Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-80/2025 08.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, İmişli şəhəri, Xan Şuşinski küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində yaratdığı “luxgallery” adlı səhifədə paylaşdığı 1800 manat dəyəri olan dəri gödəkçəni 2024-cü ilin oktyabr ayında Quba rayonu Alekseyevka kənd sakini Zərərçəkmiş şəxs kredit xətti açdırmaqla satacağını yalandan bildirib özgə əmlakını ələ keçirmək qərarına gələrək Zərərçəkmiş şəxs adına ayrılmış 1800 manat pul vəsaitini özünə məxsus bank hesabına köçürtməklə əldə etmiş, həmçinin 19 oktyabr 2024-cü il tarixdə Unibank ASC tərəfindən verilmiş **********392057 nömrəli Leobank plastik kartına 200 manat pulu ödətdirməklə həmin gödəkçənin boyunluğuna və astar hissəsinə xəz əlavə etdirəcəyini yalandan vəd edib ümumilikdə 2000 manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, adına VÖEN açdırmış və fərdi qaydada sahibkarlıqla məşğul olmuş, telefon, gödəkcə, elektronika məhsullarının satışı ilə onlayn qaydada məşğul olub sifariş edilən məhsulları İndoneziyadan Azərbaycana gətirmiş, “İnstagram” sosial şəbəkəsində “luxgallery” adlı səhifə açaraq yazan müştərilərin bədən ölçülərinə uyğun gödəkcə satışı ilə məşğul olmuşdur. 2024-cü ilin oktyabr ayında “İnstagran”dakı səhifəsinə öz şəxsiyyət vəsiqəni göndərərək özünü Zərərçəkmiş şəxs kimi təqdim edən əvvəllər tanımadığı müştəri gödəkcə sifariş vermək istədiyini, dəyəri 1800 manat piton ilanın dərisindən olan gödəkcəni bəyəndiyini, gödəkcəni kreditlə əldə etmək istədiyini bildirmiş, o da bunun üçün həmin şəxsdən şəxsiyyət vəsiqəsinin şəklini, 3 tanışının nömrəsini göndərməsini, öz bədən ölçülərini dəqiqləşdirməkdən ötrü şəxsi dərzisinə yaxınlaşmasını xahiş etmiş, həmin şəxs öz bədən ölçülərini, 3 tanışının mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmiş, o da öz növbəsində sifarişçinin adına kredit xətti açdırmaq üçün şəxsiyyət vəsiqəsini “Ferrum Capital” bank olmayan kredit təşkilatına göndərmiş, sənədləri “Ferrum Capital” BOKT-un Bakı şəhəri, Xətai rayonunda yerləşən ofisinə təqdim etdikdən sonra ofisdən ona Bəhruzun sistemdə olan telefon nömrəsinə zəng çatmadığını demişlər. Bəhruzun ona şəxsiyyət vəsiqəsi göndərdiyi telefon nömrəsi ilə əlaqə saxladıqda telefonu açan şəxs Bəhruzun dostu olduğunu, Bəhruzun iş səfəri ilə bağlı BƏƏ-nin Dubay şəhərində olduğunu, BOKT əməkdaşlarının Bəhruzla roaming vasitəsilə danışa biləcəklərini, Bəhruza bu barədə məlumat verəcəyini bildirmiş, “Ferrum Capital” BOKT-dan sifarişçi Zərərçəkmiş şəxsla roaming vasitəsilə əlaqə saxlanılmış və həqiqətən də gödəkcə sifariş edib-etmədiyi soruşulmuş, adına kredit borcu və ya gecikmə olub-olmamasının sistemdə yoxlanılması üçün icazə alınmış və yoxlanılmış, 1800 manat kredit xətti açılması məqbul hesab edildikdən sonra, təsdiq üçün həmin şəxsə videogörüntü vasitəsilə zəng edilmiş və Zərərçəkmiş şəxs əlində öz şəxsiyyət vəsiqəsini tutaraq kredit götürmək istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs razılığı ilə adına götürülmüş 1800 manat kredit pul məbləği ona məxsus bank hesabına köçürülmüş, Zərərçəkmiş şəxs buna etiraz etmək hüququ olsa da, lakin heç bir etiraz verməmiş, Bəhruza sifariş verdiyi gödəkcəni İndoneziyanadan Azərbaycana çatdırmaq üçün sifariş etdiyini, təxminən 7-14 gün müddətində Azərbaycana gəlib çatacağını və təqdim ediləcəyini bildirmiş, lakin həqiqətdə o, gödəkcə ilə bağlı sifariş verməmiş, pul lazım olduğu üçün Bəhruzu aldadaraq 1800 manat pulu özü götürmüş, daha sonra Zərərçəkmiş şəxs dostu sifariş verilən gödəkcənin astar hissəsinin dəyişdirilməsini xahiş etmiş, o da bu fürsətdən istifadə edib əlavə olaraq da pul əldə etmək üçün Bəhruzun dostuna artıq 1800 manat kredit ayrıldığını, əlavə pul ayrılmayacağını, gödəkcəyə əlavə dəyişiklik üçün 200 manat xərc lazım olduğunu demiş, Bəhruzun dostu 19 oktyabr 2024-cü il tarixdə **********392057 nömrəli “Unibank”ın Leo kartına 200 manat da pul göndərmiş, bundan sonra Bəhruz özü yenidən Azərbaycana qayıtdıqdan sonra onunla əlaqə saxlayaraq gödəkçənin nə vaxt gəlib çatacağını soruşmuş, o da hər dəfə müxtəlif bəhanələr gətirərək sifarişin yubandığını, gömrükdə problem yarandığını, yaxın zamanda gödəkçənin çatacağını bildirmiş, bir aydan sonra Bəhruz ona zəng edib bank tərəfindən kreditin ödənilməsinin tələb oluduğunu, əgər gödəkçə gəlməyəcəksə həmin pulu ödəməsini tələb etmiş, o isə Bəhruza sifarişin gəlməyəcəyi təqdirdə pulunu geri qaytaracağına söz vermiş, lakin imkanı olmadığından pulu qaytara bilməmiş, bundan sonra Bəhruz onun barəsində polisə şikayət etmiş, əldə etdiyi 2000 manat pulu şəxsi xərclərinə və ehtiyaclarına sərf etmiş, “Ferrum Capital” BOKT-dan hansı əməkdaşın işi gördüyünü bilməmiş, o sadəcə kredit əldə etmək istəyən şəxsin məlumatlarını BOKT-un elektron müraciət qutusuna göndərmiş, müsbət halda şəxsə kredit ayrılmış və həmin şəxsin razılığı ilə o sifarişi çatdırmaq üçün ayrılmış pulu öz hesabından əldə etmişdir. X3 Bakı şəhəri ərazisində işlətdiyi geyim mağazasından tanımış, əvvəllər Kamrandan bir neçə dəfə özünə geyim əşyaları almış, münasibəti yarandıqdan sonra Kamrana xaricdən geyim əşyaları və elektronika məhsulları gətirdiyini, Kamranın "xxxx" QSC-də adına olan müqavilə ilə öz müştərilərinə də kredit ayırmaq istədiyini bildirmiş və bunun qarşılığında Kamrana əldə etdiyi gəlirdən faiz verəcəyini öhdəsinə götürmüş, "xxxx" QSC ilə mağaza sahibi kimi X2 adına müqavilə bağlansa da, Kamran Rzayevin adından bütün hərəkətləri özü etmiş, yəni 1800 manat pulu Kamran Rzayevdən müştəri üçün gödəkçə gətirəcəyini bildirərək almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, dəri gödəkcə mövcud deyildir, ölçülərə görə xarici ölkədən sifarişlə gətirəcəkdir. Bununla bağlı sənədi olmamışdır. İndoneziyadan xammal alıb Dubayda tikdirmək niyətində olmuşdur. Bunun üçün 400 dollar pul göndərmişdir. Ümumi onun 10 müştərisi olmuşdur. Zərərçəkmiş şəxs sifarişinin 7-10 günə gətirəcəyinə söz versə də, sifariş gəcikmişdir. Aldatmaq niyyəti olmamışdır. Ziyanı vaxtında ödəmədiyinə görə peşmandır. Hazırda zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsində onlayn satışla məşğul olan geyim mağazası səhifəsi görmüş, həmin səhifədə paylaşılmış geyimlərə baxdıqda dəyəri 1800 manat kimi qeyd edilmiş dəri gödəkçəni almaq qərarına gəlmiş, bu məqsədlə səhifədə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, səhifəni işlədən Qabil adlı şəxs ona 1800 manat dəyərindəki dəri gödəkçəni onlayn yolla İtaliyadan gətirəcəyini bildirmiş, o Qabilə gödəkçəni aylıq ödənişlə almağın mümkün olub-olmadığını soruşduqda Qabil aylıq 200 manat ödəməklə adına kredit açdıraraq dəri gödəkçəni gətirə biləcəyini bildirmiş, o, Qabillə razılaşdıqdan sonra ondan şəxsiyyət vəsiqəsinin şəklini və 3 nəfər tanışının əlaqə nömrəsini tələb etmiş, bundan sonra ona “Ferrum Capital” adlı BOKT- dan video görüntülü zəng olunmuş və ondan şəxsiyyət vəsiqəsini videoya tutaraq kredit almağına razılığını soruşmuşlar. O, gödəkçə almaq üçün kredit aldığını bildirdikdən sonra onun adına kredit xətti açılmış, bundan sonra o, gödəkçənin boyunluğuna və astar hissəsinə xəz əlavə olunmasından ötrü Qabillə danışmış, həmin şəxs bunun üçün ondan 200 manat da əlavə pul tələb etmiş, həmin vaxt o, Dubay şəhərinə getdiyi üçün dostu Cərulladan xahiş edib Qabilin ona göndərdiyi son 8 rəqəmi 6439 2057 olan Leobank bank kartına 200 manat pul göndərməsini xahiş etmiş, 19 oktyabr 2024-cü il tarixdə Qabilin bank kartına Quba şəhərində yerləşən Mega Store adlı marketin Million terminalından 200 manat da pul göndərtmiş, 21 oktyabr 2024-cü il tarixdə Qabil ona zəng edib bankdan zəng olunacağını, ondan gödəkçəni təhvil alıb-almadığını soruşacaqlarını deyərək, cavabında ondan gödəkçəni təhvil aldığını deməyi xahiş etmiş, hətta Qabil onun mobil nömrəsinə 10 manat da pul yükləyib “Dubay şəhərində olduğundan roaming vasitəsilə zəng olunacağına görə birdən balansın olmaz” demiş, Qabillə danışdıqdan təxminən 2 saat sonra ona bankdan zəng olunmuş və gödəkçəni alıb-almadığını soruşmuşlar. O isə banka Qabilin gödəkçənin yolda olduğunu dediyini bildirmiş, bundan sonra o, 1 ay da gözləsə də, Qabil söz verdiyi kimi gödəkçəni təhvil verməmiş, 1 aydan sonra bank tərəfindən ona zənglər gəlməyə başlamış və ondan krediti ödəməyi tələb etmişlər. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Qabil Maşiyev barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. 2024cü ilin oktyabr ayının ortalarında Quba şəhərində kafelərin birində Rüstəmlə əyləşib çay içərək söhbət edən zaman Rüstəm “İnstagram” sosial şəbəkəsində qarşısına çıxan onlayn satışla məşğul olan geyim mağazasında paylaşılmış geyimlərə baxaraq dəyəri 1800 manat kimi qeyd edilən dəri gödəkçəni almaq qərarına gəlmiş, bu məqsədlə Rüstəm səhifədə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq səhifəni işlədən Qabil adlı şəxslə danışıb 1800 manat dəyərindəki dəri gödəkçəni almaq istədiyini bildirmiş, Qabil də həmin gödəkçəni onlayn yolla İtaliyadan gətirəcəyini bildirmişdir. Rüstəm Qabilə gödəkçəni nağd şəkildə almağa imkanı çatmadığını, aylıq ödənişlə almağın mümkün olubolmadığını soruşduqda Qabil aylıq 200 manat ödəməklə Rüstəmin adına kredit açdıraraq dəri gödəkçəni gətirə biləcəyini bildirmişdir. Rüstəm də Qabillə razılaşmış və bundan sonra bank tərəfindən Rüstəmin adına kredit xətti açılmışdır. Rüstəm gödəkçəni sifariş verdikdən bir-iki gün sonra işləri ilə bağlı Dubay şəhərinə getmiş, 19 oktyabr 2024-cü il tarixdə Rüstəm vatsap ani mesajlaşma tətbiqi vasitəsilə ona zəng edib sifariş verdiyi gödəkçənin boyunluğuna və astar hissəsinə xəz əlavə olunmasından ötrü Qabillə danışdığını, bunun üçün ondan 200 manat pul istədiyini, həmin pulu Qabilin göndərəcəyi bank kartına köçürməsini xahiş etmişdir. O da Rüstəmin xahişi əsasında 19 oktyabr 2024-cü il tarixdə Quba şəhərində yerləşən Mega Store adlı marketin Million terminalından Qabilə məxsus son 8 rəqəmi 6439 2057 olan Leobank bank kartına 200 manat pul göndərmiş və qəbzin də şəklini çəkib Rüstəmə yollamışdır. Bir ay sonra Rüstəmlə növbəti görüşlərin birində o, sifariş verdiyi gödəkçənin gəlib-gəlmədiyini soruşduqda, Rüstəm gödəkçənin hələ də təhvil verilmədiyini, bank tərəfindən artıq ona zəng olunduğunu və pulu ödəməyi tələb etdiklərini bildirmişdir. Rüstəm Qabilə dəfələrlə gödəkçəni təhvil verməsini, bankın ondan ödənişi tələb etdiyini desə də, Qabil əvvəlcə müxtəlif bəhanələr gətirərək guya sifarişin gömrükdən keçməsində problem yarandığını, qısa zamanda ölkəyə gələcəyini demiş, sonradan isə telefonlara cavab verməmişdir. Bir dəfə isə Rüstəmin mobil nömrəsini tanıdığı üçün zənglərə cavab vermədiyindən o, öz mobil nömrəsi ilə Qabilə zəng etmiş, Qabilə özünü təqdim edib, 200 manat pulu ona məhz özü göndərdiyini, əgər sifarişi təhvil verə bilməyəcəksə, 2000 manat pulu Rüstəmə geri qaytarmasını, əks halda barəsində polisə şikayət olunacağını, özünə problem yaratmamasını bildirmişdir. Lakin Qabil onun dediklərinə də məhəl qoymayaraq nə verdiyi vədə əməl etməmiş, nə də pulu geri qaytarmamışdır. İş materiallarında olan: İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə nümayəndəsinin 03 aprel 2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Xan Şuşinski küçəsi, ev 4-də qeydiyyatdadır və atası- X4, anası - X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır; Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmiş və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona vurulmuş maddi ziyanı tam ödəməsini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-80/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-80/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver