Məhkəmə qərarları › İş №1(027)-83/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-83/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-83/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynov Hökmulla Şirin oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx xxxxx 2017-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınmış fiziki şəxs Şahid5 ilə xx xxxxx 2020-ci il tarixdə bağladığı 001/20 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən sonuncuya məxsus “Doosan S225LC-V” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorla qazıntı işlərinin yerinə yetirilməsi xidmətlərini, xidmət etdiyi iş müddətində əməyin texniki təhlükəsizliyi və işlərin təhlükəsiz yerinə yetirilməsi qaydalarına riayət etməyi öz öhdəsinə götürərək Şahid5la “xxxxxxxxxxxxxxxxxx” X3 arasında xx xxxxx 2020-ci il tarixda bağlanmış 04 saylı xidmət müqaviləsinə əsasən həmin Cəmiyyətin tikinti-yenidənqurma işləri həyata keçirdiyi Quba-Bakı avtomagistral yolunun 4-cü kilometrliyində yerləşən “Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi”ndə ekskavator maşinisti kimi su hovuzu binasının qarşısında kanalizasiya xətlərinin çəkilməsi işlərinin yerinə yetirilməsinə cəlb olunaraq xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “Doosan S225LC-V” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorla “Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi”ndə su hovuzu binasının qarşısında kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar xəndək qazarkən “xxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Şahid6 tərəfindən xx xxxxx 2020-ci il tarixdə təsdiq edilmiş “Ekskavator maşinistinin vəzifə təlimatı”nın 6 və 7-ci bəndlərinə əsasən ekskavator maşinisti kimi işçi avadanlığının hərəkət dairəsində, qazılmış yerin maili səthində ekskavatorla quraşdırma, qazma və sökmə işləri aparılan sahədə, ekskavatorun kabinində, dönmə səkisində, nəqliyyat vasitəsinin gövdəsində adamların olmamasından əmin olduqdan sonra işə başlama haqqında işarə verməli, ekskavatorun işlədiyi zonaya adamlar daxil olduqda, ekskavatora 5 metrdən yaxın məsafədə adamlar olduğu təqdirdə texnikanın idarə olunmasını dayandırmalı olduğu halda həmin tələbləri yerinə yetirməyərək və xx xxxx 1980-ci il tarixli “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndinə uyğun olaraq əvvəlki və sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükəsi mənbəyi olmaması barədə istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı qaydalarına məhəl qoymayaraq, yəni ekskavatorun hərəkət zonasında adamların olmasına əhəmiyyət vermədən qazma işləri apardığından və həmin təhlükəli, yəni ekskavatora 5 metrdən yaxın olan məsafə sahəsinə Hüseynov Eldar Hökmulla oğlunun daxil olmasına baxmayaraq texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşmaqla qazma işini davam etdirdiyindən ekskavatorun çalovu “xxxxxxxxxxxxxxxxxx” MMC-də əmək müqaviləsi əsasında fəhlə işləyən Hüseynov Eldar Hökmulla oğlunun sinə nahiyyəsinə dəyərək onun çalovla ağac arasında qalması nəticəsində sonuncu döş qəfəsinin ön və arxa səthinin, qarının və belin çoxlu sıyrıqları, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, döş sümüyünün yuxarı 1/3-dən qapalı köndələn sınığı, sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağ ciyər toxumasında qansızma, qaraciyər toxumasının cırılıb-dağılması, qarın boşluğunda 1,5 litrə yaxın sərbəst qan yığılması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq döş qəfəsinin və qarının küt travmasından qabırğaların hər iki tərəfdən çoxlu sınması və qara ciyər toxumasının cırılıb-dağılması nəticəsində baş verən kəskin daxili qanaxma səbəbindən ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə X11 Liseyinin ekskavator sürücüsü ixtisasını bitirmiş və həmin vaxtdan etibarən ekskavator, traktor və digər nəqliyyat vasitələrini idarəetmə hüququ əldə etmişdir. 2004-cü ildən etibarən müxtəlif yerlərdə ekskavator və traktor sürücüsü kimi işləmişdir. Şahid5 ilə 7-8 ay əvvəl tanış olmuş, onun özünə məxsus ekskavatoru olmaqla müxtəlif tikinti işlərində texnikası ilə xidmətlər həyata keçirmişdir. Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tikintiyenidənqurma işləri həyata keçirilmişdir. xx xxxxx 2020-ci il tarixdə Şahid5 ilə arasında xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Şahid5 məxsus “Doosan S225LC-V” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı ekskavatorun idarə olunması ona etibar edilmiş və “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tikinti-yenidənqurma işləri aparılan Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində həmin ekskavatoru idarə edərək müxtəlif qazıntı işləri aparmalı olmuşdur. Belə ki, Şahid5la “xxxxxxxxxxxxxxxxxx” MMC arasında müxtəlif qazıntı işlərinin görülməsi ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır. Ekskavator tırtıllı seplə hərəkət etmiş, kabinində ekskavatoru idarə etmək üçün iki ayaq, iki əl pultu olmuş və ekskavator həmin pultlarla idarə olunmuşdur. Ekskavatorun hər bir ayaq pultunun 2, hər bir əl pultunun isə 4 funksiyası olmuş, ayaq pultları ekskavatoru irəli-geri aparmaq və sağa-sola döndərmək üçün, sol əl pultu ekskavatorun çalovunu hərəkət etdirən metal hissəni irəli-geri aparmaq və sağa-sola döndərmək üçün, sağ əl pultu isə çalovu açıb-bağlamaq və çalovu aşağı-yuxarı hərəkət etdirmək üçün istifadə olunmuşdur. Bundan başqa, Şahid5la bağladığı xidmət müqaviləsinə əsasən işlədiyi bütün iş prosesində əməyin texniki-təhlükəsizliyi qaydalarına riayət etməyi və işlərin təhlükəsiz şəraitdə icra olunmasını həyata keçirməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. xx xxxxx 2020-ci il tarixdə Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinə gəldiyi zaman su hovuzu binasının qarşısında yeni kanalizasiya xətləri çəkilməsi üçün həmin tarixdən etibarən xəndək qazılmalı olmuşdur. Aparılan tikinti-yenidənqurma işləri ilə əlaqədar kanalizasiya xətlərinin yenidən çəkilməsinə “xxxxxxxxxxxxxxxxxx” MMC-nin mühəndisi Şahid7 nəzarət etmiş və xətlərin çəkilməsinə birbaşa o cavabdeh olmuşdur. Burada ona Şahid7 göstərişlərinə əsasən müxtəlif xəndəklər qazacağını bildirmişlər. O, işə başladığı xx xxxxx 2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxx” MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi Şahid8 onu əməyin texnikitəhlükəsizlik qaydaları ilə tanış edərək giriş təlimatlandırması keçmiş və bu barədə müvafiq jurnalda imza etmişdir. Bundan başqa, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin icraçı direktoru Şahid6 tərəfindən onun iş prosesi dövründə riayət etməli olduğu vəzifə təlimatları təsdiq olunmuş və o həmin təlimatla tanış olmuşdur. Həmin təlimata əsasən ekskavatorla işləyən zaman kənar şəxslərin ekskavatora 5 metr məsafədən yaxın dayanması qadağan olunmuş və həmin məsafədə adamlar dayandığı halda ekskavatoru idarə etmək qadağan olunmuşdur. Həmçinin, xx xxxxx 2020-ci il tarixdən etibarən hadisənin baş verdiyi xx xxxxx 2020-ci il tarixədək mühəndis Şahid7 hər gün kanalizasiya xətlərinin çəkilməsinə cəlb olunan digər fəhlələrə, Tərlan, Natiq, Fleydan və mərhum Eldara ekskavatora 5-10 metr məsafədən yaxın məsafədə dayanmamalarını, ona isə texnikaya 5-10 metr məsafədən yaxın məsafədə dayandıqları halda ekskavatoru idarə etməməsini və söndürməsini tapşırmışdır. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək Quba İstirahət, İdman, Təlim və Tədris kompleksinin su hovuzu binasının qarşısında yeni kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar ona etibar olunan “Doosan S225LC-V” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı, tırtıllı seplə hərəkət edən ekskavator ilə xəndək qazmışdır. Kanalizasiya xətlərinin çəkilməsində “xxxxxxxxxxxxxxxxxx” MMC-nin fəhlələri Şahid2, Şahid1, Şahid3 və mərhum Eldar Hüseynov cəlb olunmuşlar. Hər gün işə başlamazdan əvvəl “xxxxxxxxxxxxxxxxxx” MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi Şahid8 texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçirmiş və bu barədə müvafiq jurnalda imza çəkdirmişdir. Həmçinin, kanalizasiya xətlərinin çəkilməsinə nəzarət edən Şahid7 hər gün işə başlamazdan əvvəl ona və fəhlələrə həmin gün görəcəyi işlər barədə şifahi tapşırıqlar verərək xəndəyin hansı formada qazılmasını, boruların hansı formada quraşdırılmasını izah etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 09.00-da xəndəyin qazıldığı su hovuzu binasının qarşısına “Doosan S225LC-V” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı ekskavatorun yanına gəlmişdir. “xxxxxxxxxxxxxxxxxx” MMC-nin fəhlələri Şahid2, Şahid1, Şahid3 və mərhum Eldar Hüseynov da ərazidə olmuşlar. Şahid7 onlara həmin gün görülməli işlər barədə şifahi göstərişlər vermiş, o da ekskavatorun mühərrikinin isinməsi üçün onu işə salmışdır. Şahid7 fəhlələrə ekskavatorla xəndək qazılarkən texnikadan 10 metr aralı məsafədə dayanmalarını, ekskavator işləyən zaman texnikaya yaxın getməmələrini, yalnız ekskavator işini bitirdikdən və dayandıqdan sonra xəndəyə düşərək boruları quraşdırmalarını tapşırmışdır. O xəndək qazarkən fəhlələr adətən 10-15 metr kənarda dayanmış və yalnız işini qurtardıqdan sonra xəndəyə düşərək boruları quraşdırmış, daha sonra isə üzərinə qum və torpaq tökmüşlər. Şahid7 ona ekskavatorla işləyən zaman 10 metrdən yaxın məsafədə adamlar olduğu təqdirdə texnikanı idarə etməməsini və söndürməsini, yalnız işçilər texnikadan 10 metr kənarda olduğu halda öz işini görməsini tapşırmışdır. Şahid7 sahədə çəkilən bütün kanalizasiya xətlərinə və quyuların tikilməsinə nəzarət etdiyindən tapşırıqlarını verdikdən sonra ərazidə olan quyuların tikintisinə və digər xətlərə baxmaq üçün getmişdir. Bundan sonra o, ekskavatora əyləşərək xəndəyi qazmağa başlamışdır. O, ekskavatoru idarə edərək xəndəyi qazıb torpağı ekskavatorun çalovu ilə kənara tullamışdır. Həmin vaxt fəhlələr Natiq, Tərlan, Fleydan və Eldar ekskavatordan təxminən 10 metr aralı məsafədə dayanaraq boruları quraşdırmaq üçün onun ekskavatorla xəndəyi qazıb qurtarmasını gözləmişlər. Üçüncü dəfə qazdığı torpağı çalovla çıxararaq xəndəkdən kənara tullamışdır. Həmin vaxt çalovun ağzını açaraq qazılmış torpağı boşaltmaq istəyən zaman çalovun arxası Eldarın sinə nahiyəsinə dəymiş və zərbənin təsirindən ağacın qarşısında arxaya doğru yıxılıb oturaq vəziyyətə düşmüşdür. Eldarın həmin yerə necə gəlməsini görməmişdir. Lakin xəndək qazıldığı zaman Eldar ekskavatordan 10 metr aralıda, digər fəhlələrin yanında olmuşdur. Ona görə də, onun həmin yerə necə gəlməsini görməmiş və bilməmişdir. Çalovu açıb torpağı boşaltmaq istəyən zaman çalov Eldara dəymiş və yalnız həmin vaxt Eldarın çalovun arxasında olduğunu bilmişdir. Çalov Eldara dəydikdən sonra Eldar çalovla orada olan ağacın arasında sıxılaraq qalmış və sinəsini tutaraq yerə oturmuşdur. Hər dəfə çalovla qazılmış torpağı hərəkət etdirməmişdən əvvəl ətrafa nəzər yetirmiş, tam təhlükəsiz olmasını gördükdə çalovu hərəkət etdirərək qazılmış torpağı kənara boşaltmışdır. Lakin həmin vaxt Eldar Hüseynovun çalovun mütəmadi hərəkət etdiyi hissəyə keçməsi bir anlıq olduğundan onu görməmiş, çalovu açan zaman çalovun arxası onun sinə nahiyəsinə dəymiş və Eldar Hüseynov çalovla ağacın arasında sıxılmışdır. Ekskavatorla işləyən zaman fəhlələrin texnikaya yaxın olmamasını düşündüyündən hər dəfə torpağı kənara tulladıqda ətrafına baxmamış və fəhlələrin onsuz da kənarda olmasını düşünmüşdür. Ona görə də həmin vaxt Eldarın orada olmasını görə bilməmişdir. Xəndəyin qazılması zamanı ekskavatorun tırtıllı sepi hərəkətdə olmamışdır. Ümumiyyətlə xəndəyin qazılması zamanı ekskavator dayanmış vəziyyətdə olmuş, yalnız çalov hərəkət etmiş, çalov Eldar Hüseynova dəyən zaman ekskavatorun tırtıllı sepi hərəkətdə olmamış, yalnız ekskavatorun çalovu hərəkətdə olmuşdur. Ekskavatorun tırtıllı sepi hərəkətdə ola-ola çalovun hərəkət etdirilməsi mümkün deyildir. Hadisədən sonra tez kabindən çıxaraq fəhlələrə çalovun arxasının Eldara dəyməsini və Eldarın ağacın qarşısında oturmasını demişdir. Həmin vaxt Eldar xırıldamış, o da hadisənin təsirindən həyəcanlı olduğundan kimin təcili tibbi yardım briqadasını çağırmasını bilməmiş, sonradan ərazidə yanacaq paylayan Fuadın VAZ-21011 markalı avtomobili ilə Eldarı xəstəxanaya aparmışlar. Bir müddət sonra Eldarın artıq ölməsini bilmişdir. Eldarın həmin yerdə olmasını görsə texnikanı söndürər və Eldarı kənara çəkdikdən sonra öz işinə davam edərdi. Lakin onu görmədiyi üçün öz işinə davam etmiş və nəticədə onun öz ehtiyatsızlığı üzündən həmin hadisə baş vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynov Hökmulla Şirin oğlu ilə barışmasını, H.Hüseynovun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Hüseynov Hökmulla Şirin oğlu ifadəsində göstərmişdir ki, Eldar Hüseynov onun doğma oğludur. Eldar əvvəllər bir dəfə ailə qurmuş, birgə nikahdan 4 yaşlı bir övladı var. Eldar Hüseynov sonradan rəsmi qaydada boşanmışdır. Eldar əvvəllər müxtəlif işlərdə, xüsusilə də tikinti sahələrində fəhlə kimi işləmişdir. Sonuncu dəfə 2020-ci ilin əvvəlində Quba şəhərində yerləşən Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində tikinti-yenidənqurma işləri ilə əlaqədar həmin işləri həyata keçirən “xxxxxxxxxxxxxxxxxx” MMC-də fəhlə kimi işə başlamışdır. Eldarın iş rejiminə əsasən həftənin birinci-altıncı günləri kompleksin istirahət otağında qalmaqla işləmiş, altıncı gün axşam yaşadığı Şabran şəhərinə gəlmiş, həftənin birinci günü isə yenidən Quba şəhərinə işə qayıtmışdır. Oğlunun işi ilə əlaqədar mütəmadi olaraq ondan işinin necə olub-olmaması barədə maraqlanmış, Eldar ona iş rejiminin ağır deyil, normal olmasını, hər hansı bir narazılığının olmamasını demişdir. xx xxxxx 2020-ci il tarixdə evdə olarkən qonşuluqda yaşayan qardaşı Fərman onlara gələrək Eldarın işlədiyi tikintidə yıxılmasını və xəstəxanaya aparılmasını demiş, ürək əməliyyatı keçirdiyinə görə qardaşı hadisəni ona olduğu kimi deməmişdir. Bundan sonra Quba RMX-yə gəldikdə Eldarın tikintidə xəndək qazılan zaman ekskavatorun çalovunun ona dəyməsini və oğlunun çalovla ağac arasında qalaraq sıxılmasını, nəticədə daxili orqanlarının zədələnməsini və bu səbəbdən ölməsini bilmişdir. Hüseynov Hökmulla Şirin oğlu ifadəsinin sonunda ona tələb etdiyi 24000 (iyirmi dörd min) manat məbləğində maddi yardım edildiyini, hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsini, Təqsirləndirilən şəxs bağışladığını, ona qarışı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xxxxxxxxxxxxxxxxxx” MMC-də fəhlə işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, Hüseynov Eldar Hökmulla oğlunu “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində tikinti-yenidənqurma işləri həyata keçirərkən fəhlə işləyən zaman iş yoldaşı kimi tanımışdır. 2019-cu ilin avqust ayında “xxxxxxxxxxxxxxxxxx” MMC ilə əmək müqaviləsi bağlamaqla orada fəhlə kimi işə başlamış, işə başlayan zaman “xxxxxxxxxxxxxxxxxx” MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi Şahid8 ona texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçərək iş prosesi zamanı işçi papağının (kaskanın) və işçi paltarının mütəmadi olaraq əynində olmasını, olmadığı halda cərimə olunacağını, iş prosesi zamanı yüksək gərginlikdə olan, kəsik və ya üzəri açıq vəziyyətdə olan elektrik kabellərinə təmas etməməsini, ekskavator və digər ağır tonnajli nəqliyyat vasitələri və digər texnikalar işləyən zaman ona yaxın dayanmamasını, boruları kəsən zaman eynəkdən mütləq istifadə etməsini, qazılmış xəndəkləri hər iş gününün sonunda lentlə bağlamasını və sair formada təhlükəsizliyə riayət etməklə əlaqədar tapşırıqlar verərək təlimatlandırma keçmişdir. O da işə qəbul olunduğu zaman texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırılması haqqında müvafiq jurnalda imza etmişdir. Gündəlik iş rejiminə əsasən iş saat 08.00-da başlamışdır. İş fəaliyyətinə fəhlə kimi tapşırılan müxtəlif işlərin yerinə yetirilməsi, torpağın qazılması, doldurulması, lentlənməsi, boruların yüklənməsi, daşınması, quraşdırılması aid olmuşdur. O fəhlə olaraq ümumilikdə briqadir Tofiqin tapşırıqlarını yerinə yetirsə də, 1 aya yaxın müddət ərzində kanalizasiya xəttinin çəkilməsində işlədiyindən ona rəhbərliyi kanalizasiya xətlərinin çəkilməsinə cavabdeh olan Şahid7 etmişdir. O, digər fəhlələr Eldar Hüseynov, Şahid3, Şahid2 bir aya yaxın müddət ərzində kompleksin su hovuzu binasının qarşısında kanalizasiya xətlərinin yenidən çəkilməsi ilə əlaqədar boruların quraşdırılmasında işləmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 08.00-da işə gəlmişdir. Şahid8 gündəlik texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçdikdən sonra fəhlələrlə birlikdə xəndəyin kənarına gəlmiş, xəndəyin qazılması ilə əlaqədar ekskavator xəndəyin kənarında dayanmış vəziyyətdə olmuş, bir qədər sonra ekskavator sürücüsü Təqsirləndirilən şəxs oraya gəlmiş və ekskavatora əyləşərək mühərrikin isinməsi üçün onu işə salmışdır. Həmin vaxt mühəndis Şahid7 ona və digər fəhlələrə kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar həmin gün görəcəkləri işlər barədə göstərişlər vermişdir. Şahid7 ekskavator xəndək qazarkən ondan 10 metr aralı məsafədə dayanmalarını, ekskavator işləyən zaman texnikaya yaxın getməmələrini, yalnız ekskavator işini bitirib dayandıqdan sonra xəndəyə düşərək boruları quraşdırmalarını tapşırmışdır. Adətən ekskavator işləyən zaman ondan təxminən 10-15 metr kənarda dayanmış və yalnız ekskavator işini görüb qurtardıqdan sonra xəndəyə düşərək boruları quraşdırmışdır. Şahid7 Tələtə də hər gün ekskavatorla işləyən zaman 10 metrdən yaxın məsafədə adamlar olduğu təqdirdə texnikanı idarə etməməsini və söndürməsini tapşırmış, hadisə günü də Tələtə xəndəyi qazmasını, qazıntı aparan zaman texnikaya 10 metrdən yaxın məsafədə işçilər və ya kənar şəxslər olduğu halda texnikanı idarə etməməsini və söndürməsini, yalnız işçilər texnikadan 10 metr kənarda olduğu halda öz işini görməsini tapşırmışdır. Şahid7 sahədə çəkilən bütün kanalizasiya xətlərinə və quyuların tikilməsinə nəzarət etdiyindən tapşırıqlarını verdikdən sonra ərazidə olan quyuların tikintisinə və digər xətlərə baxmaq üçün getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ekskavatora əyləşərək xəndəyi qazmağa başlamışdır. Təqsirləndirilən şəxs ekskavatoru idarə edərək xəndəyi qazıb torpağı ekskavatorun çalovu ilə kənara tullamışdır. O, Natiq, Tərlan və Eldar isə ekskavatordan təqribən 10 metr məsafədə dayanaraq ekskavatorun xəndəyi qazıb qurtarmasını gözləmişlər. Həmin vaxt Tərlan mobil telefonla danışmış, o isə Natiqlə söhbət etmişdir. Bu zaman Eldarın onların yanından aralanaraq ekskavatora tərəf getməsini görməmiş və nəyə görə həmin tərəfə getməsini də bilməmişdir. OlabilsinEldar mobiltelefonladanışmaqüçünekskavatoratərəfgetmişdir. Həmin vaxt ekskavatorun işlədiyi tərəfdən Eldarın qışqırtı səsi gəlmişdir. O və digər fəhlələr həmin tərəfə baxdıqda Eldarın ağacın qarşısında sinəsini tutaraq yerə oturmasını və xırıldamasını görmüşlər. O, ekskavatorun çalovunun konkret olaraq Eldar Hüseynova dəyməsini görməsə də, gələn səsdən, ekskavatorun çalovunun xəndəyə tərəf hərəkət etməsindən və Eldarın sinəsini tutaraq ağacın qarşısında oturub xırıldamasından sürücü Tələtin çalovu xəndəyə qaytaran zaman Eldara vurmasını başa düşmüşdür. Həmçinin Tələt ekskavatoru söndürərək ağlaya-ağlaya ekskavatorun kabinindən çıxaraq çalovu xəndəyə qaytaran zaman Eldarın sinəsinə dəyməsini və Eldarın çalovla ağac arasında sıxılmasını demişdir. Həmin vaxt Eldar xırıldamış, heç bir söz deyə bilməmişdir. Natiq bu barədə zəng edərək Şahid7 demiş, bir qədər sonra Şahid7 və fəhlələrə ümumi nəzarət edən Şahid4 gəlmişdir. Tofiq “103”-ə zəng edərək təcili tibbi yardım briqadası çağırmış, müəyyən qədər vaxt keçsə də, təcili tibbi yardım briqadası gəlmədiyindən Eldarı ərazidə yanacaq paylayan Fuad adlı şəxsin VAZ-21011 markalı avtomobili ilə Quba MRX-yə aparmışlar. Sonradan Eldarın ölməsini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “xxxxxxxxxxxxxxxxxx” MMC-də fəhlə işləyən Şahid2, Şahid3 və həmin MMC-nin briqadiri Şahid4, Şahid7, Şahid9 və Şahid5 da analoji ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində Şahid10 Novruz oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci ildən etibarən “xxxxxxxxxxx” şirkətində memar olaraq işləyir. Vəzifə öhdəlikləri şirkətin müxtəlif şirkətlərlə bağladığı müqavilələrə əsasən ayrı-ayrı tikinti və yenidən qurma işləri ilə əlaqədar layihələrin hazırlanmasıdır. “xxxxxxxxxxxxxxxxxx” MMC xx xxxxxx 2019-cu etibarən Mərkəzi Bankla bağlanmış müqaviləyə əsasən Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin tikinti-yenidən qurma və əsaslı təmir işlərini öz üzərinə götürmüşdür. Həmin işlərin layihələndirilməsi, baş planın müəyyən edilməsi və bütün plan və layihələrin icrasına nəzarət üçün şirkətlə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında layihələndirmə və müəllif nəzarəti xidmətlərinin göstərilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, QO 03/19 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı-Quba magistral yolunun 4-cü kilometrliyində yerləşən Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin ərazisində layihə tapşırığına əsasən binaların layihələndirmə və tam tikintinin icrası zamanı müəllif nəzarəti xidmətlərini “xxxxxxxxxxx” MMC öz üzərinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxx” MMC isə verdikləri baş plan və layihəə sasında həmin işləri icra etmişdir. 2019-cu ilin sentyabr ayından etibarən layihə rəhbəri kimi Bakı-Quba magistral yolunun 4-cü kilometrliyində yerləşən Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin ərazisinə gəlmiş və vəzifələrinin icrasına başlamışdır. “xxxxxxxxxxxxxxxxxx” MMC ilə işçisi olduğu şirkət arasında bağlanmış müqaviləyə əsasən layihə rəhbəri kimi görülmüş işlərlə tanış olmaq, həmin işlərin layihəyə uyğun olub-olmamasına nəzarət etmək, layihəyəyə uyğun işlərin görülməsi barədə göstərişlər vermək onun vəzifəsi olmuşdur. Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin su hovuzu binasının qarşısında xx xxxxx 2020-ci il tarixdən etibarən kanalizasiya xətlərinin çəkilməsinə başlanılmışdır. Həmin ərazidə kanalizasiya xətlərinin çəkilməsi üçün xəndək qazılmalı olmuşdur. Xəndəyin qazılması “xxxxxxxxxxxxxxxxxx” MMC ilə Şahid5 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya məxsus “Doosan S225LC-V” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı tırtıllı seplə hərəkət edən ekskavator ilə həyata keçirilmişdir. Ekskavatorun sürücüsü isə Şahid5la müqavilə bağlamış Təqsirləndirilən şəxs olmuşdur. Bundan başqa, boruların quraşdırılması, xəndəklərin qumla örtülməsi, borunun üzərinin qumla örtülməsi və torpaqlanmas ıüçün “xxxxxxxxxxxxxxxxxx” MMC-nin 4 fəhləsi – Fleydan, Natiq, Tərlan və mərhum Eldar cəlb olunmuşdur. Kanalizasiya xətlərinin çəkilməsinə nəzarət “xxxxxxxxxxxxxxxxxx” MMCnin mühəndisi Şahid7 tərəfindən həyata keçirilmişdir. Kanalizasiya xətlərinin çəkilməsinə hansı işçilərin cəlb olunması, hansı ekskavatorun və sürücünün cəlb olunması, kimin nəzarət etməsinin şirkətə və ona heç bir aidiyyəti yoxdur. Şirkətdən sahədə cəmi bir nəfər, layihə rəhbəri kimi o iştirak etmişdir. Şirkətin işi sadəcə görülən işlərin layihəyəyə uyğun olub-olmamasını yoxlamaq, işlərin layihəyə uyğun icra olunmasına nəzarət etmək olmuşdur. İşlərin hansı formada icra olunmasına, kim tərəfindən icra olunmasına, işçilərə nəzarət, onların əməyinin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına nəzarət “xxxxxxxxxxxxxxxxxx” MMC-nin özü tərəfindən həyata keçirilmişdir. Bundan başqa, işçilərin gündəlik olaraq texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, onların təhlükəsizliyin təmin edilməsi “xxxxxxxxxxxxxxxxxx” MMC-nin və müqavilə əsasında işləyən şəxslərin səlahiyyətlərinə aiddir. xx xxxxx 2020-ci il tarixdə su hovuzu binasının qarşısında kanalizasiya xətlərinin çəkilməsi zamanı ekskavatorun çalovunun fəhlə Eldar Hüseynova dəyməsini, sonuncunun çalovla ağac arasında sıxılaraq xəsarət almasını və aldığı xəsarətlərdən ölməsini eşitmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxx 2020-ci il tarixli 13 №-li rəyindən görünür ki, mərhum Hüseynov Eldar Hökmulla oğlunun meyitinin xarici müayinəsi zamanı döş qəfəsinin ön və arxa səthinin, qarının və belin çoxlu sıyrıqları, daxili müayinəsi zamanı döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, döş sümüyünün yuxarı 1/3dən qapalı köndələn sınığı, sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağ ciyərin toxumasına qansızma, qara ciyərin toxumasının cırılıb dağılması və qarın boşluğunda 1500 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx xxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni ekskavator çalovunun sinə nahiyəsinə dəyməsi və çalovla ağac arasında qalması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X7 meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. X7 ölümünə səbəb döş qəfəsinin və qarının küt travmasından qabırğaların hər iki tərəfdən çoxlu sınması və qara ciyərin toxumasının cırılıb dağılması nəticəsində baş verən kəskin daxili qanaxma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur İş materiallarında olan məhkəmə texniki-təhlükəsizlik ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/1227 №-li rəyindən görünür ki, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi kimi fəaliyyət göstərmiş, “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tikinti-yenidənqurma işləri aparılan ərazidə kanalizasiya xətti üçün “Doosan S225LC-V” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator ilə xəndək qazılarkən, ekskavatorun hərəkət (qazma işi aparılan) zonasında adamların olmasına əhəmiyyət vermədən qazma işləri aparıldığına, həmin təhlükəli (ekskavatorun çalovunun hərəkət etdiyi) sahəyə 10 metrdən az olan məsafəyə yaxınlaşmasının qadağan olmasına baxmayaraq, şəxsi təhlükəsizliyinə riayət etmədən fəhlələrin (konkret olaraq zərərçəkmiş Hüseynov Eldar Hökmülla oğlunun) daxil olduğuna görə baş vermiş hadisə ilə əlaqədar “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndi, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndi, “Ekskavator maşınisitinin vəzifə təlimatı”nın 6-7 bəndləri və “Fəhlənin vəzifə təlimatı”nın 13-14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında və ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi kimi fəaliyyət göstərmiş, “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tikinti-yenidənqurma işləri aparılan ərazidə kanalizasiya xətti üçün “Doosan S225LC-V” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator ilə xəndək qazılarkən, ekskavatorun hərəkət (qazma işi aparılan) zonasında adamların olmasına əhəmiyyət vermədən qazma işləri apardığına və həmin təhlükəli sahəyə (ekskavatora 5 m-dən yaxın olan məsafəyə) fəhlələrin (konkret olaraq zərərçəkmiş Hüseynov Eldar Hökmülla oğlunun) daxil olmasına baxmayaraq qazma işini davam etdiyinə görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndi və“Ekskavator maşinistinin vəzifə təlimatı”nın 6-7 bəndlərinin tələbləri ekskavator maşınisti (operatoru) Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Bununla yanaşı, ekskavator ilə xəndək qazılarkən, təhlükəli (ekskavatorun çalovunun hərəkət etdiyi) sahəyə 10 metrdən az olan məsafəyə yaxınlaşmasının qadağan olmasına baxmayaraq, şəxsi təhlükəsizliyinə riayət etmədən həmin sahəyə daxil olduğuna görə, “Təşkliat, idarə, müəssisələrin fəhlə və qulluqçularıüçün nümunəvi daxili nizam qaydaları” nın 11ci bəndinin və “Fəhlələrin vəzifətəlimatı”nın 13-14 bəndlərinin tələbləri zərərçəkmiş fəhlə Hüseynov Eldar Hökmülla oğlu tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından görünür ki, RəsulovTələtMərfət oğlu xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və eyni tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Kürdəmir RİHB-nın Şilyan İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 366 №-li arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, heç kimlə ədavəti olmamışdır. Xoş ünsiyyəti ilə kənd sakinlərinin rəğbətini qazanmışdır. Barəsində nüməyəndəliyə istər şifahi, istər yazılı şikayət daxil olmamışdır. Rəsulov X5 rayonu, Şilyan kəndində xx xxx 1980-ci ildə anadan olmuş X6, xx xxxxxx 2001-ci ildə anadan olmuş X8 və xx xxxxxx 2003-cü ildə anadan olmuş X4 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynov Hökmulla Şirin oğlunun notarial qaydada təsdiq olunmuş xx xxxx 2020-ci il ərizəsindən görünür ki, hadisə ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ona 24000 (iyirmi dörd min) manat məbləğində maddi yardım edilmişdir. Hadisə ilə əlaqədar heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə düzgün tövsif olunmuşdur. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59, 60, 61-ci maddələrinin tələblərini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını bildirərək ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərti məhkum etmə barədə gəldiyi nəticəni qeyd olunanlarla əsaslandırır: Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadliqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasini mümkün sayirsa, həmin cəzanin şərti olaraq tətbiq edilməsi haqqinda qərar çixara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ailəsinə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək cinayəti törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxshazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, həmçinin işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar Təqsirləndirilən şəxs ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında əlavə cəza qismində nəzərdə tutulmuş “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” cəzasının təyin edilməsini isə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ədalətli və humanist hesab etmir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351- 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar