Məhkəmə qərarları › İş №1(027)-81/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-81/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-81/2024 01.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Quba rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarı ilə Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməkələ üzərində 01 il 01 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər, Xəzər rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 21 gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Quba şəhəri Ə.Nərimanov küçəsi, ev 43-də qeydiyyatda olmaqla, Quba şəhəri 22-24-cü məhəllədə yaşaya, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, iki ədəd bükülüdə ümumilikdə 272,58 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində və özünə məxsus emalatxanada saxlamış, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Quba şəhəri Vaqif küçəsində yol kənarında saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibliyində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,58 qram narkotik vasitə qurudulmuş marixuana və özünə məxsus emalatxananın arxa otağında dəmirdən yığılmış dolabın üzərində olan taxta qutunun içərisində sellofan torbada saxladığı təmiz çəkisi 270,0 qram qurudulmuş marixuana olmaqla ümumilikdə iki ədəd bükülüdə ümumilikdə 272,58 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq işləməsə də Bakı şəhərində yerləşən NZS yaşayış massivindən spirtli içki, pivə gətirərək Quba şəhərində yerləşən kafelərə satmaqla gəlir əldə edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün 2020ci ilin sentyabr ayında məhkum olunmuşdur. Məhkum olunduqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. 2023-cü ilin yay aylarından başlayaraq yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 2023-cü ilin yay aylarında Bakı şəhərində Pirşağı kəndinə olarkən, Pirşağı kəndi ərazisində yerləşən Elmi tədqiqat institunun yaxınlığında yerləşən kolluq ərazidə sellofan torbada narkotik vasitə marixuana tapmışdır. Narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitəni götürüb yaşadığı Quba şəhərinə gəldikdən sonra Vaqif küçəsində yerləşən özünə məxsus köhnə emalatxanada gizlətmişdir. Gizlətdiyi narkotik vasitədən ara-sıra istifadə etmişdir. 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında emalatxanadan çıxmamışdan əvvəl tapdığı narkotik vasitədən bir qədər götürüb əynində olan şalvarının sağ cibliyinə qoymuşdur. Emalatxananın qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməyində şübhəli olduğunu bildirmişlər. Bundan sonra digər polis əməkdaşları gəlmiş və dəvət edilmiş vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Sorğu zamanı o, üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan şalvarının sağ cibliyində saxladığı sellofanda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim eləmişdir. Həmin bükülü tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Bundan başqa üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra isə sorğu zamanı o, özünə məxsus emalatxanadada narkotik vasitə saxladığını etitar edərək polis əməkdaşları ilə birlikdə emalatxanaya daxil olub emalatxananın arxa otağında dəmirdən yığılmış dolabın üzərində olan taxta qutunun içərisində saxladığı sellofanda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim eləmişdir. Həmin narkotik vasitə də tərəzidə ölçülmüş və qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin TB-nin təhqiqatçısı İlkin Rəhimovdan, CAB-nın əməliyyat müvəkkili Şahid2 və ƏRQ-nun kiçik inspektoru Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Quba Vaqif küçəsində yol kənarında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan şalvarının sağ cibliyində saxladığı sellofanda olan narkotik vasitəni təqdim eləmişdir.. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərindən tapdığını bildirmişdir. Həmin bükülü çəkildikdən sonra qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra isə sorğu zamanı Təqsirləndirilən şəxs özünə məxsus emalatxanadada narkotik vasitə saxladığını bildirmiş və birlikdə emalatxanaya daxil olub emalatxananın arxa otağında dəmirdən yığılmış dolabın üzərində olan taxta qutunun içərisində saxladığı sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni də təqdim eləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə ölçüldükdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa emalatxandan dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra digər prosesual hərəkətlərin davam etdirilməsindən ötrü Təqsirləndirilən şəxs Quba RPŞ-nə dəvət edilmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəməbioloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/50 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 2,58 qram və üzərində “Vət.Təqsirləndirilən şəxs məxsus...anbarından aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 270,0 qran bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 272,58 qramdır. Tədqiqata təqdim olunmuş zərfdə və kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 06 mart 2024-cü il tarixli 1512 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və ona məxsus emalatxanaya baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibliyində saxladığı bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə və ona məxsus olan emalatxanada olan dəmir dolabın üzərində olan taxta qutunun içərisində sellofan torbada olan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli 99 nömrəli arayış və arayışa əlavə edilmiş 100 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Ə.Nərimanov küçəsi ev 43-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs atası - 1954-cü il təvəllüdlü Məmmədov Tofiq Abdulla oğlu və anası - 1956-cı il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 yanvar 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 01 il 01 ay 25 günə endirilmiş, Bakı şəhəri,, Xəzər rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir və o, həmin cəzanın çəkilməmiş qalan 04 ay 21 gün hissəsindən Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.3-ci maddəsinə görə, az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan tutulmuş şəxsin tutulmadan azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum cəzasının bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 272,48 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, tutulma müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 272,48 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar