Məhkəmə qərarları › İş №1(027)-81/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-81/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-81/2023 24.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ İHakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Xüsusi X1 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - X3, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, 11 fevral 1966-cı il tarixdə Quba şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Quba şəhəri, Ə.Nərimanov küçəsi küçəsi, ev 23-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, uzun illərdir X13 Təsərrüfatı Mərkəzində işləyir. 01 mart 2022-cü ildən isə idarənin müdiri işləyir. İşlədiyi dövrdə işini qanunla və qaydalara uyğun görür. İşimə görə dəfələrlə rəhbərlik tərəfindən razılıq bildirilmişdir. Rəhbərlik etdiyi meşə təsərrüfatında baş nöqsanların aradan qaldırılması üçün daima işlər görür. Barəsində əsassız olaraq böhtan atan, təhqir edən, şərəf və layəqətini alçaldan, ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edən şəxs X8 olmuşdur. Belə ki, X8 telefonla rəhbərlik etdiyi meşə təsərrüfatına gedərək cəmiyyətdə, insanlarda onun barəsində yalnış təsəvvürlər formalaşdırmaq üçün çəkilişlər edir. Belə ki, Şahin Qafarov tarixdə meşə təsərrüfatına gedərək 3-cü meşə dolayısında orada çəkiliş aparmış və 04 mart 2023-cü il tarixdə çəkilişdə “meşələr istismar olunur” “buna şərait yaradan vicdansız Elvindir” “bir dənə də sağlam ağac kök üstə qalmayıb” “ağaclar vəhşicəsinə istismar olunub” bundan başqa Şahin Qafarov 15 mart 2023-cü il tarixli çəkilişdə həmin dolayıda “600 dan çox ağackəsilib”, “meşələr vəhşicəsinə istismar olunur” “Vicdansızlar” “Ancaq vicdansız damğası vurulmalıdır” “idarənin fəhlələrinin Bakı şəhərində olan evdə işlədir” “dövlətin pulunu yeyir” “işçilərin kartları ondadır deyərək” böhtan, təhqir, şərəf və ləyaqəti alçaldan, ağır və xüsusilə ağır cinayət törətməklə ittiham edən videolar yaymışdır. Nəticədə işgüzar nüfuzuna, şəxsiyyətinə ağır zərbə dəymiş, barəsində cəmiyyətdə mənfi rəy formalaşmışdır. Hesab edir ki, göstərilən və sübut kimi şikayətinə əlavə edəcəyi faktlar X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Onun xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən barəsində böhtan xarakterli yalan məlumatlar yaymış, onu ağır cinayətdə ittiham etməklə böhtan atmış X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılması xahiş olnmuşdur. Daha sonra, xüsusi ittihamçı irəli sürdüyü ittihamı dəqiqləşdirmiş və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddələri ilə üç il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmə barədə ərizədən göründüyü kimi, X3 iştirakı ilə aparılmış və sosial şəbəkələrdə yayılmış 27 noyabr 2023-cü il tarixdə çəkilişdə 0:21 saniyədə “meşələr istismar olunur” böhtan atmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1, 259.2.1, 259.2.3, 259.2.4- cü maddələri ilə cinayət törətməkdə ittiham edir, 0:23-cü saniyədə “buna şərait yaradan vicdansız Elvindir” böhtanı atmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddələri cinayət törətməkdə ittiham edir, 0:37-ci saniyədə “bir dənə də sağlam ağac kök üstə qalmayıb” “ağaclar vəhşicəsinə istismar olunub” yenədə də böhtan atmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1, 259.2.1, 259.2.3, 259.2.4-cü və 308.1-ci maddəsi ilə cinayət törətməkdə ittiham edir. Bundan başqa X3 iştirakı aparılmış və sosial şəbəkələrdə yayılmış 04 mart 2023-cü il tarixli çəkilişin 0:12 saniyəsində “əgər meşələr qırılmayıbsa, idarənin müdiri Elvin Bakı şəhərində 3 otaqlı təmirli mənzil necə alır” 00:27 saniyədə “idarənin fəhlələrinin Bakı şəhərində olan evdə işlədir” 00:29 saniyədə “büdcənin vəsaitini - dövlətin pulunu yeyir” 00:33-cü saniyədə “işçilərin kartları ondadır deyərək” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 308.2-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsilə cinayət törətməkdə ittiham edir. Məhkəmə iclasında xüsusi X1 nümayəndəsi Nümayəndə şikayət və ərizələrinin məzmununa uyğun izahat verərək X3 məxsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrilə elən edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildimişdir ki, meşələrin qırılması bir vətəndaş kimi onu narahat etdiyindən çıxışları sərt olmuşdur. Ağacların qırılmasına dözə bilmir və meşənin istismar olunması ona mənəvi iztirab verir. Bu formada fikirlərə görə cinayət məsuliyyəti barədə məlumatı olmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X8 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X4 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və yaaltı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (doslarının, tanışlarının və s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Xüsusi ittiahamçı “meşələr istismar olunur”, “buna şərait yaradan vicdansız Elvindir” ifadələrilə onun şərəf və ləyaqəti alçaltmaqda ittiahm edir. Azərbaycan dilinin izahlı lüğətində vicdansız sözü vicdanı olmayan, öz hərəkəti üçün cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməyən, ürək hissi təmiz olmayan; insafsız kimi təsvir edilmişdir. Göründüyü kimi, qeyd edilən ifadə ayrılıqda deyil, məhz meşələr istismar olunmasına şərait yaradılması baxımından fikir olaraq səsləndirilmişdir. Məhz bu şəkildə ifadə edilməsi əmələ olan tənqidi münasibət baxımından “ağır tənqid” kateqoriyasına vücud edir. Özü-özlüyündə nəzakətsiz səslənsə də, qeyd edilən fikir əmələ verilən şüuri qiymətləndirmənin nəticəsi olaraq şəxsiyyəti zədələməyə qəsdən yönəlməmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, dövlət qulluqçuları da tənqidə siyasi şəxslər kimi dözümlü yanaşmalıdırlar. Bununla belə, onların tənqidinin hədlərinin bir qədər dar olduğu da vurğulnmışdır. Rəsmi şəxs qismində fəaliyyət göstərən dövlət qulluqçuları da siyasətçilər kimi adi şəxslərə nisbətən daha geniş tənqid oluna bilərlər. Lakin bu o demək deyil ki, dövlət qulluqçuları özlərinə qarşı bütün sözlərə və hərəkətlərə siyasətçilərdən tələb olunan dərəcədə dözümlü davranmalı və tənqid olunarkən onlara da siyasətçilərlə ölçüdən yanaşılmalıdır.(Toma Lüksemburqa qarşı, 2001) Torgeyrson işində Avropa Məhkəməsi hesab etmişdir ki, məqalədə sərt ifadələr yer alsa da məqalənin polisdə islahatlar aparmaq məqsədi güddüyünü nəzərə alsaq onun dili həddən artıq sərt sayıla bilməz. Məhkəmə razılaşdı ki, emosional çalarlara malik kəskin və sərt ifadələr qəbulediləndir. Məhkəmənin fikrincə belə ifadələr toplumun diqqətini müzakirə olunan məsələyə çəkməyə kömək edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd edilən Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə irəli sürülmüş ittihama münasibətdə qeyd edir ki, eyni tarixli səsləndirilmiş fikirlərdə ağır cinayətdə ittiham etməklə böhtan da səsləndirildiyinə dair ittiham irəli sürüldüyündən, həmin bənd xüsusi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən maddə ilə cinayət məsuliyyəti məsuliyyətinin müəyyən edilməsi üçün üç əməl üzrə tövsif aparılmalıdır: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Xüsusi ittihamçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin X13 Təsərrüfati Mərkəzinin 12 may 2022-ci il tarixli əmrinin surətindən göründüyü kimi, mərkəzlərin xidməti ərazisində 2022-ci ilin istifadəsi üçün ayrılmış və araşdırma nəticəsində məqsədəmüvafiq hesab edilmiş 296 qırma sahəsində ümumi kütləsi 48095 m3 həcmində (o, cümlədən 41968 mJ odun 4379 şax və çırpı,1748 m3 işlik) və meşələrin tör- töküntüdən təmizlənməsi hesabına oduncağın tədarükü təsdiq edilmişdir. Xüsusi ittihamçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin X13 Təsərrüfati Mərkəzinin 16 may 2022-ci il tarixli əmrinin surətindən göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 12 may 2022-ci il tarixli 199/ü saylı əmrini rəhbər tutaraq hərbi hissələrin, xəstəxanaların,məktəblərin və əhalinin oduncağa olan tələbatını ödəmək üçün Mərkəzin 2022-ci ilin səhiyyə,seyrəltmə keçid qırma sahələri Meşələrin İnkişafı Xidmətinin və 5 saylıRegional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən 55 ədəd ayrı İmiş oduncağın tədarükü və buraxılması məqsədi ilə 2022-ci il üçün keçid, səhiyyə, seyrəltmə qırma sahələrindən ayrılmış 11367,0 m3 o cümlədən 844 m3 işlik oduncağın tədarükünə başlanılması əmr edilmişdir. Xüsusi ittihamçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş 11 aprel 2023-c il tarixli aktdan göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin baş məsləhətçisi Sehran Qənbərov, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi İlqar Ağabalayev, Quba RMTM-nin mühafizə işləri üzrə direktor müavini Tərlan Rızayev, Alpan meşəbəyliyinin meşəbəyisi Hüseyin Abdulhüseynov və meşəbəyliyin 2 saylı meşə dolayının gözərçisi Taleh Abdullayevin iştirakı ilə tərtib edirik bu akı ona görə ki, Meşələrin İnkişafı Xidmətinin 1134/em saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Quba RMTM-də meşələrin qorunub mühafizə edilməsi vəziyyəti araşdırılmış, araşdırma zamanı dolayın ərazisində özbaşına (qanunsuz) kəsilmiş ağac aşka edilməmiş. Lakin təbii fəlakət nəticəsində dibdən çıxan və sınan 20 ədəd (16 ədədi dibdən çıxan 4 ədədi sınan) ağaclar (fısdıq cinsindən 32 sm-də 3 ədəd, 36 sm-də 5 əd, 40 sm- də 4 əd, 44 sm-də 1 əd, 48 smdə 1 əd, 52 sm-də 2 əd, 56 sm-də 1 əd, 60 sm-də 1 əd və 64 sm-də 1 əd, vələs cinsindən 28 smdə 1 əd) aşkar edildi və dib kötüyündən ölçülərək qeydiyyata alınmışdır. Ağaclar kəsilərək aparılmışdır. Sraşdırmanın sonunda şikayətçi Şahin Qafarov araşdırmanın nəticəsindən razı qaldığını və başqa bir tələbinin olmadığını yazılı şəkildə bildirmişdir Mərkəzdə aparılan araşdırma zamanı, 2 saylı meşə dolayında 12 ədəd ağacın uçota alınaraq sekvestr edildiyi və doğranaraq anbara daşındığı məlum olmuşdur. Aparılan 8 ədəd ağac uçota alınmadığından, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 7 saylı əlavəsinə əsasən onlara 2 qat nırx qiyməti hesablanmışdır. Akta ilkin çöl hesabatı, həcm-qiymət cədvəli, fotoşəkillər və Mərkəzin təqdim etdiyi sənədlər əlavə edilir. Xüsusi ittihamçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş Quba rayon Polis şöbəsinə, Quba rayon Prokuroruna, Quba rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış məktublardan göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 may 2022-ci il tarixli 199/iı saylı əmrinə əsasən təşkilat, müəssisələrə və əhaliyə Mərkəzin xidməti ərazilərində 11361.35 m3 , o cümlədən 844 m3 həcmində işlik oduncağın buraxılmasına icazə verilmişdir: Quba rayonu üzrə - 6659 33 m3, o cümlədən 785,94 m3 işlik Xaçmaz rayonu üzrə - 1174.74 m3, o cümlədən 9,06 m3 işlik Qusar rayonu üzrə - 3381.78 m3. o cümlədən 48.72 m3 işlik Mərkəz tərəfindən oduncağın tədarükü ilə əlaqədar 16 may 2022-ci il tarixli 108/ü saylı əmr verildiyi barədə məlumat verilmişdir. Göründüyü kimi, 04 mart 2023-cü il tarixli çəkilişin 0:12 saniyəsində “əgər meşələr qırılmayıbsa, idarənin müdiri Elvin Bakı şəhərində 3 otaqlı təmirli mənzil necə alır”, 00:27 saniyədə “idarənin fəhlələrinin Bakı şəhərində olan evində işlədir”, 00:29 saniyədə “büdcənin vəsaitini dövlətin pulunu yeyir”, 00:33-cü saniyədə “işçilərin kartları ondadır deyərək” ağır cinayət törətməkdə ittiham edərək böhtan atması və bununla da E.Baxışovun şərəf və ləyaqətini ləkələməsi və onu nüfuzdan salması, həmin məlumatın doğru olmaması və belə məlumatların yayılması məhkəmə istintaqı zamanı tədqiq edilmiş subutlara tam sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, X8 ağır cinayətdə ittiham etməklə böhtan atmaqla Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X8 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X6rşı, § 57). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlini qismən etiraf etməsi, əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən X3 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə X5 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası X3 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat çəbləğ Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, müsadirə olunası əmlak, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsilə verilmiş ittiham üzrə bəraət verilsin. X5 irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə ittiham xüsusi ittihamdan xaric edilsin. X8 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 üzərinə Quba rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası X3 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar