Məhkəmə qərarları › İş №1(027)-85/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-85/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-85/2020 11.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakı ilə xx xxxxxx 1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Quba rayonu, Qam-Qam kəndində qeydiyyatla yaşayan –Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Quba rayonu, Qam- Qam kəndində yaşadığı evin çöl hissəsində həyətyanı sahədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həyətinə daxil olan Zərərçəkmiş şəxs tutub, əlbəyaxa olaraq üz nahiyyəsindən yumruqla vuraraq yerə yıxmış, sonra təpiklə bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olduğu zaman, həyətyanı sahəsindən ayaq səsləri eşidib həyətə çıxmışdır. Həyətində olan dəmir qapının açıq olduğunu görmüş, həyətdə hər hansı bir şəxsin daxil ola biləcəyini ehtimal edib evin arxa hissəsində gizlənərək həyətinə daxil olan şəxsin kim olduğunu müəyyən etmək istəmişdir. Gözləməkdə olarkən, əvvəllər ədavəti olan qonşusu Zərərçəkmiş şəxs həyətinə gəldiyini görüb, onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Ceyhunu tutaraq sol dirsəyi ilə onun ağız nahiyyəsindən vurmuş və onun alt dodağına xəsarət almışdır. Həmin vaxt Ceyhun yerə yıxılmışdır. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını qeyd edərək cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mətləb Neymətullayev onun həmkəndlisi və qonşusudur. Əvvəldən onunla ədavətləri olmuşdur. Buna səbəb Mətləbin 1 il öncə barəsində RPŞ-nə şikayət ərizəsi verməsi olmuşdur. O, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində kənddə yerləşən kafedə pivə içib yaşadığı evə gəlmişdir. Evə gəldiyi zaman, Mətləbin arvadı Turacla öz həyətində istirahət etdiklərini görmüşdür.Evə daxil olduqdan 30 dəqiqə sonra onların evindən səs gəldiyini eşitmiş, yaxınlaşıb həyətlərinə daxil olmuş və yataq otağının pəncərəsindən bir-biriləri ilə mübahisə etdiklərini eşitmişdir. Daha sonra o, evin yan hissəsi ilə ona daha da, yaxınlaşmış və mübahisəni daha yaxından eşitmək istəmişdir. Həmin vaxt Mətləb onu görmüş və ağac budağının parçasını üzərinə atmış, lakin, budaq ona dəyməmişdir. O, dərhal ordan uzaqlaşmış, lakin, həyətyanı sahəsində Mətləb onu görüb söyərək çağırmış, o, da ona yaxınlaşaraq onunla əlbəyaxa olub mübahisə etməyə başlamışlar. Mətləb onu təpik və yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 715 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - üst dodaqda sağda selikli qişada əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcə sərxoş olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Quba rayonu. Qam-Qam kəndində yaşadığı evin çöl hissəsində həyətyanı sahədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həyətinə daxil olan Zərərçəkmiş şəxs tutub, onun üz nahiyyəsindən yumruqla vuraraq yerə yıxmış, sonra təpiklə bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Lakin məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Çünki hazırkı cinayət təqibi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını və ona qarşı heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs də iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqbinə xitam verilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin vəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar