Məhkəmə qərarları › İş №1(027)-8/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-8/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-8/2025 04.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, 31 avqust 1968-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Quba şəhəri Fətəlixan küçəsi ev 57-də qeydiyyatda olmaqla hazırda Quba şəhəri Dəvədabanı massivində yaşayan, 09 sentyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 01 siqaret qutusunda təmiz çəkisi 10,98 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 23 yanvar 2024-cü il tarixdə isə həmin narkotik vasitəni Quba şəhərində yerləşən “Türkiyə-Azərbaycan Dostluq parkı”nda Şahid3 20 manat müqabilində satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Quba şəhəri Fətəlixan küçəsi ev 57-də qeydiyyatda olsa da, Quba şəhəri Dəvədabanı massivində yaşayır. Ailəlidir. Hazırda heç bir yerdə işləmir. Şahid3 keçmiş qonşusu kimi tanıyır aralarına hər hansı bir düşmənçilik və ədavət olmamışdır. İsmayı Abdullayevin narkotik vasitə istifadə etməsi barədə məlumatı olmuşdur. 2024-cü ilin yanvar ayının ortalarında Quba şəhərində yerləşən qəbiristanlığın ərazisindən narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Tapdığı marixuanadan bir qismini istifadə etmişdir. Narkotik vasitə istifadəçisi olduğunu billdiyi üçün İsmayıl Abdullayev 23 yanvar 2024-cü il tarixdə çəkmək üçün ondan narkotik vasitə istəmişdir. İsmayıl Abdullayevin dəfələrlə ondan narkotik vasitə istədiyi üçün o, sonuncu ilə zarafat etmək məqsədi ilə “şalifey” bitkisini iki ədəd konfet kağızına bükərək həmin gün onunla Quba şəhərində yerləşən “Azərbaycan-Türkiyə Dostluq parkı”nda körüşərək həmin bükümdə olan “şalfey” bitkisini narkotik vasitə qurudulmuş marixuana adı ilə İsmayıla vermişdir. Həmin vaxt o, İsmayıldan hər hansı bir məbləğdə pul almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində olan cinayət işi üzrə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o əvvəllər “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuanadan qəbul etmişdir. Lakin mütəmadi narkotik qəbul edən olmamışdır. Quba rayon sakin Təqsirləndirilən şəxs tanıyır . Elşan uzun müddət onunla bir məhlədə yaşamışdır. Eşlan Əmirxanovla aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. O, Elşanın narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün 23 yanvar 2024-cü il tarixdə axşama yaxın özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Elşanın mobil nömrəsinə zəng edərək ondan öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Danışıq zamanı Elşan onun üçün narkotik vasitəni 20 manat müqabilində təşkil edəcəyini bildirdiyi üçün, onlar həmin gün Quba şəhərində yerləşən “Türkiyə-Azərbaycan Dostluq parkı”nda görüşmüşlər. Orada o, Elşana 20 manat pul vermişdir. Əvəzində də Elşan, ona iki bükülümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Bundan sonra, həmin bükülümləri açaraq özündə olan “Vest” markalı siqaret qutusunun içinə tökmüş və onu özü ilə Quba şəhəri Tuti Bikə küçəsi ev 13-də yaşadığı evə daşıyıb gətirmişdir. Evdə o, Elşandan 20 manat müqabilində aldığı narkotik vasitə qurudulmuş marixuananı çarpayının üzərindəki döşəyin altına qoyub gizlətmişdir ki, gələcəkdə istifadə etsin. 24 yanvar 2024-cü il tarixdə gecə saat 00:30 radələrində yaşadığı evin küçə qapısı yanında olarkən ona özlərini Quba rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib tutulduğunu elan etmişlər. Həmin vaxtı ona hüquqlarının müdafiəsi ilə əlaqədar bir nəfər vəkili təqdim edilmişdir. Hüquq və vəzifələrini izah etdikdən sonra, həmin vəkilin iştirakı ilə video çəkilişlə əvvəlcə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən daşınması və saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu-sual zaman polis əməkdaşlarına ondan evində narkotik vasitə saxlayıb saxlamadığını soruşduqda o, etiraf etmək məcburiyyətində qalaraq yaşadığı evdə narkotik vasitə saxladığını onlara ehtiraf etmişdir. Bundan sonra onun razılığı əsasında polis əməkdaşları onun yaşadığı evə daxil olaraq evinə baxış keçirmişlər. Baxış zamanı çarpayının üzərindəki döşəyin altında gizlətdiyi “Vest” siqaret qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək siqaret qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onun özünə məxsus olduğunu söyləmişdir. Sonra polis əməkdaşları Vest marlakalı siqaret qutusunun içərisində təqdim etdiyi narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə ölçərək zərfə qoyub qablaşdırmışlar. Həmin vaxtı polis əməkdaşları ona evindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etdiyini soruşanda düz danışmamışdır. Qorxmuşdur ki, narkotik vasitəni pul müqabilində Elşandan aldığını söyləsə onun məsuliyyəti daha ağır olar. Bu səbəbdən də, evindən aşkar edilmiş narkotik vasitəni təxminən 15 gün əvvəl çay qırağında yerdən tapdığını demişdir. O, sonralar bu barədə izahat verəndə də həmin narkotik vasitəni Quba şəhərində Qudyalçay çayının kənarında gəzərkən tapdığını demişdir. Sonradan evindən aşkar edilmiş narkotik vasitənin araşdırması zamanı polis əməkdaşlarına həqiqəti söyləyərək narkotik vasitəni 20 manat müqabilində Quba rayon sakini Elşan adlı şəxsdən aldığını eftiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin baş əməliyyatmüvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 24 yanvar 2024-cü il tarixdə Quba şəhəri S.Vurğun küçəsi ev 2-də daimi pasport qeydiyyatında olmaqla Quba şəhəri Tuti Bikə küçəsi ev 13-də tək yaşayan Şahid3 qanunsuz narkotik vasitələrdən istifadə etməsi, daşıması və evində saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişlər. 24 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində o, əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid3 Quba şəhəri Tuti Bikə küçəsində yaşadığı evinin yanında saxlamışlar. Şahid3 özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat olduğunu bildirib həmin yerə Quba rayon polis şöbəsindən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gəldikdən sonra təqdim edilmiş vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid3 üzərindən gəzdirlməsi qanunla qadağan edilmiş əşya və ya predtmet aşkar edilməmişdir. Şahid3 evində narkotik saxlayıb-saxladığını soruşduqda sonuncu etiraf etmişdir ki, yaşadığı evdə narkotik vasitə saxlayır. Bundan sonra onun razılığı ilə yaşadığı evə daxil olub orada baxış keçirmişlər. Baxış zamanı Şahid3 yaşadığı otaqda olan çarpayının üzərindəki döşəyin altında saxladığı “Vest” markalı siqaret qutusunun işərisində olan və spesifik iyinə görə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni onlara təqdim etmişdir. Həmin vaxt Şahid3 siqaret qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onun özünə məxsus olduğunu bildirərək, aşkar edilmiş narkotik vasitəni təxminən 15 gün əvvəl çay qırağında yerdən tapdığını demişdir. Bundan sonra, təhqiqatçı aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə çəkərək zərfə qoyub qablaşdırmışdır. Buna baxmayaraq onlar Şahid3 evindən aşkar edilmiş bir ədəd siqaret qqutusundakı narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə yoxladıqda sonuncunu həmin narkotik vasitəni tutulmasından bir gün əvvəl yəni, 23 yanvar 2024-cü il tarixdə Quba şəhərində yerləşən “Türkiyə- Azərbaycan Dostluq parkı”nda Elşan adlı şəxsdən 20 manata aldığını, Elşan adlı şəxsin də Quba şəhəri Fətəlixan küçəsi ev 57-də yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xususatları təsdiq etmişdir. İş materiallarında olan Şahid3 ilə Təqsirləndirilən şəxs arasına aparılmış üzləşdirmə protokolundan görünür ki, Şahid3 evindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 23 yanvar 2024-cü il tarixdə Quba şəhərində yerləşən “Türkiyə- Azərbaycan Dostluq parkı”nda Elşan Kazımovdan 20 manat müqabilində aldığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16- 16/2-7/134 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid3 yaşadığı evindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd Vest siqaret qutusunda təmiz çəkisi 10,98 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 10,98 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,05 qram, qalıq isə 10,93 qramdır.. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 27 iyun 2024-cü il tarixli 4443 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Şahid3 üzərində şəxsi axtarış aparılması və yaşadığı evində baxış keçirilməsi barədə 24 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, 24 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Şahid3 Quba şəhəri Tuti Bikə küçəsində yaşadığı evinin yanında saxlanılır. Həmin vaxtı Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edirlər, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib tutulduğunu elan edərək ona təqdim edilmiş vəkilin iştirakı ilə əvvəlcə üzərində videoçəkilişlə şəxsi axtarış aparılar. Bu zaman onun üzərindən qanunsuz heçnə aşkar edilmir. Şahid3 evində narkotik saxlayıb-saxladığını soruşduqda etiraf edir ki, yaşadığı evdə narkotik vasitə var. Polis əməkdaşları həmin vaxt onun razılığı ilə yaşadığı evə daxil olub orada baxış keçirirlər. Evə baxış zamanı çarpayının üzərindəki döşəyin altında “Vest” siqaret qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilir. Şahid3 siqaret qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onun özünə məxsus olduğunu söyləyir, lakin aşkar edilmiş narkotik vasitəni təxminən 15 gün əvvəl çay qırağında yerdən tapdığını deyir. Bundan sonra, polis əməkdaşları aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə ölçərək zərfə qoyub qablaşdırırlar. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ukrayna Respublikası Xarkov vilayətinin Moskva rayon məhkəməsinin 27 may 2008-ci il tarixli hökmü ilə Ukrayna Respublikası CM-nin 309-cu maddəsinin birinci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 15 noyabr 2008-ci il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 22 may 2024-cü il tarixli 925 №-li arayışdan və 926 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Quba RPŞ MSY-nə təhvil verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan ekspertiza təhqiqatından sonra qalıq qalmış 10,93 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs, 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan ekspertiza təhqiqatından sonra qalıq qalmış 10,93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar