Məhkəmə qərarları › İş №1(027)-75/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-75/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-75/2021 30.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1979-cu ildə Quba rayonunun İspik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmayan, Quba rayonunun Zərdabi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 08.02.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 13,584 qram çəkidə narkotik maddə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış və daşımış, 07 fevral 2021-ci il tarixdə saat 01 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Zərdabi kəndində yerləşən X2 işlətdiyi kafeyə əynindəki gödəkçənin sol yan cibində daşıyıb gətirdiyi təmiz çəkisi 13,584 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, Quba rayonu Zərdabi kəndində yaşayır, evlidir və himayəsində bir azyaşlı qız övladı var. 06 fevral 2021-ci il tarixdə tanışları ilə birlikdə kəndlərində yerləşən və həmkəndlisi Şahid4 icarə əsasında işlətdiyi kafeyə getmişdir. Evdən çıxarkən özündə olan salafan parçasına bükülü vəziyyətdə saxladığı marixuananı götürmüşdür. Kafedə Elnurdan başqa həmkəndliləri Şahid3 və onun Abas adlı qohumu olmuşdur. Onlar bir masa arxasında oturub yeyib-içən zaman 07 fevral 2021-ci il tarixdə gecə saat 01 radələrində kafeyə mülki geyimdə iki nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşlarını görüb oturduğu yerdən ayağa qalxıb, cibində olan selofan bükülüsündə olan narkotik vasitəni çıxardaraq otağın pəncərəsinin kənarına qoymaq istədikdə, polis əməkdaşları onun hərəkətindən şübhələnib onu yaxalamışlar. Ondan selofan bükülüdə nə olduğu soruşulduqda o, çarəsiz qalıb həmin selofan bükümdə nəşə, yəni qurudulmuş marixuana olmasını etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları Quba rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edib məlumat vermişlər. Bundan sonra, kafeyə digər polis əməkdaşları da gəlib ona müdafiəçi təqdim edərək üzərinə baxış keçirmişlər. Baxış zamanı ondan aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür.İfadəsinin sonunda Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlu əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır. 06 fevral 2021-ci il tarixdə saat 23 radələrində evinə qonaq gəlmiş dayısı oğlu Şahid6la birlikdə yeyib-içmək məqsədi ilə kəndlərində yerləşən Şahid4 kafesinə getmişlər. Onlar kafeyə getdikdən sonra, həmkəndlisi Təqsirləndirilən şəxs da gəlib onlarla bir süfrə arxasında oturmuşdur. Təxminən saat 00:30 radələrində yeyib-içməyi qurtarıb ayağa qalxdıqları zaman kafeyə mülki geyimdə iki nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşlarını gördükdə Əlisəfər cibindən selofan bükülünü çıxarıb atmaq istədikdə, polis əməkdaşları bunu görüb Əlisəfərin əlində olan həmin selofan bükülünü götürmüşlər. Həmin vaxt Əlisəfər bildirmişdir ki, selofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan sonra, kafeyə gəlmiş digər polis əməkdaşları vəkilin iştirakı ilə Əlisəfərin üzərində axtarış aparmışlar. Sonra polis əməkdaşları Əlisəfərdən aşkar edilib götürülmüş narkotik maddəyə bənzər kütləni tərəzidə çəkərək qablaşdırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verərək, göstərilən xüsusarları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 07 fevral 2021-ci il tarixdə gecə saat 01 radələrində şöbənin PPXB-nün polis nəfəri Əlislamov Pərvizlə birlikdə Quba rayonu Zərdabi kəndində xidmətdə olduqları vaxtı həmin kənd sakini Şahid4 işlətdiyi kafenin açıq olduğunu görüb, xüsusi karantin rejimi pozulduğuna görə kafeyə daxil olduqda bir nəfərin kafenin dəhlizində olduğunu, üç nəfərin isə kafenin otaqlarının birində əyləşdiyini aşkar etmişlər. Həmin otağa daxil olduqda, otaqda olan şəxslərdən biri əlindəki selofan bükümünü pəncərədən çölə atmaq istədiyini görüb həmin salafan bükümünü onun əlindən almışlar. Salafan bükümündə olan yaşıl kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşadığına görə həmin şəxsdən bunun nə olduğunu soruşduqda, həmin şəxs bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını və narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs Zərdabi kənd sakini Təqsirləndirilən şəxsdur. Digər şəxslərin şəxsiyyətləri müəyyən edildikdə məlum olmuşdur ki, onlardan biri Zərdabi kənd sakini Şahid4, digəri həmin kənd sakini Şahid3, o biri şəxs isə Bakı şəhərindən həmin kəndə qonaq gəlmiş Şahid6 Firuz oğludur. Sonra, Quba rayon polis şöbəsinn rəhbərliyinə məruzə olunmuşdur. Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu gələrək Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunub videoçəkilişdən istifadə edilməklə aşkar olunmuş həmin narkotik vasitə tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Fizuli oğlu və Şahid1 şahid X7 ifadəsinə uyğun ifadə verərək, göstərilən xüsusarları təsdiq etmişlər. İş materialında olan məhkəmə- bioloji ekspertizasının 07 fevral 2021-ci il tarixli 7/167 saylı rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə bir sedllofan torbada təmiz çəkisi - 13,584 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların təmiz çəkisi 13,584 qram,tədqiqata sərf edildi 0,02 qram qalıq 13,564 qramdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkolji Mərkəzinin Ambulator X4 ekspertizasının 11.03.2021-ci il tarixli 769 nömrəli rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1979-cu ildə Quba rayonu Zərdabi qəsəbəsində anadan olmuş Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan AZ-İ N 267148 nömrəli, 12.05.2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Xıdırov Təqsirləndirilən şəxs Zəhra Əlisəfər qızının atası hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun barəsində 08 fevral 2021-ci il tarixdя “polisin nяzarяti altыna vermя haqqыnda” qяtimkan tяdbiri seчilmiшdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun 07 fevral 2021-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Məmmədhüseyn oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 13,564 qram qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlundan 66 (altmış altı) manat 46 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun 07 fevral 2020-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Məmmədhüseyn oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 13,564 qram qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlundan 66 (altmış altı) manat 46 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Məmmədhüseyn oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar