Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-76/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, himayəsində iki azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, Quba rayonu, Qəcər Zeyid kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından, yəni 0,15 qramdan artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,352 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edərək daşımış və üzərində saxlamış, 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən “Ülviyyə” şadlıq sarayının qarşısında saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,352 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə metamfetaminə məxsus cüzi miqdarda izlər olan bir ədəd borucuq formasında olan pul əskinası ilə bir ədəd şüşə predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, bir ay olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər bir neçə dəfə Xaçmaz rayonunda yaşayan Baba adı ilə tanıdığı şəxsdən psixotrop maddə metamfetamin alıb çəkmişdir. 11 fevral 2023-cü il tarixdə də, saat 21 radələrində özünə məxsus 055- ***-**-** saylı mobil nömrə ilə Babaya məxsus ***-***-**-** telefon nömrəsinə zəng edib onunla danışaraq sonuncunun yaşadığı Xaçmaz şəhərindəki həyət evinin qarşısına gedib 35 manat müqabilində sellofan parçasına bükülmüş, psixotrop maddə metamfetamin almışdır. Babadan psixotrop maddə metamfetamini alıb əynindəki qara rəngli gödəkçənin sol döş cibinə qoyub taksil ilə Quba rayonu, Alekseyevka kəndi ərazisinə gəlib "Ülviyyə" şadlıq sarayının qarşısında düşmüşdür. Şadlıq sarayının çayxanasında çay içib küçəyə çıcdıqdan sonra, Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhəli olduğunu üçün tutulduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən ona müdafiəçi təqdim edildikdən sonra, küçədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol çöl döş cibində saxladığı bir ədəd bükülüdə olan psixotrop maddə metamfetamini, narkotik vasitəni istifadə etmək üçün bir manatlıq əskinasdan düzəltdiyi borucuqu və elektrik lampasını polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o həmin psixotrop maddəni özü istifadə etmək məqsədilə saxlanıldığı və aşkar edilmiş narkotik vasitə metamfetamini iki saat öncə Xaçmaz şəhər sakini Baba adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetamin, bir manatlıq əskinasdan hazırladığı borucuq və şüşə lampa müvafiq qaydada polis əməkdaşı tərəfindən müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, o və vəkili həmin zərfi imzalamışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Quba rayonu, Qəcər- Zeyid kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat aparatına məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Quba rayonu, Alekseyevka kəndi ərazisində “Ülviyyə” şadlıq sarayının qarşısında avtomobil yolunun kənarında saxlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs özünü və digər iştirakçıları təqdim edərək narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olması bildirilərək hüquq və vəzifələrini izah edilib təqdim olunmuş vəkil Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini, buna etirazı olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda, Bəxtiyar üzərində psixotrop maddə metamfetamin olmasını bildirmiş və əynində olan qara rəngli gödəkçənin sol çöl döş cibində saxladığı bir ədəd bükülüdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Təhqiqatçı bükülünü elektron tərəzi ilə çəkdikdə çəkisinin 0,40 qram olduğu müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək həmin cibdən həm də bir manatlıq əskinasdan düzəldilmiş borucuq və şüşədən olan xırda elektrik lampası aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetamin, bir manatlıq əskinasdan hazırlanmış borucuq və şüşə müvafiq qaydada təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili həmin zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2023-cü il tarixli 6/868 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 (bir) ədəd borucuq formasında olan pul əskinasının və 01 (bir) ədəd içərisində izlər olan şüşə predmetin içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetaminin təmiz çəkisi 0,352 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,302 qr İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2023-cü il tarixli 1142 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən “Ülviyyə” şadlıq sarayının qarşısında saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd borucuq formasında olan birmanatlıq pul əskinası və bir ədəd şüşə lampa aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qəcər-Zeyid kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi bir ədəd bağlamada 0,302 qram psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd borucuq formasında olan pul əskinası və 01 (bir) ədəd şüşə lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, dərhal məhkəmə iclasında həbs edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi bir ədəd bağlamada 0,302 qram psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd borucuq formasında olan pul əskinası və 01 (bir) ədəd şüşə lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-76/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-76/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver