Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-83/2022 08.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxx 1989-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “Zeytun” çörək sexində sürücü işləyən, məhkumluğu olmayan, Quba şəhəri, Hacıbaba Əliyev küçəsi, ev 48-də qeydiyyatda olan və Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 136-da yaşayan, 24.01.2022-ci tarixdə barəsində polisin nəzəarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,742 qram narkotik vasitə heroini və 0,428 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 22.01.2022-ci il tarixdə, saat 21:45 radələrində, Quba şəhəri H. Əliyev prospüktində yerləşən “Trabzon” çörək sexinin qarşısında piyada gedən zaman narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Quba RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,742 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 136-da ailəsi ilə birlikdə yaşayır və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “Zeytun” çörək sexində sürücü işləyir. Bir müddət əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni və psixotrop maddəni tanışı, Xaçmaz rayonu, Armudpadar kənd sakini Kamil İsfəndərovdan alır. 22.01.2022-ci il tarixdə, saat 20 radələrində Şahid1 adlı tanışı ilə Quba şəhərində yerləşən “Trabzon” çörək sexinin qarşısında görüşmüşdür. Söhbət zamanı qərara almışlar ki, Kamildən narkotik maddə alıb istifadə etsinlər. Bu məqsədlə o, istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən Kamilin istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə zəng edərək ondan narkotik vasitə heroin və metamfetamin istəmişdir. Bundan sonra o Rəşadla birlikdə takiyə minib Xaçmaz şəhərinə getmişlər. Kamillə telefonla əlaqə saxlayan zaman Kamil ona bildirmişdir ki, bir büküm heroini və bir büküm metamfetamini siqaret qutusunun içərisinə qoyaraq həmin qutunu Quba-Xaçmaz yolunda yerləşən “Hüseyn” marketin yaxınlığındakı ağacın dibinə qoymuşdur. Onlar “Hüseyn” marketin yanına çatanda o, taksidən düşərək market tərəfə getmiş, Rəşad isə onu taksidə gözləmişdir. Həmin vaxt o, marketin yaxınlığındakı ağacın dibindəki siqaret qutusunu götürərək yerinə 30 manat pul qoymuşdur. Siqaret qutusunda olan bir ədəd sellofan bükümü açarkən içərisində bir büküm narkotik vasitə heroin və bir büküm metamfetamin olmasını görmüşdür. Həmin bükümləri əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub Rəşadla birlikdə həmin taksi ilə Quba şəhərinə qayıtmışlar. Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Trabzon” çörək sexinin yaxınlığında taksidən düşüb yaxınlıqda olan Rəşada məxsus evə gedərkən Quba rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan narkotik vasitə istifadə edibetmədiklərini, üzərlərərində narkotik vasitələr olub-olmadığını soruşmuşlar. Həmin vaxt Rəşad üzərində narkotik vasitənin olmadığını bildirmişdir. O, isə üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları onları Quba rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin edildikdən sonra təhqiqatçı Cəlal Sultanov tərəfindən video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, üzərindəki bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini könüllü olaraq əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 32- 33 kvartalda ailəsi ilə birlikdə yaşayır. Quba şəhər sakini Təqsirləndirilən şəxs 10 ildir ki tanıyır. Əvvəllər onlar eyni məhəllədə yaşamışlar. Aralarında hər hansı düşmənçilik və ya ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. Son illər ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin genişlənməsi, gənc nəsilin narkotik vasitələrin istifadəçisinə çevrilməsi onu bir vətəndaş kimi narahat etmişdir. Tanışı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini öyrənib qərara almışdır ki, birinci fürsətdə Mehracın qanunsuz əməlləri barədə polisə məlumat versin. 22.01.2022-ci il tarixdə, saat 19:30 radələrində o, Mehracla Quba şəhərində yerləşən Trabzon çörək evinin qarşısında görüşmüşdür. Söhbət zamanı Mehrac ona təklif etmişdir ki, Xazmaz şəhərində yaşayan Kamil adlı tanışından narkotik vasitə alıb istifadə etsinlər. Mehrac telefonla Kamil adlı şəxslə danışdıqdan sonra, onlar taksiyə minib Xaçmaz şəhəri istiqamətinə getmişlər. Quba-Xaçmaz yolunda olan “Hüseyn” marketin yanına çatdıqda Mehrac maşını saxlatdıraraq düşüb market istiqamətinə getmişdir. Təxminən 10-15 dəqiqə sonra Mehrac qayıdıb gələrək ona bir büküm heroin və bir büküm psixotrop maddə metamfetamin aldıgını bildirmişdir. Bundan sonra, onlar həmin maşınla Quba şəhərinə qayıdıb H.Əliyev prospektində yerləşən “Trabzon” çörək sexinin qarşısına taksidən düşmüşlər. Onlar taksidən düşüb piyada onun yaşadığı ev istiqamətinə gedərkən, Quba rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduqları üçün onları Quba rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində Mehracın üzərinə baxış keçirilərkən onun üzərindən bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində işləməklə polis serjantı rütbəsindədir. 22.012022-ci il tarixdə, saat 21:30 radələrində iş yoldaşı polis kiçik serjantı Şahid3 ilə birlikdə 1 nömrəli avto-patrul marşrutu üzrə “Fiat Doblo” markalı xidməti avtomobillə Quba şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman tağım komandiri, polis leytenantı Vüsal Quliyev onlarla telefon əlaqəsi saxlayaraq Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Trabzon” çörək sexinin yaxınlığında “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən iki nəfər şəxsin düşəcəyini bildirərək, həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün onları saxlayaraq Quba rayon polis şöbəsinə aparılmasını tapşırmışdır. Məlumatı aldıqdan təxminən 15 dəqiqə sonra, Quba şəhəri H.Əliyev prospektində yerləşən “Trabzon” çörək sexinin qarşısında həmin avtomobildən düşərək piyada gedən iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxslərin Quba rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid1 olmasını müəyyən etmişlər. Həmin şəxslərdən üzərlərində narkotik və ya qanunla qadağan olunan hər hansı əşya olub-olmadığını, narkotikdən istifadə edib etmədiklərini soruşarkən, Şahid1 üzərində qanunla qadağan olunan heç nə olmadığını, Təqsirləndirilən şəxs isə üzərində “kakos kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin” olduğunu bildirmişdir. Bundan sonra müvafiq araşdırmanın aparılması üçün onları idarə etdikləri xidməti avtomaşına mindirib Quba rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı Cəlal Sultanov tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edildikdən sonra, video çəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Cəlal sultanov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm aşılarkən içərisindən iki ədəd sellofan büküm aşkar edilmişdir. Bükümlərdən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ rəngli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bu elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. Daha sonra digər şəxs Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən gürünür ki o, Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materialında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci ıl tarixli, 6/428 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kraistallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,742 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-0,742 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0.692 qram; metamfetaminin təmiz çəkisi –0,428 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq -0,378 qram. İş üzrə təyin edilib keşirilmiş məhkəmə-narkoloji ekspertizasının 18.02.2022-ci il tarixli, 782 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan büküm, həmin selofan bükümün içərinidən bir büküm qəhvəyi rəngli toz şəkilli maddə, digər bükümün içərisindən isə ağ rəngli kristallik formada maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış 09.02.2022-ci il tarixli arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli, 414 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X5, qızı X3 və oğlu X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan AA 2037448-saylı və AA 2037449-saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.07.2017-ci il təvəllüdlü və 25.04.2015ci il təvəlldlü iki azyaşlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 003605 saylı vəsiqənin surətindən görünür ki, X6 şəhid ailə üzvü statusu verilmişdir. İş materiallarında olan XVİ JQ seriyalı, 347122 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.03.1992-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. İş materiallarında olan İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısının çıxarışından görünür ki, X4 26.10.2020-ci il tarixdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, himayəsində iki azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğu 22.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan 24.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək onun barəsində 24.01.2022-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçeilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə xalis çəkisi 0,742 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə xalis çəkisi 0.428 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 manat (səksən bir manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə xalis çəkisi 0,742 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə xalis çəkisi 0.428 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 81 manat (səksən bir manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-83/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-83/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver