Məhkəmə qərarları › İş №1(027)-83/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-83/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-83/2025 27.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,196 qram narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində narkotik vasitələrin istifadəçisi olan tanışı X3 yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti, 117 nömrəli ünvanda yerləşən evə birlikdə narkotik vasitə istifadə etmək məqsədilə getmiş, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 31 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində sözügedən ünvanda yerləşən həmin evdə saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,196 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin əvvəlki iclaslarında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, sonradan əməlini etiraf etmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirrmişdir ki, 30 yanvar 2025-ci il tarixdə Quba şəhərində yerləşən qəbiristanlığa valideynlərinin məzarını ziyarət edib qayıdarkən qəbiristanlığın giriş qapısının yanında yerdə olan gümüşü rəngli falqa bükümü görüb götürmüş, içərisinə baxdıqda kütlənin narkotik vasitə heroin olduğunu görmüşdür. Tapdığı heroini istifadə etmək məqsədilə götürmüşdür. 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində narkotik vasitələrin istifadəçisi olan tanışı, Quba şəhər sakini Bəxtiyarın yaşadığı evə birlikdə narkotik vasitə istifadə etmək məqsədilə getmişdir. Ondan başqa digər nakotik istifadəçisi olan tanışları Mehrac, Tural və Qadir də gəlmiş, bir neçə saat sonra tapdığı heroini şprisə doldurub qol nahiyəsinə vuraraq istifadə etmişdir. Saat 20 radələrində Bəxtiyarın yaşadığı ünvana gələn Quba RPŞ-nin əməkdaşları özlərini təqdim edib barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məlumat olduğunu bildirmişlər. Hər birinin üzərində şəxsi axtarış aparılmış, Qadirdən başqa hamısının üzərindən narkotik vasitə aşkar edilmiş, birinci ev sahibi Bəxtiyarın, ikinci isə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmiş, o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümünü çıxararaq təqdim etmişdir. Sorğuya cavab olaraq o, bu kütlənin narkotik vasitə heroin olduğunu, bir gün əvvəl tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını, Bəxtiyarın evinə birlikdə narkotik vasitə istifadə etmək məqsədilə gəldiyini, həmin narkotik vasitədən bu evdə istifadə etdiyini bidirmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində dostları Şahid2, Bəxtiyar Bağırov, Şahid3 və Şahid1 ilə birlikdə Bəxtiyar Bağırovun yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti, 117 nömrəli ünvanda yerləşən evində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı o, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar edilmiş, o, bu kütlənin narkotik vasitə heroin olduğunu, bir gün əvvəl tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid5, Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid7, Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ibtidai istintaqa verdikləri ifadələri təsdiq edərək, Şahid4 ilə analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2025-ci il tarixdə o, Quba şəhərində dostu Bəxtiyar Bağırovun yaşadığı ünvana dostları Şahid2, Şahid3, Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasidə istifadə etmək üçün getmiş, orada olan zaman polis əməkdaşları evə daxil olaraq onları saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə növbəylə hər birisinin üzərində şəxsi axtarış aparılacağı elan edilmiş, onlar iz etiraz etməmiş, polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyi bildirmiş, videokamera vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman Kərim əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 01 ədəd bükümün içərisində saxladığı həmin narkotik vasitəni təqdim etmiş, həmin içərisində narkotik vasitə olan büküm elektron tərəzidə ölçülərək kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ibtidai istintaqa verdikləri ifadələri təsdiq edərək, Şahid1 ilə analoji ifadə vermişlər. Məhkəmə iclasında müdafiə tərəfin şifahi vəsatəti əsasında əlavə şahid qismində cəlb edilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi Şahid9 bildirdi ki, Mirzəziz Hüseynzadənin məlumatı əsasında hadisə yeri gedən zaman Təqsirləndirilən şəxs və digərləri tutulmuşdurlar. O, gələnə qədər üzərilərinə şəxsi axtarış keçirilmişdir. O, prosessual hərəkətlərdə və sənədləşmədə iştirak etməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağın olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 01 fevral 2025-ci il tarixli 6/435 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi - 0,196 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroindən tədqiqata 0,05 qram istifadə olunmuş, 0,146 qram qalıq qalmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3, 93.1.2- ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli qərarına əsasən 02 ay 12 gün cəzadan şərti azad edilmiş və 13 avqust 2024-cü il tarixdə cəzası bitərək qeydiyyatdan çıxarılmışdır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Səkinəxanım küçəsi, ev 11-də qeyiyyatdadır. Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba şəhəri ərazisində yaşdığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir narazılq və şikayət daxil olmamışdır. İş materiallarında olan Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yuxarı və aşağı ətrafların çoxsaylı irinli-nekrotik yaraları diaqnozu qoyulmuş və cərrahın baxışı tövsiyyə edilmişdir. Məhkəmənin elektron sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 14 mart 2025-ci il tarixli 917 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materiallarında olan: “maddi sübut hesab edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,146 qram heroin məhv cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilsin və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanması, cinayət işi üzrə 03 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspert tədqiqatından sonra qalıq qalmış 0.146 qramının maddi sübut hesab edilməsi və həmin narkotik vasitənin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınması, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisinin 0,31 qram olması, məhkəmə- kimyəvi ekspertizasının 01 fevral 2025-ci il tarixli, 6/435 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisinin 0,196 qram olması tərəzi fərqi kimi qiymətləndirilməsi, şahid qismində dindirimiş X3 öz ifadəsində - Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılarkən aşkar olunmuş narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmadığını və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən Şahid3 üzərinə hədələnərək zorla qoyulduğunu göstəməsi mötbər kimi sübut kimi qiymətləndirilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,146 qram heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 22 (iyirmi iki) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,146 qram heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 22 (iyirmi iki) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar