Məhkəmə qərarları › İş №1(027)-86/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-86/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-86/2021 16.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Quba rayon məhkəməsinin 15.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin 22.05.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1000 manat mıbləğində cərimə cəzasının ödənilməmiş qalan 800 manat hissəsi qazancından 20% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba rayonu Alekseyevka kəndində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,277 qramdan artıq çəkidə ağ rəngli kristal şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 12 mart 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulub saat 05:40 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibliyindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümün içərisindəki 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram və 0,106 qram, ümumi təmiz çəkisi 0,277 qram olan ağ rəngli kristal şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq etdiyinə görə Quba rayon məhkəməsinin 15.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, həmin cərimənin 200 mantlıq hisəsini ödəsədə qalan 800 manatı ödəyə bilmədiyi üçün Quba rayon məhkəməsinin 22.05.2020-ci il tarixli qərarı ilə təyin olunmuş 1000 manat cərimə cəzasının ödənilməmiş 800 manat hissəsi 01 il islah işləri cəzası ilə əvəz edilmişdir. 11 mart 2021-ci il tarixdə qardaşı Turan onunla əlaqə saxlayaraq ***-***-**-** saylı mobil nömrənin sanibi Quba şəhərində yaşayan Faiq adlı şəxsin bacıları Aytaca zəng etdiyini bildirmişdir. Buna görə də o, həmin gün Faiq adlı şəxslə görüşüb onunla söhbət etmişdir. olaraq bildiyi şəxslə bacısı Aytacın telefonun olan nömrəni aydınlaşdırmaq məqsədilə həmin gün Faiqlə görüşmüşdür. Faiqlə söhbət zamanı aralarında mübahisə yarandığından o, Faiqi sillə ilə bir dəfə vurmuşdur. 12 mart 2021-ci il tarixdə Faiqin şikayəti əsasında Quba rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlib onu Quba RPŞ-nə dəvət etmişlər. Həmin vaxt əynindəki cins şalvarın sağ yan cibində Bakı şəhərində olarkən tanımadığı şəxsdən əldə etdiyi psixotrop maddə metamfetamin olmuşdur. Onun arxasınca gəlmiş polis əməkdaşlarından biri, narkotiklərlə mübarizə qrupunun əməkdaşı kimi tanıdığı Samir adlı polis əməkdaşı yolda ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, da üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis şöbəsində verilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edildikən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindəki 1 ədəd kağız bükümdə saxladığı 2 ədəd kağız bükümlərdəki psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra zərfə qoyub qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək valideyinlərinin ağır xəstə olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 göstərmişdir ki, 12 mart 2021-ci il tarixdə saat 21 radələrində Quba rayonu Alekseyevka kənd sakini X3 adlı şəxsin onu döyməsi barədə ərizə ilə polis şöbəsinə məlumat vermişdir. Bununla bağlı Əfran adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun Quba şəhər sakini olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman özünü şübhəli apardığından üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, Əfran üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edilmişdir. Sonra videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtraış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ciblərindən çıxardığı əşyaları, o cümlədən əynində olan qara rəngli cins şalvarın sağ balaca cibliyindən siqaret sellofanının içərisində olan gümüşü kağız parçalarına bükülmüş iki ədəd büküm çıxarıb təqdim edərək həmin bükülülərdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Bakı şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin siqaret sellofanının içərisində olan gümüşü kağız parçalarına bükülmüş iki ədəd büküm elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarış və baxışla bağlı protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid2, X8 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xususatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2021-ci il tarixli, 6/1020 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən...” və s. Yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171qram və 0,106qram, ümumi təmiz çəkiləri 0,277 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in, siyahısına (siyahı İ) daxildir. Qeyd: 1). Metamfetaminin ümumi təmiz çəkisi 0,277 qram, tədqiqata istifadə edildi -0,06 qram, qalıq-0,217 qr. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 15.04.2021-ci il tarixli 1104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon məhkəməsinin 22.05.2020-ci il tarixli qərarından gürünür ki, Quba rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 manat cərimə cəzasının ödənilməmiş qalan 800 manat hissəsi qazancıdan 20% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmişdir. Quba rayon İcra və Probasiya şöbəsindən məhkəməyə daxil olmuş 16.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 22.05.2020ci il tarixli qərarı ilə təyin edilmiş qazancından 20% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasını çəkməmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Timiryazev kəndində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon Alekseyevka kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ərazi dairəsinin Timiryazev kəndində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır və aşağıdakı ailə tərkibi vardır: X7 oğlu, X4 qızı, qardaşı-X11i və bacısı X10. İş materiallarında olan “OKİ” özəl tibbi müalicəxanasının 04.06.2021-ci il tarixli arayışından görünür ki, təqsirlən şəxs Təqsirləndirilən şəxs anası - X6 22.08.2014-cü il tarixdən ağır dərəcəli xroniki hipoxrom anemiya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan “OKİ” özəl tibbi müalicəxanasının 08.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs atası – Vidadi Qafarov sağ anterior xoroidal arteriya hövzəsində - sağ talamışda 6x2 mm ölçülü akut işemiya ocağı xəstəliyindən əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və anasının ağır xəstə olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 2021-ci ilin mart ayının 12-də, yəni Quba rayon məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə islah işləri cəzasının dörd günü bərabər tutulur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlməklə Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq qəti olaraq azadlığın məhdudlaşdırılması növündə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 12.03.2021-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin 13.03.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 12.03.2021-ci il tarixdən 16.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 ay 04 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 0,217 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli qərarı ilə təyin edilmiş qazancından 20% dövlət nəfinə tutlmaqla 1 il müddətinə islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının bir günün islah işləri cəzasının iki gününə bərabər tutulmaqla, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun 12.03.2021-cı il tarixdən 16.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 03 (üç) ay 04 (dörd) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 06 (altı) ay 08 (iyirmi iki) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Alekseyevka kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və seşilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq 0,217 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar