Məhkəmə qərarları › İş №1(027)-86/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-86/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-86/2025 02.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, 02 avqust 1993- cü il tarixdə Quba rayonu Xucbala kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu Xucbala kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə, saat 16 radələrində Quba rayonu Xucbala kəndində Quruçaym kənarında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən bir dəfə ağac budağı ilə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, evinin yaxınlığından Quruçay çayı keçir. xx.xx.2025-ci il tarixdə özünə məxsus heyvanlarını otarmaq məqsədi ilə çayın kənarına aparmış, orada olduğu zaman Həsən adlı şəxs ona yaxınlaşaraq heyvanlarının ona məxsus ağacları yediyini və kol-kosu məhv etdiyini səbəb gətirərək onu söyüb təhqir etməyə başlamışdır. Həsən əlində olan balta ilə onu öldürəcəyi ilə bir neçə dəfə hədələmiş bu zaman o əlində olan heyvanları otaranda istifadə etdiyi ağacla Həsənin qol nahiyyəsindən bir dəfə vurmuş və oradan uzaqlaşaraq yaşadığı evə gəlmişdir. Mübahisə zamanı Həsən ona hər hansısa xəsarət yetirməmiş, yalnız onu öldürəcəyi ilə hədələmişdir. Mübahisə zamanı orada o və Həsəndən başqa heç kəs olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Quba rayonu Xucbala kəndində evinin yaxınlığından Quruçay çayı keçir həmin çayın kənarında yaşıllıq məqsədi ilə ağaclar əkmişdir. xx.xx.2025-ci il tarixdə ağaclara qulluq etmək üçün ora getdiyi zaman həmkəndlisi Davud adlı şəxsin orada heyvanları otardığını görmüş, Davuda heyvanların ağaclarını yediyini irad bildirmiş, bu zaman Davud onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Davud əlində olan ağac budağı ilə onun sol qol nahiyyəsindən bir dəfə vurmuş, onu söyüb təhqir edərək oradan uzaqlaşmışdır. Davudla aralarında olan mübahisə zamanı o Davudu öldürməklə hədələməmiş əlində hər hansısa alət olmamışdır. Davuda hər hansısa xəsarət yetirməmiş, mübahisə zamanı orada o və Davuddan başqa şəxs olmamışdır. İfadəsinin sonunda X3 əməli törətmiş şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 03 may 2025-cü il tarixli 285 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol saidin yuxarı 1/3-nün arxa səthində qançır-hematoma küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 02 may 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX-nin 10 may 2025-ci il tarixli 18-1-56/2-692/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu Xucbala kəndində yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 08 may 2025-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Xucbala kəndində qeydiyyatda olmaqla faktiki yaşayır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs X3 ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2 və 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına 11 manat olmaqla, 3 saat üçün 33 manat Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 03 (üç) iş saatına görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar