Məhkəmə qərarları › İş №1(027)-76/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-76/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-76/2025 08.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İİİ dərəcəli əlil olan, Quba rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı ilə 01 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, 13 dekabr 2024-cü il tarixdə cəza müddəti başa çatmış, Xaçmaz şəhəri, H.Aslanov küçəsi, ev 21-də qeydiyyatda olmaqla Quba rayonu, Rustov kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 8,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2025-ci il tarixdə gecə saat 01 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winston" markalı siqaret qutusunun içərisində olan təmiz çəkisi 8,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, son bir ilə yaxın müddətdə əsəb problemləri ilə əlaqədar ara-sıra istifadə etmişdir. 03 fevral 2025-ci il tarixdə Xaçmaz şəhəri ərazisində yolun kənarında dayandığı vaxt səkinin üzərində olan bir ədəd siqaret qutusu diqqətini cəlb etmiş, həmin siqaret qutusunu yerdən götürmüş və açıb içərsinə baxmışdır. Narkotik vasitə istifadəçisi olduğundan qutunun içərisindəkinin qurudulmuş marixuana olduğunu bilib özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Həmin gün axşam tərəfi yaşadığı evə gəlmiş, daha sonra xatırladığı qədəri ilə həmin narkotik vasitədən 1-2 dəfə siqaretə doldurmaqla istifadə etmişdir. Tapdığı narkotik vasitəni 04 fevral 2025-ci il tarixdə özü ilə götürərək Quba şəhəri, Qəçrəş yolu yaşayış massivinə istirahət üçün gəlmiş və gecə saat 01 radələrində narkotik vasitə qurudulmuş marixuandan istifadə etmək istədiyi zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları küçədə onu saxlamış və narkotik vasitə əldə etmə, daşıma və saxlamada şübhəli olduğunu və buna görə də saxlanıldığını bildirmişlər. Hüquqlarını müdafiə etmək məqsədilə ona Quba rayon Vəkil Bürosundan müdafiəçi təqdim edilmiş və küçədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Küçədə üzərinə şəxsi axtarış keçirilmiş və polis əməkdaşı ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o da üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını səmimi etiraf etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi təklif olunmuş, o da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd "Winston” markalı siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə bir gün əvvəl Xaçmaz şəhərində olarkən yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan siqaret qutusu elektron tərəziyə qoyularaq ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, ancaq özü istifadə etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu, 3-cü qrup əlil olmasını, səhhəini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmə, daşıma və üzərində saxlaması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04 fevral 2025-cı il tarixdə gecə saat 01 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı özünü və iştirakçıları təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, daşıma və üzərində saxlamasında şübhəli olmasını bildirib hüquq və vəzifələri izah olunmaqla Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, sonuncu üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan goy rəngli cins şalvarın sag yan cibindən bir ədəd "Winston" markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda, içərisindən narkotik vasitə marixuanaya bənzər yaşılımtıl rəngli kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyinin nə olduğunu soruşduqda, Taleh “marixuana” olmasını, həmin kütləni bir gün əvvəl Xaçmaz şəhərində yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğundan daha sonra özünün istifadəsi üçün üzərində saxladığını, heç kimə vermədiyini və satmadığını, tapdıqdan sonra üzərindən bir iki dəfə istifadə etdiyini bildirmişdir. İçərisində narkotik vasitə olan siqaret qutusu elektron tərəziyə qoyularaq ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, 04 fevral 2025-ci il tarixdə, gecə saat 01 radələrində polis əməkdaşları Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə Təqsirləndirilən şəxs özlərini təqdim edir, narkotik vasitələri əldə etmə, daşıma və üzərində saxlamasında şübhəli olması bildirilərək hüquq və vəzifələri izah olunmaqla Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmaması soruşulur, duqda, sonuncu narkotik vasitə olmasını bildirir və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd "Winston" markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim edir. Həmin siqaret qutusu açıldıqda içərisindən narkotik vasitə marixuanaya bənzər yaşılımtıl rəngli kütlə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyinin nə olduğunu soruşur, sonuncu marixuana olmasını bildirir. Həmçinin Təqsirləndirilən şəxs həmin kütləni bir gün əvvəl Xaçmaz şəhərində yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğundan daha sonra özünün ifadəsi üçün üzərində saxladığını, heç kimə vermədiyini və satmadığını, tapdıqdan sonra bir iki dəfə istifadə etdiyini bildirir. Həmin qutu elektron tərəzidə çəkilərkən 14,21 qram təşkil edir və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:10 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə saxlandıqdan sonra üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində “Winston" markalı siqaret qutusunu çıxararaq təqdim etmiş, həmin qutuya baxış zamanı qutununun içərisindən yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs həmin kütləni Xaçmaz şəhəri ərazisindən tapdığını tapdığını bildirmişdir. Həmin qutu elektron tərəzidə ölçülmüş və 14,21 qram olması müəyyən edilmişdir. Aşkar olunan kütlə maddi sübut əhəmiyyəti səsb etdiyindən götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 04 fevral 2025-ci il tarixli 7/228 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” yazılan zərfdə üzərində “Winston” yazılan siqaret qutusunda təmiz çəkisi 8,97 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanadan tədqiqata 0,05 qram istifadə olunmuş, 8,92 qram qalıq qalmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 28 fevral 2025-ci il tarixli 1180 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazır a Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik etməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunsun və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə əlavə edilmiş, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktini hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilmiş, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada qalıq çəkisi 8,92 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub, saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış,“Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın siqaret qutusu ilə birlikdə çəkisinin 14,21 qram olması, məhkəmə-bioloji ekspertizasının 04 fevral 2025-ci il tarixli, 7/228 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 8,97 qram olması tərəzi fərqi kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X4 oğlundan aşkar edilmiş narkotik vasitə narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 8,97 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qanunsuz olaraq narkotik vasitənin saxlamasında və istifadəsində şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(027)-3/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 fevral 2025-ci il tarixdən, saat 01:00-dan hesablanmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(027)-76/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır; Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(027)-76/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı ilə 01 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, 13 dekabr 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; Quba rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(027)-93/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 7(002)- 1342/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(027)-63/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad etmə müddəti xx.xx.2024-c il tarixdə başa çatdığı üçün xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır; Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Aslanov küçəsi, ev 21-də qeydiyyatda olmaqla Quba rayonu, Güneyməhlə kəndində yaşamışdır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır; Məhkəmə elektron portalından əldə olunan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasına görə pensiya alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, 3-cü qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu (Quba rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(027)-93/2024 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni 25 oktyabr 2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 04 fevral 2025-ci il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilakik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan 8,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 04 fevral 2025-ci il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada qalıq çəkisi 8,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar