Məhkəmə qərarları › İş №1(027)-82/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-82/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-82/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 avqust 1977-ci il tarixdə Lənkəran rayonu, Port- İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı ilə 01 il 08 gün vaxtından əvvəl şərti azad edilmiş, Lənkəran rayonu, Liman şəhəri, Qumbaşı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd bükümdə 0,354 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd bükümdə 0,612 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd metodonun təsir miqdarı 0,04 qram olan açıq qəhvəyi rəngli üzərində F/M40 göstəricisi olan dərman həbini qanunsuz olaraq əldə edib üzərində saxlamaqala Quba 7 şəhərinə daşımış, 13 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Quba şəhəri H.Əliyev prospektində yerləşən Asan Xidmət mərkəzi ilə üzbəüz binanın qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman sağ ayağındakı corabının içərisində 01 ədəd kibrit qutusunda saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,376 qram və 0,236 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd açıq qəhvəyi rəngli üzərində F/M40 göstəricisi olan tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2020-ci ildə narkotik vasitələrdən istifadə etdiyi üçün 01 il 06 ya müddətinə həbs cəzasına məhkum edilmişdir. 10 yanvar 2023-ci il tarixdə amnistiya qərarına əsasən vaxtından əvvəl cəzadan azad edilib azadlığa buraxılmışdır. Həbsxanadan çıxandan sonra Bakı şəhərində Nəsimi rayonunda kirayədə yaşamış və 28 may metrosunun yaxınlığında moykada işləmişdir. 12 yanvar 2023-cü il tarixdə Bakı şəhərinin Nizami rayonda işlədiyi moykanın yanından bir ədəd kibrit qutusunda narkotik vasitələr tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 13 yanvar 2023-cü il tarixdə Bakı şəhərindən işləmək üçün Quba rayonuna gəlmişdir. Quba şəhərində “Asan xidmət” mərkəzinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin qanunsuz olaraq gəzdirməsi, saxlaması və istifadə etməsində şübhəli olması və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O, sağ ayağındakı corabın içərisində saxladığı kibrit qutusunun içərisində olan narkotik vasitələri və narkotik vasitə istifadə etmək üçün saxladığı şprisi çıxarıb polis əməkdaşlarına təqdim eləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Bakıda yaşasa da, Qubaya müvəqqəti işləməyə gəlmişdir. Gələn günü Quba şəhərində “Asan Xidmət” mərkəzinin qabağında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitələri Bakı şəhəri, Nizami rayonunda tapıb üzərində şəxsi istifadəsi üçün saxlamışdır. Quba şəhərində bir müddət qalacağından tapdığı narkotik vasitəni ehtiyat kimi özü ilə gətirmişdir. Ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etmişdir. 5 aydır ki, həbsdədir və bu müddət ərzində ağrıları azalmışdır. Onun üzərindən ümumilikdə 01 ədəd bükümdə heroin, 01 ədəd həb, 02 ədəd bükümdə metamfetamin və 01 ədəd bükümdə limon duzu aşkar edilmiş, sadalanan narkotik vasitələrdən metafetaminin 01 bükümü ona məxsus olsa da, digər 01 büküm ona aid deyildir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və həmin narkotik vasitələri Quba rayonu ərazisinə daşıması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospektində Asan Xidmət mərkəzi ilə üzbəüz yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq, qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs sağ ayağındakı corabın içərisində saxladığı kibrit qutusunun içərisində olan narkotik vasitələri və şprisi çıxarıb təqdim etmiş və sorğu əsasında xəstə olduğunu, narkotik vasitələrdən özü üçün istifadə etdiyini bildirmişdir. Kibrit qutusunun içərisindən 03 ədəd bükümdə narkotik vasitələr, bir ədəd dərman preparatı və 01 ədəd bükümdə limon duzu aşkar edilmişdir. Təqsirləndirilən şəxs limon duzundan narkotik vasitələri bişirmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə ölçülərək qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Quba şəhəri, H.Əliyev prospektində “Asan Xidmət” mərkəzi ilə üzbəüz yolun kənarında Lənkəran rayon sakini Təqsirləndirilən şəxs saxlanılaraq Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, Quba RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid2, polis kapitanı Ramin Qasımov, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Nurlan Babayev, CAB-nin əməliyyat müvəkkili, polis leytenantl Ələkbər Bayramov və vəkil X2 iştirakı ilə Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Famil Mırzəbəyov tərəfindən üzərinə şəxsi axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağındakı corabın içərisində saxladığı kibrit qutusunun içərisində olan narkotik vasitələri və birdəfəlik şprisi çıxarıb təqdim edir və xəstə olduğunu üçün üzərində daşıdığı narkotik vasitələrdən istifadə etdiyini bildirir. Kibrit qutusunun içərisindən 03 ədəd büküm (02 ayrı bükümlərdə metamfetaminə oxşar kütlələr və 01 büküm heroinə bənzər kütlə), 01 ədəd təqsirləndirlən şəxsin metadon adlandırdığı həb və 01 ədəd bükümdə təqsirləndirlən limon duzu adlandırdığı kütlə aşkar edilir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə ölçülür. Heroinə bənzər kütlənin çəkisi 0,53 qram, metamfetaminə oxşar kütlənir çəkilləri 0,54 qram və 0,51 qram, limon duzuna oxşar kütlənin çəkisi 1,51 qram gəlir. Aşkar edilmiş kütlələr, həb və spris zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs kibrit qutusunun və qutunun içərisində olan kütlələrdən 0,51 qram çəkidə olan metamfetaminə bənzər kütlənin ona məxsus olmadığını bildirsə də, həmin kütlə qablaşdırılan zaman özü və müdafiəçisi zərfi imzalayaraq təsdiq edirlər. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:05-da Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs sağ ayağının corabından 1 ədəd kibrit qutusunun içərisində saxladığı 1 ədəd şəffaf sellofanda olan heroinə oxşar kütləni, 2 ədəd siqaret kağızında olan metamfetaminə oxşar kütləni, 1 ədəd limon duzuna oxşar kütləni, 1 ədəd metodon həbini və 1 ədəd birdəfəlik şpritsi təqdim etmişdir. Həmin kütələr elektron tərəziyə qoyulub ölçülərkən 1 ədəd bükümdə olan heroinə oxşar kütlənin çəkisi 0,53 qram, 1 ədəd bükümdə olan limon duzuna oxşar kütlənin çəkisi 1,51 qram, 1 ədəd bükümdə olan metamfetaminə oxşar kütlənin çəkisi 0,54 qram, 1 ədəd bükümdə olan metamfetaminə oxşar kütlənin çəkisi 0,51 qram olduğu müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və sellofan çantasından 1 ədəd Samsung markalı və 1 ədəd micromax markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 14 yanvar 2023-cü il tarixli 6/235 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan: -1 №-li zərfdəki bir ədəd bükümdə təmiz 0,354 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -2 №-li zərfədki bir ədəd bükümdə təmiz çəkisi 0,376 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -3 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,236 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir: -4 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,235 qram olan ağ rəngli maddə limon turşusudur. -5 №-li zərfdəki bir ədəd birdəfəlik şprisdə narkotik vasitə, psixotrop maddələrə məxsus izləri aşkar edilmədi, bir ədəd açıq-qəhvəyi rəngli üzərində F/M40 göstəricisi olan dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. 2 və 3 №-li zərflərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzil nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan , prekursorların siyahılan”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatından sonra heroinin təmiz çəkisi - 0,354 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,304 qram, metadon həbinin yarısı tədqiqta sərf olundu, qalıq - 1/2 hissə həb, limon turşusunun təmiz çəkisi - 1,235 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 1,185 qram, metamfetaminin ümümi təmiz çəkisi - 0,612 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 0,512 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 17 fevral 2023-cü il tarixli 898 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik etməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuş və barəsində Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntülərini əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə toplanmış təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı, 13 yanvar 2023-cü il tarixli şəxsi axtarış protokolu və əlavə edilən DVD disk, şahid ifadələri, məhkəmə kimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə metamfetaminə oxşar kütlələrin elektron tərəzidə çəkilərkən çəkisinin 0,53 qram, 0,54 qram və 0,51 qram, limon turşusuna oxşar kütlənin isə 1,51 qram olması, məhkəmə kimyəvi ekspertizasının 14 yanvar 2023-cü il tarixli 6/235 nömrəli rəyində narkotik vasitə heroinin çəkisinin 0,354 qram, psixotrop maddə metamfetaminin çəkisinin 0,612 qram, limon turşusunun 1,235 qram olması tərəzi fərqi kimi qiymətləndirilmiş, cinayət işi üzrə 13 yanvar 2023-cü il tarixli protokollarla qablaşdırılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 0,304 qram heroin, 0,512 qram psixotrop maddə metamfetamin, 1/2 hissə metadon həbinin yarısı 1,185 qram limon turşusu cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 1-ci siyahının 13-cü bəndinə görə metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram, 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 0,354 qram qram, 1 ədəd metadon həbinin təsiredici maddənin miqdarı 0,04 qram, metamfetaminin ümümi təmiz çəkisi 0,612 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarların hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-2/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-8/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 avqust 2009- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 mart 2017-ci il tarixli Nərimanov rayon Məhkəməsinin qərarı ilə 01 il 08 gün vaxtından əvvəl şərti azad edilmiş, 27 mart 2018-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Lənkəran Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən 10 yanvar 2023-ci il tarixdə cəzadan azad edilmişdir; Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 avqust 2009-cu il tarixli 1(101)-829 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmiş və əmlakı müsadirə edilməməklə ona 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 23 mart 2009-cu il tarixdən hesablanmışdır; Lənkəran Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 1(049)-96/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbacyan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Lənkəran ŞİHB-nın Liman şəhər İƏD üzrə nümayəndəliyinin arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X4 rayonu, Liman şəhəri, Qumbaşı kəndində qeydiyyatdadır. Onun özündən başqa ailə tərkibi yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu (Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 avqust 2009-cu il tarixli 1(101)-829 nömrəli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni 15 mart 2017-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini xx.xx.2023-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Azərbaycan Respublikası CM-nin: 15.4-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 0,304 qram olan heroin, ½ hissə metadon həbi, 1,185 qram limon turşusu, 0,512 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 0,304 qram olan heroin, ½ hissə metadon həbi, 1,185 qram limon turşusu, 0,512 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar