Məhkəmə qərarları › İş №1(027)-82/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-82/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-82/2022 08.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə, 15.01.2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 Mömin oğlunun icarə əsasında işlətdiyi Quba şəhəri, S.Vurğun küçəsində yerləşən bərbərxananın plastik pəncərəsini üzərində olan burğacla qırıb binaya qanunsuz daxil olaraq. Oradan 300 manat dəyərində bir ədəd LG markalı televizoru, 10 manat dəyərində bir ədəd akvariumun hava filteri və 20 manat pul olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 328 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 19.01.2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Panda” qadın və uşaq ayaqqabıları mağazasının plastik pəncərəsini üzərində olan burğacla qırıb mağazaya qanunsuz daxil olaraq, oradakı vitrindən hər biri 15 manat dəyərində iki ədəd çin istehsalı olan qadın qol saatları və 260 manat pul olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 290 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 19.01.2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Quba şəhəri, H.Əliyev prospektində yerləşən şiriniyyat mağazasının plastik pəncərəsini üzərində olan burğacla qırıb mağazaya qanunsuz daxil olaraq, masanın üzərində olan 15 manat dəyərində bir ədəd alüminium metaldan olan sini qabın içərisindəki bir ədədinin qiyməti 0.80 manat olan 110 ədəd paxlava olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 103 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki o, dolanışıq məqsədilə müxtəlif tikintilərdə dülgər və boya işi ilə məşğul olmuşdur. Oğurluq etməmişdən bir neçə müddət iş tapa bilməmiş, maddi durumu çox aşağı olmuş və buna görə də oğurluq edib oğurladığı əşyaları satmaqla gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, yaşadığı evin yaxınlarında S.Vurğun küçəsində yerləşən bərbərxanadan oğurluq etmək qərarına gəlmişdir. O, həmin bərbərxananın divarında LG markalı televizorun olduğunu müəyyən edib 15.01.2022-ci il tarixdə gecə saat 03 radələrində həmin bərbərxananın qarşısına gəlib, özü ilə götürdüyü burğac vasitəsi ilə bərbərxananın pəncərəsini açıb içəri daxil olaraq, əvvəlcə divardan asılmış televizoru, akvariumda olan hava filterini, sonra isə masasının daxılında olan 28 manat pulu götürüb əynində olan cins şalvarın arxa sol cibinə qoyaraq pəncərədən çölə çıxıb piyada yaşadığı evə getmişdir. Hava filterinidə sata bilməyəcəyini düşünüb həmin filtri yolda olan zibil qutusuna atmışdır. Oğurladığı pulu xərcləyib qurtardığı üçün yenidən oğurlu etmək qərarına gəlib 19.01.2022ci il tarixdə gecə saat 03 radələrində yaşadığı evdən 10 dəqiqəlik məsafədə olan Fətəlixan küçəsində yerləşən “Panda” qadın və uşaq ayaqqabıları, eləcə də qol saatlarının satışı mağazasının yanına gələrək üzərində olan burğacla mağazanın pəncərəsini açaraq oradan mağazaya daxil olmuşdur. Mağazanın işərisidə kassanın siyirməni açaraq oradan 260 manat pulu, həmçinin masanın üzərində olan iki ədəd qadın qol saatını götürərək mağazaya daxil olduğu pəncərədən çölə çıxıb yaşayış evlərinin arası ilə Quba şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə şəhərin aşağı hissəsinə doğru getmişdir. H.Əliyev prospektində Çinar restoranı ilə üzbəüz şiriniyyat mağazasının qarşısında keçəndə həmin mağazayada girmək qərarına gəlib, eyni üsulla, yəni burğacla mağazanın plastik pəncərəni qırıb açaraq mağazaya daxil olmuşdur. Mağazada nəgd pul olmadığını gördükdə masanın üzərində olan bir ədəd alüminium sini qabın içərisində olan paxlava şiriniyyatlarını götürüb mağazanın qapısını arxadan açaraq çölə küçəyə çıxıb evinə getmişdir. Səhəri gün sonuncu mağazadan götürdüyü paxlavanın bir hissəsini tanımadığı adamlara satmışdır. Bir neçə gündən sonra isə oğurluqda şübhəli olduğu üçün Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra o, oğurladığı bir ədəd LG markalı televizoru, 2 ədəd qadın qol saatını və bir ədəd aliminium materialından olan sinini polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəyərək onlarla barışıq əldə etdiyini, törətdiyi əməldən peşman oluduğunu nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki o, ünvan 2 ünvanında yerləşən “Panda” mağazasını icarə əsasında işlədir. Mağazanı hər gün səhər saat 09 radələrində açıb axşam saat 21 radələrində bağlayır. İşlətdiyi mağazanın plastik materialından olan qapı və pəncərələri küçəyə baxır. 19.01.2022-ci il tarixdə səhər saatlarında evdə olarkən qonşu mağazanı işlədən Azad Əliyev ona zəng edərək mağazanın pəncərəsinin açıq olduğunu və pəncərənin qarşısındakı vitrinin yerdə olduğunu bildirdikdən sonra, o dərhal evdən çıxıb mağazaya gəlmiş, mağazanın önünə çatdıqda giriş qapısının sol yanındakı pəncərənin açıq olduğunu, pəncərənin önündəki vitrinin isə yerə aşdığını görüb mağazaya daxil olduqda dolabın siyirməsində saxladığı 260 manat pulun və dolabın üzərindəki hər birinin dəyəri 15 manat olan iki ədəd “Bolun” markalı qadın saatlarının yerində olmadığını görüb başa düşmüşdür ki, gecə saatlarında mağazadan oğurluq olmuşdur. Sonra o, oğurluq hadisəsi barədə Quba rayon polis şöbəsinə məlumat vermişdir. Polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, onun icarə əsasında işlətdiyi mağazasından oğurluq edən şəxs Quba rayon sakini Təqsirləndirilən şəxsdur. Oğurluq hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqı zamanı mağazadan oğurlanmış 260 manat pul və hər birinin dəyəri 15 manat olan iki ədəd “Bolun” markalı qadın qol saatları təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildiərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki o, 2021-ci ilin dekabr ayından Quba şəhəri, H.Əliyev Prospektində yerləşən “Çinar” restoranı ilə üzbəüz “Paxlavaçı Əbilfəz” adlı şirniyyat mağazanı icarə əsasında işlədir. Mağzanı hər gün səhər saat 09 radələrində açır və axşam saat 22 radələrində bağlayaraq yaşadığı evə gedir. 18.01.2022-ci il tarixdə həmişəki kimi mağazanı axşam saat 22 radələrində bağlayıb evinə getmişdir. 19.01.2022-ci il tarixdə səhər saat 09 radələrində mağazaya gəldikdə pəncərənin və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazanın içərisinə daxil olmadan pəncərədən içəriyə baxdıqda piştaxtanın üzərində olan gecədən hazırlanmış alüminium sininin içərisində 110 ədəd paxlavanın sini ilə birlikdə oğurlandığını aşkar etmişdir. O. bur barədə dərhal Azərbaycan Respublikası DİN 102 xidmətinə məlumat vermişdir. Müraciəti əsasına Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, icarə əsasında işlətdiyi mağazadan bir sini paxlava oğurlamış şəxs Quba rayon sakini Təqsirləndirilən şəxsdur. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən icarə əsasında işlətdiyi mağazadan oğurlanmış bir ədəd aliminium materialından olan sini qab və paxlavanın pulu ona ödənilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 Mömin oğlu məhkəməyə ərizə ilə müraciət edərək şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olduğu, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 Mömin oğlunun ifadəsindən görünür ki o, beş ilə yaxındır ki, Quba şəhəri Səməd Vurgun küçəsində yerləşən bərbərxananı icarə əsasında işlədir.11 yanvar 2022-ci il tarixdən səhhəti ilə əlaqədar işə çıxmamışdır. 15 yanvar 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olarkən müştərisi olan Aslan adlı şəxs telefonla onunla əlaqə saxlayaraq harada olması barədə maraqlanmışdır. Həmin vaxt o, Aslana bildirmişdir ki, səhhəti ilə əlqədar bir neçə gündür ki, işə çıxmır. Aydın isə telefonda ona bildirmişdir ki, bərbərxananın giriş qapısı açıqdır. Bundan sonra o, dərhal bərbərxanaya gəlib görmüşdür ki, bərbərxananın qapı və pəncərəsi açıq vəziyyətdədir. Bərbərxanadan oğurluq olmasını başa düşüb içəri daxil olub görmüşdür ki, divardan asdığı bir ədəd LG markalı televizor, akvariumun təmizləyici filtiri və siyirtmədə saxladığı 28 manat pul oğurlanmışdır. Bundan sonra o, oğurluq hadisə barədə Quba rayon polis şöbəsinə məlumat vermişdir. Quba rayon polis şıbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, icarə əsasında işlətdiyi bərbərxanadan oğurluq edən şəxs Quba rayon sakini Təqsirləndirilən şəxsdur. Müraciyyəti əsasında başlanmış cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun icarə əsasında işlətdiyi bərbərxanadan götürdüyü LG markalı televizor ona qaytarılmaqla ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki o, Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Paxlavaçı Əbilfəz” adlı mağazada şirniiyatçı işləyir. 18.01.2022-ci il tarixdə saat 22 radələrində işlərini yekunlaşdırdıqdan sonra, Əbilfəzlə birlikdə mağazanın qapı və pəncərənisi bağlayıb evlərinə getmişlər. 19.01.2022-ci il tarixdə səhər saat 09 radələrində Əbilfəzlə birlikdə mağazaya gəldikdə mağazanın pəncərəsinin və qapısının açıq vəziyyətdə olduğunu görüb, mağazanın içərisinə daxil olmadan pəncərədən içəriyə baxdıqda piştaxtanın üzərində olan gecədən hazırlanmış alüminium sininin içərisində paxlavanın sini ilə birlikdə oğurlandığını aşkar etmişlər. Həmin sini qabda olan paxlavanın sayı 110 ədəd olmuşdur. Bundan sonra Əbilfəz baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.02.2022ci il tarixli, 9/747 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd işlənmiş vəziyyətdə olan LC markalı 32LK615BPLB modelli televizorun qiyməti 300 manat, Çin istehsalı olan üzərində Bolun A338 sözləri yazılmış 2 ədəd qadın qol saatının qiyməti 30 manat, 1 ədəd Quba paxlavasının qiyməti 80 qəpik, 1 ədəd aliminium sini qabın qiyməti 15 manat, təqdim edilməyən 1 ədəd akvarium hava filteri orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 10 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün verdiyi ifadələrlə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublika Məhkəməsinin 29.06.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05.03.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 24.09.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İƏD Nümayəndəliyi tərəfindən verilmiş 07.02.2022-ci il tarixli, 379 saylı arayış və 380 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mömin oğlunun, Zərərçəkmiş şəxs2 və X1 məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəyərək onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğu 22.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 manat (əlli manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd “LG” markalı televizorun, üzərində “Bolun A338” sözləri yazılmış 2 ədəd qadın qol saatının və bir ədəd aliminium sini qabın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 manat (əlli manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd “LG” markalı televizorun, üzərində “Bolun A338” sözləri yazılmış 2 ədəd qadın qol saatının və bir ədəd aliminium sini qabın zərəçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar