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-74/2023 31.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba şəhəri, Fətəlixan küçəsi, ev 14-B, mənzil 6-da qeydiyyatda olan, Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 198-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Quba şəhəri, Heydər Əliyev prospektində işlətdiyi “Barsa” telefon mağazasına xarici şirkətlərdən telefonlar gətirib alqı-satqısını təşkil etməklə ona xeyir verəcəyi barədə yalan vədlər verib aldadaraq vahid qəsdlə 2019-cu ilin dekabr ayının axırlarından 2021-ci ilin avqust ayının axırlarınadək olan müddət ərzində müxtəlif vaxtlarda Quba şəhəri, 233-cü Atıcı diviziya küçəsi və Quba şəhəri, Heydər Əliyev prospektində 44491 manat pulunu aldatma və etibardan sui-istifadə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 44491 (qırx dörd min dörd yüz doxsan bir) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 15 ildir tanıyır və normal münasibətləri olmuşdur. 2017ci ilin yay aylarından Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Barsa” telefon satışı mağazasını işlətmişdir. Mağazanı işlətməyə başladıqdan bir müddət sonra, Zərərçəkmiş şəxs ticarət işinə pul yatırması barədə təklifini qəbul etmişdir. Zərərçəkmiş şəxs 3 il ərzində, yəni 2017- 2020-ci illərdə 20000, 15000, 10000, 20000 manat məbləğlərində 4 dəfə olmaqla ümumilikdə onun mobil telefon alışı-satışı biznesinə 65000 manat məbləğində pul qoymuşdur. Natiq onun biznesinə pul yatırdıqdan sonra, telefon satışından əldə edilən gəlirin hər ay yarıba-yarı bölünməsi barədə razılığa gəlmişlər. Bundan sonra, birgə işlədikləri dövrdə, hər həftə Zərərçəkmiş şəxs 1000-1500 manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs onun 54300 manat məbləğində pulunu ələ keçirməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki o, Natiqin onun mobil telefon alışısatışı biznesinə yatırdığı pulun əsas hissəsini o, Zərərçəkmiş şəxs qaytarmışdır. mal alıb satışını təşkil etməsi üçün verdiyi pulların hamısını ona ödəmişdir. Eyni zamanda birgə işlədikləri dövrdə əldə olunan gəlirin xeyli hissəsi də ona ödənilmişdir. 2020-ci ilin mart ayından etibarən işləri zəifləmişdir. Belə ki, həmin vaxt “Kovid-19” xəstəliyi ilə əlaqədar elan olunmuş pandemiya dövründə bəzi telefon alan müştərilər onun mağazasından nisyə götürdükləri telefonların pulu ödəyə bilməmişlər. Həmin müştərilərdən X15 onun mağazasından nisyə götürdüyü mobil telefonların pulunu ödəməməsi nəticəsində 17700 manat borcu, X1 3718 manat borcu, Şahid2 Şıxbaba oğlunun 2137 manat borcu, X5 550 manat borcu, Şahid3 400 manat borcu, Şahid5 280 manat borcu, X10 960 manat borcu, X7 350 manat borcu, X2 350 manat borcu. X6 552 manat borcu, X8 1270 manat borcu, X9 2137 manat borcu, X11 330 manat borcu, X3 378 manat borcu, X4 384 manat borcu, Şahid4 700 manat borcu, Vüsal adlı şəxsin 3090 manat borcu. Ayaz Məmmədovun 350 manat borcu. Şahid6 1100 manat borcu, Novruz Qabilovun 200 manat borcu, Niyaməddin adlı şəxsin 336 manat borcu, Orxan adlı şəxsin 305 manat borcu, Rəşad adlı şəxsin 290 manat borcu yaranmışdır. Həmin şəxslərin onun mağazasına verəcəyi borcların məbləği 37312 manat təşkil edir. Həmin dövrdə pandemiya ilə əlaqədar işlətdiyi mağaza fəaliyyət göstərməmişdir. Ticarət işləri gəlir gətirmədiyi üçün həmin vaxtdan Zərərçəkmiş şəxs ilə aralarına mübahisə yaranmışdır. Belə ki, Natiq onu gəlir əldə olunduğu halda onunla bölüşməməkdə günahlandırmışdır. Əslində isə həmin dövrdə gəlir əldə olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və hazırda Zərərçəkmiş şəxs olan borcunu ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyi edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərər çəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin axrlarında Quba şəhərində yerləşən “Barsa” telefon satış mağazası işlədən Emin Əliyarov adlı şəxslə münasibəti yaranmışdır. Əmin onu inandırmışdır ki, telefon satışı ilə məşqul olan şirkətlərdən orijinal telefonlar alıb gətirir. Bu istiqamətdə əlaqələri çoxdur və telefon biznesini genişləndirmək istəyir, lakin müəyyən vəsatilərin qoyulmasına ehtiyac vardır. Həmin vaxt Əmin onun biznesinə pul qoyacağı təqdirdə əldə olunan gəlirə şərik olmağı ona təklif etmişdir. Əminə inandığı üçün onunla razılaşmışdır. Həmin vaxtdan Əminin biznesinə 54300 manat məblığində pul yatırmışdır. Həmin pulu müxtəlif tarixlərdə hissə hissə olaraq Əminə vermişdir. İlk vaxtlarda Əmin ona hər həftə sonu müəyyən qədər məbləğdə pul versədə sonradan verməmişdir. Ümümiyyətlə yatırdığı pulların müqabilində gözlədiyi gəliri əldə edə bilməmişdir. Əmin hər dəfə ona gəlir əldə olmadığını bildirərək onu aldatmış və nəticə etibarı ilə əldə edilən gəliri gizlətməklə onun verdiyi pulları mənimsəmişdir. O, pulu Əminə verərkən onların yanında başqa şəxslər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər birlikdə işləmişlər. X32 şəhərində “Barsa” telefon mağazasını işlətməyə başlatmışdır. 2020-ci ilin iyun ayında Əmin telefon satışı üçün ona müştəri tapmasına köməklik gösərməsini ondan xahiş etmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən hər satılan telefonun müqabilində Əmin ona 20-30 manat məbləğində zəhmət haqqı verəcəyinə soz vermişdir. Bundan sonra o, Əminə kredit yolu ilə mobil telefon almaq istəyən müştərilər tapmışdır. Tapdığı müştərilər ilə telefon seçimini, qiyməti və ya kredit yolu ilə alınmasını Əmin özü ilə razılaşmışdır. Kredit yolu ilə satılan bütün telefonların ilkin ödənişi Əmin özü almışdır. Ümumiyyətlə o, Əminlə 2020-2021-ci illər ərzində işləmişdir. Əminə bu dövr ərzində 74 müştəri tapmışdır. Onların Əmindən aldığı mobil telefonların pulunun ödənilməsi ilə bağlı onun hər hansı bir məsuliyyəti olmamışdır. Əminlə aralarında olan razılığa əsasən onun gətirdiyi müştəriyə satılan telefonların hər birinə qiymətindən asılı olaraq ona 20-30 manat məbləğində pul verilmişdir. Sonradan ona məlum olmuşdur ki, apardıqları müştərilərin çoxu pandemiya dövründə kreditə götürdükləri telefonların pulunu Təqsirləndirilən şəxs ödəyə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun onun uzaq qohumudur. Təqsirləndirilən şəxs Quba şəhərində “Barsa” adlanan telefon mağazası vardır. 2020-ci ilin avqust ayında o, özü üçün mobil telefon almaq istəmiş və Təqsirləndirilən şəxs kreditlə təxminən 1100 manat məbləğində “Honor 9” markalı mobil telefon almışdır. İlkin ödəniş olaraq Əminə 150 manat pul ödəyib, həmin telefonu kreditə hər ay 70 manat pul ödəmək şərti ilə almışdır. Lakin sonradan pandemiya dövründə kreditlə aldığı telefonun pulunu ödəyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Quba şəhərində “Barsa” adlanan telefon mağazasını işlədir. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs kreditlə 02 ədəd “Redmi Note 8” markalı mobil telefon almışdır. İlkin ödəniş olaraq Əminə hər mobil telefon üçün 100 manat, ümumilikdə 200 manat pul ödəmişdir. Hər ay Təqsirləndirilən şəxs hər telefon üçün 50 manat pul ödəməli olmuşdur. Onlar razılaşmışlar ki, 6 ay müddətində Əminə hər iki mobil telefon üçün 50 manat, yəni ümumilikdə 100 manat pul ödəsin. Pandemiya dövrü olduğu üçün Əmindən götürdüyü telefonların pulu vaxtında ödəyə bilməmişdir. Sonradan Əminin işlətdiyi mağazadan kreditlə götürdüyü 02 ədəd “Redmi Note 8” markalı mobil telefonun bütün kreditlərini ödəyib bağlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirməklə Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba “Asan Xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli 05/09İS/088226-23 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Fətəlixan küçəsi, ev 14B, mənzil 6-da qeydiyyatda olmaqla himayəsində iki azyaşlı uşağı (xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X14) vardır. İş materiallarında olan Quba rayon İcra hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinin sanksiyası - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edərək, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla 2 (iki) ay 3 (üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev qustaqlığı qətimkan tədbirinin müddəti barəsində olan cinayət işi üzrə qərar qəbul edilənədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə olduğu və ev dustaqlığında olduğu cəmi 04 ay 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və ona təyin edələcək cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin ediləcəyi nəzərə alınmalı və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, müsadirə olunası əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə olduğu və ev dustaqlığında olduğu cəmi 04 (dörd) ay 01 (bir) gün müddət nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən təyin edilmiş cəza yüngülləşdirilməklə, üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia verilməmişdir, maddi subut, məhkəmə xərci və müsadirə ediləsi əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar