Məhkəmə qərarları › İş №1(027)-80/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-80/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-80/2024 20.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1984-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində üç azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, ev 16, mənzil 5-də qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 10,560 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib əynindəki cins şalvarın qabaq sağ cibində daşımaqla saxlamışdır. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 12 fevral 2024-cü il tarixdə, saat 14:20 radəsində Quba şəhəri, Qasım İsmayılov küçəsində saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın qabaq sağ cibində olan həmin bir ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 10,560 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 11 fevral 2024-cü il tarixdə, saat təxminən 23:00 radələrində yaşadığı evin yaxınlığındakı Quba şəhəri, Qasım İsmayılov küçəsində zibil qutusunun yanında olarkən yerdə olan 01 ədəd “Sobranie” markalı siqaret qutusu diqqətini cəlb etmiş və qutunu yoxladıqda içində narkotik vasitə marixuana aşkar etmişdir. İstifadəçisi olduğu üçün həmin qutunu cibinə qoyub yaşadığı evə getmişdir. Həmin gecə tapdığı marixuanadan az miqdarda istifadə etmişdir. 12 fevral 2024-cü il tarixdə, saat 14:00 radələrində Quba şəhəri, Qasım İsmayılov küçəsinə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini izah etmişlər. Sonra həmin yerə digər polis əməkdaşları yaxınlaşmış və üzərində şübhəli əşyaları təqdim etməsini təklif etdikdə, əynində olan cins şalvarın qabaq sağ cibindən tapdığı 01 (bir) ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, nikahının pozulduğunu və onun himayəsndə 3 azyaşlı övladının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin X1 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 12 fevral 2024-cü il tarixdə, saat 14:00 Təqsirləndirilən şəxs Quba şəhəri, Qasım İsmayılov küçəsində saxlamışlar. Həmin vaxt Ayza Novruza narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı barəsində məlumat olduğunu bildirdikdən sonra müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin yerə təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnədək Təqsirləndirilən şəxs hərəkətləri daim nəzarətdə saxlanmışlar. Təhqiqatçısı gəldikdən sonra, Ayaz Novruzoun hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim etmişdir. Sonra təhqiqatçı vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq videoçəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, zibil qutusunun yanından tapdığını, bir dəfə istifadə etdiyini bildirmiş və şalvarının sağ cibindən qara rəngli siqaret qutusunu çıxarıb onlara təqdim etmişdir. Siqaret qutusu içərisindəki kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd üzərində “Sobranie” yazılan siqaret qutusunda təmiz çəkisi 10,560 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 10,560 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 10,510 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 06 mart 2024-cü il tarixli, 1513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman, sonuncu əynində olan şalvarının sağ cibindən qara rəngli siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş 10.560 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi üz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü oğlu X5 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 21 fevral 2024-cü il tarixli 406 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad ev 16, mənzil 5-də qeydiyyatdadır, ünvan 1 ünvanında anasıxx.xx.1956-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü oğlu X3, xx.xx.2010-cu il təvəllüdlü oğlu X4 və xx.xx.2012-ci il təvəllüdlü oğlu X5 ilə birlikdə yaşayır, verilmiş xasiyyətnaməyə əsasən yaşayış yeri müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməklə səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il taixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 70 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 10,510 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,510 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar