Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-76/2021 08.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Mikayil oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Quba rayonu, Susay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Quba Rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli 1(027)-62/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-vü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayonu, Susay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədilə Quba şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Quba şəhəri, Dəvədabanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olub, oradan bir ədəd 450 manat dəyərində velosipedi, 1 cüt 60 manat dəyərində kişi ayaqqabısını, 1 cüt 40 manat dəyərində kişi ayaqqabısını oğurladıqdan sonra, vahid niyyətlə həmin gün saat 21:40 radələrində eyni həyətdə yerləşən Quba şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olub, oradan bir ədəd 200 manat dəyərində “Panasonic” markalı tozsoran, bir ədəd 70 manat dəyərində “Black&Decker” markalı tozsoran, bir ədəd 45 manat dəyərində “TP-Link” markalı modern aparatı, bir ədəd 50 manat dəyərində televizor üçün TV-Tuner aparatı gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə ümumilikdə 365 (üç yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 08.02.2021-ci il tarixdə yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən mağazaya getmiş və oradan özünə alkoqollu pivə alıb içmişdir. Təxminən saat 21 radələrində yaşadığı evdən vintaçan götürüb Fuadın və Zərərçəkmiş şəxs2 Quba şəhəri, Dəvədabanı qəsəbəsində yerləşən evinin yanına getmişdir. Belə ki, o, əvvəldən Fuad və Mikayılin yaşadıqları evdə olmadıqlarını, Quba şəhərində yerləşən evlərində olduqlarını, onların Quba şəhəri, Dəvədabanı qəsəbəsində yerləşən evə gec-gec gəlib getdiklərini bilmişdir. Fuad və Mikayilin evləri ayrıdır və hər iki ev bir həyətdə yerləşir. Hasardan atlayıb həyətə daxil olmuş, ilkin olaraq Fuadın evinin birinci mərtəbəsində yerləşən pəncərəni vintaçanla açmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra içəri daxil olmuşdur. Evin otaqlarını gəzdikdən sonra evdə olan velosipedi oğurlamaq qərarına gəlmişdir. Həmin velosipedi pəncərədən çıxara bilməyəcəyi üçün sürüb evin giriş qapısından çıxarmış və yenidən içəri qayıdıb qapını bağlamışdır. Oğurluq etmək üçün daxil olduğu pəncərənin yanına gəlmiş, bu zaman gördüyü 2 cüt kişi ayaqqabısını da oğurlayıb pəncərədən həyətə çıxmış və pəncərəni örtmüşdür. Velosipedi və iki cüt kişi ayaqqabısını hasarın yanına qoymuş və Mikayılın evinə tərəf getmişdir. Eyni üsulla, yəni vintaçanla evin birinci mərtəbəsində yerləşən pəncərəni itələyib açmış və pəncərədən içəri daxil olmuşdur. Mikayilin evini gəzdikdən sonra həmin evdən 01 ədəd “Panasonic” markalı tozsoran, 01 ədəd balaca tozsoran, 01 ədəd modem aparatı və 01 ədəd Tv-tuner aparatını oğurlayıb pəncərənin yanına gətirmişdir. Oğurladığı əşyaları pəncərədən həyətə düşürüb hasarın yanında saxladığı digər əşyaların yanına aparmışdır. Velosipeddən başqa digər əşyaları evdən götürdüyü çantalara yığmış, daha sonra velosipedə əyləşib oğurladığı digər əşyalarla birgə oradan uzaqlaşmışdır. Oğurluq etməyini ailə üzvlərinin bilməməsi üçün həmin əşyaları yaşadığı evin yaxınlığında olan dayısı Mahirə məxsus tikilinin yanında gizlətmişdir. Növbəti gün velosipedi 95 manata Şahid satmış, əldə etdiyi pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. 22.02.2021-ci il tarixdə polis əməkdaşları onu saxlamış və o, törətdiyi oğurluğu etiraf etmiş, oğurladığı əşyaları təhvil vermiş və velosipedi satdığı yeri göstərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, hadisəni içkili vəziyyətdə törətmiş, hazırda törətdiyi əməldən şox peşimandır. Maddi vəziyyəti pis olduğundan bu cür addım atmışdır. Həbsdə olduğu müddət ərzində tam islah olunmuşdur və gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir. Hazırda zərərçəkmiş şəxslərlə barışdığını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını qeyd edərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə dindirilərkən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, göstərdi ki, onun Quba şəhəri, Dəvədabanı qəsəbəsində özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evi vardır. Ailə üzvləri ilə birlikdə Quba şəhəri 32/33-cü məhəllədə yerləşən evində qalır. Dəvədabanı qəsəbəsində yerləşən evində isə yalnız yay aylarında qalır. 20.02.2021-ci il tarixdə səhər saatlarında Dəvədabanı qəsəbəsində yerləşən evinə baxmaq üçün gəlmiş, evin birinci mərtəbəsində olan pəncərələrdən birinin açıq olduğunu görmüşdür. Açarı ilə evin giriş qapısını açıb mənzilə daxil olmuşdur. Mənzildən oğurluq olub-olmadığını yoxlamaq üçün evin içərisində olan əşyalara baxmış, evin birinci mərtəbəsində saxladığı “Leevay Formula” markalı velosipedin olmadığını aşkar etmişdir. Həmin velosipedi 2020-ci ilin iyul ayında 450 manata almışdır. Daha sonra iki cüt ayaqqabının da yerində olmadığını aşkar etmişdir. Oğurlanmış ayaqqabılardan bir cütünü 60 manata, digər cütünü 40 manata 2020-ci ilin yay aylarında almışdır. Ümumilikdə evindən 450 manat dəyərində “Leevay Formula” markalı velosiped və iki cüt ümumi dəyəri 100 manat olan ayaqqabı oğurlanmışdır. Evindən oğurluq olduğunu aşkar etdikdən sonra onunla eyni həyətdə yerləşən atası Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gəlmiş və onun evinin də pəncərisinin açıq olduğunu görmüşdür. Atasına zəng edib çağırmışdır. Atası gəldikdən sonra evə daxil olmuşlar və onun da evindən məişət əşyalarının oğurlandığı aşkarlanmışdır. Bundan sonra onlar birlikdə Quba RPŞ-nə gedib hadisə barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyan tam ödənildiyindən, təqsiləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə digər Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, onun Quba şəhəri, Dəvədabanı qəsəbəsində özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evi vardır. Ailə üzvləri ilə birlikdə Quba şəhəri 32/33-cü məhəllədə yerləşən evində qalır. Lakin Dəvədabanı qəsəbəsində yerləşən evində isə yalnız yay aylarında qalır. 20.02.2021-ci il tarixdə səhər saatlarında oğlu Fuad ona zəng edərək Dəvədabanı qəsəbəsində yerləşən evinin pəncərəsinin açıq olduğunu, həmçinin öz evindən oğurluq edildiyini deyib onu çağırmışdır. O, Dəvədabanı qəsəbəsində yerləşən evinə baxmaq üçün gəlmiş, ikimərtəbəli evin birinci mərtəbəsində olan pəncərələrdən birinin açıq olduğunu görmüşdür. Açarı ilə evin giriş qapısını açıb mənzilə daxil olmuş, mənzildən oğurluq olubolmadığını yoxlamaq üçün evin içərisində olan əşyalara baxmışdır. Evdən 01 ədəd 200 manat dəyərində “Panasonic” markalı tozsoran, 01 ədəd 70 manat dəyərində Black&Decker markalı tozsoran, 01 ədəd 45 manat dəyərində TP-Link markalı modem aparatı, 01 ədəd 50 manat dəyərində televizor üçün TV-Tuner aparatının oğurlandığını aşkar etmişdir. Daha sonra oğlu Fuadla birlikdə Quba RPŞ-nə gələrək baş vermiş hadisə barəsində məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 09.02.2021-ci il tarixdə fəaliyyət göstərdiyi sexdə işləyən zaman saat 16 radələrində Təqsirləndirilən şəxs üzərində “Formula” yazısı olan velosipedlə onun yanına gəlmişdir. Ramin velosipedin təkərlərinin havasının azaldığını və təkərləri hava ilə doldurmağını istəmişdir. Söhbət əsnasında Ramin özü ilə gətirdiyi velosipedi satmaq istədiyini demişdir. Onun sorğu-sualına cavab olaraq Ramin həmin velosipedin oğurluq olmadığını, özünə məxsus olduğunu, 500 manata Bakı şəhərindən aldığını və 150 manata satmaq istədiyini bildirmişdir. O, Raminə 95 manat pul təklif etmiş, sonuncu da razılaşmışdır. O, Ramindən aldığı velosipedi işlədiyi sexdə saxlamışdır. 3-4 gün sonra polis əməkdaşları sexə gələrək velosiped haqqında soruşmuşlar. O, polis əməkdaşlarına həqiqətən də Ramindən 95 manata velosiped aldığını demiş və sexdə saxladığı velosipedi onlara təqdim etmişdir. Həmin vaxt Raminin ona satdığı velosiped özünə məxsus olmadığını, oğurluq mal olduğunu bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda göstərilən talanmış əmlakların dəyəri ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 şikayət ərizəsində ümumi 550 manat, digər Zərərçəkmiş şəxs2 ümumi 365 manat dəyərində əşyalarınının Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini qeyd etmişlər. (iş vər.: 04,06) İbtidai istintaq zamanı müstəntiqin 10.03.2021-ci il tarixli qərarı ilə cinayətin obyekti olmuş bir ədəd velosiped, 2 cüt kişi ayaqqabısı, bir ədəd “Panasonic” markalı elektrik süpürgəsi, bir ədəd “Black&Decker” markalı elektrik süpürgəsi, bir ədəd “TP-Link” markalı modem aparatı, bir ədəd televizor üçün TV-Tuner aparatının 08.02.2021-ci il tarixə olan qiymətinin müyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müstəntiq tərəfindən sözügedən əmlaklar ekspertə təqdim edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08.04.2021-ci il tarixli, 9/2009 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti: bir ədəd qara-qırmızı rəngli, gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, üzərində “X17 Smart” yazıları olan velosiped – 200 manat; 2 cüt qara rəngli kişi ayaqqabısı – hər biri 5 manat olmaqla, cəmi 10 manat; bir ədəd gümüşü rəngli, üzərində “Panasonic MC-5530 Hepa Filter 2000W” yazıları olan tozsoran – 100 manat; bir ədəd qara rəngli üzərində “Black&X13 12V” yazıları olan tozsoran – 40 manat; bir ədəd ağ rəngli “TP-Link” markalı, iki antenalı modem aparatı – 20 manat; bir ədəd qara rəngli, üzərində “Star Track 550 HD” yazıları olan televizor üçün TV- Tuner aparatı – 25 manat və malların ümumi dəyəri təxminən 395 manat müəyyən edilir. (iş vər.: 101-104). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 22.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, həmin qərarla müstəntiq Məhkəmə Ekspertiza Mərkəzinin 08.04.2021-ci il tarixli, 9/2009 nömrəli ekspert rəyini sübut kimi qiymətləndirsə də, Təqsirləndirilən şəxs CM-nın 177.2.3-cü maddəsi ilə verilən ittihamda zərərçəkmiş şəxslərə məhz hansı məbləğdə ziyanın dəyməsi və hansı əsasla bu məbləğin ittihama daxil edilməsi xüsusatlarına hüquqi qiymət verilməmişdir (iş vər.: 153-157). Göründüyü kimi ibtidai istinaq zamanı iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizasının təyin olunmasına və müvafiq ekspert rəyində cinayətin obyekti olmuş mövcud əşyaların faktiki dəyərinin müəyyən edilməsinə baxmayaraq, ibtidai istintaqı aparan müstəntiq tərəfindən toplanmış sübutların qıymətləndirilməsi zamanı bu hallar ümumiyyətlə nəzərə alınmamış və ekspertizanın gəldiyi nəticə ilə zərərçəkmişlərin ifadələrində göstərdikləri məbləğ arasındakı ziddiyyətə hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin: 97-ci maddəsinin təəblərinə görə, ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün kifayət qədər elm, texnika, incəsənət və digər peşə sahələrinə aid xüsusi biliklərə malik olmalıdır. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy vermək hüququnu həyata keçirir; 264.1-ci maddəsinə əsasən, ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır; 331.1-ci maddəsinə görə, məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir; 124.2 və 124.2.2-ci maddələrinə əsasən, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur; 143.1-ci maddəsi tələb edir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Nəhayət, eyni Məcəllənin 145.3-cü mddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qanunun tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası CPM-də cinayət prosesi zamanı ekspertizanın bu sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən keçirilməsinə və müvafiq ekspert rəyinin verilməsinə xüsusi yer ayrılmış, ekspert rəyi sübutlar sırasına aid edilmiş və məhkəmə baxışı zamanı ekspertiza rəyinin sübut kimi qiymətləndirilməsi vurğulanmışdır. Məhkəmə hesab edir ki, hazırki işdə oğurluq yolu ilə ələ keçirilmiş əmlakın dəyəri ilə bağlı ibtidai istintaq zamanı əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 08.04.2021-ci il tarixli, 9/2009 nömrəli ekspert rəyi zərərçəkmiş şəxslərin ifadələrində heç bir sübuta əsaslanmadan göstərdiyi hallara münasibətdə daha mötəbər sübut qüvvəsinə malik olduğundan və həmin rəyin sübut kimi qəbul edilməməsi barədə müstəntiqin hər hansı bir qərarı iş materiallarında mövcud olmadığından, qeyd olunan ekspert rəyində göstərilən qiymətlər hazırki iş üzrə talanmış əmlakın dəyəri kimi götürülməlidir. Həmçinin zərərçəkmiş şəxslərə məxsus əmlakın (arı-ayrılıqda və ya birlikdə) zərərçəkmiş şəxslər tərəfindən vaxtilə faktiki olaraq hansı qiymətə əldə edilməsi barədə sübut nə cinayət işində mövcud deyildir, nədə ki, bunu təsdiq edə biləcək sübütu ittiham tərəfi məhkəməyə təqdim etməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, nə qədər ki, zərərçəkmiş şəxslərə məxsus əşyalarının alış qiymətini müəyyən etmək mümkün deyildir, həmin əmlakların faktiki dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08.04.2021-ci il tarixli, 9/2009 saylı rəyində göstərildiyi kimi müəyyən edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədilə Quba şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Quba şəhəri, Dəvədabanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olub, oradan bir ədəd 200 manat dəyərində qara-qırmızı rəngli, gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, üzərində “X17 Smart” yazıları olan velosipedi, qara rəngli 1 cüt 5 manat dəyərində kişi ayaqqabısını, qara rəngli 1 cüt 5 manat dəyərində kişi ayaqqabısını oğurladıqdan sonra, vahid niyyətlə həmin gün saat 21:40 radələrində eyni həyətdə yerləşən Quba şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olub, oradan bir ədəd bir ədəd 100 manat dəyərində gümüşü rəngli, üzərində “Panasonic MC-5530 Hepa Filter 2000W” yazıları olan tozsoranı, 40 manat dəyərində bir ədəd qara rəngli üzərində “Black&X13 12V” yazıları olan tozsoranı, 20 manat dəyərində bir ədəd ağ rəngli “TP-Link” markalı, iki antenalı modem aparatını, 25 manat dəyərində bir ədəd qara rəngli, üzərində “Star Track 550 HD” yazıları olan televizor üçün TV-Tuner aparatını gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 210 (iki yüz on) manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə ümumilikdə 185 (bir yüz səksən beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla yanaşı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin əmakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: “CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir”. Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş və 01.12.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs gizli talama yolu ilə ələ keçirmiş olduğu əmlakın dəyəri ayrı-ayrılıqda hər bir zərərçəkmişə münasibətdə 210 və 185 manat, ümumi olaraq 395 təşkil etmiş və o, həmin oğurluq cinayətini yaşayış sahəsinə qanunsuz daxil olmaqla törətmişdir ki, bu da onun hərəkətlərində CM-nın 177.2.3-cü maddəsinin tərkibini yaratmış olur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəyən ziyanın tam aradan qaldırılmasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 22.02.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 49-51); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vər.: 72,73); Quba Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 4(027)-13/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22.02.2021-ci il tarixdən hesablanmışdır (iş vər.: 89,90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24.02.2021-ci il tarixli 011-1696-1221 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən müvəqqəti yaşayış olmayan X8 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 04 ədədi ( tədqiqata təqdim edilmiş) xx.xx.2002-ci il tarixdə Quba rayonunda doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, şəhadət, orta və adsız aqlarının əksləri ilə eynilik müəyyən edilmişdir (iş vər.: 93-95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin (məhkəmə daktiloskopik ekspertizası) 22.04.2021-ci il tarixli 21/272R nömrəli ekspert rəyindən görünür ki, 08.02.2021-ci il tarixdə Quba rayonu, Dəvədabanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar 04 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 05 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan əl əksləri müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl barmaq izlərindən 04 ədədi xx.xx.2002-ci il tarixdə Quba rayonunda doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan 01 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin avtomatlaşdırılmış X1 məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir (iş vər.: 141-151); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli 1(027)-62/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 100); Quba Rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli 1(027)-62/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 127-131); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və probasiya şöbəsinin 08.06.2021-ci il tarixli 90/20/05 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli, 1(027)-62 saylı hökmü 15.07.2020-cı il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 15.07.2020-cı il tarixdə Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 07 (yeddi) gün hissəsini çəkmişdir, 04 (dörd) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır. “maddi sübut kimi tanıma haqqında” 08.04.2021-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış əşyalar 01 ədəd velosiped, 01 cüt kişi ayaqqabısı, 01 cüt kişi ayaqqabısı, 01 ədəd “Panasonic” markalı tozsoran, 01 ədəd Black&Decker markalı tozsoran, 01 ədəd TP-Link markalı modem aparatı, 01 ədəd televizor üçün TV-Tuner aparatı ekspertiza icraatından qayıtdıqdan sonra iki ədəd qutuya yığılmış vəziyyətdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mikayil oğlu və Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır (106); 08.04.2021-ci il tarixli qəbzlərdən görünür ki, zərərçəkmiş şəxslərin evlərindən oğurlanmış əşyalar iki ədəd qutuya (ayrı-ayrılıqda) yığılmış vəziyyətdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mikayil oğlu və Zərərçəkmiş şəxs2 qaytarılmışdır (iş vər.: 111,112); Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - atası 06.02.1971-ci il təvəllüdlü X6, anası 24.12.1979-cu il təvəllüdlü X7, qardaşı 12.02.2000-ci il təvəllüdlü X3 ibarətdir (iş vər.: 123); Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Quba rayonu, Susay kəndində doğulmuş, Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayan X2 şəhər ərazisində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 124); Quba RMX-nın 20.04.2021-ci il tarixli 750 nömrəli məktubundan görünür ki, X9 xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 125/a); Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Quba Rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli 1(027)-62/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 04 (dörd) ay 23 (iyirmi üç) gün hissəsi hazırki hökmlə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22.02.2021-ci il tarixdən 08.06.2021-ci il tarixədək həbsdə olduğu müddət – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı ilə 07 (yeddi) ay 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bundan başqa məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd velosiped, 01 cüt kişi ayaqqabısı, 01 cüt kişi ayaqqabısı, 01 ədəd “Panasonic” markalı tozsoran, 01 ədəd Black&Decker markalı tozsoran, 01 ədəd TP-Link markalı modem aparatı, 01 ədəd televizor üçün TV-Tuner aparatın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mikayil oğlu və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 126 (bir yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli 1(027)-62/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 04 (dörd) ay 23 (iyirmi üç) gün hissəsi hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 22.02.2021-ci il tarixdən 08.06.2021-ci il tarixədək həbsdə olduğu müddət – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı ilə 07 (yeddi) ay 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 126 (bir yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış əşyalar - 01 ədəd velosiped, 01 cüt kişi ayaqqabısı, 01 cüt kişi ayaqqabısı, 01 ədəd “Panasonic” markalı tozsoran, 01 ədəd Black&Decker markalı tozsoran, 01 ədəd TP-Link markalı modem aparatı, 01 ədəd televizor üçün TV-Tuner aparatının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mikayil oğlu və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-76/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-76/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver