Məhkəmə qərarları › İş №1(027)-87/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-87/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-87/2021 06.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Xaçmaz rayonu, Arzu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik rezin dəyənək əldə edərək özünə məxsus idarə etdiyi “Ford-Transit” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlamaqla gəzdirmiş, 28.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Quba RPŞ-nin əməkdaşı tərəfindən Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində saxlanılaraq Quba RPŞ-yə gətirilmiş və həmin gün saat 17:20-də RPŞ-nin cərimə meydançasında avtomobilə baxış keçirilərkən sürücü oturacağının alt hissəsindən həmin soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik rezin dəyənək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus “Ford-Tranzit” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin yanvar ayında yaşadığı kənddən çıxıb Xaçmaz rayonu, Bayoba kəndində yerləşən meyvə bağına getmiş, həmin bağ ərazisində yolun kənarındaт bir ədəd rezin dəyənək tapıb özünə məxsus avtomobilin sükan hissəsi tərəfdəki oturacağın altına qoymuşdur. Həmin rezin dəyənəyin soyuq silah hesab edildiyini bilməmiş və adi əşya kimi avtomobilinə qoymuşdur. 28.01.2021-ci il tarixdə saat 16 radələrində Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində yük aparan zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş, o da avtomobilindən qapını açıb düşən zaman polis əməkdaşı onun avtomobilinin qapısı açıq olduğuna görə oturacağın altında olan rezin dəyənəyi görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, rezin dəyənəyi Xaçmaz rayonu, Bayoba kəndi ərazisindən təxminən yanvar ayının ortalarında tapmışdır. O, əvvəllər polis nəfərlərində oxşar alət görsə də, tapdığı rezin dəyənək köhnəlmiş olduğundan və üzərində hər hansı ad və işarə olmadığından alətin xüsusi əhəmiyyət kəsb etmədiyini düşünmüş və ona görə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Dəyənəyi tapdığı vaxtdan aşkarlandığı günədək avtomobilində qalmışdır. Dəyənəkdən hər hansı məqsəd üçün istifadə etməmiş, dəyənəyin mövcudluğu barədə heç kimə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, Quba RPŞ-nin Qonaqkənd polis bölməsində sahənin polis nəfəridir. Təxminən 2-3 ay əvvəl bir vətəndaş tərəfindən daxil olmuş məlumat əsasında o, “Ford- Tranzit” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlamış və yoxlama zamanı həmin avtomobilin sükan hissəsi tərəfdəki oturacağın altına bir ədəd qara rəngli rezin dəyənək aşkarlanmışdır. O, bununla bağlı Qonaqkənd PB-nə məlumat vermiş, daha sonra ona verilən göstəriş əsasında qeyd olunan “Ford-Transit” markalı avtomobilin sürücüsünü Quba RPŞ-yə dəvət edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, sürücü Təqsirləndirilən şəxs dəyənəyi Xaçmaz rayonu ərazisində yerləşən bağ sahəsindən tapdığını və o vaxtdan avtomobilində gəzdirdiyini bildimişdir. Quba RPŞdə olan zaman Təqsirləndirilən şəxs avtomobilinə təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və bütün prosessual hərəkətlər protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobildə tək olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən polisə müqavimət göstərilməmiş, eyni zamanda təqsirləndirilən şəxsə heç bir təzyiq olunmamışdır. İş üzrə digər Şahid3 məhkəməyə ünvanladığı ərizəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, 28.01.2021-ci il tarixdə dostunun avtomobilini Quba RPŞ-nin cərimə meydançasından çıxarılmasına kömək etmək məqsədilə Quba rayon Polis Şöbəsinə gələn zaman ona, bir nəfər şəxsin avtomobilinə baxış keçiriləcəyi bildirilmiş və bu baxış istintaq hərəkəti zamanı onun hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, da, buna heç bir etiraz etmədən polis əməkdaşları ilə Quba RPŞ-nin cərimə meydançası tərəfə, baxış keçirilməsi nəzərdə tutulan “Ford-Transit” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına keçmişdir. Baxış zamanı ondan başqa bir nəfər hal şahidi də iştirak etmişdir. Baxış istintaq hərəkəti həmin gün saat təxminən 17:30 radələrində başlamış və baxış zamanı qeyd olunan avtomobilin sürücüsü Ramin oturacağının altına qoyulmuş bir ədəd qara rəngli rezin dəyənəyinin yerini göstərərək həmin dəyənəyi tapdığını bildirmişdir. Bundan sonra qeyd olunan dəyənək təhqiqatçı tərəfindən götürülmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən məlum oldu ki, o, eyni məzmunlu ifadə verərək digər Şahid3 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan: “avtomobilə baxış keçirilməsi haqqında” 28.01.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-də Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Ford-Transit” markalı, **-FS- *** dövlət qeydiyyat nişanlı avtomobilin salon və bort hissəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sürücünün oturacağının altından 1 ədəd uzunluğu təxminən 60 sm-lik qara rəngli rezin dəyənək aşkar edilərək götürülmüşdür (iş vər.: 7-9); Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 03.02.2021-ci il tarixli 21/78a nömrəli tədqiqat haqqında arayışdan görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız büküm içərisində olan bir ədəd dəyənək silindrik formada olaraq qara rəngli rezin materialdan hazırlanmışdır. Ümumi uzunluğu 556 mm, orta hissədən diametric 30 mm-dir. Əşyanın sonluğu onun əldə rahat tutulması üçün nəzərdə tutulmuş girintili çıxıntılıdı və onu hər hansı bir yerdən asmaq üçün nəzərdə tutulmuş boz rəngli ip bağlanmışdır. Tədqiqata təqdim edilmiş əşyanın formasına, ölçüsünə, hazırlanma materialına və səliqəli hazırlanma əlamətlərinə görə belə nəticəyə gəlmək olar ki, həmin rezin dəyənək zavod üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim olunmuş əşyanın möhkəmliyini, davamlılığını, əldə rahat tutulmasını yoxlamaq üçün həmin rezin dəyənəklə taxta parçası üzərinə müxtəlif bucaqlar altında zərbələr endirdikdə deformasiya, sınma əlamətləri və əlin biləyində heç bir zədə müşahidə edilmədi. Bu da rezin dəyənəyin soyuq silahlara məxsus kifayət qədər möhkəm olmasını sübut edir. Tədqiqata təqdim olunmuş rezin dəyənəklə E.N.Tixonovun "Soyuq silahların kriminalistik ekspertizası" adlı ədəbiyyatından tiyəli soyuq silahların, təsərrüfat-məişət bıçaqların və xüsusi təyinatlı vasitələrin əlamətləri arasında müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, rezin dəyənək zavod üsuli ilə hazırlanmış xüsusi təyinatlı polis dəyənəyidir və vurucu-dağıdıcı xassəli soyuq silahdır. Aparılmış tədqiqat nəticəsində məlum oldu ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş bir ədəd rezin dəyənək zavod üsulu ilə xarici dövlətdə hazırlanmış xüsusi təyinatlı polis dəyənəyidir və vurucu-dağıdıcı xassəli soyuq silahdır (iş vər.: 17-19); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-ballistik ekspertizası) 15.03.2021-ci il tarixli, 3/411 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd predmet zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik dəyənəkdir - soyuq silahdır, üzərində təyinatını dəyişən əlavə dəyişiklik edilməmişdir (iş vər.: 20-22); Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” 20.05.2021-ci il tarixli qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarımış bir ədəd zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik dəyənək maddi sübut kimi tanınaraq təqsirləndirilən şəxsin cinayət işinin materilları ilə tanış edilməsi istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsə təqdim edildikdən sonra saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 42-43). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən dəyənəyi əldə edib üstündə gəzdirməkdə təqsirli olması 28.01.2021-ci il tarixli baxış protokolu, ekspert rəyi, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 228.4-ci maddəsi ittiham elan olunmuşdur (iş vər.: 58,59); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21.05.2021ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (iş vər.: 69-71); Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İsayev X5 rayonu, Arzu kəndində yaşayır və ailə tərkibi: atası 1977-ci il təvəllüdlü X6, anası 1977-ci il təvəllüdlü X2, bacısı 2005-ci il təvəllüdlü X3 ibarətdir. xx.xx.1996-cı il tarixdə Xaçmaz rayonu, Arzu kəndində doğulmuş və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 26,27); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 41); Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik dəyənək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə 20% dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik dəyənək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri 64 (altmış dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar