Məhkəmə qərarları › İş №1(027)-79/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-79/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-79/2024 25.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 31 avqust 1990-cı il tarixdə Quba rayonu, Mirzəməmməd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Səhliyalı KM-də sürücü işləyən, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, ünvan 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2/2, blok 1, mənzil 26da yaşayan,xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının ortalarında Quba şəhərində tanışı Zərərçəkmiş şəxs özünə məxsus Vaz 2107 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına kömək etməsini xahiş edən zaman o, avtomobilin satışdan əldə ediləcək pulu ələ keçirmək qərarına gələrək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə avtomobili təhvil götürməmişdən əvvəl ona etibar ediləcək avtomobilin satışını özü təşkil edib sataraq pulunu verəcəyi barədə yalan vəd verməklə Zərərçəkmiş şəxs aldatmaqla inandırmış, ona satıb pulunu vermək üçün etibar edilmiş həmin avtomobili Zərərçəkmiş şəxs təhvil götürəndən bir neçə gün sonra müştəri qismində tapdığı Şahid2 4500 (dörd min beş yüz) manata satmış, Zərərçəkmiş şəxs avtomobili guya nisyə satması və pulunu götürə bilməməsi barədə yalan məlumat verib avtomobilin satışından əldə etdiyi həmin pul vəsaitini verməyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermişdir, belə nəticəyə gəlir ki, ittiham verilən tarixə münasibətdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının 8-dən Səhliyalı KM-də sürücü vəzifəsində çalışır. 2023-cü ilin yanvar ayının əvvəllərində dostu Şahid1 vasitəsilə əmisi oğlu Zərərçəkmiş şəxsla tanış olmuşdur. Belə ki, həmin vaxt Bədir ona zəng edib əmisi oğlu Nərimanla birlikdə Sumqayıt maşın bazarında olduğunu, Nərimana məxsus Mercedes markalı avtomobili satmaq istədiklərini, onun da oraya gəlib köməklik göstərməsini xahiş etmişlər. O, da Bədirlə dost olduğu üçün, onun xahişini nəzərə alıb onların yanına getmişdir. Maşın bazarında Bədir avtomobili satmaq istədiklərini, lakin Quba rayonunda işləri olduğundan qayıtmalı olduqlarını, buna görə də həmin avtomobili onun satmağını xahiş etmişdir. Bundan sonra Nəriman avtomobili satmağ üçün ona baş etibarnamə verib avtomobili 12-13 min manat arası satmağı ondan xahiş etmişdir. O, da avtomobili bazardan götürüb yaşadığı ünvana, Yeni Yasamala aparıb, təxminən bir aya yaxın müddətdə avtomobilə bir neçə müştəri tapsada avtomobildə bəzi xərclər olduğundan sata bilməmişdir. O, Bədirə zəng edib avtomobildə xərclər olduğundan daha ucuz qiymətə satmalı olacağını demişdir. Bədirlə Nəriman da ona avtomobilin xərcləri olduğunu bildiklərini, Quba rayonunda da baha qiymətə sata bilmədiklərini, bir qədər ucuz da olsa satmağını ondan xahiş etmişlər Bundan sonra elan saytından tapdığı müştəriyə həmin avtomaşını sahibinin razılığı ilə 9800 manata satmışdır. O, 9800 manat pulu alıb Quba rayonuna gəlib. Nəriman və Bədirlə Quba şəhəri, Vaqif küçəsində adını xatırlamadığı restoranda görüşüb aldı 9800 manat pulu Nərimana vermişdir. Aralarında olan söhbət zamanı Nəriman həmin pulun bir qismindən özünə nisbətən daha ucuz, yəni VAZ 2106 və ya 2107 markalı avtomobil almaq istədiyini, lakin həmişə maşın alanda aldandığını, yaxşı maşın tapmaqda çətinlik çəkdiyini demişdir. O da Nərimana yeni avtomobil almaqda köməklik göstərəcəyini demişdir. Növbəti gün onlar Quba şəhərində görüşüb elan saytlarında olan maşınlara baxmışlar. Elan saytında Quba şəhərində Asan Xidmətin yaxınlığında olan məhlədə yaşayan Sərvan adlı şəxsdə Vaz 2107 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu öyrənsələrdə hava qaranlıq olduğu üçün o, səhəri günü həmin ünvana gedib avtomaşına baxıb Sərvanla avtomobili 4500 manata alqı-satqı etməyi razılaşmışlar. O. Nərimana zəng edib avtomobilin yaxşı vəziyyətdə olduğunu demişdir. Lakin həmin vaxt yollar bağlı olduğundan Bədirlə Nəriman avtomobilin olduğu yerə gələ bilməmişlər. Belə olan halda o, avtomobilə baxdığını və problem olmadığını gördüyündən, Nəriman da onun avtomobilə baxdığına görə yenidən özünün baxmasına ehtiyac duymadığından Asan Xidmətə gəlməyi, birdəfəlik oradan alqı-satqı etməyi qərara almışlar. 08 fevral 2023-cü il tarixdə Asan Xidmətdə Nəriman avtomobilin sahibinə 4500 manat pul verdikdən sonra, avtomobilin sahibi Bədirə baş etibarnamə vermişdir, Bədir də öz adından Nərimana avtomobili idarə etmək üçü etibarnamə vermişdir. Bundan sonra o, Bakı şəhərinə qayıtmaq üçün Nərimandan 100 manat yol pulu almışdır. Növbəti gün Nəriman avtomobilə baxıb çürüklərin olduğunu müəyyən etdikdən sonra, ona zəng edib avtomobili ya geri qaytarmasını, ya da satıb pulunu verməsini ondan xahiş etmişdir. Həmin vaxt onun ailə problemləri olduğu üçün pula ehtiyacı yarandığından fikirləşmişdir ki. Nərimandan avtomobili götürüb sataraq əldə edilən pula həmin problemlərini həll edər. Bu məqsədlə o, Nərimanla razılaşıb hazırda Bakı şəhərində olduğunu, Quba rayonuna gələndə avtomobili gəlib götürəcəyini demişdir. Nərimanla danışdıqdan iki gün sonra, Quba şəhərinə gedib, Nəriman və Bədirlə Quba şəhərində görüşmüşdür. Nəriman ona avtomobilə əlavə xərc tələb olunduğu və ziyana düşdüyünü bildirdikdə o, Nərimana ümid verərək inandırmaq üçün avtomobili 4500 manata satıb, hətta 500 manat da özü düzəldib 5000 manat pulunu ona verəcəyini bildirmişdir. Bundan sonra o, Nərimandan avtomobili götürüb Quba şəhəri, Asan Xidmətin yaxınlığında olan ata evinə aparmışdır. Bir neçə gün sonra, elan saytı vasitəsi ilə Quba şəhər sakini Əbülfəz adlı şəxs ona zəng edərək həmin avtomobili almaq istədiyini ona bildirmişdir. O, da Bakı şəhərindən Quba şəhərinə gəlib, Əbülfəzlə görüşüb, birlikdə avtomobilə baxdıqdan sonra, Əbülfəz avtomobili 4500 manata satacağına razılaşmışlar. Əbülfəz həmin gün ona 3000 manat pul verib, qalan 1500 manatı isə bir həftədən sonra verə biləcəyini bildirdikdən sonra onunla razılaşıb avtomobili ona satmışdır. Təxminən bir həftə sonra, yəni 19 fevral 2023-cü il tarixdə Əbülfəzlə yenidən Quba şəhərində görüşüb, qalan 1500 manatı da ondan aldıqdan sonra, Bədirə zəng edib avtomobilə müştəri tapdığını, alqı-satqı etmək üçün Quba Asan Xidmət Mərkəzinə gəlməsini bildirmişdir. Onlar birlikdə Asan Xidmət Mərkəzində görüşüb, o, Bədirə yanında olan şəxsə, yəni Əbülfəzə baş etibarnamə verməsini, avtomobilin pulunu isə Bədirə özü çatdıracağını demişdir. Bədir də ona inandığı üçün Əbülfəzə baş etibarnamə vermişdir. Növbəti gün o, Bakı şəhərinə qayıtdıqdan sonra, Nərimana çatacaq 4500 manat puldan 1500 manatını ailə problemlərinə xərcləmişdir. Bədir və Nəriman ona zəng edib pulunu istədikdə o, yalandan olaraq satdığı avtomobilin sahibinin pulu hələ vermədiyini, pulu alan kimi onlara çatdıracağını demişdir. Həmin ərəfədə yaxın dostu, Quba şəhər sakini X4 ona zəng edib 3000 manat pul lazım olduğunu, işlədiyi firmaya borcu olduğundan, yeni mal ala bilmədiyini, borcu bağlayıb malı aldıqdan sona onu pulunu 1 həftə ərzində geri qaytaracağını demişdir. O. Elçinə inanaraq Nərimana məxsus avtomobili sataraq əldə etdiyi pulun xərcləmədiyi hissəsini, yəni 3000 manatı pulu Elçinə vermişdir. Lakin Elçin söz verdiyi vaxta onun pulunu geri qaytara bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etdiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili qismində dindirilən Nümayəndə Ziyəddin oğlu ifadəsində göstərmişdir ki, 2023-ci ilin yanvar ayinda şəxsi işləri ilə əlaqədar özünə məxsus Mercedes benz markalı avtomobili satmaq qərarına gəlmişdir. Bundan sonra o əmisi oğlu Bədirlə birlikdə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmişlər. Bazarda olarkən əmisi oğlu Bədir maşın alqı-satqısı ilə məşğul olan tanışı Səfa adlı şəxsə avtomobili satmağa köməklik edə biləcəyini düşünərək zəng etmişdir. Təxminən bir saat sonra Səfa maşın bazarına gəlib avtomaşına baxaraq avtomaşını 13-14 min manata sata biləcəyini onlara bildirmişdir. O da Quba rayonuna qayıtmalı olduğundan Səfaya etibar edib avtomobilini satmasını xahiş etmişdir. Təxminən bir aya yaxın müddət ərzində avtomobili Səfada qalmışdır. Bundan sonra Səfa ona zəng edib avtomobilində bəzi xərclər çıxdığını bildirib 9800 manata almaq istəyən şəxs olduğunu demiş, o da razılaşmışdır. Səfa növbəti gün Quba rayonuna gəlib əmisi oğlu Bədir və onunla görüşüb 9800 manat pulu tam şəkildə ona vermişdir. Söhbət zamanı o, ucuz qiymətə Vaz 2107 markalı avtomobil olsa almaq istədiyini bildirdikdə, Səfa ona yeni avtomobil almaqda köməklik edəcəyini bildirmişdir. Növbəti gün Səfa ona zəng edib Quba şəhərinə çağırmış, həmin gün internetdə elan saytında yerləşdirilən avtomobillərə baxmışlar. Səfa elan saytında gördüyü Vaz 2107 markalı avtomobilə baxmağa getmiş, həmin vaxt o da əmisi oğlu Bədirlə birlikdə Səfadan xəbər gözləmişlər. Səfa həmin avtomobilə baxdıqdan sonra ona zəng edib avtomobilin əla vəziyyətdə olduğunu, təcili Asan Xidmətə gedib avtomobilin sahibi ilə birlikdə sənədləşmə işlərinin aparılmasını bildirmişdir. Həmin vaxt Səfanın sözünə arxayın olub avtomobilə baxmadan əmisi oğlu Bədirin adına baş etibarnamə götürüb həmin avtomobili 4500 manata sahibindən almışdır. Səhəri gün o, Vaz 2107 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaşadığı evin həyətində ətraflı baxış keçirərkən çürükləri olduğunu, matorunun da yaxşı vəziyyətdə olmadığını aşkar edib. Səfaya zəng edib avtomobili ya geri qaytarmasını, ya da satıb pulunu verməsini bildirmişdir. Səfa ona hazırda Bakı şəhərində olduğunu, Quba rayonuna gələndə avtomobili gəlib götürəcəyini demişdir. İki gün sonra Səfa Quba şəhərinə gəlib, avtomobili 5000 manata satıb pulunu ona verəcəyini bildirib avtomaşını ondan götürmüşdür. Bir neçə gün sonra, Səfa əmisi oğlu Bədirə zəng edib avtomobili Bakı şəhərinə apararaq satması üçün baş etibarnamə verməyini demişdir. Bədir də ona bu barədə məlumat vermişdir. O da Bədirə etibarnamə verməsini bildirmişdir. Səfa maşını götürüb apardıqdan sonar, xeyli müddət avtomobilin satılmasından heç bir xəbər çıxmamışdır. O, Səfa ilə həm özü, həm də əmisi oğlu Bədir vasitəsilə əlaqə saxladıqda avtomobilin satılmadığını, satılan günün səhəri pulunu gətirib verəcəyini demişdir. 2023-cü ilin mart ayında Səfa ona avomobili qardaşının iş yoldaşına 4500 manata satdığını, həmin adamın pulu çatdıran kimi pulunu gətirib verəcəyini bildirmişdir. Lakin bundan sonra Səfanın mobil nömrələrinə zəng çatmamışdır. O, polis şöbəsinə şikayət etdikdən sonra Səfa onunla görüşüb avtomobili qardaşının iş yoldaşına sata bilmədiyini, Bakı şəhərində avtomobil ustası işləyən şəxsə satdığını, pulunu iki ay ərzində çatdıracağını bildirmişdir. O isə Səfaya pulunu geri qaytaracağı halda, şikayətini geri götürəcəyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə odənildiyi üçün onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında özünə 5000 manata qədər olan məbləqdə Vaz markalı avtomobil almaq üçün "Turbo.az” internet satış səhifəsinə daxil olub axtarış edərkən Quba şəhərində Səfa adlı şəxsin Vaz 2107 markalı avtomobil satdığını görmüş və yerləşdirdiyi əlaqə nömrəsinə zəng edərək, avtomobilin Quba şəhərinin hansı hissəsində olduğunu öyrənmişdir ki, avtomobilə yerində baxsın. O Səfa ilə danışaraq Quba şəhəri, Quba Asan xidmət mərkəzinin yaxınlığında yerləşən küçələrin birində avtomobilə baxaraq bəyənib və avtomobili 4500 manata alacağı barədə razılaşmışlar. Əlində 4500 manat olmadığı üçün Səfaya 3000 manat vermişdir ki, avtomobili satmasın. Qalan 1500 manat pulu bir həftə ərzində düzəldib Səfayla Quba şəhərində görüşüb pulu ona vermişdir. Səfa avtomobilin sahibinə zəng edərək. Quba asan xidmət mərkəzinə çağırmışdır. O. həmin vaxt bilmişdir ki, avtomobil Səfanın deyil, Səfanın tanışına məxsusdur, Səfa isə avtomobilin satılmasında köməklik edir. Qubada yerləşən Asan xidmət mərkəzində avtomobilin sahibi ona baş etibarnamə vermiş, yəni o, avtomobili alqı-satqı müqaviləsi ilə deyil, baş etibarnamə ilə almışdır. Bir müddət sonra avtomobili satmışdır. Avtomobilin sahibini tanımır, çünki avtomobili o, Səfadan almış, baş etibarnaməni Səfa avtomobilin sahibindən alıb ona vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o Zərərçəkmiş şəxs ifadəsində göstərilənlərə uyğun ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 02 mart 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və onun arvadı- xx.xx.2000-ci il təvəllüdlü X1, oğulları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı Zərərçəkmiş şəxs tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə CPMi-nin 156.4-cü maddəsinin cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur müddəasını rəhbər tutub hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar