Məhkəmə qərarları › İş №1(027)-80/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-80/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-80/2021 08.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, İqriq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra qanunla müəyyən edilmiş özünütəcrid müddətinin bitməsini gözləmədən 15.12.2020-ci il tarixdə saat 15 radələrində təcrid olunmalı olduğu Bakı şəhərində qızı Günel Mədinovanın kirayədə qaldığı evi tərk etməklə yoldan tutduğu bir “taksi” avtomobili ilə Quba rayonuna qayıtdıqda rayonun girəcəyində qurulmuş karantin postunda həmin günü saat 17 radələrində saxlanılaraq “təcili yardım” avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün Quba rayonu İqriq kəndindəki evinə qaytarılmış, 16.12.2020-ci il tarixdə saat 13 radələrində yenidən yaşadığı evi tərk etməklə X2 məxsus “VAZ-21061” markalı **- ST-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gəldikdə “ASAN” xidmətinin qarşısında qurulmuş karantin postunda saat 13-30-da saxlanılıb “təcili yardım” avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün Quba rayonu, İqriq kəndindəki evinə qaytarılaraq həmin günlərdə xəstəliyin yayılması üçün vətəndaşlara real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Quba rayonu, İqriq kəndində yaşayır, heç bir yerdə işləmir. Onun həyat yoldaşı Şəfaqət Xankişiyev onkoloji xəstə olduğu üçün onu Bakı şəhərində yerləşən onkoloji xəstəxanaya aparılmasını Quba rayon Mərkəzi xəstəxanasında məsləhət görmüşlər. Eyni zamanda ərini müşayiət edəcəyi təqdirdə “COVİD-19” test verməli olduğunu, cavabı aldıqdan sonra gedə biləcəyini bildirmişlər. O da 12.12.2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Quba rayon Mərkəzi xəstəxanasında “COVİD-19” testini verəndən sonra həyat yoldaşını Bakıya Onkologiya Mərkəzinə aparmışdır. 13.12.2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Bakı şəhərində olanda istifadəsində olan ********** nömrəli mobil telefona “COVİD-19” bağlı verdiyi testin cavabı pozitiv çıxması barədə mesaj gəlmişdir. Həmçinin həmin mesajda evdən çıxmaması, əks halda inzibati və ya cinayət məsuliyyəti cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. 13.12.2020-ci il tarixdə o həyat yoldaşı ilə birlikdə Bakıda kirayədə qalan qızı Günel Mədinovanın evində qalmış, 14.12.2020-ci il tarixdə Onkologiya Mərkəzindən həyat yoldaşının analizlərinin cavabını götürmüş və həmin günü onlar qızı Günelin evində qalmışlar. 15.12.2020-ci il tarixdə ona kimsə zəng edib Qubaya qayıtmalı və öz evində təcrid edilməli olduğunu bildirmişlər. Bu səbəbdəb o, həmin tarixdə həyat yoldaşı ilə birlikdə taksi ilə Bakı şəhərindən Qubaya qayıtmışdır. Quba rayonuna çatdıqda karantin postunda yoxlanılarkən portal sistemində adının koronavirus xəstəsi kimi qeydiyyata götürülməsini öyrənmişdir. Bundan sonra ora polis əməkdaşları və xəstəxana işçiləri gələrək onu Quba RMX-na aparmışlar. 16.12.2020-ci il tarixdə saat 13 radələrində yoxlanılmaq üçün oğlu Tural Xankişiyevlə birlikdə Quba rayon Mərkəzi xəstəxanasına getmiş, 15-20 dəqiqədən sonra Quba şəhərində “ASAN” xidmətinin qarşısında qurulmuş karantin postunda saxlanılmışdır. Polis əməkdaşları şəxsiyyət vəsiqəsini yoxladıqda yenə portal sistemində koronavirus xəstəsi olduğu üçün təcrid olunması barədə qeyd olduğundan həmin yerə əməliyyat qrupu gəlib olanları sənədləşdirilmiş və o, yenidən təcili yardım avtomobili ilə Quba rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Həkim müayinəsindən sonra müalicə olunması üçün evinə buraxılmışdır. Həmin gündən sonra o, müalicəsini evində almışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, onkoloji xəstə olan həyat yoldaşını həkim müayinəsinə aparmaq üçün 13.12.2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Quba RMX-da “COVİD-19” bağlı test vermişdir. Həyat yoldaşının səhhətinə görə məcburən testin nəticəsini gözləmədən həmin gün Bakı şəhərinə getmişdir. Bakıda olan zaman, yəni 13.12.2020-ci il tarixdə axşam saat 22 radələrində onun istifadəsində olan telefonuna testin cavabı (“COVİD-19” pozitiv (+)) gəlmişdir. O, özündə koronavirusun hər hansı əlamətlərini hiss etmədiyi üçün testin nəticəsinə bir qədər şübhə ilə yanaşmışdır. Ona 14 gün ərzində evdən çıxmaq qadağan olunsa da, o, məcburiyyət qarşısında, 14.12.2020-ci il tarixdə Onkologiya Mərkəzinə gedib həyat yoldaşının analizlərinin cavabını götürmüş və həmin günü onlar qızı Günelin evində qalmışlar. 15.12.2020-ci il tarixdə tibb əməkdaşları ona zəng edərək, koronavirusa yoluxduğu üçün yaşadığı ərazi olan Qubaya qayıtmasını və evdə təcrid olunmasını demişlər. Ona görə o, həyat yoldaşı ilə birlikdə taksi ilə Bakı şəhərindən Qubaya qayıtmışdır. O, səhhətində heç bir pozuntu hiss etməmiş, koronavirusun hər hansı əlamətlərini aşkar etmədiyi üçün şübhələnmiş və yenidən test vermək üçün 16.12.2021-ci il tarixdə evdən çıxmışdır. Hazırda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu nəzərə alaraq, ona yüngül cəzası verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, Quba RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16.12.2020-ci il tarixdə pandemiya ilə bağlı Quba şəhəri Asan xidmətin qarşısında qurulmuş stasionar postda xidmət apararkən saat təxminən 13 radələrində “VAZ-21061” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba istiqamətində postu keçmək istədikdə həmin avtomobildə olan sürücü və sərnişinin icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə portal sistemi vasitəsi ilə yoxlanılmışdır. Yoxlama zamanı avtomobildə sərnişin kimi əyləşən Nəzakət Xankişiyvanın “COVİD-19” infeksiyası daşıyıcısı olduğu müəyyən olunmuşdur. Bu barədə Nəzakət və özünü sonuncunun oğlu kimi təqdim edən sürücüdən soruşduqda, onlar bu barədə məlumatlarının olduğunu, müayinə olunmaq üçün Quba rayon Mərkəzi xəstəxanasına getmək istədiklərini bildirmişlər. Bu barədə Quba RPŞ-nin növbətçi hissəsinə məlumat verilmiş, bir qədər sonra polis şöbəsindən və Quba RMX-dan əməkdaşlar gələrək Təqsirləndirilən şəxs Quba RMX-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, 15.12.2020-ci il tarixdə pandemiya ilə bağlı Bakı Quba yolunun Quba rayon ərazisində qurulmuş stasionar postda xidmət apararkən saat təxminən 15 radələrində Bakı şəhərində Qubaya gələn taksi sürücüsü və sərnişinlər Quba istiqamətində postu keçmək istədikdə həmin avtomobildə olan sürücü və sərnişinlərin icazələrinin olub-olamamasını yoxlamaq məqsədilə portal sistemi vasitəsi ilə yoxlanılmışlar. Yoxlama zamanı avtomobildə olan sərnişinlərdən biri Nəzakət Xankişiyvanın “COVİD-19” infeksiyası daşıyıcısı olduğu müəyyən olunmuş, bu barədə sonuncudan soruşduqda məlumatlı olduğunu, Bakı şəhərindən Quba rayonuna yaşadığı evə gəldiyini bildirmişdir. Bu barədə Quba RPŞ-nin növbəçi hissəsinə məlumat verilmiş, bir qədər sonra polis şöbəsindən və Quba RMX-dar əməkdaşlar gələrək Təqsirləndirilən şəxs Quba RMX-yə aparmışlar. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, 15.12.2020-ci il tarixdə pandemiya ilə bağlı Bakı-Quba yolunun Quba rayon ərazisində qurulmuş stasionar postunda xidmət apararkən saat təxminən 15 radələrində Bakı şəhərində Qubaya gələn taksi sürücüsü və sərnişinlər Quba stiqamətində postu keçmək istədikdə həmin avtomobildə olan sürücü və sərnişinlərin icazələrinin olub-olamamasını yoxlamaq məqsədilə portal sistemi vasitəsi ilə yoxlanılmış, avtomobildə sərnişin kimi bir nəfər Nəzakət adlı qadının olması müəyyən edilmişdir. Həmin qadının şəxsiyyət vəsiqəsi portal sistemi vasitəsi ilə yoxlanıldıqda Nəzakətin “COVİD-19” infeksiyası daşıyıcısı olduğu müəyyən olunmuş, bu barədə qadından soruşduqda məlumatının olduğunu, Bakı şəhərindən Quba rayonuna yaşadığı evə gəldiyini bildirmişdir. Daha sonra polis sahə rəisi Rəşad İmanov bu barədə dərhal Quba RPŞ-nin NH-nə məlumat vermişdir. Bir qədər sonra polis şöbəsindən və Quba RMXdan əməkdaşlar gələrək Təqsirləndirilən şəxs Quba RMX-yə aparılmasını təmin etmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarətmə Birliyi, Quba Rayon Mərkəzi X9 şəxs tərəfindən daxil olmuş 26.12.2020-ci il tarixli 4560 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12.12.2020-ci il tarixdə “COVİD-19” virus infeksiyasına görə analiz vermiş və 13.12.2020-ci il tarixdə analizin cavabı “COVİD- 19” pozitiv (+) çıxmışdır. Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixdən “COVİD- 19 simptomsuz, Pozitiv” diaqnozu ilə 14 gün müddətinə evdə təcrid olunmuşdur (iş vər.: 9,10); “xxxx” MMC-dən daxil olmuş 23.04.2021-ci il tarixli AZF/LGL-141/21 nömrəli məktuba əlavə edilmiş CD diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin 15.12.2020-ci il tarixdə Bakı şəhərində, sonradan isə Bakı şəhərindən Quba rayonunadək olan müxtəlif ərazilərdəki anten əhatələrində, həmçinin 16.12.2020-ci il tarixdə də Quba rayon ərazisindəki müxtəlif anten əhatələrində olması bir daha sübut edilir (iş vər.: 36,37); 03.05.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “xxxx” MMC-dən daxil olmuş 23.04.2021-ci il tarixli AZF/LGL-141/21 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.: 70-74); 24.04.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 46, 62, 63, 65). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun: 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir; 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan: DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 29); Quba RİHB-nın Quba rayon Alekseyevka İƏD üzrə nümayəndəliyinin 08.02.2021-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İqriq kəndində yaşayır və əri-1962-ci il təvəllüdlü X3, oğlu- 1992-ci il təvəllüdlü X6, gəlini- 1994cü il təvəllüdlü X7, nəvələri - 2014-cü il təvəllüdlü X8 və 2017-ci il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır (iş vər.: 15); Quba RİHB-nın Quba rayon Alekseyevka İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Malik Məhəmmədxanov müsbət xarakterizə olunur (iş vər.: 16); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra qurumuna tapşırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar