Məhkəmə qərarları › İş №1(027)-79/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-79/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-79/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 qızının katibliyi, Xüsusi ittihamçı: X3 nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi: X5, Təqsirləndirilən şəxs: X6 iştirakları ilə 22.05.1991-ci il tarixdə Quba rayonu, Güləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan - X6 Azərbaycan Respublikası CM-in 147.1-ci 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, hazırkı şikayət ərizəsi üzrə cinayət təqibi başlanılmaqla icraata qəbul edilməsi, 22 may 1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Quba şəhəri, Heydər Əliyev prospekti 69-da yaşayan X14 internet resurslarında sosial şəbəkələr vasitəsilə X7 təhqir edən yazıları ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində qanunda nəzərdə tutulan ağır cəza təyin olunmaqla ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Quba şəhər sakinləri X15 və X9 ona qarşı rüsvayedici məlumatları yayma hədəsi ilə külli miqdarda pul tələb etmələrinə görə cinayət məsuliyyətinə cəlb edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Lakin, həmin ərəfədə bununla əlaqədar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisə tam işıqlandırılmadan, əsl həqiqət göstərilmədən qısa məzmunlu informasiyalar yerləşdirilmişdir. Bu informasiya ilə tanış olan əvvəlcədən tanıdığı şəxslər ona böhtan atılaraq, təhqirlərlə dolu şərhlər yazmışlar. Belə böhtan və təhqirlər yazan şəxslərdən biri X10r. X14 “facebook” adlı sosial şəbəkəsində "Elnur Ramazanov" adı ilə qeydiyyatdan keçməklə öz səhifəsində “Qafqazinfo.az” saytında X8 qarşı cinayət törədilməsi barəsində olan 11 sentyabr 2021-ci il tarixdə yerləşdirilmiş informasiyanı paylaşmış və həmin səhifədə onu təhqir edən göstərilən yazıları yazmışdır. "Din düşməni bi qeyrət kafir X20 Allah səni dünyada rəzil rüsvay elədi. Axirətdə də bundan betər olacaqsan. Hələ bu kafirin yanından duranlar yenə də var, dəstək verənlər yenədə var. Bu kafirə dəstək verən, onun yanda olanın qeyrətində problem var." "Sonra qaldı ki sən dediyin məsələyə gəldikdə, bu şərəfsiz Allahdan qeyrisindən (ağac, daş, pir, şeyx) yardım istəməklə yanaşı, camaatı da buna dəvət edir və bunu da dinin əsası kimi camaata sırıyaraq camaatı andırır. Və üstəlik də bu şərəfsiz deyirdi ki, mən şeyxlər sizi qəbir əzabından qurtaracayıq deyirdi, belə belə onlara misal çəkərək elnurun kafir olması haqda. Kafir başqa necə olur??" "Xan Kubinskiy mən əlhmduliləh bunu bilib deyirəm qardaş. Şəriət zahirə hökm verir. Bu dəq şərəfsizin halı küfür üzərindədi və elədiyi sapıqlıq, zina, küfürdə də mən heçnə pis bir şey eləməmişəm deyir, nə edirəm düz edirəm, düz eləmişəm deyir. Ona görə də qardaşım bu şərəfsiz kafiri ta özüdü". Beləliklə, qeyd edilən yazılardan göründüyü kimi X1 yayılan informasiya vasitələrində yazıları ilə X8 böhtan ataraq onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmışlar. Bu hərəkətləri X14 qeydiyyatdan keçdiyi sosial şəbəkə vasitəsilə etmişdir. Onun əvəzinə başqa şəxslər onun adına qeydiyyatdan keçmiş sosial şəbəkəyə daxil olmaq mümkün deyildir. Ona görə də yuxarıda qeyd edilən təhqiredici yazılar məhz həmin şəxs tərəfindən edilmişdir. Beləliklə, yuxarıda adları qeyd olunan "Facebook" sosial şəbəkədə dərc edilmiş yazılarda Elnur Əfəndiyevi guya əxlaq normalarına zidd hərəkətlər etməyini göstərməklə ona böhtan atmış, təhqir etmiş və təhrif edilmiş məlumatlarla onda mənəvi sarsıntılar yaşatmış, onun şərəf və ləyaqətini nalayiq formada alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Bundan başqa, Elnur Ramazanov kütləvi informasiya informasiya vasitəsində, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsə böhtan atmaqla, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Elnur Əfəndiyevə qarşı böhtan və təhqir cinayətlərini törətmişdir. Göründüyü kimi, X6 əməllərində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri mövcuddur. Bir ləyaqətli vətəndaş kimi ona böhtan atan, şərəf və ləyaqətini alçaldan və təhqir edən şəxslərdən məhkəməyə müraciət etmək və onu təhqir edən şəxslərin cəzalanmasını tələb etmək hüququ vardır. X14 şikayətçi ona böhtan ataraq, onu təhqir etdiyinə görə onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Bunu təsdiq edən sübutlar internet resurslarında yayılmışdır. Hazırda da həmin məlumatlar silinməmişdir. Şikayətdə göstərilənlərə əsasən hesab edir ki, X8 böhtan ataraq onu təhqir edən X6 xüsusi ittiham qaydasında cinayət təqibi aparılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə iclasında xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək, X6 cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hər hansı şəxsə böhtan atmamışdır. Belə ki, X13 barəsində sosial şəbəkələrdə və bir sıra internet saytlarında etik və əxlaq nəzəriyyəsinə uyğun olmayan video paylaşılmışdır. Videonu çəkən və ictimailəşdirən şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Həmin müddət ərzində sosial şəbəkələrdə həm videonu çəkərək ictimailəşdirənlərin, həm də X3 hərəkətləri ətrafdakı bir çox vətəndaşlar tərəfindən bir mənalı olaraq qarşılanmamışdır. O da, bir Azərbaycan vətəndaşı kimi, islam dininin nümayəndəsi kimi bu olanlara qəzəblənmiş və X13 barəsində “facebook” adlı sosial şəbəkəsində təhqiredici ifadələr işlətmişdir. Lakin, o, X13 barəsində heç bir böhtan xarakterli ifadələr irəli sürməmişdir. O, həmin paylaşımda qeyd etdiyi şərhinin cinayət məsuliyyəti daşıdığından xəbəri olmamış, məhkəmə tərəfindən çağırıldığı zaman ona məlum olmuşdur ki, onun bu ifadələri işlətməsi cinayət məsuliyyəti yaradır. Əyər cinayət məsuliyyəti yaratdığını bilsəydi o, elə şərhlər yazmazdı. Qanunun tələblərini pozduğuna görə əməlindən peşmandır. Barəsində qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 müdafiəçisi X16, müdafiə etdiyi şəxs barəsində irəli sürülmüş ittiham qaydasında şikayətin təmin edilməməsini, onun əməlinin böhtan xarakterli olmamasını, xüsusi ittihamçını təhqir etməsini etiraf etməsini onun əməlini yüngülləşdirən hal kimi qəbul edilməsini və barəsində qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-777/2021 saylı, 01.10.2021-ci il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X14 “facebbok” adlı sosial şbəkəsində özünə məxsus səhifəsində X13 barəsində "Din düşməni bi qeyrət kafir X20 Allah səni dünyada rəzil rüsvay elədi. Axirətdə də bundan betər olacaqsan. Hələ bu kafirin yanından duranlar yenə də var, dəstək verənlər yenədə var. Bu kafirə dəstək verən, onun yanda olanın qeyrətində problem var." "Sonra qaldı ki sən dediyin məsələyə gəldikdə, bu şərəfsiz Allahdan qeyrisindən (ağac, daş, pir, şeyx) yardım istəməklə yanaşı, camaatı da buna dəvət edir və bunu da dinin əsası kimi camaata sırıyaraq camaatı andırır. Və üstəlik də bu şərəfsiz deyirdi ki, mən şeyxlər sizi qəbir əzabından qurtaracayıq deyirdi, belə belə onlara misal çəkərək elnurun kafir olması haqda. Kafir başqa necə olur??" "Xan Kubinskiy mən əlhmduliləh bunu bilib deyirəm qardaş. Şəriət zahirə hökm verir. Bu dəq şərəfsizin halı küfür üzərindədi və elədiyi sapıqlıq , zina, küfürdə də mən heçnə pis bir şey eləməmişəm deyir, nə edirəm düz edirəm, düz eləmişəm deyir. Ona görə də qardaşım bu şərəfsiz kafiri ta özüdü" şərh yazmışdır. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, X6 himayəsində 24.04.2021-ci il təvəllüdlü X4 adında azyaşlı övladı vardır. Beləliklə, xüsusi ittihamçı X13 xüsusi ittiham qaydasında şikayətində X6 onun barəsində “facebook” adlı sosial şəbəkəsində yayımlanmış məlumatları böhtan və təhqir kimi qiymətləndirərək, sonuncunun Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən və xüsusi ittihamçı tərəfindən sübuta yetirilmədiyindən onun barəsində həmin maddə üzrə bəraət verilməlidir. Beləki, Məhkəmə baxışı zamanı X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X11 irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (maddə 28.5) Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu bilə-bilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Şəxsin yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə qeyd olunan məlumatların həqiqətə uyğun olub-olmamasına hüquqi qiymət verilməsinə zərurət bilmir, lakin hesab edir ki, Elnur Ramazanovun əməlində cinayətin subyekiv cəhəti, yəni cinayətin təkibini yaradan «yalan olduğunu bilə-bilə» əlaməti olmamış və bu səbəbdən sonuncunun Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçının tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Elnur Ramazanova kütləvi informasiya vasitələrində X13 barəsində işlətdiyi "Din düşməni bi qeyrət kafir X20 Allah səni dünyada rəzil rüsvay elədi. Axirətdə də bundan betər olacaqsan. Hələ bu kafirin yanından duranlar yenə də var, dəstək verənlər yenədə var. Bu kafirə dəstək verən, onun yanda olanın qeyrətində problem var." "Sonra qaldı ki sən dediyin məsələyə gəldikdə, bu şərəfsiz Allahdan qeyrisindən (ağac, daş, pir, şeyx) yardım istəməklə yanaşı, camaatı da buna dəvət edir və bunu da dinin əsası kimi camaata sırıyaraq camaatı andırır. Və üstəlik də bu şərəfsiz deyirdi ki, mən şeyxlər sizi qəbir əzabından qurtaracayıq deyirdi, belə belə onlara misal çəkərək elnurun kafir olması haqda. Kafir başqa necə olur??" "Xan Kubinskiy mən əlhmduliləh bunu bilib deyirəm qardaş. Şəriət zahirə hökm verir. Bu dəq şərəfsizin halı küfür üzərindədi və elədiyi sapıqlıq , zina, küfürdə də mən heçnə pis bir şey eləməmişəm deyir, nə edirəm düz edirəm, düz eləmişəm deyir. Ona görə də qardaşım bu şərəfsiz kafiri ta özüdü" ifadələri, sonuncunun şərəf və ləyaqətini alçaldan məlumat kimi qiymətləndirilməsi mümkün olsa belə, həmin ifadə özü özlüyündə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin tərkibini yaratmır. Ona görə də, X6 əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 148-ci maddəsində nəzərdə tutulan Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və X11 həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, X11 törədilməsində təsqirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. X6 barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X16 tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası X6 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin cinayət tərkibi olmadığı üçün ona bəraət verilsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. X14 cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından faktiki tutulmanın başlanıldığı vaxtdan hesablansın. X6 barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən iyirmi gün müddətində Quba rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar