Məhkəmə qərarları › İş №1(027)-85/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-85/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-85/2024 03.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1997-ci il tarixdə Quba şəhərində doğulmuş, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə, səhər saat 06 radələrində sərxoş vəziyyətdə Quba şəhəri, “Dəvədəbanı” restoranında qaldıqları otaqda aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs qəsdən sillə ilə üzündən və boynundan iki dəfə vuraraq onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş alt dodağının selikli qişasında əzilmiş-cırılmış yara, boynunda solda sıyrıqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir müddət əvvəl tanıdığı Zərərçəkmiş şəxs ilə 23 mart 2024-cü il tarixdə saat 01 radələrində Quba şəhərində yerləşən “Dəvədəbanı” restoranına getmişlər. Orada bir qədər spirtli içki içib yemək yemişlər. Səhərə yaxın 06 radələrində restoranın otağında Rəqsanə ilə aralarında mübahisə yaranmış və o, əsəbləşib sillə ilə Rəqsanənin üz nahiyyəsindən iki dəfə vurmuşdur. Hadisə vaxtı orada ikisindən başqa kimsə olmamışdır. Mübahisə 5-7 dəqiqə davam etmiş, mübahisə zamanı Rəqsanə onu vurmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmiş, eyni zamanda növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə izahatı elan olunan məlum oldu ki, bir müddət əvvəl tanışı Təqsirləndirilən şəxs ilə 23 mart 2024-cü il tarixdə saat 01 radələrində Quba şəhərində yerləşən “Dəvədəbanı” restoranına getmişlər. Orada bir qədər spirtli içki içib yemək yemişlər. Kamil spirtli içki içdikdən sonra ona qarşı kobud rəftar etmiş, səhərə yaxın 06 radələrində restoranda otaqların birində aralarında söz mübahisə yaranmış, mübahisə vaxtı Kamil sillə ilə onun üz nahiyyəsindən iki dəfə vurmuşdur. Hadisə vaxtı orada ikisindən başqa kimsə olmamışdır. Mübahisə 5-7 dəqiqə davam etmiş, mübahisə zamanı o Kamili vurmamışdır. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 23 mart 2024cü il tarixli 224 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - alt dodağın selikli qişasında əzilmiş-cırılmış yara, boynunda solda sıyrıq küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 23 mart 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 27 mart 2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X4 Şəxs Quba Rayon X1 Hüquqi Şəxsin 26 mart 2024-cü il tarixli 18-1-56/2-348/2024 məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar