Məhkəmə qərarları › İş №1(027)-81/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-81/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-81/2022 08.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Quba şəhəri Bakı küçəsi ev 34-də qeydiyyatda olmaqla Quba şəhəri, 32-33-cü məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə saat 20 radələrində Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,128 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tanışı Şahid1 70 manat pul müqabilində əldə edərək üzərində saxlamaqla daşımış, 21.12.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində saat 20:55-də saxlanılaraq üzərinə şəxsi şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 5,128 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. Qonşusu Şahid1 da narkotik vasitə istifadəçisi olmasından məlumatlı olmuşdur. 21.12.2021-ci il tarixdə narkotik vasitə mariuxuana çəkmək qərarına gəlmiş və Mətləbin işlədiyi avtoyuma məntəqəsinə getmişdir. Mətləbdən narkotik vasitə istəmiş, sonuncu “baxaram, olsa gətirib verərəm” demişdir. Bundan sonra o, yeznəsi Ruslanla birlikdə çayxanaya getmişdir. Təxminən 40 dəqiqə sonra Mətləb ona zəng edərək, Xaçmaza narkotik vasitə almaq üçün getdiyini demiş və onu çağırmışdır. O, Quba şəhəri köhnə avtovağzal adlanan ərazisində Mətləblə görüşmüşdür. Söhbət zamanı Mətləb Xaçmaz şəhərinə gedib tanışından onun üçün bir qutu narkotik vasitə alıb gətirə biləcəyini, qiymətinin 90 manat olacağını bildirmişdir. O, razılaşmışdır. Mətləb pulu qabaqcadan istəmişdir. O da özündə olan 40 manatı və yeznəsindən götürdüyü 30 manat pulu cəmləyib Mətləbə vermiş, qalan 20 manatı isə axşam saatlarında verəcəyini demişdir. Mətləb razılaşmış və getmişdir. O da işlədiyi Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “480” adlı kafeyə getmişdir. Bir neçə saat sonra Mətləb ona zəng etmiş və obyektin qabağına çıxmasını demişdir. Bir qədər sonra o, Mətləblə kafenin önündə görüşmüş və sonuncudan narkotik vasitəni almışdır. Mətləb maşına əyləşmiş və çıxıb getmişdir. Mətləb narkotik vasitəni ona verib gedəndən az sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da üzərində bir kibrit qutusunda marixuana olduğunu demişdir. Bundan sonra başqa polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da buna etiraz etməmiş, təhqiqatçı üzərində olan narkotik vasitəni təqdim etməyini bildirmiş və o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitəni təqdim etmişdir. Üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, qalan əşyaları isə ona qaytarılmışdır. Narkotik vasitə marixuananı aldıqdan qısa müddət sonra polis əməkdaşları tərəfindən saxlanıldığı üçün marixuanadan istifadə etmək şansı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, arada özü istifadə edir. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən qorxduğu üçün aşkar olunmuş narkotik vasitə marixuananı yeznəsinin sifarişi ilə aldığını desə də, yeznəsi narkotik vasitələrdən istifadə etmir və narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərində aşkar olunan narkotik vasitə özünündür. Yeznəsi və ya başqa bir şəxs üçün almamışdır. Özü üçün çəkməyə almışdır, yeznəsi ona bu barədə heç nə deməmişdir. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. O, tutulandan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs tanımır. 21.12.2021-ci il tarixdə tanışı Mətləb ona zəng edərək fəaliyyət göstəridiyi avtoyuma məntəqəsinə çağırmışdır. Mətləbin yanına getmiş, sonuncu ona tanışı Elşad adlı şəxsin ondan bir qutu narkotik vasitə istədiyini, həmin şəxs üçün narkotik vasitə tapmaq lazım olduğunu bildirmişdir. O, da zəng edib Xaçmaz şəhərində olan tanışından soruşmuş, sonuncu marixuana olmasını, bir kibrit qutu nəşəni 60 manata satdığını bildirmişdir. O da bu barədə Mətləbə dedikdən sonra Mətləb Elşada zəng etmiş, qiymətinin 90 manat olduğunu deyərək harada olduğunu soruşmuşdur. Elşad Mətləbə köhnə avtovağzal dairəsinin yaxınlığında olduğunu bildirmişdir. Onlar da onun idarə etdiyi avtomobilə əyləşib birlikdə Elşadla görüşmək üçün köhnə avtovağzal dairəsinə getmişlər. Avtomobildə öndə Əli, arxada isə Mətləb əyləşmişdir. Elşad görüşə adını sonradan bildiyi yeznəsi Ruslanla birlikdə gəlmişdir. Elşad və yeznəsi avtomobilə minərək hər ikisi Mətləbin yanında əyləşmişdir. Elşadın yeznəsi avtomobili birja adlanan yerə sürməyini bildirmişdir. Onlar qeyd edilən yerə çatdıqda Ruslan avtomobildən yerə düşərək getmiş və bir qədər sonra qayıdıb avtomobilə əyləşərək 70 manat pulu Elşada vermişdir. Elşad da pulu Mətləbə verərək, 20 manat borclu qaldığını və axşama çatdıracağını bildirmişdir. Onlar bir qədər irəliyə doğru hərəkət etmiş və birjanın giriş qapısının önündə Elşad və Ruslan avtomobildən düşmüşlər. Mətləb 60 manat pulu ona vermiş, 10 manat pul isə Mətləbdə qalmışdır. Onlar birlikdə Xaçmaz şəhərinə getmişlər. Xaçmaz şəhərində stansiya adlanan ərazidə Cəlal avtomobilə yaxınlaşıb 60 manat pulu ondan almış və içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunu ona verib getmişdir. Onlar qutunun içərisindən bir qədər götürüb elə maşında siqaretə dolduraraq çəkmişlər. Quba şəhərinə qayıdan zaman Mətləb Elşada zəng etdikdə Elşad “480” adlı kafenin qarşısında gözlədiyini demişdir. Onlar qeyd olunan kafenin önünə çatdıqda, o, avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Mətləb avtomobildən düşdükdən sonra Elşadla görüşdürdüyü və sonuncuya narkotik vasitənin verib-vermədiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21.12.21-ci il tarixdə saat 20 radələrində Quba rayonu Timiryazev qəsəbəsində “480” adlı kafenin önündə saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışdan əvvəl üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Şifahi sorğu-sual zamanı həmin narkotik vasitəni tanışı Şahid1 70 manata aldığını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Kibrit qutusu təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırdıqdan sonra Elşad və vəkili imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid7 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxsı tanımır. 21.12.2021-ci il tarixdə Səbuhi ona zəng edib bir qutu nəşə istəmiş, o da bir qutu nəşənin qiymətinin 60 manat olduğunu bildirmişdir. Səbuhi də razılaşıb görüş təyin etmişdir. Həmin gün saat 19 radələrində Səbuhi ilə Xaçmaz şəhərində stansiya adlanan ərazidə görüşmüş, Səbuhinin idarə etdiyi avtomobilə yaxınlaşmış, avtomobildə Səbuhidən başqa tanımadığı bir nəfər şəxs də olmuşdur. O, sürücü tərəfdən avtomobilə yaxınlaşmış və üzərində olan bir qutu narkotik vasitə marixuananı Səbuhiyə verərək ondan 60 manat pulu almışdır. Daha sonra isə oradan kənarlaşmışdır. 12.01.2022-ci il tarixdə Quba rayon polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda 3 saylı təcridxanada həbsdə saxlanılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün ona pul verməmişdir. Elşad dostu Şahid3 narkotik vasitə istəmiş, sonuncu da narkotik vasitə əldə etmiş və sonra ondan xahiş etmişdir ki, həmin narkotik vasitəni Elşada versin. O da razılaşmışdır. O, Səbuhi ilə birlikdə 21.12.2021-ci il tarixdə Quba rayonu Timiryazev qəsəbəsində “480” adlı kafenin yaxınlığına getmiş, maşından düşüb Elşadla görüşmüş, Səbuhinin əldə etdiyi narkotik vasitəni Elşada vermişdir. Elşadla onun arasında pul söhbəti olmamışdır. O, sadəcə Elşadla Səbuhi arasında vasitəçilik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və verilən əlavə suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 21.12.2021-ci il tarixdə saat 12 radələrində o, Elşadla Quba şəhəri köhnə avtovağzal adlanan ərazidə kafelərin birində birlikdə oturan zaman Elşad ondan 30 manat pul borc istəmiş və həmin pulu borcu olduğu mağazaya verəcəyini bildirmişdir. Onun üstündə pul olmadığı üçün, birlikdə Quba şəhərində yerləşən birja adlanan ərazidə yerləşən Xınalıq mehmanxanasının qabağına getmişlər. O, mehmanxanadan pul götürüb Elşada vermişdir. Bundan sonra onlar köhnə avtovağzal ərazisində bir nəfər şəxslə görüşmüş və Elşad ona pul vermişdir. Həmin vaxt Elşad pulun əvəzində heç nə götürməmişdir. Pulu əvvəl nə məqsədllə aldığını bilməmişdir. Elşad tutulandan sonra bilmişdir ki, pulu narkotik vasitə almaq üçün ondan istəmiş və kimdənsə narkotik vasitə almışdır. Elşadın törətdiyi əmələ onun heç bir aidiyyatı yoxdur. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid5 və Şahid8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İş üzrə şahidlər Şahid5 və Şahid8 ifadələri məhkəmədə elan olunan zaman məlum oldu ki, onlar Şahid7 ifadəsi ilə analoji ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Cəlal Sultanov, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Fuad İslamov, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Quba rayonu Timiryazev qəsəbəsində avtomobil yolunun kənarında dayanmışdırlar. X18 Məmmədova özünü və iştirakçıları təqdim edərək, narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli olduğundan videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını qeyd edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmasını soruşur, sonuncu üzərində narkotik vasitə saxladığını etiraf edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şahid1 əldə etdiyini, yeznəsi Ruslanın sifarişi ilə Tural adlı şəxs üçün aldığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etməsini bildirir və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən göy rəngli tibbi maskaya bükülmüş bir ədəd kibrit qutusunu təqdim edir. Təqdim edilmiş kibrit qutusu açılıb içərisinə baxıldıqda qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilir, içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilir, çəkisi 7.5 qram gəlir. Təhqiqatçı kibrit qutusunu zərfə qoyub qablaşdırdıqdan sonra Təqsirləndirilən şəxs və vəkili imzalayır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Şahid1 70 manata aldığını, həmin şəxsə 20 manat da borclu qaldığını, Şahid1 narkotik vasitəni 90 manata satdığını bildirir (DVD disk). İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” 2112.2021-ci il tarixli protokoldan görünür ki, üzərində narkotik vasitə marixuana gəzdirməsində şübhəli bilndiyinə görə 21.12.2021-ci il tarixdə, saat 20 45-də Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ cibindən göy rəngdə tibbi maskaya bükülmüş halda olan bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuanaya oxşar yaşıl kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə kibrit qutusu qarışıq “Constant” markalı elektron tərəzidə çəkilmiş, çəkisi 7,5 qram gəlmişdir. Həmin kütlə kibrit qutusunda zərfə qoyularaq 67 saylı möhürlə monürlənib qablaşdırılmışdır. Narkotik vasitəyə oxşar kütlə olan zərf və mobil telefon araşdırma zərurəri ilə əlaqədar götürülmüş, qalan əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, iş vər.: 28); Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, özünə məxsus Samsung J2 markalı mobil telefonu müstəntiqdən təhvil almışdır (cild 2, iş vər.: 38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 22.12.2021 -ci il tarixli 7/1309 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,128 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5,128 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 5,108 qramdır (cild 1, iş vər.: 38-41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 14.01.2022-ci il tarixli 196 saylı nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vər.: 13,14). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” 30.12.2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 5,108 qram olan marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vər.: 70); “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” 24.12.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid5 21.12.2021-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir (cild 1, iş vər.: 69); “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 05.04.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər Şahid1, Şahid3 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin, DVD və CD disklərin əsli və ya surəti siyahı üzrə əlavə edilmişdir. ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər Şahid1, Şahid3 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1 -ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin, DVD və CD disklərin əsli və ya surəti siyahı üzrə əlavə edilmişdir (cild 2, iş vər.: 149-151); “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 05.04.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin, DVD və CD disklərin əsli və ya surəti siyahı üzrə əlavə edilmişdir (cild 2, iş vər.: 153-155). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 5,128 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21.12.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, iş vər.: 11, 19, 20); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 47,48); Quba Rayon prokuroru Namiq Muradovun 23.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. (cild İ, iş vər.: 60, 61); “qətimkan tədbiri seçilməsi haqqında” 23.12.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, iş vər.: 62, 63); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 11.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə yenidən ittiham elan edilmişdir. DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 06.09.2019-cu il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilmiş, sınaq müddəti 01 il müəyyən edilmiş, cəzanın müddəti bitdiyindən 07.09.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vər.: 36); Quba Rayon Məhkəməsinin 06.09.2019-cu il tarixli 1(027)-84/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti tətbiq edilməklə, təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir (cild 2, iş vər.: 90-94); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.03.2022ci il tarixli 670 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, 32-33-cü məhəllədə yaşayır (cild 2, iş vər.: 74); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.03.2022ci il tarixli 683 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası 05.07.1967-ci il təvəllüdlü X6, anası 12.12.1967-ci il təvəllüdlü X7, bacıları 28.08.1990-cı il təvəllüdlü X9 və 12.03.1997-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır (cild 2, iş vər.: 75); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.03.2022ci il tarixli 671 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterize olunur (cild 2, iş vər.: 76). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdən 23.12.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 5,108 qram olan marixuana məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdən 23.12.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 5,108 qram olan marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar